Məhkəmə qərarları › İş №2(103)-5414/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5414/2020

02.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5414/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İddiaçı nümayəndəsi X2 3-cü şəxs “xxxx” KB ASC-nin nümayəndəsi X3 iştirakları ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-346/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh “X4 Mərkəzi” MMC-yə (üçüncü şəxs kimi Suraxanı rayon İcra və probasiya şöbəsi və “xxxx” KB ASC cəlb edilmiş) qarşı “protokolun və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş Y-148 nömrəli, xx xxxxx 2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxx 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(103)-710/2015 saylı qətnaməsi ilə mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, 7 nömrəli evin 8 nömrəli mənzili açıq hərracdan satılaraq əldə olunan vəsaitdən 32317,71 (otuz iki min üç yüz on yeddi tam yüzdə yetmiş bir) ABŞ dolları (məzənnəyə uyğun olaraq manatla) və 60 (altmış) manat “xxxx” KB ASC-nin hesabına köçürülməli, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, 7 nömrəli evin 8 nömrəli mənzilinə dair ilkin satış qiyməti 66000 (altmış altı min) manat müəyyən edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qərardadına əsasən, “X10” MMC tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzəfər Vəliyev küçəsi, 7 nömrəli evin 8 nömrəli mənzilin orta bazar qiyməti barədə verilmiş xx.xx.2015-ci il tarixli ƏEM/V 07-112 nömrəli ekspert rəyində mənzilinin təsviri aparılmış, onun ümumisahəsinin sənəddə göstərilən sahədən 22 m2 olması göstərilmiş, 2000-ci ildə Suraxanı rayon icra Hakimiyyəti başçısının sərəncamlarına əsasən tikdiyi 22 m sahədən ibarət artırma otağının həm xaricdən və həm də daxildən çəkilən şəkilləri göstərilmiş, lakin həmin 22 m sahədə artırma otağının qiymətləndirilməsi aparılmamış, onun bazar dəyəri hesablanmamış, mənzilinin bazar dəyərinə əlavə edilməmiş və nəticədə onundəyəri ona ödənilməmişdir. Həmin Ekspert rəyinin 11-ci səhifəsinin sonuncu abzasında mənzilinin təsviri barədə aşağıdakı kimi qeyd aparılmışdır: “Qiymətləndirilən mənzil sənədlə iki (2) otaq olsa da, faktiki olaraq 22 m2 əlavə artırma sahəsi qeydə alınmış üç (3) otağa rekanstruksiya olunmuşdur”. Aparılmış 15 ildən artıq olan əlavə tikili barədə Suraxanı rayon İcra və probasiya şöbəsinə bildirsə də və onlardan məhkəməyə izah vermə barədə təqdimat verilməsini tələb və xahiş etsə də, bu barədə heç bir tədbir görməmişlər. Cavabdeh “X4 Mərkəzi” MMC isə Y-148 nömrəli, xx xxxxx 2016-cı il tarixli protokolla onlara hər hansı bildiriş göndərilmədən mənzilini həqiqi hazırki qara bazar qiymətindən çox ucuz qiymətə 42075 (qırx iki min yetmiş beş) manata satmaqla “xxxx” KB ASC-yə satılması barədə xx xxxxx 2016-cı il tarixli “Hərracın Yekunları üzrə Əmlakın alqı-satqısı barədə” müqavilə bağlanmışdır.Halbu ki, X9 xx xxx 2016-cı il tarixli, ƏEM/M 102/1055/16 nömrəli daşınmaz əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyinə görə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, 8 saylı mənzilin bazar qiyməti 98 000 (doxsan səkkiz min) manat təşkil etmişdir.Hazırki bazar qiymətinə uyğun olaraq, mənzilinin bazar qiyməti 110 000 (yüz on min) manat təşkil edir.Bildirir ki, cavabdeh “X4 Mərkəzi” MMC tərəfindən mənzili hərracdan satılarkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada əvvəlcədən məlumat verilməmiş və iştirakları təmin edilməmişdir. Cavabdeh birgə fəaliyyət göstərərək 27200 ABŞ dolları məbləğində götürülmüş kredit borcun əvəzinə ailənin yeganə yaşadığı mənzili dəyərindən qat-qat aşağı qiymətlə iddiaçı “xxxx” KB ASC-yə satılmış, onu və ailə üzvlərini mənzildən məhrum etmişlər. “X4 Mərkəzi” MMC-nin xx xxxxx 2016-cı il tarixli, Y- 148 saylı protokolun 9.1-ci bəndində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun, və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar: bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməsi göstərilmişdir. Lakin, protokolda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, “X4 Mərkəzi” MMC-nin xx xxxxx 2016-cı il tarixli, Y-148 saylı protokolunu Suraxanı rayon İcra və probasiya şöbəsinin məmuru tərəfindən imzalanmamışdır. Bu hərracın qaydalarının pozulmasına səbəb olmuşdur. Faktiki olaraq, həmin mənzili onun tərəfindən satılmasına imkan yaratmamışlar. Belə ki, mənzilinin çıxarışı bankda saxlanılır. O, bankın əməkdaşlarına təklif etmiş ki, mənzilin həqiqi alıcısı var, mənzili 80 000 (səksən min) manata satıb banka olan borcunu ödəsin. Bank isə, təklifi qəbul etməmiş, mənzilini öz adına rəsimləşdirmiş və həmin mənzili bu günkü bazaar qiymətinə satıb, fərqini bankın hesabına əlavə gəlir kimi götürmək istəyirlər. Belə ki, mənzilinin qiymətləndirilməsi barədə bizə məlumat verilməklə sifarişləri və onlarla bağlanan müqavilə əsasında qiymətləndirilmə aparılmalı olduğu halda, xəbəri və iştirakları olmadan qiymətləndirmə aparılaraq həmin maddələrin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin hərracda onun da alıcı kimi iştirak etmək hüququ olduğuna görə hərracın keçirilməsinə ən geci 30 gün qalmış hərracın keçirilməsi barədə ona da rəsmi məlumat verilməli olduğu halda, heç bir məlumat verilməmiş və hüquqları pozulmuşdur. Göründüyü kimi cavabdeh “X4 Mərkəzi” MMC tərəfindən mənzil satılarkən qəsdən ona məlumat vermədən və formal hərracınkeçirilməsi barədə protokol və müqavilə bağlamaqla mənzili çox ucuz qiymətə yəni 42075 (qırx iki min yetmiş beş) manata tələbkar “xxxx” KB ASC-yə təhvil verməklə yuxarıda qeyd etdiyi maddələrin tələbini pozmuşlar. Hesab edirki, mənzilinin dəyəri cavabdeh tərəfindən qiymətləndirilməsi barədə olan Hesabatları əsaslandırılmamaqda qərəzlidir, təqdim etdiyi rəyi sə qanuni və əsaslıdır. Cavabdehin tərtib etdiyi rəy hüquqlarını kobud şəkildə pozmuşdur.“Əmlakın hərracdan satılması barədə” Y-148 nömrəli, xx xxxxx 2016-cı iltarixli protokol və müqavilə yuxarıda qeyd etdiyi qanunla zidd olduğuna görə etibarsız hesab edilməlidir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-346/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-346/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması qeyd olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayəti və iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs “xxxx” KB ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etmədi, qətamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh “X4 Mərkəzi” MMC və üçüncü şəxs Suraxanı rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının və 3-cü şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 346/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-3443/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı - cavabdehlər “X4 Mərkəzi” MMC-yə, Suraxanı rayon İcra şöbəsinə və “X10” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra Şöbəsinin hərracın keçirilməsi barədə 17/73/№14712/-11 saylı xx.xx.2015-ci il tarixli sifarişinin, həmin sifariş əsasında keçirilmiş hərracın nəticələrinə uyğun olaraq tərtib olunmuş “X4 Mərkəzi” MMC-nin hərracın nəticələri haqqında xx.xx.2016-cı il Y-148 №-li yekun protokolun və xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə “ipoteka predmeti olmuş Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsində yerləşən 7 nömrəli evin, 8 nömrəli mənzilə tutmanın yönəldilməsi məqsədilə Suraxanı rayon İcra Şöbəsinin hərracın keçirilməsi barədə 17/73/№14712/-11 saylı xx.xx.2015-ci il tarixli sifarişinin, həmin sifariş əsasında “X4 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələrini əks etdirən xx.xx.2016-cı il tarixli Y-148 №-li protokolun və xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız sayılması üçün hər hansı bir əsas yoxdur və belə olan halda iddia tələbi əsassız olduğundan rədd edilməlidir” – qənaətinə gələrək qeyd edilən qətnaməsi ilə İddiaçı - cavabdehlər “X4 Mərkəzi” MMC-yə, Suraxanı rayon İcra şöbəsinə və “X10” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(009)-3443/2016 saylı qətnaməsindən apellyasiya şikayəti, eləcə də qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə vəsatət verilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-3443/2016 saylı qərardadı ilə İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması səbəbləri üzrsüz hesab edilərək qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilmişdir. Göründüyü kimi İddiaçı hazırki iddia tələbi ilə “X4 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş Y- 148 nömrəli, xx xxxxx 2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx xxxxx 2016-cı il tarixli müavilənin etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cümaddəsinəəsasənqətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. “X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinəşikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində beləşikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübut etmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər (İddiaçı və cavabdeh “X4 Mərkəzi” MMC) əvvəlki mülki işdə iştirak etmiş şəxslər olduğundan, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-3443/2016 saylı qətnaməsi İddiaçı ilə 3-cü şəxs “xxxx” KB ASC arasında bağlanmış kredit və ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, 7 nömrəli evin, 8 nömrəli mənzilə dair tərtib edilmiş Y-148 nömrəli, xx xxxxx 2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx xxxxx 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı mübahisə üzrə çıxarılmaqla onlara aid olduğundan və həmin qətnamə ilə hazırkı iddia tələbi ilə mübahisələndirilən məsələyə hüquqi qiymət verildiyindən, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Belə olan halda həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırkı işdə mübahisələndirilə bilməz və həmin halların təkrarən sübut edilməsinə heç bir əsas yoxdur. Kollegiya qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı ipoteka predmetinə dair “X4 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş Y-148 nömrəli, xx xxxxx 2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx xxxxx 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbi ilə əsassız olaraq məhkəməyə müraciət etmişdir. Bununla yanaşı məhkəmə o halı da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı etibarsızlıq ilə bağlı iddia üzrə Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddəti də ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdiir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. xx xxxx 2005-ci il tarixdə qəbul edilmiş və xx xxxxxx 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi Göründüyü kimi, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Həmçinin qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurətdə yoxdur. Beləliklə də, Mülki Məcəllənin 354.2-ci maddə qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Məhkəmə, iddiaçının “hərracın nəticələri haqqında xx.xx.2016-cı il Y-148 №-li yekun protokolun və xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsinə dair iddiasının Bakı şəhəri Səbail rayonMəhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə qəbul edilən 2(009)-3443/2016 saylı qətnamə ilə rədd edildiyini, iddiaçının nümayəndəsinin həmin məhkəmə prosesində iştiraketdiyini və qətnamənin qəbul edildiyi tarixdən üç ildən artıq vaxt keçdiyini nəzərə alaraqbelə hesab etmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün nəzərdətutulmuş bir illik müddəti də ötürmüşdür. Məhkəmə kollegiyası əsaslı olduğu üçün, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 346/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Xəyal Sarıyev Hakimlər imzalar: Emin Mehdiyev Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar