Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5414/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Optimal Elektronika” MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1237/2022 saylı 18 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01 mart 2018-ci il tarixli №XQDK01370 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən alıcıya 2048 manat dəyərində “Samsung” UE49MU6100UXRU modelli televizor satılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə üzrə 1418 manat qalıq borcu və 483.68 manat cərimə borcu olmaqla, cəmi 1901.68 manat borcun, həmçinin iddia ərizəsi verilməsi üçün tərəfimizdən ödənilmiş 39.01 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırımışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, XQDK01370 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, cavabdehə 2048 manat (cavabdeh tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, borclu müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, iddiaçı nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 1418 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyicavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə cərimə borcu 4836.80 manat təşkil edir. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 483.68 manat təşkil edir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1237/2022 saylı 18 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddianın qismən təmin edilməsi, Cavabdeh "Optimal Elektronika” MMC-nin xeyrinə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1418 manat əsas borc, 48 manat cərimə, cəmi 1466 manat borcun və 39,01 manat dövlət rüsumun tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1 və 467-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qetnamə qebul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2018-ci ildə iddiaçıdan 1500 manat dəyərində Samsung markalı televizoru kreditlə almışdır. Mağazadə televizorla kobud rəftar edilmiş və paketlənmişdir. Lakin televizorun altlığı olduğundan onun çıxarılmasını tələb etmişdir və həmin proses 40 dəqiqədən artıq çəkmişdir. Satılmış televizorla kobud rəftar edilmiş, lakin bu zədələnməni evdə açarkən görmüşdür və mağazaya şikayət bildirsə də, 4 il ərizində heç bir cavab ala bilməmişdir. İddiaçıdan aldığı televizor mağazanın servicinə təhvil verilmişdir. Televizorda olan çatlaqlar mağazanın işçilərinin səhvi ucbatından olmuşdur. Hal-hazırda iddiaçıdan aldığı televizor iddiaçının servisindədir. Belə ki, özünün servis mütəxəssisləri tərəfindən satılan televizora zərər yetirdikləri üçün həmin texnoloji vasitə istifadə edilmədən iddiaçıya qaytarılmışdır. Bu barədə birinci instansiya məhkəməsində araşdırma aparılmalı və müvafiq sübutlar iddiaçıdan tələb edilməli idi. O, iddiaçıdan bunu dəfələrlə tələb etsə də həmin dövrdə video müşahisə kameralarını açıb göstərməmişlər. Həmçinin mağaza direktorunun ərizədə imzası da mövcuddur. Bütün bunlardan sonra isə onlar iddiaçıdan almış olduqları televizor heç bir zaman geri qaytarılmamışdır. Dəfələrlə zənglər edilmiş və mağazaya gedilmişdir. Ancaq bu günə qədər televizoru özündə saxlamaqla, nə yenisi ilə əvəz etməkdə, nə təmir etməkdə, üstəlik də onlara qüsurlu satdığı malın pulunu onlardan tələb etməkdədir. Bun əsaslanaraq o, kreditin geri qalan 1400 manat borcunu geri qaytarmamışdır. Çünki, televizor qaytarılmadığı və mağazanın məhsulu özlərində olduğu üçün buna ehtiyac görməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
9. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Maddə 467. məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
12. Maddə 600.1. alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
13. Maddə 600.4. əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
14. Maddə 600.5. alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin olunmayan hissəsində qətnamə mübahisələndirmədiyindən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1237/2022 saylı 18 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı "Optimal Elektronika” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, XQDK01370 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı "Optimal Elektronika” MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetrimiş, yəni cavabdehə 2048 manat (cavabdeh tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulunu cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, ona dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməməklə Mülki Məcəllənin 600-cü maddəsinin tələblərini pozmuşdur.
24. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh "Optimal Elektronika” MMC-nin xeyrinə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1418 manat əsas borc tutulmalıdır.
25. Məhkəmə işin hallarını, müqavilə üzrə əsas borc məbləğini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, razılaşma üzrə əsas borc məbləğinə tənasüb olaraq 48 manat məbləğində cərimə borcu Cavabdeh qızından tutulmalıdır.
26. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində müqavlə üzrə ona təqdim edilmiş məhsulda qüsuunr iddiaçı Şirkətin işçilərinin təqsiri nəticəsində baş verdiyini və həmin məhsulun hazırda iddiaçıya məxsus servisə təqdim edildiyini qeyd edir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından həmin halın, yəni məhsulda yaranmış qüsurun iddiaçının işçiləri tərəfindən yetrilməsini sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh bu halın təsdiqi kimi isə hər hansı sübut təqdim etməmişdir. Məhsulun təmir üçün iddiaçıya məxsus servisə verilməsi isə cavabdehin müqavilə üzrə üzərinə götürmüş öhdəliyin yerinə yetirilməsindən azad etmir.
27. Kollegiya onu da qeyd edir ki, hazırki halda Cavabdeh iddiaçıdan məhsulun təmir edilməklə geri verilməsini tələb etmək hüquq var və hazırki qətnamənin mövcudluğu bunu istisna etmir.
28. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsinə dair qənaəti qanuni və əsaslı olmuşdur.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1237/2022 saylı 18 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.