Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5413/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsinə və sair” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-201/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdeh1 MMC ilə bağladığı 10.03.2005-ci il tarixli 09 saylı müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə iddiaçının ödədiyi 102000 ABŞ dolları, habelə vurulmuş zərərə görə 98480 ABŞ dolları olmaqla cəmi 200480 ABŞ dollarının Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edetmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 MMC ilə 10.03.2005-ci il tarixdə 09 saylı ikitərəfli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində, 0,553 ha torpaq sahəsində çoxmərtəbəli bina tikməyi icraçı kimi Cavabdeh1 MMC üzərinə götürmüş, tikintinin maliyyələşməsini isə alıcı olaraq iddiaçı öz üzərinə götürmüşdür. Qeyd olunan müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh1 MMC həmin ərazidə tikiləcək binanın ikimərtəbəli ticarət mərkəzinin A3 korpusunun 1-ci mərtəbəsində H-G oxları arasında hündürlüyü 5 metr, sahəsi 102 m2 olan obyekti, xarici qapı və pəncərələri şüşələnmış vəziyyətdə, yüksək keyfiyyətli suvaq işlərini apardıqdan sonra iddiaçıya təhvil verməli idi. Müqavilənin 3-cü bəndinə əsasən tikilərək iddiaçıya təhvil verilməli olan obyektin hər m2 qiyməti 1000 ABŞ dolları müəyyən olunmuşdur. Adıçəkilən müqavilənin 4-cü bəndinə əsasən alıcı olaraq iddiaçıya təhvil veriləcək obyektin ümumi dəyəri olan 102000 ABŞ dolları məbləğində vəsaiti müqavilə bağlanandan 3 gün ərzində iddiaçı Cavabdeh1 MMC-yə ödəməli idi. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini vaxtında yerinə yetirərək iddiaçıya təhvil verilməli obyektin dəyəri olan 102000 ABŞ dollarının ekvivalenti olan 499 800 000 manatı 10.03.2005-ci ildə Cavabdeh1 MMC-yə ödəmişdir. Ödənişlə bağlı Cavabdeh1 MMC iddiaçıya 10.03.2005-ci il tarixli kassa mədaxil orderi qəbzi vermişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsinə baxmayaraq Cavabdeh1 MMC müqavilə öhdəliyini yerinə yetirməmişdir. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ərazidə Cavabdeh1 MMC çoxmərtəbəli binanın inşasını bitirsə də, həmin binanın A3 korpusunda, 1-ci mərtəbədə 102 m2 sahəni iddiaçıya təhvil verməmişdir. Ekspertiza tədqiqatı zamanı məlum olmuşdur ki, Cavabdeh1 MMC iddiaçı ilə bağladığı 09 saylı 10.03.2005-ci il tarixli müqavilənin şərtlərinə zidd olaraq Bakı şəhəri Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində inşa olunan ikimərtəbəli ticarət mərkəzinin A3 korpusunun 1-ci mərtəbəsində müqavilə ilə nəzərdə tutulmuş ölçülərə uyğun gələn qeyri-yaşayış sahəsini nəinki tikməmiş, hətta müqavilə ilə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin inşa olunmasını tikintinin lahiyə-smeta sənədlərinə belə daxil etməmişdir. Lahiyə-smeta sənədləri ilə nəzərdə tutulmayan qeyri-yaşayış sahəsinə görə Cavabdeh1 MMC-nin iddiaçı ilə müqavilə bağlaması həmin müqavilənin etibarsız hesab olunması üçün əsas şərtlərdən biridir. Həmin vaxt iddiaçının cavabdehin sözügedən ərazidə inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində qeyriyaşayış sahəsinin tikilməyəcəyindən, hətta lahiyə-smeta sənədlərində qeyri-yaşayış sahəsini nəzərdə tutmamasından xəbəri olsaydı o zaman iddiaçı bu müqaviləni qətiyyən bağlamazdı. Cavabdeh1 MMC-nin aldatma yolu ilə iddiaçı ilə müqavilə bağlamasını başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə edib toplamaqla ondan faydalanmaq kimi qəbul edilməlidir. İddiaçı Cavabdeh1 MMC ilə bağladığı 09 saylı 10.03.2005-ci il tarixli müqavilənin 4-cü bəndinə əsasən qeyri-yaşayış sahəsinin tikintisi üçün 10.03.2005-ci il tarixdə Cavabdeh1 MMC-nin kassasına 102000 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüş, Cavabdeh1 MMC isə 102000 ABŞ dollarının ekvivalenti olan 499 800 000 manat pul məbləğinə dair eyni tarixli kassa mədaxil orderi qəbzini iddiaçıya vermişdir. Cavabdeh1 MMC aldatma yolu ilə iddiaçı ilə müqavilə bağlayıb uzun müddət ərzində 102000 ABŞ dolları məbləğində pul vəsaitini özündə saxlamaqla ondan faydalanmış və bu hərəkəti ilə iddiaçıya böyük məbləğdə zərər vurmuşdur. Mülki qanunvericiliyə görə özgəsinin pul vəsaitini əsassız əldə etməklə və qanunsuz saxlamaqla başqa şəxsin hesabına faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Qeyd olunan faizlər qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hesablamalara əsasən bank uçot faiz dərəcələri nəzərə alınmaqla 102000 ABŞ dollarına görə əldən çıxmış fayda 98480 ABŞ dolları təşkil edir. Hazırda iddiaçının Cavabdeh2 qarşı hər hansı tələbi yoxdur.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-201/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, icraçı Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanmış 10.03.2005-ci il tarixli 09 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 MMCdən müqavilə üzrə ödənilmiş vəsaitə görə 99960 manat, vurulmuş zərərə görə 115953,6 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 215 943,6 manatın İddiaçı xeyrinə tutulması, Cavabdeh1 MMC-dən ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Səadət Səlimova).
4. Həmin Qətnamədən narazı qalan iddiaçı və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətləri və dəlilləri:
5. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1MMC-yə (bundan sonra MMC adlanacaq) qarşı 13.01.2020-ci il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmiş və MMC-ilə iddiaçı arasında bağlanmış 10.03.2005-ci il tarixli, 09№-li müqavilənin şərtlərinə uyğun olaraq həmin Bakı şəhəri, Atatürk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çox mərtəbəli binanın A3 korpusunun 1-ci mərtəbəsində 102 kv.m. olan sahəsinin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddianın əsası kimi göstərilmişdir ki, «Dəfələrlə müraciət etməsinə baxmayaraq, Cavabdeh1MMC üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir.» Sonra, İddia ərizəsinə 27.02.2020-ci il tarixli «xxxx» təqdim olunmuş, MMC-ilə bağlanmış 10.03.2005-ci il tarixli, 09№-li müqavilənin şərtlərinə uyğun olaraq həmin Bakı şəhəri, Atatürk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çox mərtəbəli binanın A3 korpusunun 1-ci mərtəbəsində 102 kv.m. olan sahəsinin ona təhvil verilməsi; Cavabdeh2 Aqarəhimoviçin adıçəkilən ünvanda inşa olunmuş çox mərtəbəli binanın A3 korpusunun 1-ci mərtəbəsində 102 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması- barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 09№-li müqavilənin etibarsız hesab edilməsinnə, müqavilə şərtlərinə uyğun ödədiyi 102 000 abş dolları, əldən çıxmış fayda kimi 98 480 abş dolları, cəmi 200 480 abş dolları məbləğində pulun MMC-dən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Açıq-aşkardır ki, iddiaçı iddianın həm əsasını, həm də predmetini dəyişdirmişdir. Hansı ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasım və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair" 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir, iddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak, iddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir, iddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. MPM-in 53- cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına qörə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir. Müəyyən olunur ki, İddiaçının yenidən vermiş iddia tələbi ilkin iddianın həm predmetini, həm əsasını dəyişdirmiş və yeni tələb irəli sürülmüşdür. Bu isə artıq istinad edilmiş Məcəllənin 53-cü maddəsinin anlamında iddianın dəyşdirilməsi kimi deyil, bu maddənin tələblərinin açıq-aşkar pozulması kimi qiymətləndirilməlidir. Bununla da, aparılmış qiymətləndirmənin nəticəsi olaraq hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışının predmetini təşkil etməli olmayan iddia tələbinə baxılmış və Azərbaycan Respublikası MPM-nin 53-ci maddəsinin tələblərinin pozulmasına yol verilmişdir. Bundan başqa, tərəflər arasında yaranmış hüquq mübahisəsinə maddi hüquq normasının müvafiq müdəaları düzgün tətbiq edilməmişdir. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı ilə MMC arasında imzalanmış müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmaqla, podrat müqaviləsinə aid maddi hüquq normasının müdəaları tətbiq edilməlidir. Cavabdeh2 qarşı digər məhkəmə mübahisələrində qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilən halların və faktların MMC-yə münasibətdə preyudisiya əhəmiyyətinə malik olmasını nəzərə alaraq, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən iddia etdiyi əmlakın öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsi üçün tələb etmə hüququ aradan qalxıdığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinə əsasən onun Cavabdeh1 MMC-dən zərərin ödənilməsi üçün tələb edilməsi hüququ həm əsaslı, həm də qanunidir.
6. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin ikinci hissəsi 200480 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması ilə bağlı olmuşdur. Cavabdeh "Cavabdeh1" MMC ilə bağlanan 09 saylı 10.03.2005-ci il tarixli müqavilənin 4-cü bəndinə əsasən qeyri-yaşayış sahəsinin tikintisi üçün 10.03.2005-ci il tarixidə "Cavabdeh1" MMC-nin kassasına 102.000 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüş, cavabdeh isə 102.000 ABŞ dollarnın ekvivalenti olan 499.800.000 manat pul məbləğinə dair eyni tarixli kassa mədaxil orderi qəbzini iddiaçıya vermişdir. Lakin məhkəmə iddia tələbini manatla təmin etmişdir. Nəzərə alsaq ki, 2015-2016-cı illərdə manat xeyli dərəcədə dəyərini itirmişdir, o zaman iddiaçıya vurulmuş zərərin miqdarını təsəvvür etmək çətin deyil. Məhkəmə diqqətdən qaçırmışdır ki, iddiaçının cavabdehlə imzaladığı müqavilə ilə 102000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi nəzərdə tutulub və müqavilənin şərtinə uyğun olaraq iddiaçı də müqavilə dəyərini xarici valyutada ödəmişdir. Cavabdehin qətnamə qəbul olunan dövrdəki bank uçot dərəcəsini nəzərə almaqla iddianı təmin etməməklə səhvə yol vermişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi yol verilmiş bu yanlışlığı aradan qaldırmaqla iddia tələbimi təmin etməlidir. Tərəflərin izahatları:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan İcraçı Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanmış 10.03.2005-ci il tarixli № 09 saylı müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, icraçı Bakı şəhəri Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa ediləcək 2 mərtəbəli ticarət mərkəzinin A3 korpusunun 1-ci mərtəbəsində H-G oxları arasında hündürlüyü 5 m sahəsi 102 m2 olan obyekti ümumi TQİ, daxili elektrik xətləri ilə, xarici qapı və pəncərələr (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvaq işləri ilə alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən müəyyən olunur ki, obyektin hər m2 -nin dəyəri 1000 ABŞ dolları həcmində qiymətləndirilir. Müqavilənin 4.1-ci bəndindən müəyyən olunur ki, alıcı ümumi məbləğ olan 102000 ABŞ dolları ödənişi müqavilə bağlanandan 3 gün ərzində həyata keçirməyi öhdəsinə götürmüşdür.
11. Cavabdeh1 MMC-nin 10.03.2005-ci il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 10.03.2005- ci il tarixli 09 saylı müqaviləyə əsasən 499 800 000 AZM Cavabdeh1 MMC-yə ödəmişdir.
12. İcraçı Cavabdeh1 MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış 13.04.2006-cı il tarixli № 23 saylı müqavilənin surətindən müəyyən olunur ki, icraçı Bakı şəhəri Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa ediləcək ticarət mərkəzinin C korpusunun 1-ci və 2-ci mərtəbələrində 1-10 rəqəm oxları ilə K-P hərif oxları arasında 602,4 m2 , A2 korpusunun 1-ci və 2-ci mərtəbələrində 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında 518,4 m2, E korpusunun 1-ci və 2-ci mərtəbələrində 18-27-L-İ oxları ilə K-P oxları arasında 738 m2 , A3 korpusunun İ-Ğ oxları arasında 518,4 m2, B korpusunun Ğ-D-35-26 oxları arasında 654 m2, A4 korpusunun 16- 26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında 518,4 m2, A5 korpusunun 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında 518,4 m2, D korpusunun 1-9 rəqəm oxları ilə A-Ç hərf oxları arasında 496 m2 beləliklə cəmi sahəsi 4564 m2 təşkil edən obyektləri ümumi TQİ, daxili elektrik xətləri ilə, xarici qapı və pəncərələr (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvaq işləri ilə alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən müəyyən olunur ki, obyektin hər m2-nin dəyəri 131,46 ABŞ dolları həcmində qiymətləndirilməklə 600000 ABŞ dolları təşkil edir. Müqavilənin 4.1-ci bəndindən müəyyən olunur ki, alıcı ümumi məbləğ olan 600000 ABŞ dolları ödənişi müqavilə bağlanandan 3 gün ərzində həyata keçirməyi öhdəsinə götürmüşdür.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli 2(007)-2883/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 MMC-nin Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli 2(103)- 470/19 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15.08.2018-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 12.01.2021-ci il tarixli 10/3190 saylı rəyindən müəyyən olunur ki, icraçı Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanmış 10.03.2005-ci il tarixli 9 saylı müqavilənin 2.1-ci bəndində qeyd olunan Bakı şəhəri Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunan ikimərtəbəli ticarət mərkəzinin A3 korpusunun 1-ci mərtəbəsində H-G oxları arasında hündürlüyü 5 m sahəsi 102 m2 olan qeyri-yaşayış sahəsi Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akta əsasən Cavabdeh2 təhvil verilən 4564 m2 qeyri-yaşayış sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Hüquqi dəyərləndirmə:
16. Məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
19. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
20. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
21. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.
22. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
23. Birinci instansiya məhkəməsi 10.03.2005-ci il tarixli, 09 saylı müqavilənin etibarsız sayılmasına dair iddia tələbini təmin edərkən, iddiaçının əqd bağlanarkən aldadılmasının məhkəmə araşdırması zamanı öz təsdiqini tapması halına istinad etmişdir. Kollegiya iş materiallarına, apellyasiya şikayətlərinin dəlillərinə və yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
24. Belə ki, həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, icraçı Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanmış 10.03.2005-ci il tarixli, № 09 saylı müqaviləyə əsasən icraçı Bakı şəhəri Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa ediləcək 2 mərtəbəli ticarət mərkəzinin A3 korpusunun 1-ci mərtəbəsində H-G oxları arasında hündürlüyü 5 m sahəsi 102 m2 olan obyekt inşa edib alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür.
25. Qeyd edilən müqavilədə nəzərdə tutulan 102000 ABŞ dollarının ekvivalenti olan 499 800 000 AZM Cavabdeh1 MMC tərəfindən alınsa da, həmin tikili inşa edilməmişdir. Belə olan halda, Cavabdeh1 MMC həm mülki qanunvericiliyin, həm də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozmuşdur.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5.-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər.
27. Qeyd edilən normadan da göründüyü kimi, etibarsız əqdlər üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı olduqlarından kollegiya hesab edir ki, iş materiallarına əsasən 10.03.2005-ci il tarixli, 09 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 499 800 000 AZM pul vəsaitinin ödənilməsi öz təsdiqini tapdığı üçün Cavabdeh1 MMC-dən, 01.01.2006-cı il tarixdə Azərbaycan manatının 5000:1 nisbətində denominasiyasının keçirilməsinin nəzərə alınaraq, İddiaçı xeyrinə 99960 AZN (499 800 000 AZM : 5000 = 99960 AZN) tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
28. Kollegiya iddiaçının cavabdehdən pul vəsaitinin qanunsuz saxlanılmaqla faydalandığına görə həmin məbləğdən faizlər ödənilməsi tələbi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad edilməsini zəruri sayır.
29. Həmin maddə nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
30. Normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
32. Məhkəmə kollegiyası Mülki Məcəllənin qeyd edilən maddəsini rəhbər tutmaqla hesab edir ki, 16 il üçün əldən çıxan faydaya görə cavabdehdən 115953,6 manatın (99960:7,25%x16=115953,6) iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur.
33. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, Cavabdeh1 MMC-nin kassasına 102.000 ABŞ dolları məbləğində pul vəsaiti köçürümüşdür. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı pul məbləğini ABŞ dolları ilə köçürdüyünü iddia etsə də, lakin iş materiallarında olan kassa mədaxil orderi qəbzindən görünür ki, İddiaçı Cavabdeh1 MMCyə 10.03.2005-ci il tarixli müqaviləyə əsasən 499.800.000 manat məbləğində vəsait köçürmüşdür. Yəni, həmin kassa mədaxil orderində məbləğ dollarla deyil, manatla ifadə olunmuşdur.
34. Cavabdeh2 apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, əslində iddia tələbinin predmetini dəyişdirmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə xxxxsində Cavabdeh1 MMC ilə bağlanan 10.03.2005-ci il tarixli, 09 saylı müqavilənin şərtinə uyğun olaraq, həmin Cəmiyyətin Bakı şəhəri, Atatürk prospekti, 3078 a məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli binanın A3 korpusunun İ mərtəbəsində 102 kv.m. sahənin iddiaçıya verilməsini, cvabdeh Cavabdeh2 adıçəkilən ünvanda inşa olunmuş çoxmərtəbəli binanın A3 korpusunun İ mərtəbəsindəki 102 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Qeyd edilənlərdən görünür ki, iddiaçı eyni qeyri-yaşayış sahəsini, yəni Bakı şəhəri, Atatürk prospekti, 3078 a məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli binanın A3 korpusunun İ mərtəbəsində 102 kv.m. sahəni mübahisələndirir. İddia ərizəsində həmin qeyri-yaşayış sahəsinin özünün, iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizədə isə həmin qeyriyaşayış sahəsi üçün ödədiyi pulun ona verilməsini xahiş edir.
36. Belə olan halda, iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə uyğun olmuşdur və kollegiya bu halı iddianın predmetinin dəyişdirilməsi kimi qiymətləndirmir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
39. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı və Cavabdeh2 apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-201/2021 saylı, 01.04.2021ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev