Məhkəmə qərarları › İş №2(103)-540/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-540/2025

18.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-540/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Açar sözlər: əsassız hesablanmış borcun silinməsi X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 224/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsində yerləşən 46 nömrəli fərdi yaşayış evi İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və həmin evə **********10000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4), 1 ədəd samovardan (1/1), 1 ədəd qızdırıcı radiator sobasından (2/2), 1 ədəd dəmir sobadan (1/1) və 2 ədəd kərpic plitədən (yay-qış) (2/2) istifadə edilir. İddiaçı barədə cavabdehin əməkdaşları tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi əsası ilə xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir. Həmin aktlarda iddiaçının aktı imzalamaqdan imtina etməsi barədə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2 3/77 nömrəli ekspert rəyinə əsasən iddiaçıya məxsus qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2025ci il tarixli mütəxəssis rəyinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanan 6048 m3 qaz həcminin 1.700 m3-i 0,10 manat (1700 x 0,10 = 170 manat), qalan 4.348 m3-i 0,20 manat (4.348 x 0,20 = 869.60 manat), cəmi 1.039,60 manat (170 manat + 869,60 manat = 1039,60 manat); xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanan 12.096 m3 qaz həcminin 2.200 m3-i 0,10 manat (2.200 x 0,10 = 220 manat), qalan 9.896 m3-i 0,20 manat (9.896 x 0,20 = 1.979,20 manat), cəmi 2.199,20 manat (220 manat + 1979,20 manat = 2199, 20 manat); xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanan 27.588 m3 qaz həcminin 2.200 m3-i 0,10 manat (2.200 x 0,10 = 220 manat), qalan 25.388 m3-i 0,20 manat (25.388 x 0,20 = 5.077,60 manat), cəmi 5.297,60 manat (220 manat + 5.077,60 manat = 5.297,60 manat); xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanan 48.576 m3 qaz həcminin 2.200 m3-i 0,10 manat (2.200 x 0,10 = 220 manat), qalan 46.376 m3-i 0,20 rnanat (46.376 x 0,20 = 9.275.20 manat), cəmi 9.495.20 manat (220 manat + 9.275,20 manat = 9.495,20 manat); yuxarıda gostərilən müddətlərdə hesablanan qaz həcminin ümumi dəyəri (1.039,60+ 2.199,20+5.297,60+9.495,20) 18.031,60 manat təşkil edə bilər.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evə hesablanmış 32.870,28 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi ev ona məxsusdur və ailəsi ilə birlikdə həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Bu ünvana cavabdeh tərəfindən qazın alqı-satqısına dair müqavilə əsasında məişət qazı verilmişdir. Cavabdeh təşkilat xx.xx.2018- ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə aktlar tərib etmiş və aktda qeyd edilir ki, guya təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiklərinə görə onun 32.870,28 borcu vardır. Həmin borc məbləği əsassızdır və bu borc qaz idarəsini təmsil edən şəxslər tərəfindən subyektiv mülahizələr əsasında yazılmışdır. Hal-hazıra kimi ondan əsassız olaraq borca görə tutmalar davam etdirilir.

4. Məhkəmə tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yerində müayinə keçirilmiş, yerində müayinədə iştirak edən Cavabdeh İB Bakı RQSD Qazın balansı və satışı şöbəsinin çilingəri X7 bildirmişdir ki, hazırki ünvanda o sayğacdan kənar xətt görməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlarda olan imzalar ona aid deyil.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-224/2024 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı adına olan **********10000 nömrəli abonent hesabından 32.728,40 manat məbləğində borcun silinməsi, Cavabdehndən 188,18 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertiza tədqiqatının dəyəri olan 64 manat pulun Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (VÖEN **********, Hesab AZ34CTRE********************) qət edilmişdir. (hakim X6)

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, aktların tərtib edildiyi vaxtı nə iddiaçının, nə də onun ailə üzvlərindən olan şəxsin iştirakının təmin olunması, nüsxələrinin istehlakçıya (iddiaçıya və ya onun ailə üzvlərindən olan şəxsə) təqdim edilməsi, ünvana baxış keçirilməklə evdə olan qaz qurğularının müəyyən edilməsi aşkar edilməmişdir. Eyni zamanda iş üzrə məhkəmə tərəfindən iddiaçının ünvanına keçirilmiş yerli baxışda iştirak edən Cavabdeh İB Bakı RQSD Qazın balansı və satışı şöbəsinin çilingəri X2 kənar xətt görmədiyini, xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlarda olan imzaların ona məxsus olmadığını bildirmişdir. Bununla da məhkəmə hesab etmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar qanunvericiliyin tələblərinə riayət olunmaqla tərtib edilməmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının abonent hesabına 2010-cu ilin noyabr ayında, 2012-ci ilin fevral ayında və 2014-cü ilin aprel ayında borcun hesablanmasına əsas olmuş aktlar və ya həmin aylarda borcun hesablanmasına əsas olmuş hallar barəsində hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir

7. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddiaçının ünvanında təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istixanada istifadə edilməsi halları olmuş və həmin aktlara fotoşəkillər əlavə edilmişdir. Əlavə edilmiş fotokoşəkillərin üzərində olan tarixlər isə yalnız xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdir. Lakin aktlar əsasında aşkar olunmuş halların, yəni qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutlarda cavabdeh Birlik tərəfindən məhkəməyə təqdim olunmadığından həmin aktlar əsasında da iddiaçının abonent hesabına dəymiş zərərlə bağlı pul məbləğlərinin hesablanaraq onun abonent hesabına borc kimi yazılması əsassız olmuşdur.

8. Məhkəmə iddiaçının abonent hesabına dəymiş zərərlə bağlı pul məbləğlərinin hesablanmasına əsas olmuş aktların etibarlı olması müəyyən edilmədiyindən, eyni zamanda iddiaçının ünvanında təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi sübuta yetirilmədiyindən hesab etmişdir ki, aktlar əsasında iddiaçının abonent hesabında qalıq qalmış borc silinməlidir. İşin hallarından iddiaçı tərəfindən ümumilikdə 393,10 manat pul ödənildiyindən aktlar əsasında cəmi 32.728,40 manat borc (iddiaçının abonent hesabına aktlar əsasında hesablanmış cəmi 33.121,50 manat - 393,10 manat = 32.728,40 manat) qalmışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, həmin borc məbləği silinməlidir.

9. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, eyni zamanda iş üzrə məhkəmə-trasoloji ekspertizanın təyin edilməsinə əsasın cavabdeh tərəfindən tərtib edilmiş aktlar olmasını nəzərə alınaraq cavabdehdən 188,18 manat məbləğində dövlət rüsumu tutularaq dövlət mədaxilinə, 64 manat isə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 124.1ci, 217.4-cü, 218.3-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.4.5-ci, 13.8-ci, 13.8-1-ci 21.1-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü, 9.1.5-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1- 6.5-4-cü, 6.7-ci, maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərəri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və bir nüsxəsi abonentə təqdim edilmişdir. Abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırılsa, abonentin Azəriqaz İB-yə vurduğu ziyan öz təsdiqini tapmış olardı. Məhkəmə mülki işi tədqiq edərkən iddiaçının istifadə edib ödəmədiyi borcu müəyyən etməsinə baxmayaraq tərtib edilmiş aktların heç birini tədqiq etməmişdir. Belə ki, məhkəmə ödənilməyən borcu müəyyən edərkən istifadə edilmiş qazın həcminin çoxluğunun qarşısını almaq məqsədi ilə iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etmə hallarını müəyyən edə bilərdi. Məhkəmə qətnaməsində, kənar xəttin qoşulması üçün şübhə olduğunu qeyd etsə də, obyektiv nəticəyə gəlmək üçün hər hansı hüquqi tədbir görməmişdir. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə, qətnaməsində qeyd edilmiş borcun silinməsini təmin etsə də, amma buna əsas gətirməmişdir. Belə ki, tərtib edilmiş aktlar, çəkilmiş fotoşəkillər tədqiq edilməmiş, saldo isə araşdırılmamışdır. Məhkəmə icraatı dövründə fotoşəkillər təqdim olunmasına baxmayaraq məhkəmə qeyd olunanları sübut qismində nəzərə almamışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

15. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

19. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.3-cümaddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabehin üzərinə qoyulmuşdur.

26. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu baxımdan yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, hazırda iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evi üzrə təbii qazdan qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi cavabdehin əməkdaşları tərəfindən xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə aşkar edilmiş və bununla bağlı müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar əsas götürülməklə vurulmuş zərər məbləği hesablanmış və ümumilikdə (1.214,40 + 1.680 + 3.717,10 + 3.717,10 + 9.504 + 10.540,80 + 2.203,20 = 32.576,60) 32.576,60 manat cərimə məbləği aktların tarixinə uyğun olaraq iddiaçının abonent hesabına (saldosuna) daxil edilmişdir.

28. Hazırda iddiaçı qanunsuz qoşulmaya yol vermədiyini, buna baxmayaraq, cavabdehin əmlakdaşları tərəfindən əsassız olaraq ona məxsus olan evlə bağlı 6 dəfə akt tərtib edildiyini və həmin aktlara əsasən qanunsuz olaraq cərimə məbləği hesablamaqla ondan tutmalar aparıldığını iddia edir və aktlar əsasında hesablanmış borcun silinməsini tələb edir. Cavabdeh iddia ilə razılaşmır və iddiaçının ünvanı üzrə təbii qazdan qanunsuz (xətt) qoşulma vasitəsi ilə istifadə edildiyini, həmin ünvanda iddiaçı tərəfindən istixana saxlanıldığını bildirir.

29. Məhkəmə kollegiyası ilk növbədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarla bağlı qeyd edir ki, “Qaz təchizatı haqqında” Qanuna xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bu Qanunun 13-cü maddəsinə 8-1-ci hissə əlavə edilmişdir. Bu dəyişikliyə dair Qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Həmin maddədə qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, bu maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.

30. Lakin cavabdeh tərəfindən bu prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsi dayandırılmamış, həmin vaxt aktların bir nüsxəsi nə iddiaçıya (həmin aktlarda iddiaçının aktı imzalamaqdan imtina etdiyi qeyd edilmiş, lakin eyni zamanda, bu ünvanda istixana saxlanıldığını və orada göyərti yetişdirildiyini təsdiq edən fotoşəkillər çəkilmişdir. Bu da öz növbəsində cavabdehin əməkdaşlarının həmin ünvanda olduğunu, lakin iddiaçıya hər hansı akt təqdim edilmədiyini təsdiq edir), nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Buna baxmayaraq, bu aktlar və onların əsasında hesablanmış zərər məbləği iddiaçının abonent hesabına daxil edilmişdir. Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə həmin aktlar üzrə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir.

31. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassızdır. İddiaçı tərəfindən tərtib edilmiş bu aktlar və onlar əsasında qəbul edilmiş qərarlar hər hansı mötəbərliyə malik deyil, hüquqi nəticə etibarı ilə etibarsızdır və iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz. Bu da öz növbəsində hazırki vəziyyətdə həmin sənədlər əsasında müəyyən edilmiş və ziyan məbləği qismində iddiaçının abonent hesabına daxil edilmiş (10.540,80 + 2.203,20 = 12.744) 12.744 manat zərər (cərimə) məbləğinin silinməsini şərtləndirir.

32. Məhkəmə kollegiyası digər 5 aktın tarixini, onların əhatə etdiyi müddətləri, tərtib edilmə səbəblərini, aktda göstərilən cihazları və digər diqqətəlayıq halları nəzərə alıb, həmin aktlara əsasən hesablanmış zərərin məbləğini Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2025ci il tarixli mütəxəssis rəyinə əsasən hesablanmış zərər məbləği ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, həmin rəy üzrə hesablanmış məbləğlər əsas götürülə bilməz və hər bir akt üzrə aparılmış hesablamaların düzgünlüyünə ayrıca hüquqi qiymət verilməlidir.

33. Məhkəmə kollegiyası ilk öncə xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktla bağlı qeyd edir ki, bu aktda iddiaçının ünvanı üzrə istixanadan (əkin növü reyhan) istifadə edildiyi qeyd edilmiş və məhz bu məqsədlər üçün işlədilən qaz işlədiciləri göstərilməklə zərər məbləği 12 şamın maksimal saatlıq qaz sərfi 1 m3/ saat, ümumilikdə isə 57 gün (ilk 16 gün orta günlük iş rejimi 12 saat, sonrakı 41 gün orta günlük iş rejimi 20 saat) əsas götürülməklə hesablanmış (rəydə 12 saat və 42 gün üzrə hesablanmışdır) və nəticədə 1.214 manat məbləğində zərərin vurulduğu müəyyən edilmişdir. Cavabdehin həmin ünvanda istixanadan istifadə etdiyi iş materiallarında olan fotoşəkillərlə öz təsdiqini tapır. Cavabdeh özü də həmin ünvanda istixananın olması faktını inkar etmir, sadəcə olaraq ondan istifadə edilmədiyini bildirir. Halbuki, öz mövqeyini sübuta yetirə bilmir, fotoşəkillərdən isə istixanada göyərti yetişdirildiyi müəyyən edilir. Bu səbəbdən məhkəmə kollegiyası həmin akt və onun əsasında tərtib edilmiş tələbnaməni mötəbər hesab edir və həmin dövr üçün 1.214 manat zərər məbləğinin hesablanmasını əsaslı hesab edir.

34. xx.xx.2019-cu il tarixli akt da eyni əsaslarla (istixananın saxlanılması, reyhan əkilməsi) tərtib edilmiş və bu dəfə hesablama L şəkilli katyol və 2 ədəd şam üzrə onların maksimal saatlıq qaz sərfi müvafiq olaraq 6 m3/ saat və 4 m3/ saat, orta günlük iş rejimi 20 saat, müddəti isə 84 gün əsas götürülməklə aparılmışdır (rəydə hesablama 3 ədəd şam və 12 saat üzrə aparılmışdır). Məhkəmə kollegiyası həmin aktda göstərilən orta günlük iş rejimini (hər bir halda, qış aylarında istixanada eyni istilik temperaturu saxlanılmalıdır, bu da təbii qazın nəinki 20 saat, hətta fasiləsiz istifadə edilməsini şərtləndirir) məqbul hesab edir və belə qənaətə gəlir ki, həmin akt və onun əsasında tərtib edilmiş tələbnamə mötəbər sübut kimi qəbul edilməli və göstərilən 84 gün üçün zərər məbləği qismində iddiaçı cavabdehə məhz 1.680 manat zərər məbləği ödəməlidir.

35. Lakin məhkəmə kollegiyası cavabdeh tərəfindən eyni əsaslarla tərtib edilmiş və qanunsuz qoşulmanın baş verməsi baxımından mötəbər hesab etdiyi xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış zərərin (3.717 manat) məbləği ilə razılaşmır və hesab edir ki, xx.xx.2019-cu il tarixdən sonrakı dövr üçün hesablama xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni ümumilikdə 4 ay üzrə aparılmalı və xx.xx.2019-cu il tarixli aktın göstəriciləri əsas götürülməlidir. Belə ki, ilin nisbətən isti ayları olan may və sentyabr, habelə isti ayları olan iyun-avqust aylarında istixanada təbii qazdan istifadə edilməsi üçün hər hansı əsas yoxdur. Bu qaydada aparılmış hesablama nəticəsində müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli akta əsasən 1 ayın zərər məbləği (1.680 / 84 gün = 20 manat 1 gün üçün, 20 x 30 gün = 600 manat 1 ay) 600 manat, 4 ayın zərər məbləği isə (600 x 4 ay = 2.400) 2.400 manat təşkil edir. Bu səbəbdən həmin akta əsasən vurulmuş zərərin əvəzi olaraq iddiaçıdan məhz 2.400 manat məbləğində pul tutulmalıdır.

36. Məhkəmə kollegiyası cavabdeh tərəfindən eyni əsaslarla tərtib edilmiş və qanunsuz qoşulmanın baş verməsi baxımından mötəbər hesab etdiyi xx.xx.2020-ci il tarixli aktla bağlı qeyd edir ki, bu akt əvvəlki aktdan 2 ay sonra tərtib edilmiş və aktda həm də 2 ədəd dəmir soba qeyd edilmişdir. Bununla belə, 35-ci bənddə göstərilən qaydada aparılmış hesablama nəticəsində, o cümlədən dəmir sobanın fəaliyyəti ilə bağlı maksimal saatlıq qaz sərfi 1,4 m3/ saat, orta günlük iş rejimi 18 saat (qış ayları nəzərə alınmaqla məhkəmə kollegiyası məhz 18 saatı məqbul hesab edir, habelə cavabdehin mövqeyinə uyğun olaraq hesablamanı 0,12 manat əsas götürülməklə aparır) olmaqla iddiaçının cavabdehə ((600 x 2 = 1.200) + (1,4 m3/ saat x 18 saat x 60 gün x 0,12 manat x 2 ədəd = 362,88) = 1.562,88 manat məbləğində zərər vurduğu müəyyən edilir. Bu səbəbdən də iddiaçıdan cavabdehin xeyrinə bu akt üzrə məhz həmin məbləğdə zərər tutulmalıdır.

37. xx.xx.2021-ci il tarixli aktda isə həmçinin, PQ-4 və radiator qeyd edilmişdir. 35-ci bənddə göstərilən qaydaya uyğun olaraq istixananın fəaliyyəti (xx.xx.2019-cu il tarixli aktda göstərilən cihazlar əsas götürülməklə) ilə bağlı hesablama 7 ay (mart, aprel, oktyabr – fevral), PQ-4-ün fəaliyyəti ilə bağlı 12 ay (360 gün), maksimal saatlıq qaz sərfi 1,2 m3/ saat, orta günlük iş rejimi 6 saat, radiatorun fəaliyyəti ilə bağlı isə 7 ay, maksimal saatlıq qaz sərfi 0,8 m3/ saat, orta günlük iş rejimi 18 saat üzrə aparılmalıdır. Bu qaydada aparılmış hesablama nəticəsində isə cavabdehə vurulmuş zərər məbləği (7 ay x 600 manat = 4.200 manat) + (1,2 m3/ saat x 6 saat x 360 gün x 0,12 manat = 311,04) + (0,8 m3/ saat x 18 saat x 210 gün x 0,12 manat = 362,88) = 4.873,92 manat təşkil etmiş olur ki, iddiaçı vurulmuş zərərin əvəzi olaraq məhz bu məbləği ödəməlidir.

38. Məhkəmə kollegiyası iddiaçının abonent saldosu məlumatlarına istinadən onu da qeyd edir ki, bu 5 aktın əhatə etdiyi 2018-ci ilin noyabr – 2021-ci ilin fevral ayları, yəni iki ildən artıq müddət ərzində həmin ünvan üzrə təbii qazdan istifadə ilə bağlı cəmi 83 manat məbləğində ödəniş edilmişdir. Halbuki, iddiaçı iddia ərizəsində ailəsi ilə birlikdə həmin ünvanda yaşadığını göstərmiş və abonent barədə məlumatlarda həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4), 1 ədəd samovardan (1/1), 1 ədəd qızdırıcı radiator sobasından (2/2), 1 ədəd dəmir sobadan (1/1) və 2 ədəd kərpic plitədən (yay-qış) (2/2) istifadə edildiyi göstərilmişdkir. Qeyd edilənlər, həmin ünvan üzrə daha artıq həcmdə təbii qazdan qanunsuz xətt vasitəsi ilə istifadə edildiyini təsdiq edir. Hər bir halda, bu evdə kombi və ya dəmir soba (radiator) mövcuddur və bu müddətin qış aylarına təsadüf edən ən azı 12 ayı ərzində cəmi 83 manat dəyərində təbii qazdan istifadə edilə bilməzdi. Başqa sözlə, göstərilənlər də nəzərə alınmaqla vurulmuş zərərin məbləği daha yüksəkdir, lakin məhkəmə kollegiyası aktların məzmunu ilə kifayətlənir.

39. Məhkəmə kollegiyası sonuncu aktın xx.xx.2023-cü il tarixdə tərtib edildiyini, məhkəmə-trasoloji ekspertizası üzrə ekspert tədqiqatının isə bu hadisədən təxminən bir il sonra aparıldığını nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, rəyin nəticə hissəsində göstərilənlər hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası qeyd edilən rəyi mötəbər sübut kimi qəbul etmir.

40. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli aktların əhatə etdiyi dövr üzrə iddiaçı tərəfindən təbii qazdan qanunsuz qoşulma (xətt) vasitəsi ilə cavabdehə ümumilikdə (1.214 + 1.680 + 2.400 + 1.562,88 + 4.873,92 = 11.730,80) 11.730,80 manat məbləğində zərər vurulmuşdur. Bu məbləğdən artıq yazılmış (32.576,60 – 11.730,80 = 20.845,80) 20.845,80 manat zərər məbləği silinməlidir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, iddiaçının abonent hesabından 20.845,80 manat məbləğində borc (cərimə) silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilməlidir.

41. Məhkəmə kollegiyası iddianın təmin edilmiş hissəsinin qiymətini nəzərə alıb, hesab edir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu (120 + 32,53 (10.845,80 x 0,3 %/ 100 %= 32,53) = 152,53 manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə alınmalıdır.

42. Ekspert tədqiqatının dəyərini təşkil edən 64 manat məbləğində pulun 32 manat hissəsi iddiaçıdan, 32 manat hissəsi isə cavabdehdən alınaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-224/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsində yerləşən 46 nömrəli fərdi yaşayış evi üzrə İddiaçı abonent hesabından (**********10000) 20.845,80 (iyirmi min səkkiz yüz qırx beş manat, səksən qəpik) manat məbləğində borc (cərimə) silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 152,53 (bir yüz əlli iki manat, əlli üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət mədaxilinə alınsın. Ekspert tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində pulun 32 (otuz iki) manat hissəsi İddiaçı, 32 (otuz iki) manat hissəsi isə Cavabdehndən alınaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar