Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5412/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin ləğv edilməsi və s.” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilkin iddia üzrə iddiaçı cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” barədə qarşılıqlı tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2240/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2009-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə əsasən göstərilən borcun Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009- cü il tarixində 12 ay müddətinə Cavabdeh1 ASC-dən 17000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit almaq üçün fəaliyyət göstərən banklara müraciət etdikdə Mərkəzləşdirilmiş Kredit Reyestri üzrə borcların siyahısında adına 11429,84 manat məbləğində borc göstərilir. Hazırki vaxtadək bank iddiaçının adına götürülmüş kreditin tələb olunması ilə bağlı məhkəməyə müraciət etməməsi səbəbindən iddiaçı onun adının xx.xx.2009-cü il tarixli kredit müqaviləsi üzrə borcun Mərkəzləşdirilmiş Kredit Reyestri üzrə borclular siyahısından çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsini Mərkəzi Bankdan, LPO Cavabdeh1 ASC-dən və "xxxx" MMC-dən xahiş etmişdir. Həmin qurumlardan məlumatın silinməsi məsələsinin onların imkanı xaricində olması və məhkəməyə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə bağlanmış xx.xx.2009-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə İddiaçı 11429,84 manat kredit borcunun, habelə ödənilmiş 124,29 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC tərəfindən İddiaçı 12 ay müddətinə 17000 manat kredit verilmişdir. Borclunun müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 11429,84 manat məbləğində əsas borcu yaranmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2240/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, İddiaçı LPO Cavabdeh1 ASC ilə bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 1082,22 manat faiz borcuna dair qeydlərin silinməsi barədə məlumatın "Mərkəzləşdirilmiş Kredit Reyestri”nə verilməsi vəzifəsi LPO Cavabdeh1 ASC-yə həvalə edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilkin iddia üzrə İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir (Hakim: Günay Abidova).
6. Həmin qətnamədən narazı qalan ilkin iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
7. İlkin iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qarşılıqlı iddia zamanı verilən iddia müddətinin keçməsinə dair etirazı qəbul etməmiş və bu səbəbdən də iddia ərizəsi təmin edilməmişdir. Halbuki iddia müddəti ötürülmüş və qətnamə aşkar maddi hüquq pozuntusu ilə qəbul edilmişdir. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəligələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2- 373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). Qeyd edilən iş üzrə kredit müqaviləsi xx.xx.2009-cu il tarixində 12 ay müddətinə bağlandığından və müqavilənin bitmə tarixindən artıq 12 ildən artıq müddət keçdiyindən ümumi iddia müddətinin tətbiq olunmalı olduğu bir halda məhkəmənin tərəflərə münasibətdə bu cür düzgün olmayan və hərtərətfli araşdırılmamış qərar qəbul etməsi ciddi hüquq pozuntusudur. Halbuki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bakı şəhəri Nəsmi rayon Məhkəməsi tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsi tətbiq edilərkən həmin maddənin tətbiqi üçün Mülki Məcəllənin digər normaları nəzərə alınmamışdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə, iddia müddətinin axımı həm də şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Lakin məhkəmə işin bu halını Mülki Məcəllənin 377.1-ci maddəsinin tələbləri baxımından müəyyən etməmişdir. Bu baxımdan, Bank öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə bağlı işin halı müəyyən edilmədən Mülki Məcəllənin 373.2ci maddəsinin tətbiqi əsaslı sayıla bilməz. Bundan başqa, iddia müddəti tətbiq edilərkən iddia müddətinin axımının nə vaxtdan dayanması və kəsilməsi hallarının olub-olmaması da müəyyən edilməlidir. Mülki Məcəllənin 380-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Borclu kredit müqaviləsi üzrə ödəniş etməmiş, Nəsimi rayon Məhkəməsi məhkəməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olan işin bu halı ilə bağlı hər hansı araşdırma aparmamış, iddia müddətinin axımının kəsilməsi vaxtının müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edən cavabdehin sonuncu ödənişinin nə vaxt olması ilə bağlı işin halını müəyyən etməmişdir. İş materiallarından göründüyü kimi borclu ümümiyyətlə kreditlə bağlı məlumatlı olmamış və ödəniş etməmişdir. Bank borclunun öhdəliklərinin icra edilməməsinə bilərəkdən şərait yaratmış və pulu borcludan tələb etməmişdir. Tərəflərin izahatları:
8. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq o kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
10. Kollegiya iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi M.Əliyev şikayətin dəlillərinə etiraz edərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi:
12. Belə ki, mülki işin materiallarında olan LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş kassa məxaric orderindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə Cavabdeh1 ASC-nin Gəncə filialından 17000 (on yeddi min) manat pulu bankdan təhvil almışdır.
