Məhkəmə qərarları › İş №2(103)-54/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-54/2020

07.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-54/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştiraklar ilə İddiaçı cavabdehlər Cavabdeh1 Yunis qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “özbaşına tikilinin sökülməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-868/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Yunis qızına qarşı özbaşına tikilinin sökülməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh1 Yunis qızının və onun ailəsi tərəfındən Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Yeni massiv məhəllə 31 ünvanda inşa edilmiş fərdi yaşayış evinin və hasarının üzərində inşa etdiyi əlavə hörgünün sökülməsi, ona vurulmuş 3000 manat mənəvi zərərin və 250 manat maddi zərərin, ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlərin əməlində cinayət tərkibi olduğu halda bu barədə xüsusi qərarda çıxarılaraq prokurorluğa xəbər verilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 Yunis qızı, əri Cavabdeh3 və oglu Muradov İltimat (İltifat) Nəsrəddin oglu tərəfindən Bakı şəhəri Sabunçu rayonu Kürdaxani qəsəbəsi Yeni massiv 31/32 ünvanda inşa edilmiş fərdi yaşayış evinin sökülməsi, həyətinə açılan pəncərənin bağlanılması, hasarın artırılan hissəsinin sökülməsi, ona vurulmuş 3000 (üç min) manat mənəvi zərərin və 250 (iki yüz əlli) manat maddi zərərin, ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını və cavabdehlərin əməlində cinayət tərkibi olduğu halda bu barədə xüsusi qərarda çıxarılaraq prokurorluğa xəbər verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 Yunis qızı, əri Cavabdeh3 və oğlu Muradov İltimat (İltifat) Nəsrəddin oglu tərəfindən Bakı şəhəri Sabunçu rayonu Kürdaxani qəsəbəsi Yeni massiv 31/32 ünvanda ayn-ayrılıqda inşa edilmiş iki fərdi yaşayış evinin sökülməsi, həyətinə açılan pəncərənin bağlanılması, hasarın artırılan hissəsinin sökülməsi, ona vurulmuş 3000 (üç min) manat mənəvi zərərin və 250 (iki yüz əlli) manat maddi zərərin, ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlərin əməlində cinayət tərkibi olduğu halda bu barədə xüsusi qərarda çıxarılaraq prokurorluğa xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-868/2017 saylı xx xxxxxxx 2017ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 Yunis qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv, məhəllə 31 ünvanda inşa edilmiş hasarın artırılan hissəsi sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 Yunis qızı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 Yunis qızı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri 100 manat tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə-Az.MEM, VÖEN **********. AZ34CTRE********************. Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesabı Az 41, NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 hesaba keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,ekpertizanın keçirilməsi zamanı məhkəməyə müvafiq suallar təqdim etmiş və həmin suallar işin mahiyyəti üzrə həll edilməsi üçün əhəmiyyətli olmuşdur. Məhkəmə iddianın qalan hissəsini rədd edərək sübut edilməməsi ilə əsaslandırımışdır. Halbu ki, məhkəmə vəsatətimi təmin edərək ekspert qarşısında işin mahiyyətini tam əks etdirən şullar qoysa idi, iddianın digər hissələri də sübut ediləcəkdi. Eyni zamanda məhkəmə qərarında cavabdehlərin məhkəməyə təqdim etdikləri müəmmalı bir arayışın əsasında nə istifadəsində və nədəki mülküyyətində olmayan torpaq sahəsinin birinin başqa birisinə bağışlaması və orada yaşayış evinin inşa edilməsinə hec bir hüquqi qiymət verilməmişdir. Arayışda adı çəkilən xx xxx 1995-ci il tarixli 567 nömrəli sərəncam on bir ay müddətində məhkəməyə təqdim edilməmişdi və həmin arayışın hətta torpağın alınma tarixindən 2014-çi ildən yox, 2007-çi il tarixi ilə (köhnə tarixlə) verilməsi üzə çıxmasina baxmayaraq bu fakt hakim tərəfindən araşdırılmamışdır. Onun isə bütün məhkəmə iclaslarında, cavabdehlərdən fərqli olaraq (cavbdehlər bir neçə dəfə iclasa gəlməmişlər və hətta hakim mobil telefonla iclas zamani şəxsən özü cavabdehlərə zeng edərək xəbərdarlıq etmişdir ) iştirak etdiyi halda qərarda iclasa gəlmədiyi göstərilmişdir. Ən əsası, iddia tələbində cavabdehlər tərəfindən özbaşına tikilmiş iki fərdi yaşayış evinin sökülməsini tələb etmiş, lakin məhkəmə iddianın bu hissəsi üzrə araşdırma aparmayaraq hüquqi qiymət verməmişdir. Ümumiyyətlə məhkəmə qətnaməsinə iddia tələbimin həcminin artırılması barədə ərizə qeyd edilməmiş, həmin ərizəsindəki tələblərə hüquqi qiymət verilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddiaçıya münasibətdə yoxlanılması təşkil edir. Cavabdehlər apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsi qətnaməsi mənəvi ziyanın tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Kürdəxam Bələdiyyəsinin “torpaq sahəsinin ayrılması haqqında” 140B nömrəli xx xxxxxx 2007-ci il tarixli qərarından görünür ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Kürdəxam qəsəbəsinin şimal hissəsində yerləşən əkintiyə yararsız 1000 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı tərəfindən ona ayrılmış torpaq sahəsi ilə bağlı vergi Kürdəxanı bələdiyyəsinin hesabına ödənilmişdir. Cinayət işinin rədd edilməsi haqqında xx xxxxxxx 2016-cı il tarixli qərardan görünür ki, Cavabdeh1 Yunis qızının şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Kürdəxanı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 2215 nömrəli xx xxxxxxx 2007-ci il tarixli məktubdan görünür ki, X1 istifadəsində Kürdəxanı qəsəbə ərazisində 0,10 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx xxx 1995-ci il tarixli 567 saylı sərəncam ilə fərdi yaşayış evini tikdirmək üçün ayrılmışdır. Kürdəxanı qəsəbə nümayəndəliyi tərəfindən xx xxxxxxx 2007-ci il tarixdə təstiq edilmiş aktdan görünür ki, X4 ona məxsus Kürdəxanı qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsindən 0,05 ha torpaq sahəsini ailə üzvlərinin razılığı ilə Cavabdeh3 bağışlamışdır. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6901 saylı xx xxxxxx 2017-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv, məhəllə 11 ünvanda inşa edilmiş hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79 saylı maddəsinin 79,1.3. bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Tədqiq olunan hasarın iddiaçının evindən 1.6 metr kənarda yerləşdiyini, eləcə də iddiaçının evinin konstruktiv elementləri üzərində hər-hansı bir qüsur olmadığını nəzərə alaraq, ikinci sualda göstərilən məsələ üzrə tədqiqat aparılmadı. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28251 saylı, xx.xx.2018-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 Yunis qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv 31/32 ünvanında ayrı-ayrılıqda inşa edilmiş iki fərdi yaşayış evlərinin inşası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin ara məsafəsinə dair 69-cu maddəsinin, tikilinin inşa olunmasına dair 75-ci maddəsinin tələblərinə ziddir. Cavabdehlər tərəfindən iddiaçının həyətyanı sahəsinə pəncərənin deyil, açıq tipli eyvanın olduğu müəyyən edildi. İddiaçıya məxsus hasarın üzərində cavabdeh tərəfindən inşa edilmiş əlavə 4-6 mişar daşı hündürlüyündə hörgünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin 73.1. və 73.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edildi. Kollegiya tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25370 saylı xx xxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv 31/32 ünvanında cavabdehlər Cavabdeh1 Yunis qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş fərdi yaşayış evi İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evindən 6,0 m kənarda inşa olunduğunu, iddiaçının tikilisinin pəncərəsi qarşısında hər-hansıbir tikili inşa olmadığını nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunmuş yaşayış evi İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinə, həmin iddiaçının tikilisinin işıqlandırma (günəş işığı), havalandırma və s. hər-hansı cəhətdən maneələr yaratmadığı və cavabdeh tərəfindən inşa olunmuş yaşayış evi iddiaçının fərdi yaşayış evinin sakinlərin həyat və sağlamlığına ziyan vuracaq şəkildə inşa edilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda iddiaçının evində hər-hansı qüsur olmadığı üçün qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmadı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarının müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qanuni istifadəsində olan sahədə cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmalıdır. İş materiallarından, eyni zamanda kollegiyaya təqdim edilmiş ekspert rəylərindən görünür ki, cavabdehlər tərəfindən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv, məhəllə 31 ünvanda hasar inşa edilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqların pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulduğundan birinci instansiya məhkəməsi qətnamə qəbul edilərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddianın mənəvi ziyan vurulması hissəsi ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntılar keçirmişdir. Belə ki, hazırkı mübahisə ilə bağlı məhkəmə çəkişmələri artıq 3 ildir ki, davam edir. Bu müddət ərzində cavabdeh iddiaçının hüquqlarını pozmağa davam etmiş və öz əməllərindən çəkinməmişdir. Bundan əlavə iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 əsassız olaraq iddiaçı barəsində polis orqanına müraciət etmiş, lakin, həmin müraciət öz təstiqini tapmamışdır. Kollegiya hesab edir ki, iddiaçıya mənəvi ziyan vurulmuşdur ki, ziyanın məbləği 1000 manat məbləğində qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri iddiaçıların özünə aid edilməlidir. İş materiallarından göründüyü kimi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin keçirdiyi ekspertiza tədqiqatının dəyəri 150 manat (50+100) təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekpertiza tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1 Yunis qızı, Cavabdeh2 və Cavabdeh3 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Bü müddəalara uyğun olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın mənəvi ziyanın tutulması hissəsində rədd etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə qismən ləğv edilməli. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-868/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi mənəvi ziyanın tutulması hissəsində ləğv edilməli, cavabdehlər Cavabdeh1 Yunis qızı, Cavabdeh2 və Cavabdeh3 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, ekpertiza tədqiqatının dəyəri 150 manat cavabdehlər Cavabdeh1 Yunis qızı, Cavabdeh2 və Cavabdeh3 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-868/2017 saylı xx xxxxxxx 2017ci il tarixli qətnaməsi mənəvi ziyanın tutulması hissəsində ləğv edilsin. Cavabdehlər Cavabdeh1 Yunis qızı, Cavabdeh2 və Cavabdeh3 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 150 manat cavabdehlər Cavabdeh1 Yunis qızı, Cavabdeh2 və Cavabdeh3 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar