Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5406/2025 13.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: « nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, əhəmiyyətsiz əqd) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2879/2025 saylı, 29 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: Avtomobil alqı-satqısı üzrə xx.xx.2024-cü il tarixli, B-022- AAE-24 nömrəli müqaviləyə əsasən İddiaçı MMC “Changan Uni T” markalı, buraxılış ili 2023-cü il olan avtomobili dəyəri tam ödənilənədək texniki saz halda Cavabdeh istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra mülkiyyətinə verməyi, cavabdeh isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdəsinə götürüb. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1 bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 77387 manat məbləğində müəyyən edilmişdir.
2. Həmin Müqavilənin 3.2.5-ci bəndinin “a” yarımbəndinə əsasən alıcının bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixdən etibarən alıcı bu müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxun satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda Avtomobil onun ani likvid dəyəri ilə satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin bəndin, “b” yarımbəndinə əsasən tərəflər təsdiq edir ki, hazırki müqaviləyə istənilən əsaslarla xitam verilən zaman satıcı yalnız avtomobil, onun ani likvid dəyəri ilə satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda, yerdə qalan məbləği bu müqavilənin 3.2.5-ci bəndinin, “a” yarımbəndində nəzərdə tutulmuş qaydada alıcıya geri qaytarır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə həmin məbləğin ödənilməsini tələb edəcəkdir. Həmin maddənin “d” bəndinə əsasən müqaviləyə xitam verildiyi təqdirdə yuxarıda göstərilənlərdən başqa alıcıya hər hansı vəsait qaytarılmır.
3. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilib.
4. İddiaçı MMC ilə X7 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, B-029-AAE 25 nömrəli daxili lizinq müqaviləsinə əsasən “Changan Uni T” markalı, buraxılış ili 2023-cü il olan tünd boz metalik rəngli avtomobil X5 istifadəsinə, lizinq ödənişləri tam həyata keçirildikdən sonra isə mülkiyyətinə verilməsi, X7 tərəfindən isə hazırki müqaviləsi və müvafiq əlavə razılaşmaları ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin həyata keçirilməsi üzrə münasibətlər tənzimlənmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə lizinq ödənişlərinin ümumi məbləği 40191 manat təşkil edir.
5. İddiaçı MMC tərəfindən “Changan Uni-T” markalı avtomobillərin 2024-cü ilin yanvar ayı üçün qiymət təklifi nağd alqı-satqı üzrə 47900 manat, 12 ay ərzində 54510 manat, 24 ay ərzində 59801 manat, 36 ay ərzində 65304 manat, 48 ay ərzində 70851 manat, 60 ay ərzində 77387 manat müəyyən edilmişdir.
6. İcra edilmiş xidmətlərə dair xx.xx.2025-ci il tarixli akta əsasən “Changan Uni-T” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çəkilmiş xərclərin miqdarı cəmi 762,17 manat təşkil edir.
7. İcra edilmiş xidmətlərə dair xx.xx.2025-ci il tarixli akta əsasən “Changan Uni-T” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çəkilmiş xərclərin miqdarı cəmi 431,02 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi, iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən alqı-satqı müqaviləsinin ləğv edilməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq 14.313 manat, avtomobilə dəymiş zərərə görə 1193,19 manat, ümumilikdə 15.506,19 manat, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanması yolu ilə 206,04 manat və 138 manat dövlət rüsumuna görə xərcin əvəzinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
9. İddiada göstərilib ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək annuitet ödənişlərin edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Avtomobil xx.xx.2024-cü il tarixində cavabdehdən təhvil alındıqdan sonra avtomobilin həmin günə mövcud xərclərinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixində baxış keçiriləcəyi və baxışda iştirak edə biləcəyi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Lakin cavabdeh qeyd olunan tarixdə keçirilmiş baxışda iştirak etmədiyindən, baxışın nəticəsinə dair tərtib olunmuş təmir aktı xx.xx.2025-ci il tarixli məktubla ünvanına göndərilmiş və razı olmadığı halda müstəqil ekspert cəlb edilə biləcəyinin mümkün olduğu nəzərinə çatdırılmış, qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Avtomobilə dəymiş zərərin aradan qaldırılmasına çəkilmiş xərclərin ümumi dəyəri 1193,19 təşkil edib.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2879/2025 saylı, 29 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı iddia tələbində avtomobillərin sonradan digər şəxslərə satılarakən daha aşağı qiymətə satılmasına istinad edərək avtomobilin dəyərdən düşməsinə görə yaranmış fərqin və cavabdeh tərəfindən avtomobilə vurulmuş zərərə görə pulun ödənilməsini tələb edir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci bəndi, yəni müqavilə cavabdeh tərəfindən ləğv olunarsa, həmin avtomobil qaytarıldıqdan sonra avtomobilin dəyərdən düşməsi ilə bağlı zərərin əvəzinin ödənilməsini tələb etməyə əsas verən razılaşma kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 419.2-ci maddəsinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Belə olan halda, tərəflər arasında bağlanm ış xx.xx.2024-cü il tarixli müqavilənin 3.2.5-ci bəndi müqavilənin standart şərti olmaqla etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərli olduğu üçün etibarsızdır. Digər tərəfdən məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim olunan arayışdan görünür ki, cavabdehə satılmış “Changan Uni T” markalı, buraxılış ili 2023-cü il olan avtomobilin nağd satış qiyməti 47900 manat, 60 aylıq hissəli ödənişlə satıldıqda isə qiyməti 77387 manat təşkil edir. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə əsasında avtomobil 60 aylıq hissəvi ödənişlə 77387 manat məbləğə cavabdehə satılmış, avtomobil cavabdehin istifadəsində olan müddət ərzində cavabdeh tərəfindən 6467 manat ilkin ödəniş olmaqla, ümumilikdə 17267 manat məbləğində ödəniş edilmişdir. Həmin avtomobil növbəti dəfə lizinq müqaviləsi əsasında digər şəxsə 40191 manat məbləğə satılmışdır. Göründüyü kimi, avtomobilin nağd satış qiymətinin 47900 manat olduğu və cavabdeh tərəfindən edilmiş 17267 manat ödənişlər nəzərə alınsa, avtomobilin digər şəxsə satılması ilə bağlı iddiaçının hər hansı ziyana düşməsi sübut olunmur. Avtomobilin müəyyən müddət istismar olunması nəticəsində bazar dəyərinin azalması onun təbii köhnəlməsi və normal istifadəsi nəticəsində yaranan qaçınılmaz haldır. Belə azalma avtomobilin adi istismar müddəti ərzində baş verən texniki xarakterli dəyişikliklərdən qaynaqlandığından və cavabdehin hər hansı qanunsuz hərəkəti ilə bağlı olmadığından ziyanın əvəzinin ödənilməsi öhdəliyinə səbəb olmur. Bundan başqa, iddiaçı nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu müddətdə onun tərəfindən avtomobilə 1193,19 manat məbləğində zərər dəydiyini iddia etsə də, məhkəmə araşdırması zamanı nəqliyyat vasitəsinin iddiaçıya qaytarılması zamanı iddiaçı tərəfindən təhvil-təslim aktının tərtib edilmədiyi müəyyən edilmişdir. Belə olan halda avtomobilə məhz cavabdeh tərəfindən həmin məbləğdə ziyanın dəyməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə həmin tələbinin əsası kimi icra edilmiş xidmətlərə dair aktları təqdim etmişdir. Həmin akt birtərəfli qaydada iddiaçı tərəfindən tərtib olunduğundan cavabdehdən maddi zərərin tutulması ilə bağlı iddianın əsaslılığını təsdiq edən sübut qismində nəzərdən keçirilə bilməz. Odur ki, məhkəmə iddia tələbini həmin hissədə də əsaslı hesab etmir. Bundan başqa iddiaçı 15.506,19 manat pul vəsaitinin, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 206,04 manat pul vəsaitinin tələb edilməsi hissəsində də iddianı əsaslı hesab etmir. Belə ki, müqavilə ləğv edildiyi tarixədək cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam icra edilmiş, iddia avtomobilin dəyərdən düşməsi və maddi zərərin ödənilməsi hissəsində isə əsaslı hesab edilməmişdir. Belə olan halda həmin pul vəsaitinin gecikdirilməsi ilə bağlı illik 5 % pul tələbinin tələb edilməsi hissəsində də iddia təmin oluna bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı MMC apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, məhkəmə işə baxarkən işin faktiki hallarını yetərincə araşdırmamış, həmçinin işə tətbiq edilməli olan maddi hüquq normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə almamışdır. Mülki Məcəllənin 21.2, 645.2-ci maddələrinə və hazırkı işin faktiki hallarına əsasən bildirir ki, müqavilə bağlanarkən iddiaçı avtomobilin alğı-satqısını həyata keçirməyi, cavabdeh isə avtomobilin dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdü. Lakin cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində iddiaçının müqaviləni birtərəfli qaydada ləğv etməsi iddiaçını zərərə məruz qoymuşdur. Belə ki, cavabdeh bağlanmış müqavilə üzrə öhdəliklərini pozduğundan iddiaçı müqaviləni bağlayarkən əldə etməyi niyyət etdiyi pul vəsaitindən məhrum olmuşdur. Nəticədə, avtomobilin yenidən satışa çıxarılmasına çəkilmiş xərclərlə yanaşı, avtomobilin artıq yeni əşya olmaması və dəyərdən düşməsı onun daha aşağı qiymətə satılmasına səbəb olmuşdur. Avtomobilin yenidən satılmasına, habelə daha aşağı qiymətə satılmasına səbəb cavabdehin ilkin müqavilə öhdəliyini pozması olmuşdur. Buna görə də iddiaçının cavabdehin öhdəliklərini pozması nəticəsində yeni müqavilə ilə əldə edə bilmədiyi pul vəsaitinin, yəni iki müqavilə arasındakı fərqin cavabdehdən tələb edilməsi hüququ vardır. Məhkəməyə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddianın hüquqi əsası MM-nin istinad olunan maddəsi ilə, habelə müqavilə şərtləri ilə əsaslandırılmasına baxmayaraq məhkəmə işə baxarkən MM-nin qeyd olunan normasının tətbiqinə münasibət bildirməmişdir. xx.xx.2024-cü il tarixli, B-022-AAE-24 nömrəli müqavilənin 3.2.6-cı bəndinin “a” yarımbəndinə əsasən Alıcının bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixdən etibarən Alıcı bu müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, ..., Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda avtomobil onun ani likvid dəyəri ilə Satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği Alıcının borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya qaytarır. Bu məbləğ Alıcının borcunu ödəmədiyi təqdirdə Alıcı qalıq borc məbləğini Satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləğin ödənilməsini tələb edəcəkdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin 43-44-cü bəndlərində məhkəmə qeyd olunan şərtin MM-nin 419-420-ci maddələrinin tələbləri baxımından etibarsız olduğuna istinad etmişdir. Hesab edir ki, məhkəmə qeyd olunan normanın etibarsız olması qənaətinə gələrkən MM-nin 645.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, müqavilənin istinad olunan norması qətnamədə qeyd edildiyi üzrə vicdanlılıq prinsipini istisna etmir, əksinə, müqavilənin cavabdeh tərəfindən pozulması halı iddiaçını müqavilə bağlanarkən əldə etməyə ümid etdiyi gəlirdən əhəmiyyətli dərəcədə məhrum etmişdir. Bu səbəbdən iddiaçının həm MM-nin istinad olunan maddəsinə, həm də müqavilə şərtlərinə əsasən cavabdehdən müqavilə fərqinin tələb edilməsi hüququ vardır. İddia tələbi qüvvədə olan qanunvericiliyin istinad olunan normaları ilə kifayət qədər əsaslandırılmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan hallarına diqqət yetirilməmiş və iş yetərincə araşdırılmamışdır. İş materiallarında olan xx.xx.2025 və xx.xx.2025-ci il tarixli aktlara əsasən müqavilə predmeti olan “Changan UNİ-T” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə və bərpasına çəkilmiş xərclərin ümumi dəyəri 1193,19 manat təşkil etmişdir. Avtomobilin iddiaçıya qaytarılması zamanı yazılı təhvil-təslim aktının tərtib olunmaması və aktların birtərəfli qaydada tərtibi zərərin olmadığını istisna edə bilməz. Çünki cavabdehə verilmiş və iş materiallarında surəti mövcud olan xx.xx.2025-ci il tarixli məktubla avtomobilə baxış keçiriləcəyi və baxışda iştirak edərək zərərin qiymətləndirilməsinə münasibət bildirə biləcəyi qeyd olunmuşdur. Cavabdeh qeyd olunan baxışda iştirak etmədiyindən xx.xx.2025-ci il tarixində keçirilmiş baxışın nəticəsinə dair tərtib olunmuş akt 1 gün sonra – xx.xx.2025-ci il tarixli məktubla (iş materiallarında surəti mövcuddur) ünvanına göndərilərək narazı qaldığı halda mübahisələndirə biləcəyi diqqətinə çatdırılmışdır. Cavabdeh yazılı olan heç bir müraciətinə geri dönüş etməmişdir və məhkəmə bu halı nəzərə almadan aktların birtərəfli tərtib olunduğu qənaətinə gəlmişdir. Qiymətləndirmədə iştirakın cavabdehin hüququ olduğu nəzərə alınaraq bildirir ki, iddiaçı bu məsələdə hər hansı məcburetmə tədbiri görə bilməz və cavabdehin qiymətləndirmədə iştirakını təmin edə bilməzdi. Qeyd olunan hərəkətsizliklə cavabdeh iddiaçıya zərərin onun iştirakı olmadan qiymətləndirilməsinə əsas vermiş, bu səbəbdən zərər təktərəfli olaraq qiymətləndirilmişdir. İş materiallarında olan anbar çıxarışları qeyd olunan ehtiyat hissələrinin sözügedən avtomobillə bağlı həqiqətən istifadə edildiyini təsdiq edir. İstinad olunan faktlar birinci instansiya məhkəməsinə verilmiş ərizələrdə və izahatlarda məhkəmənin diqqətinə çatdırılmış, lakin məhkəmə qeyd olunan hallara hüquqi qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2177/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qətnaməsinin 53-cü bəndində qeyd olunur: Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli 040 saylı müqavilənin 3.2.7- ci bəndinə əsasən, müqaviləyə müqavilədə göstərilən əsaslarla (və ya onlardan biri ilə) vaxtından əvvəl xitam verildikdə Satıcı öz mülahizəsinə uyğun olaraq Müqavilənin icrasından birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək, avtomobili satışa çıxarmaq hüququna malikdir. Avtomobil 3-cü şəxslərə özgəninkiləşdirildikdən sonra satış məbləği Alıcının borcunu tam bağladıqda yerdə qalan məbləğ Alıcıya qaytarılır. Bu məbləğ Alıcının borcunu ödəmədiyi təqdirdə Alıcı qalıq borc məbləğini Satıcıya ödəməlidir. Hər iki tərəfin sərbəst iradə ifadəsinə əsaslanaraq bağlanmış müqavilənin qeyd olunan bəndindən açıq-aşkar görünür ki, hazırki iş üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbilə satıcı tərəfindən haqlı olaraq müqaviləyə xitam verilərək avtomobilin ondan geri götürülməsi və “X8” MMC ilə "xxxx" MMC şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli 100 saylı müqavilə ilə “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsinin birinci müqavilədə nəzərdə tutulandan daha aşağı qiymətə 89,616.00 (səksən doqquz min altı yüz on altı) manata sonuncuya satılması ilə satıcının müqavilənin 3.2.7-ci bəndində nəzərdə tutulan hüququnun realizəsinə haqlı əsas yaranmışdır. Göründüyü kimi, “X8” MMC ilə X3 arasında (avtomobil alqı-satqısına dair) bağlanmış xx.xx.2024-cü il tarixli 040 saylı müqavilə ilə “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsinin qiyməti ƏDV daxil 96.663,00 (doxsan altı min altı yüz altmış üç) manat müəyyən edildiyi halda, “X8” MMC ilə "xxxx" MMC şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli 100 saylı müqavilə ilə həmin avtonəqliyyat vasitəsinin qiyməti 89,616.00 (səksən doqquz min altı yüz on altı) manat olmaqla sonuncuya satılmışdır. Belə olan halda müqavilənin şərtlərindən irəli gələrək xx.xx.2024cü il tarixli 040 saylı və xx.xx.2024-cü il tarixli 100 saylı alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq (96.663-89,616=7047) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Maddə 420.1 və 420.1.5. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar etibarsız sayılır. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Maddə 645.2.Əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
24. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
25. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
26. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən mübahisələndirilən hissədə iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətlərin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
27. Belə ki, tərəflər arasında xx.xx.2024-ci il tarixdə mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərtlə avtomobilin nisyə-alqı satqısına dair müqavilə bağlanmış, lakin bu müqavilə Mülki Məcəllənin 394 və 650-ci maddələrinin tələblərinə zidd olaraq notarial qaydada deyil, sadə yazılı əqd kimi bağlanmış, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə uyğun qeydə alınmamışdır. 28.Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (MM.m. 329).Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (MM.m. 331 və 334).
29. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı- satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir.
30. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM 324.5). İşdən bəlli olur ki, tərəflərin hüquqi niyyəti, iradə ifadəsi mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərtlə avtomobilin nisyə alqı-satqısı müqaviləsini bağlamaq olmuşdur. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən nisyə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin mübahisəsiz halıdır ki, cavabdeh mübahisəli avtomobili artıq iddiaçıya qaytarmış və müqaviləyə xitam verilmişdir.
31. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi ilk növbədə avtomobilin nisyə alqısatqısı haqda müqavilənin etibarsızlığını təsbit etməli, etibarsızlığın hüquqi nəticələri tətbiq edilməklə mübahisənin düzgün həlli mümkün olub-olmamasını araşdırmalı, bu əhəmiyyətsiz əqdin təsdiqi barədə qənaətə gəldiyi halda isə mübahisəyə tərəflər arasında bağlanmış nisyə alqı-atqı müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində hüquqi qiymət verməklə həmin müqavilə şərtləri nəzərə alınmaqla hüquqi dəyərləndirmə aparmalı idi. Ancaq işdən bəlli olur ki, birinci instansiya məhkəməsi bu hallar üzrə xüsusi hüquqi dəyərləndirmə aparmasa da yekun olaraq düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı əşyanın dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni satıcı qeyd edilənlərdən yalnız birini həyata keçirə bilər. Sözügedən avtomobilin cavabdeh tərəfindən iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır. 32.Belə ki, apellyasiya baxışı zamanı da işin halları və cavabdehin nümayəndəsi və vəkilinin məlumatı ilə bir daha təsdiq olundu ki, sözügedən avtomobil xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilib, xx.xx.2024-cü ildə isə sonuncu ödənişlə birlikdə iddiaçıya qaytarılıb. Yəni, avtomobil 8 ay, 17 gün ərzində cavabdehin istifadəsində olub, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə 17262 manat ödənilib. Bu halları iddiaçı tərəf də mübahisələndirmədi. İddiaçının özünün məlumatına əsasən “Changan Uni-T” markalı avtomobillərin 2024-cü ilin yanvar ayı üçün qiymət təklifi nağd alqı-satqı üzrə 47900 manat, 12 ay ərzində 54510 manat, 24 ay ərzində 59801 manat, 36 ay ərzində 65304 manat, 48 ay ərzində 70851 manat, 60 ay ərzində 77387 manat təşkil edib. İddiaçının xx.xx.2025-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən qeyd olunan avtomobili üçüncü şəxsə 40191 manata satması da işin mübahisəsiz halıdır. Demək ki, Mülki Məcəllənin 21.2 və 645.2-ci maddəsinin tələbləri baxımından da hazırkı tələbi irəli sürsə də iddiaçının nə real, nə də əldən çıxmış fayda şəklində zərərə məruz qaldığı təsdiq olunmur. Ən azından buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Əksinə qeyd olunan avtomobilin 2024-cü ilin yanvar ayı üçün nağd alqı-satqı üzrə qiyməti 47900 manat olmuş, 8 ay, 17 gün ərzində cavabdehin istifadəsində olub, buna görə 17262 manat ödənilib, bundan sonra isə xx.xx.2025-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən üçüncü şəxsə 40191 manata satılıb. Göründüyü kimi, avtomobil hissə-hissə ödənilmək şərti ilə olsa da, dəyərindən on min manatdan artıq qiymətə satılıb. Bu cür vəziyyətdə isə iddiaçının hansısa formada zərərə məruz qalması istisna olunur.
33. Bundan başqa, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli aktlara əsasən müqavilə predmeti olan avtomobilin təmirinə və bərpasına çəkilmiş xərclərin 1193,19 manat təşkil etməsi də bu hissədə iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. Çünki “təmir və bərpa işlərinin” məhz cavabdehin risk dairəsinə daxil olan hallardan irəli gəldiyi təsdiq olunmur. Çünki bu aktlar avtomobil iddiaçıya təhvil verildikdən 4 aya yaxın və 4 ay sonra tərtib edilib. Həqiqətən də belə bir təmir və bərpa avtomobiln cavabdehin istifadəsində olması ilə bağlı yaranmışdırsa bu dərhal, yəni avtomobil iddiaçıya təhvil verilərkən edilə bilərdi, ancaq edilməyib, demək ki, cavabdehlə bağlı olması da təsdiq olunmur.
34. Göstəriləndən başqa, cavabdeh məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillərdən istifadə edərkən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2177/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin 53-cü bəndində qeyd olunanlara istina etsə də, yaxşı olardı ki, hazırkı iddiası ilə eyni məzmunlu iddiası üzrə olan mülki iş üzrə Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(102)-1272/2025-ci il tarixli qərarına da istinad etsin. Belə ki, Ali Məhkəmənin qeyd olunan qərarında da iddiaçının müqavilə üzrə əldən çıxmış fayda kimi zərərin və cərimə borcun (dəbbə pulu) tələb edilməsini düzgün hesab etməmişdir.
35. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2879/2025 saylı, 29 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2879/2025 saylı, 29 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.