13. Mülki işin materiallarında olan LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli **********126 №-li məktubdan görünür ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə qaytarılmaq şərtilə 17000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixə İddiaçı LPO Cavabdeh1 ASC qarşısında 11429,84 (on bir min dörd yüz iyirmi doqquz manat, səksən dörd qəpik) manat əsas borc, 1082,22 (bir min səksən iki manat, iyirmi iki qəpik) manat faiz borcu olmaqla, cəmi 12512,06 (on iki min manat, beş yüz on iki manat, altı qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur.
14. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SF-5789 saylı Çıxarışdakı “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə LPO Cavabdeh1 ASC-yə kreditin qalıq məbləği üzrə 11.429,84 AZN, o cümlədən faiz məbləği üzrə 1082,22 AZN məbləğində borcu vardır.
15. Mülki işin materiallarında olan LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 11429,84 manat əsas borc, 1082,22 manat faiz borcu olmaqla, cəmi 12512,06 manat məbləğində borcu vardır.
16. Mülki işin materiallarında olan xx.xx.2009-xx.xx.2017-ci il tarixlərini əhatə edən hesabdan çıxarışdan və eləcə də ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən sonuncu ödəniş (800 manat) xx.xx.2012-ci il tarixdə Cavabdeh1 ASC-nin hesabına ödənilmişdir. Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
21. 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
22. 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
23. 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
24. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər;
26. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir;
27. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Hüquqi dəyərləndirmə:
28. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2009-cü il tarixli kredit müqaviləsinə görə LPO Cavabdeh1 ASC tərəfindən İddiaçı 12 ay müddətinə ödəməklə 17000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilə münasibətlərindən irəli gələn öhdəliklərin tərəflərin razılaşdırdıqları qaydada icrası İddiaçı tərəfindən təmin edilməməsinə baxmayaraq bank müqavilə üzrə yaranmış borcun tutulması barədə məhkəməyə müraciət etməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı ləğv prossesində olan LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixinə 11429,84 manat əsas borc, 1082,22 manat faiz borcu olmaqla, cəmi 12512,06 manat məbləğində borcu yaranmışdır. İlkin iddia tələbi üzrə İddiaçı qeyd edilən kredit müqaviləsinin ləğv olunmasını və həmin kredit müqaviləsi üzrə yaranmış borcun Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinin cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsini, qarşılıqlı iddia tələbi üzrə iddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kredit müqaviləsi üzrə borcun ödənilməməsini əsas gətirərək, ilikin iddianın rədd olunmasını, qarşılıqlı iddia üzrə isə 11.429.84 manat kredit borcu və 124.29 manat dövlət rüsumunun İddiaçı tutulmasını xahiş etmişdir.
29. Daha sonra, işə birinci instansiya məhkəməsində baxılan zaman ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş qarşılıqlı iddianın ona münasibətdə rədd olunmasını məhkəmədən xahiş etmişdir.
30. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı normaların hazırki mülki işə tətbiqində səhvə yol vermişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “...hazırki öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən on il kimi müəyyən edilməlidir. Lakin baxılan iş üzrə həmin müddət keçməmişdir, çünki kredit müqaviləsinin müddəti xx.xx.2010cu il tarixdə bitsə də həmin müqavilə üzrə sonuncu ödəniş xx.xx.2012-ci il tarixdə edilmiş və bununla da həmin tarixdə öhdəliklərin xitamı üçün müddətin kəsilməsi baş vermişdir. Göstərilənlərə əsasən əsas borca münasibətdə (əsas borc: 11.429,84 manat təşkil edir) öhdəliyə xitam verilmədiyi üçün (hesabdan çıxarışdan, habelə qəbzdən göründüyü kimi sonuncu ödəniş xx.xx.2012-ci il tarixdə baş verib) əsas borca dair qeydlərin silinməsi barədə məlumatın "Mərkəzləşdirilmiş Kredit Reyestri”nə verilməsi vəzifəsi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi hissəsində ilkin iddia tələbi təmin edilməməlidir.”.
31. Kollegiya qeyd olunan qanunvericiliyin tələbinə əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış 02 mart 2009-cu il tarixli Kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan sonra müraciət etmişdir. Bu isə qeyd olunan qanunvericilik aktı normalarına əsasən ona dəlalət edir ki, qarşılı iddia üzrə iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Yuxarıda da göstərildiyi kimi tərəflər arasında bağlanılmış kredit müqavilələri üzrə öhdəliklər iddia müddəti çərçivəsində ən geci xx.xx.2015-ci il tarixədək icra edilməli idi.
32. Birinci instansiya məhkəməsi qətnamədə iddiaçının verdiyi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməklə yanaşı, həmçinin qeyd etmişdir ki, “...iddiaçının məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməsi və iddia tələbinin yönəldiyi tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsindən asılıdır. Lakin hazırki iş çərçivəsində bu hallar müşahidə olunmur.”. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarında iddia müddətinin tətbiqi ilə bağlı ərizənin olması və qətnamənin bir hissəsində məhkəmənin həmin ərizəyə münasibət bildirməsinə baxmayaraq məhkəmənin həm də bu mövqedən çıxış etməsi əsassız olmuş və işin faktiki halları ilə uyğunsuzluq təşkil etmişdir.
33. Kollegiya qeyd edir ki, kredit müqaviləsi ilə bağlı iddialara iddia müddətinin tətbiqi Mülki Məcəllənin 551.2.1-ci maddəsinin deyil, 373.2-ci maddəsinin tətbiqini şərtləndirir.
34. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
35. Bankın qarşılıqlı iddia tələbi tərəflər arasında mövcud olmuş kredit müqaviləsi ilə əlaqədardır. Kollegiya iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələbinə Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbləri tətbiq edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi 2009-cu ildə bağlanmış, kredit müqaviləsinin müddəti isə 2010-cu ildə başa çatmışdır. Buna baxmayaraq, borclu (ilkin iddiaçı) 2012-ci il tarixində Banka ödəniş etmişdir. Belə olan halda, iddia müddətinin axımının xx.xx.2012-ci il tarixindən başlanması nəzərə alınarsa, iddia müddəti xx.xx.2015-ci il tarixində başa çatmışdır. Lakin, Bank 2022-ci ilin aprel ayında müraciət etmişdir və iddia müddətini təxminən 7 il ötürmüşdür.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.
38. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
39. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
40. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia müddəti ötürüldüyündən, qarşılıqlı iddia tələbi rədd edilməlidir.
41. İşə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini rədd etsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticəni doğru əsaslandırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın rədd edilməsi əsası kimi bankın faiz borcu üzrə tələb irəli sürməməsi və Mülki Məcəllənin 551-ci maddəsinə əsasən öhdəliyin xitamı üçün nəzərdə tutulan 10 illik müddətin keçməməsini göstərmişdir. Kollegiya qeyd edir ki, əgər məhkəmə 10 illik müddəti tətbiq etməkdə haqlı olmuş olsaydı belə, faiz borcunun tələb edilmədiyini nəzərə alaraq qarşılıqlı iddia tələbini rədd etməli deyil, təmin etməli idi. Bu hal onu deməyə əsas verir ki, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol verməklə yanaşı, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
42. Kollegiya ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, ilkin iddia tələbinin müqavilənin ləğv edilməsi ilə bağlı hissəsində iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Kollegiya mövqeyini onunla əsaslandırır ki, müqavilənini müddəti bitdiyindən, həmin müqavilə artıq mövcud deyildir və hər hansı hüquqi nəticəyə səbəb ola bilməz.
43. İlkin iddia tələbinin digər hissəsi, yəni borcun MKR-dən silinməsi əsaslı olduğundan təmin edilməlidir. Çünki, kredit müqaviləsi müqavilənin müddətinin bilməsi ilə əlaqədar mövcud olmadığından, Mərkəzləşdirilmiş Kredit Reyestrində iddiaçının adına borcun olması onun hüquqlarının pozulmasına səbəb olur.
44. Birinci instansiya məhkəməsi də ilkin iddia tələbini qismən təmin etsə də, kollegiya maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə görə məhkəmənin mövqeyi ilə razılşamır. Məhkəmə fazi borcu hissəsində tələbin olmamasını qeyd etsə də, MKR-dəki məlumatların yalnız faiz borcunun hissəsində silinməsini qərara almışdır.
45. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi səbəbindən ləğv edilməli, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia qismən - MKR-dən borc haqqında məlumatın silinməsi hissəsində qismən təmin edilməli, kredit müqaviləsinin ləğvi ilə bağlı hissədə iş üzrə icraata xitam verilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
47. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
48. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
49. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
50. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:
51. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin idda üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi səbəbindən ləğv edilməli, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia qismən - MKR-dən borc haqqında məlumatın silinməsi hissəsində qismən təmin edilməli, kredit müqaviləsinin ləğvi ilə bağlı hissədə iş üzrə icraata xitam verilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir.
52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2240/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi qismən – Mərkəzləşdirilmiş Kredit Reyestrindən borcun silinməsi ilə bağlı hissədə təmin edilsin. İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə borc Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinsin. İlkin iddia tələbinin digər hissəsində – İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqavilənin ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev