Məhkəmə qərarları › İş №2(103)-5401/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5401/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5401/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pulun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3315/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Led TV üçün 76,9 manat ödənilməmiş hissə və 7,1 manat cərimə borcu olmaqla, cəmi 84 manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1180,8 manat olan Samsung Led TV-ni ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 65,6 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ümumilikdə 84 manat olmaqla, ondan 76,9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7,1 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1103,9 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir.

3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3315/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Fərid Hətəmzadə) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 56,9 (əlli altı manat 90 qəpik) manat məbləğində əsas borc və 2 (iki) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 58,90 (əlli səkkiz manat 90 qəpik) manat məbləğində borcun və 21 (iyirmi bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qərara alınmışdır, qalan hissədə iddia təmin edilməmişdir.

4. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onların dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsinin qətnaməsi qanunsuzdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədən qəbul edilmişdir, ona görə də onun təqdim etdiyi ödəniş qəbzlərini onun müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinin təsdiqi kimi qəbul edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi D.Tomayev apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi, şikayət əsassızdır, işi uzatmaq üçün verilmişdir.

6. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:

7. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 20314241 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X3 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 65,6 manat ödəmək şərti ilə, dəyəri 1180,8 manat olan “Samsung Led TV” satmışdır.

8. X4 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir.

9. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung Led TV” Cavabdeh təhvil verilmişdir.

10. 28.04.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə İddiaçınə 76,9 manat əsas borc və 7,1 manat cərimə olmaqla, cəmi 84 manat borcu yaranmışdır.

11. Mülki iş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2020-ci il tarixli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir.

12. Cavabdeh tərəfindən etiraza əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdehxx.xx.2020-ci il tarixli 20314241 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdə 66 manat, xx.xx.2020-ci il tarixdə 66 manat, xx.xx.2020-ci il tarixdə 65,6 manat,xx.xx.2020-ci il tarixdə 64 manat, xx.xx.2020-ci il tarixdə 68 manat,xx.xx.2020-ci il tarixdə 65 manat, xx.xx.2021-ci il tarixdə 76 manat, xx.xx.2021-ci il tarixdə 30 manat,xx.xx.2021-ci il tarixdə 80 manat,xx.xx.2021-ci il tarixdə 60 manat, xx.xx.2021-ci il tarixdə 80 manat, xx.xx.2021-ci il tarixdə 33 manat, xx.xx.2021-ci il tarixdə 80 manat, xx.xx.2021-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixdə 29 manat, xx.xx.2021-ci il tarixdə 66 manat,xx.xx.2021-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixdə 36 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 40 manat və xx.xx.2021-ci il tarixdə 30 manat ödəniş etmişdir.

13. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20314241 saylı müqavilə üzrə xx.xx.20223-cü il tarixdə tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli 20314241 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdə 66 manat, xx.xx.2020-ci il tarixdə 66 manat, xx.xx.2020-ci il tarixdə 65,6 manat, xx.xx.2020-ci il tarixdə 64 manat, xx.xx.2020-ci il tarixdə 66,35 manat, xx.xx.2020-ci il tarixdə 65 manat, xx.xx.2021-ci il tarixdə 67,09 manat, xx.xx.2021-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixdə 67,91 manat, xx.xx.2021-ci il tarixdə 54,01 manat, xx.xx.2021-ci il tarixdə 75,16 manat, xx.xx.2021-ci il tarixdə 31,13 manat, xx.xx.2021-ci il tarixdə 76,26 manat, xx.xx.2021-ci il tarixdə 28,84 manat, xx.xx.2021-ci il tarixdə 28,55 manat, xx.xx.2021-ci il tarixdə 66 manat, xx.xx.2021-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 36 manat, xx.xx.2021-ci il tarixdə 40 manat, xx.xx.2021-ci il tarixdə 30 manat və xx.xx.2022-ci il tarixdə 30 manat olmaqla, ümumilikdə əsas borca görə 1103,9 manat ödənilmiş və 76,9 manat qalıq borc qalmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1. Əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 450.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

19. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

20. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

21. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

22. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

25. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

28. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

29. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Rayon məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 20314241 saylı müqavilə bağlanmış və həmin müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Lakin iddiaçı iddia tələbində cavabdehdən 76,9 manat məbləğində əsas borcun tutulmasını xahiş etmiş olsa da, rayon məhkəməsi hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin sübutu kimi xx.xx.2023-cü il tarixdə tərtib edilmiş maliyyə arayışını, cavabdeh isə etirazının əsası kimi ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Həmin sübutlar araşdırılarkən isə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən borc hesablanarkən, xx.xx.2021-ci il tarixdə ödənilmiş 20 manat nəzərə alınmamışdır. Belə olan halda rayon məhkəməsi hesab etmişdir ki, xx.xx.2021-ci il tarixdə ödənilmiş 20 manat məbləğində pul vəsaiti əsas borcdan silinməli və cavabdehdən iddiaçının xeyrinə 56,9 manat məbləğində əsas borc tutulmalıdır.

32. Kollegiya apellyasiya şikayətinin borcun ödənilməsi barədə təqdim etdiyi qəbzlərə müqavilə üzrə öhdəliyinin icrasının təsdiqi kimi qiymət verilməsi üzrə dəlili ilə bağlı birinci instansiya məhkəməsinin mğvqeyi ilə razılaşaraq bildirir ki, cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən, habelə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə müəyyən edilir ki, cavabdeh ödənişlərini müqavilə ilə müəyyən edilmiş vaxtlarda və məbləğdə ödəmədiyindən onun ödənişlərinin müəyyən hissəsi cəriməyə çıxılmışdır. Ona görə də cavabdehin hazırda 56,90 manat məbləğində borcu yaranmışdır. Bu səbəbdən, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Nəticə:

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

35. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

36. Beləliklə, Kollegiya qeyd edir ki, hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3315/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar