Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5412/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X1 (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 1573/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Suraxanı rayonu, Hövsən qəsəbəsi, Zeytunçuluq sovxozu ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********01110 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4) istifadə edilir. Cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Bununla bağlı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 51.840 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 6.220,80 manat məbləğində pulun iddiaçıdan tutulması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilən akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, aktda abonentin aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/185 nömrəli rəyi ilə tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədənin aşkar olunmadığı, qaz sayğacından kənar xətlərin çəkilməsinin aşkar edilmədiyi müəyyən olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsən qəsəbəsi, Zeytunçuluq sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh tərəfindən yazılmış 6.220,80 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddiaçı iddia tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsən qəsəbəsi, Zeytunçuluq sovxozu adlanan ərazidə fərdi yaşayış evində öz ailəsi ilə birlikdə yaşayır. 2023-cü ilin oktyabr ayının əvvəllərində yaşadığı ünvana quraşdırılan qaz sayğacına ödənişlər edən zaman yüklənilən puldan tutulmaların olduğunu görmüşdür. Bununla bağlı Cavabdeh İB-nə müraciət etmişdir. Birlikdən ona bildirilmişdir ki, kənar xətt aşkar edilib və cərimə olaraq 6.220,80 manat pul ödəməlidir. Heç bir akt yazılmadan, heç bir əsas olmadan əssasız şəkildə 6.220,80 manat borcun olduğu bildirilmişdir. O, qaz pulunu vaxtıvaxtında ödəmişdir və sayğacdan kənər xətdən istifadə etməmişdir. Buna baxmayaraq, Suraxanı rayon X9 əlavə olaraq 6.220,80 manat borc hesablamışdır. Ən əsası isə odur ki o, ona borc yazılana qədər hər ay qaz pulunu ödəmişdir. Hazırda smart karta yüklənilən məbləğdən tutulmalar olur. O, qaz sayğacına müdaxilə etməmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1573/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozunda yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********01110) İddiaçı 2023-cü ilin mart ayı üçün hesablanmış 6.220,80 manat məbləğində borcun silinməsi, 82,21 manat məbləğində dövlət rüsumunun və ekspertiza xərci olan 64 manat məbləğinin Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim X6).
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, bu faktı təsdiq edən şübhədən kənar mötəbər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iş üzrə təqdim edilən ekspert rəyi ilə müəyyən edilmişdir ki, sözügedən ünvanda təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsinin izləri aşkar edilməmişdir
6. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9-cu, 77.2-ci, 88-ci, 107-ci, 119-cu, 217-ci, 218.1-ci, 220-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 18-ci, 26-cı, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci, 13.8-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci, 4.2-ci, 4.8-ci, 6.5-1-ci, 6-5.2-ci, 6-5.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qazxəttinə qoşulma mövcuddur. Bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs isə, qaz qurğusu sahibinə vurmuşzərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Təqdim olunmuş sübutlara,yəni akta hərtərəfli və tam baxılmamış, təqdim edilmiş sübutlar nəzərə alınmamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırılmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Nəticədə istehlak edilmiş qaz həcmi və ödənilmiş pul məbləği nəzərə alınmayaraq, formal mülahizələr əsasında qətnamə qəbul edilmişdir. Borcun silinməsi təmin edilsə də, buna əsas gətirilməmişdir. Məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: xx.xx.2022-ci il tarixdə edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür; xx.xx.2022-ci il tarixdə edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş 6-2-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; xx.xx.2022-ci il tarixdə edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
15. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: xx.xx.2023-cü il tarixdə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı düzgün olaraq təmin etmiş, lakin hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə (xətt) vasitəsi ilə istifadə edilməsi əsası ilə iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. İddiaçı da bu aktla razılaşmayaraq, onu mübahisələndirmiş və akt, habelə onun əsasında qəbul edilmiş qərar üzrə ümumilikdə hesablanmış 6.220,80 manat məbləğində cərimənin silinməsini tələb etmişdir.
22. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu cavabdehin əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır.
23. Eyni zamanda, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.
24. Lakin cavabdeh tərəfindən akt tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla, qazın verilməsi dayandırılmamış, aktın bir nüsxəsi nə iddiaçıya, nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir.
25. Digər tərəfdən akt üzrə vurulmuş zərərin hesablanması zamanı da “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, həmin müddəada zərərin hesablanması qaydası təsbit edilmişdir. Buna baxmayaraq, hesablama qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün üzrə aparılmış və nəticə etibarı ilə iddiaçının istifadə etdiyi qaz qurğularının sayı (ümumiyyətlə müəyyən ediməmişdir) və xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və sair nəzərə alınmamışdır. Hər bir halda, hamıya məlumdur ki, ilin isti ayları olan iyun, iyul, avqust, nisbətən isti ayları hesab olunan may və sentyabr ayları üzrə qızdırıcı qurğuların, o cümlədən kombinin (qış rejimində) nəinki günlük iş rejiminin 24 saat üzrə, ümumiyyətlə 1 dəqiqə belə, hətta ödənişsiz əsaslarla da istifadə edilməsinə hər hansı ehtiyac olmur. Qaz plitəsinin isə təyinatına görə (qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur), həmçinin təhlükəsizlik baxımından 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Bununla belə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələbləri vurulmuş maddi zərərin hesablanması zamanı da kobud şəkildə pozulmuşdur.
26. Nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin tələbləri baxımından istehlakçıya məlumat verməklə ildə bir dəfə (hər il noyabr ayının 1dək) müayinə keçirmək və nəticələrinə dair akt tərtib edərək, bir surətini istehlakçıya təqdim etmək vəzifəsi daşıyan cavabdehin əməkdaşlarının 12 ay (360 gün) ərzində bu ünvan barədə məlumatsız olması qeyri-mümkündür. Həmin maddəyə bu məzmunlu dəyişiklik xx.xx.2022-ci il tarixdə edilmiş, xx.xx.2022-ci il tarixdə isə qüvvəyə minmişdir. Müddət etibarı ilə ilk akt həmin dəyişiklik qüvvəyə mindikdən təxminən 11 aya yaxın müddət keçdikdən sonra tərtib edilmişdir. Lakin belə bir müayinə aktının mövcud olması da müəyyən edilmir. Bu da öz növbəsində akt tərtib edilənədək belə bir müayinənin aparılmadığını təsdiq edir və bu baxımdan da hesablamanın müddət etibarı ilə ümumiyyətlə 12 ay üzrə aparılmasını əsassız edir.
27. Məhkəmə kollegiyası “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsinə istinadən o halı da qeyd edir ki, qaz paylayıcı tərəfindən qaz xəttində pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq təkrar müayinə aparılmalıdır. Belə bir müraciətin edilməsi üçün də ilk növbədə istehlakçının müayinənin keçirilməsi və aktın tərtib edilməsi (həmçinin, qanunsuz qoşulma ilə bağlı aktın) barədə məlumatı olmalıdır. Aktın vaxtında istehlakçıya təqdim edilməməsi, istehlakçını, bu hüququndan da məhrum edir.
28. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, bu sahəni tənzimləyən qanunvericiliyin, o cümlədən “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə uyğun olaraq həm bununla bağlı tərtib edilmiş aktda vurulmuş zərərin həcminin (məbləğinin) düzgün hesablanması həyata keçirilməmiş, həm də akt tərtib edildikdən sonra zəruri hesab edilən aidiyyəti hərəkətlər yerinə yetirilməmiş, cavabdehin mülahizəsinə əsasən hesablanmış zərər məbləği bilavasitə iddiaçının abonent hesabına daxil edilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş həmin akt və onun əsasında qəbul edilmiş qərar hər hansı mötəbərliyə malik deyil, hüquqi nəticə etibarı ilə etibarsızdır və sayğacdan göstərilən qaydada istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz. Bu da öz növbəsində hazırki vəziyyətdə bu sənədlər əsasında müəyyən edilmiş və ziyan məbləği qismində iddiaçının abonent hesabına daxil edilmiş məbləğin silinməsini şərtləndirir.
29. Lakin birinci instansiya məhkəməsi mübahisəyə hüquqi qiymət verərkən “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərini nəzərə almamış, mübahisənin hüquqi baxımdan düzgün həll edilməsi üçün bu, habelə tətbiq edilməli olan digər aidiyyəti normaları tətbiq etməmişdir. Halbuki, aktın qəbul edildiyi xx.xx.2023-cü il tarixdə “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsi artıq qüvvədə idi və həmin maddənin tələbləri mübahisənin bu qaydada (yəni birinci instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq) həll edilməsini və iddianın qeyd edilən əsasla təmin edilməsini istisna edirdi.
30. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəyə “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci hissəsini, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-1-ci, 6.5-2-ci, 6.5-3-cü maddələrini tətbiq etmiş və həmin maddələrə uyğun olaraq hüquqi dəyərləndirmə aparmışdır. Halbuki, qeyd edilən qanunun həmin maddəsinin istinad edilən məzmunu xx.xx.2022-ci il tarixdə dəyişdirilmiş (dəyişiklik, yəni hazırki redaksiya xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir) və mübahisəli aktın tərtib edildiyi xx.xx.2023-cü il tarixdə artıq mövcud olmamışdır. Qeyd edilən Qaydaların 6.5-1-ci, 6.5-2-ci, 6.5-3-cü maddələri isə xx.xx.2023-cü il tarixdə edilmiş dəyişikliklər nəticəsində Qaydalara əlavə edilmişdir. Başqa sözlə, aktın tərtib edildiyi və onun əsasında qərarın qəbul edildiyi xx.xx.2023-cü il tarixdə Qanunun həmin maddəsi birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilən məzmunda olmamış, Qaydaların həmin maddələri isə ümumiyyətlə mövcud olmamışdır. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi hüquq münasibətinin yarandığı zaman mövcud olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Qeyd edilənlər də birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsasla ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılmasını və tətbiq edilməli olan (yuxarıda göstərilən) hüquq normaları tətbiq edilməklə iddianın təmin edilməsini şərtləndirir.
31. Məhkəmə kollegiyası iddianın qiymətini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 82,21 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
32. Eyni zaman, məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozunda yerləşən fərdi yaşayış evi üzrə iddiaçının abonent hesabına (abonent kodu: **********01110) hesablanmış 6.220,80 manat məbləğində borc silinməli, iddiaçının ödəməkdən azad edildiyi 82,21 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 manat məbləğində pul vəsaiti isə cavabdehdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1573/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozunda yerləşən fərdi yaşayış evi üzrə İddiaçı abonent hesabına (abonent kodu: **********01110) hesablanmış 6.220,80 (altı min iki yüz iyirmi manat, səksən qəpik) manat məbləğində borc silinsin. İddiaçının ödəməkdən azad edildiyi 82,21 (səksən iki manat, iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq, dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.