Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5406/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ərizəçi - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2, ərizə üzrə maraqlı şəxs qismində cəlb olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “daşınar əşyanın sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadından ərizəçinin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 20 aprel 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “5800 ABŞ dollarının sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi” barədə ərizəsi baxılmamış saxlanılmış, həmin qərardaddan ərizəçinin nümayəndəsinin verdiyi şikayət məhkəmənin 29 aprel 2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, ərizə üzrə maraqlı şəxs qismində cəlb olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi təmsil etdiyi qurumun ərizə üzrə maraqlı şəxs olmasına etiraz etdiyini bildirmişdir. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilərək mübahisələndirilən qərardad ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxladığı zaman mövqeyinin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 259.0.10-cu və 306.4-cü maddələrinə istinad etmiş, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə ərizənin baxılmamış saxlanılmalı olduğunu vurğulamışdır. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, birincisi, xüsusi icraat qaydasında baxılan işlərdə hər hansı subyektin maraqlı şəxs kimi işə cəlb olunması avtomatik olaraq hüquq haqqında mübahisənin olması kimi qiymətləndirilə bilməz; ikincisi isə, xüsusi icraat qaydasında baxılan işlərdə “hüquq haqqında mübahisə” deyildiyi zaman istənilən mübahisə nəzərdə tutulmur və əgər maraqlı şəxs ərizəçinin xahişi üzrə maraqlı olmadığını bildirirsə bu, hüquq haqqında mübahisənin olması demək deyildir. Hazırkı işdə maraqlı şəxsin nümayəndəsi hüquq haqqında mübahisə açmayaraq, sadəcə təmsil etdiyi qurumun işdə maraqlı olmadığını irəli sürmüşdür; əmlak sahibinin əmlakdan imtina etməmiş olması isə, ərizənin baxılmamış saxlanılması üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1719/2021 saylı iş üzrə 20 aprel 2021-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5406/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5406/2021
25.05.2021 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver