Məhkəmə qərarları › İş №2(103)-5411/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5411/2024

18.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5411/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5411/2024 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Agentliyinin Bakı Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3410/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 sentyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ona hesablanmış 4.094,59 manat əsassız borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. O vaxtı-vaxtında ona aid qaz sayğacından qanuna uyğun formada istifadə etmişdir. Quraşdırılmış qaz sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı 35 ildən artıqdır ki, bu evdə 4 nəfər ailə üzvü ilə yaşayır. xx.xx.2023-cü il tarixdə ona təqdim edilən qəbzdə 4.094,59 manat borcunun olduğu göstərilmişdir. Halbuki o, hər ay vaxtı-vaxtında borcunu ödəmişdir. Bu borcun haradan yaranması ona məlum deyil. İB-yi tərəfindən bunu sübut edəcək hər hansı bir dəlil də yoxdur. Bir həftəyə yaxın bir vaxtdır ki, İB-nin əməkdaşları tərəfindən evinə verilən qaz kəsilmişdir və onlar soyuq qış günlərini qaz olmadan keçirmək məcburiyyətində qalmışlar.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5411/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə (abonent kodu: **********00000) İddiaçı 2017-ci il fevral ayı üçün hesablanmış 3.451,40 (üç min dörd yüz əlli bir manat qırx qəpik) manat borcun 1.524,60 (bir min beş yüz iyirmi dörd manat altmış qəpik) manat hissəsinin silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3, 1.4, 4.1, 4.2, 4.8, 6.5-1, 6.5-2, 6.5-3-cü bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6, bəndi, 13-cü maddəsinin 8-ci hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.1, 77.2, 88, 107, 119.1, 119.2, 217.3, 217.4, 218.1, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, onun ödəyəcəyi 1927 manat borc məbləği ilə razı deyil. Bu məbləğ onun günahı olmadan yazılıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Apellyasiya baxışında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Agentliyinin Bakı Filialının nümayəndəsi X4 birinci instansiya məhkəməsində borcun hesablanması ilə bağlı göstərdikləri mövqeni təsdiq etdiklərini bildirmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

10. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

11. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

12. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

13. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

14. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

15. Bənd 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.

16. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

17. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydalar

18. Bənd 5.1 Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. İddiaçı tərəfindən qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

28. Belə ki, iş materiallarında olan İddiaçı məxsus **********00000 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin oktyabr ayı üzrə cədvəlin “ayın sonuna borc” qrafasında 4.094,59 manat borcu mövcud olmuşdur.

29. İş materialları ilə müəyyən olunur ki, həmin 4094,59 manat borcun 3451,40 manat olan hissəsi 2010-cu ildən 2017-ci ilin fevral ayına, yəni həmin tarixədək mövcud olmuş qaz sayğacının dəyişdirilməsinədək yaranmış debitor borcu, qalan 643,19 manat borc məbləği isə 2017-ci ilin fevral ayından 2024-cü ilin noyabr ayınadək dəyəri ödənilməmiş qaz sərfiyyatına görə hesablanmış debitor borcu əhatə edir.

30. Görünüdüyü kimi, iddiaçı barəsində, ümumiyyətlə, hər hansı akt tərtib olunmamış və yazılan borc hər hansısa akta söykənməmiş, silinməsi xahiş edilən borc müxtəif dövrlər aralığında yaranmış debitor borclarından ibarət olmuşdur.

31. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Qazdan istifadə Qaydaları”nda təsbit olunmuş hüquq normalarının məzmunundan görünür ki, istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənilməlidir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydalarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

33. Göründüyü kimi iddiaçının hazırda silinməsini xahiş etdiyi borcun onun qazdan istifadəsinə görə yaranmış debitor borcudur və qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən düzgün hesablanmış borc məbləğinin qaz paylayıcısına ödənilməli olması işin mübahisəsiz halını təşkil edir.

34. Hazırda aydınlaşdırılmalı məsələ isə həmin borc məbləğinin düzgün müəyyən olunub-olunmamasıdır. Belə ki, X2 Agentliyinin Bakı Filialının mütəxəssisləri tərəfindən aparılan araşdırmanın nəticəsinə əsasən müəyyən olunmuşdur ki, sayğac göstəricilərinə əsasən istifadə olunmuş ümumi qaz həcmi 18.952 m3 təşkil edir. X2 Agentliyinin Bakı Filialının nümayəndəsi X5 təqdim etdiyi “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2017-ci il tarixli” aktın surətindən görünür ki, 604 m3 həcmində qaz sərfiyyatı vətəndaş tərəfindən tam ödənilmişdir. Bununla da ödənilməmiş qaz həcmi 18.348 m3 təşkil edir. (18.952 m3 - 604 m3 = 18.348 m3 ). “Qasrep” sistemindən elektron çıxarışından görünür ki, iddiaçının mübahisələndirdiyi borc 2010- 2017-ci illər üçün hesablanmışdır. 7 il ərzində 18.347 m3 həcmində qaz sərfiyyatı - orta illik 2.621 m3 qaz sərfiyyatıdır. (18.347m3 /7=2.621 m3 ). Qazdan istifadəyə görə 2010- 2016 illərdə 1 m3 qaz sərfiyyatına görə 0.10 qəpik, 2017-ci ildən – 0.12 qəpik hesablanmalıdır. 6 il üçün qaz sərfiyyatı 15.726 m3 (2.621 m3 x 6 il = 15.726 m3 ) təşkil edir. Bunun qiyməti 1.572,60 manat təşkil edir. (15.726 m3 x 0.10 qəpik = 1.572,60 manat). 2017-ci ildən 1.700 m3 qaz sərfiyyatı limit olaraq tədbiq olunmağa başlamışdır. Həmin il üçün orta illik qaz sərfiyyatı olan rəqəmdən limit kimi müəyyən edilmiş qaz həcmi çıxılmalıdır və daha sonra müvafiq hesabat aparılmalıdır. (2.621 m3 - 1.700 m3 = 921 m3) . Bununla da, 1.700 m3 qaz sərfiyyatı hər 1 m3 üçün 0,10 manat, 921 m3 qaz sərfiyyatı isə 0,20 manat hesabı ilə müəyyənləşdirilməlidir. (1.700 m3 x 0.10 qəpik = 170 manat; 921 m3 x 0.20 qəpik = 184,20 manat; 170 manat + 184,20 manat = 354,20 manat). Beləliklə, 2017-ci il üçün 2.621 m3 orta illik qaz sərfiyyatına görə cəmi 354,20 manat borc hesablanmalı idi. 2010-2017-ci illər birlikdə hesablandıqda, həmin müddət üçün borc 1.926,80 manat təşkil etməlidir. (2010-2016-cı illər üçün hesablanmış 1.572,60 manat borc məbləği ilə 2017-ci il üçün hesablanmış 354,20 manat borc məbləğinin cəmi).

35. Beləliklə, iş üzrə verilmiş mütəxəssis rəyindən də göründüyü kimi cavabdeh tərəfindən iddiaçının adına 2010-2017-ci illər aralığında hesablanmış 3451,40 manat borcun 1524,60 manat hissəsi əsassız olsa da, 1926,80 manat olan hissəsi qanunvericiliklə aparılmış hesablama qaydasında əsaslı olmaqla iddiaçı tərəfindən cavabdehə ödənilməli məbləği təşkil edir. Buna görə də birinci instansiya məhkəməsinin 2010-2017-ci illər aralığında hesablanmış 3451,40 manat borcun sadəcə 1524,60 manat hissəsini əsassız hesab etməsi ilə bağlı mövqeyi qanuni və əsaslı olmuşdur.

36. Qalan 643,19 manat borc məbləğinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin məbləğ də 2017-ci ilin fevral ayından 2024-cü ilin noyabr ayınadək dəyəri ödənilməmiş qaz sərfiyyatına görə hesablanmış ümumi borc olduğundan və qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən həmin borcun da ödənilməsi iddiaçının öhdəliyi olduğundan, birinci instansiya məhkəməsinin iddianın qeyd edilən borcun silinməsi hissəsində əsassız hesab olunması barədə də mövqeyi əsaslı hesab olunmalıdır.

37. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquq normaları barədə düzgün nəticəyə gəlmişdir, qətnamə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

39. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

41. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

42. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3410/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar