Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5403/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh1 nümayəndəsi Vəkil2, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat kontorunun notariusları Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit və ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd hesab olunmaqla etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(004)-361/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat kontorunun notariusları Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit və ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd hesab olunmaqla etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 19 saylı Notariat kontorunda İddiaçı və Cavabdeh1 arasında bağlanmış 15.07.2016-cı il tarixli 3M-363 reyestr nömrəli kredit müqaviləsinin və İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin 7 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsinə dair 15.07.2016-cı il tarixli 3M-364 reyestr nömrəli ipoteka müqaviləsinin əhəmiyyətsiz əqdlər hesab olunmaqla etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, həmçinin Bakı şəhəri 19 saylı Notariat kontorunun notariusları Cavabdeh4 və Cavabdeh5 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 saylı notariat kontorunun xüsusi notariusları tərəfindən 15 iyul 2016-cı il tarixdə X4 ilə İddiaçı Vaqif oğlu arasında kredit müqaviləsi tərtib olunmaqla rəsmiləşdirilmişdir. Həmin müqavilənin şərtlərinə görə X1 Asim Vaqif oğluna 90000 (doxsan min) manat borc verməyə, «borc alan» İddiaçı isə həmin məbləği 15.07.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürür, tərəflər kreditin faizsiz verilməsini şərtləşirlər. Müqavilənin şərtlərinə görə ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsinədən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsi qaydada alınır. Tərtib olunmuş həmin müqavilənin (3M-363) 12-ci bəndindən sonra belə bir qeydiyyat aparılmışdır ki, «notarius tərəfindən müqavilə tərəflərinə onların huquq və vəzifələri izah olunmuş notariat hərəkətləriənin aparılmasının nəticələri barəsində xəbərdar edilmişlər». Müqavilə 3M-363 reestr nömrlə ilə qeydiyyata salınmış , müqavilə Bakı şəhəri 19 saylı notariat kontorunun xususi notariusu Cavabdeh4 tərəfindən təsdiq olunmuşdur. Müqavilənin qeydiyyat hissəsindən isə görununr ki , notarius tərəfindən həmin müqavilə « kontordan kənar aparılmış» və kontordan kənar aparılması ilə əlaqədar 92 manat haqq tutulmasından əlavə 10 manat məbləğ də tutulmuş, müqavilənin tərəflərin şəxsən iştirakları ilə tərtib olunduğu və notariusun özünün iştirakı ilə imza etdikləri, bununla əlaqədar onların şəxsiyyətinin və fəaliyyət qabiliyyətinin yoxlanılması barədə qeyd aparılmışdır. M-364 reyestr nömrəli müqavilə ilə isə tərəflər arasında ipoteka müqaviləsi bağlanılmış, həmin müqavilənin şərtlərinə görə İddiaçı mülkiyyət huququ ilə ona məxsus olan əmlakını - ünvan 1 ünvanda olan mənzilini (sahəsi 60 kv.m., y/s 47 kv.m yardımçı sahə 13 kv.m. 3 otaqlı ) kredit müqaviləsi əsasında «götürdüyü» pulun müqabilində onun qaytarılmasının təminatı kimi ipoka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri isə 100,000 mana müəyyən edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(004)-361/2021 nömrəli qətnaməsin ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin 18.02.2021-ci il tarixli məhkəmə iclası zamanı o izahat verərək müqavilə bağlanan zaman notariusun iştirak etmədiyini bildirmişdir. Lakin, məhkəmə iclas protokolunda bu xüsusat qeyd edilməmiş və məhkəmə qətnaməsinin axırıncı səhifəsinin ikinci abzasında qeyd olunur ki, “müqavilələr bağlanarkən qanunvericiliyin tələbinə əməl edilmişdir”. Göründüyü kimi məhkəmə iclas protokolu ilə məhkəmə qətnaməsi arasında ziddiyyət vardır. Odur ki, məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarına qiymət verməmiş, əvvəlki qətnamələrə uyğun qətnamə qəbul etmişdir. Hesab edir ki, iş üzrə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Odur ki, qətnamə tam ləğv edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2 və Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 apelyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış 15.07.2016-cı il tarixli 3M-363 reyestr nömrəli kredit müqaviləsində göstərilir ki, borcverən Cavabdeh1 borcalan İddiaçı 90.000 manat borc vermişdir. Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış 15.07.2016-cı il tarixli 3M-364 reyestr nömrəli ipoteka müqaviləsində göstərilir ki, ipoteka qoyan (borcalan) İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin 7 nömrəli mənzilini 15.07.2016-cı il tarixli 3M- 363 reyestr nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin təminatı kimi ipoteka saxlayan (borcverən) Cavabdeh1 xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti tərəflərin razılaşmasına əsasən 100.000 manat qiymətləndirilmişdir. Bundan başqa Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli 2(004)- 7887/2017 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və üçüncü şəxs Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı "Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 15.07.2016-cı il tarixli kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh1 İddiaçı qarşı "borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, 15.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 90.000 manat pul və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 90.030 manat pulun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi, tələbin ödənilməsinin 15.07.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin ümumi sahəsi 60 kv.m olan 3 otaqlı 7 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş pul hesabına İddiaçı Cavabdeh1 olan borcunun ödənilməsi, borcun ödənilməsindən artıq məbləğ qalarsa, həmin məbləğin İddiaçı qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)-4155/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli 2(004)-7887/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13.011.2018-ci il tarixli 2(102)- 7237/2018 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)- 4155/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktları və işin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, Bakı şəhəri 19 saylı Notariat kontorunda İddiaçı və Cavabdeh1 arasında bağlanmış 15.07.2016-cı il tarixli kredit müqaviləsi və 15.07.2016cı il tarixli ipoteka müqaviləsi yazılı formada bağlanmaqla, notarial qaydada təsdiq edilmiş, müqavilələr bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir, müqavilələrin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Çünki, müqavilənin tərəfləri kredit və ipoteka müqaviləsinin bağlanması anında bütün şərtlər barəsində razılığa gəlmişlər və öz iradələri ilə həmin müqavilələri bağlayaraq imzalamışlar. Müqavilələrin bağlanmasının təşəbbüskarı Cavabdeh1 deyil, məhz İddiaçı özü olmuş, Cavabdeh1 bu müqavilələri bağlamağa təkidlə razılaşdırmışdır. İşin qeyd olunan faktiki halları və müqavilələrin qanuna uyğun bağlanması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Odur ki, iddia tələbi əsassızdır. Bundan başqa iddiaçının 15.07.2016-cı il tarixli müqavilələri şəxsən bağlamış və müqavilələrin bağlanmasından məlumatı olmuşdur. İddiaçı müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş bir illik müddəti də buraxmış, 15.07.2016-cı il tarixdə bağlanmış müqavilələri 25.08.2020-ci il tarixdə mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, mübahisəli alğı-satqı və ipoteka müqavilələrnin qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməsi və bağlanması qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli 2(004)-7887/2017 nömrəli qətnaməsi ilə təsbit olunmuşdur. Qeyd olunan hallar həmin qətnamə ilə müəyyən edildiyindən, həmin halların yenidən mübahisələndirilməsinə və araşdırılmasına zərurət qalmır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Bundan başqa Azərbaycan Respublikası 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Kollegiya qeyd edir ki, 15.07.2016-cı il tarixli müqavilələr iddiaçı tərəfindən şəxsən imzalanmışdır. Bundan baqa qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, iddiaçı mübahisıli kredit müqaviləsini mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli müqavilələrin mövcudluğundan məlumatlı olsa da, hazırkı iddia tələbi ilə məhkəməyə 2020-ci il tarixdə müraciət etmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi qənaətinə gələrkən haqlı olmuşdur. Kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı apelyasiya şikayətində məhkəmə iclas protokolu ilə məhkəmə qətnaməsi arasında ziddiyyət təşkil etməsinə istind etsə də, məhkəmə iclas protokoluna qeydlərlə məhkəməyə müracit etməmişdir. Beləliklə məhkəmə iclas protokoluna hər-hansı etiraz etməmişdir. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri iddiaçının subyektiv mövqeyinə əsaslanmaqla formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(004)-361/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5403/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5403/2021
08.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver