Məhkəmə qərarları › İş №2(103)-5420/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5420/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5420/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, e-2(007)-644/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh MMC ilə İddiaçı arasında 03 sentyabr 2018-ci il tarixli icarə müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən ünvan 1 ünvanında yerləşən evi İddiaçı Cavabdeh MMC-yə icarəyə vermiş, müqavilənin müddəti 03 sentyabr 2019-cu il tarixədək müəyyən edilmiş, müqavilənin 5-ci bəndinə əsasən aylıq kirayə haqqı olaraq 200 manat ödənilməsi qeyd edilmişdir.

2. Lakin tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına əsasən aralarındakı şifahi razılaşmaya əsasən kirayə haqqı hər ay 1000 manat olaraq müəyyənləşdirilmişdir.

3. 26 oktyabr 2020-ci il tarixli əlyazmadan görünür ki, Kapanadze Dimitri İddiaçı 8500 manat borcu olduğunu, aylıq 1000 manat ödənilməklə 5000 manat ödəyəcəyini bildirmiş və imza etmişdir. Tərəflər arasında olan razılığa əsasən, cavabdeh hər ay 1000 manat ödəmək şərti ilə ümumilikdə 5000 manat kirayə haqqı ödəyərsə 8500 manat məbləğdən 3500 manat iddiaçı tərəfindən güzəşt ediləcəkdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən icarə haqlarına görə yaranmış 8500 manat borc pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış 03 sentyabr 2018-ci il tarixli icarə müqavilənin şərtlərinə əsasən ünvan 1 ünvanında yerləşən evini Cavabdeh MMC-yə icarəyə vermişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən aylıq kirayə haqqı müqavilədə 200 manat göstərilməsinə baxmayaraq aralarında razılaşdırılmış şifahi şərtlərə əsasən 1000 manat müəyyənləşdirilmişdir. 2020-ci ilin yanvar ayından şirkət kirayə haqlarını verməkdən yayınmaya başlayaraq mənzilinə müxtəlif adamları dəvət etməklə mənzilində qonşulara narahatçılıq yaradan tərzdə səs-küylü məclislər, şənliklər və s. tədbirlər keçirməklə mənzilinin təmirini də pis vəziyyətə salmışdır. Onlar müqaviləni ləğv edərək 2021-ci ilin yanvar ayının sonları şirkət tərəfindən mənzili boşaldılsa da 2019-2020ci illər üçün cavabdeh tərəfindən kirayə borcları 8500 təşkil edərək ödənilməmiş qalmışdır. Şirkətin direktoru borcunun yaxın müddətlərdə ödənilməsinə vədlər versə də iki ilə yaxındır ki, müxtəlif bəhanələr gətirməklə borcunu ödəmir. Borcun etirafı barədə 2020-ci il tarixdə özü tərəfindən ona yazılı ərizə də verərək 8500 manat borcun olmasını təsdiq etmişdir. Aralarında narazılıq yarandıqdan sonra onun ondan dövlət orqanlarına şikayət ərizəsi verəcəyi təqdirdə pullarının ödəməməsi ilə bağlı ona təhdidlər etməyə başladı, hətta hədə qorxular da gəlməyə başlayırdı. Polis orqanına müraciət etdikdən sonra isə onun ona guya 3800 manat borcunun olduğunu qeyd etmişdir. Halbuki, yazılı ərizəsində ona 8500 manat borcunun olmasını etiraf etmiş və səsli “whatsapp” mesajlarında o, ona olan borcunun ödəniləcəyinə söz verir. Sonradan isə münasibətləri pisləşdiyindən onu təhqir etməyə başladıqdan sonra polisə şikayət etmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, e-2(007)- 644/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı xeyrinə Cavabdeh MMC-dən 7400 manat vəsaitin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh MMC-dən 94 manat dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə köçürülməsi qət edilmişdir.

7. Qətnamənin əsaslarına görə, cavabdeh iddiaçı ilə bağladığı müqavilə üzrə öhdəliklərinə əməl etməyərək icarə haqqını ödəməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Cavabdeh tərəfindən borc məbləği qismən, yəni 3800 manat hissəsində qəbul edilmişdir. İddiaçıya olan borcun 3800 manat olması ilə əlaqədar cavabdeh tərəfindən “WhatsApp” yazışmaları məhkəməyə təqdim edilsə də, həmin yazışmalar əsasında qeyd olunan yazışmaların hansı tarixdə olması, cavabdeh tərəfindən iddiaçıya 1100 manatdan əlavə 100 manat ödənildiyi müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən də məhkəməyə “WhatsApp” yazışmaları təqdim edilmiş və həmin yazışmalar ilə cavabdehin borcunu vaxtında ödəmədiyi müəyyən edilsə də cavabdehin nə qədər borcunun qalması müəyyən olunmamışdır. Cavabdeh tərəfin nümayəndəsi iddiaçı ilə arasında olan icarə haqqı üzrə yaranmış borcla bağlı sonuncu razılaşmanın şərtlərini pozmuş, hər ay 1000 manat ödəniş etməklə, ümumilikdə 5000 manat ödəyəcəyi barədə öhdəliyi pozaraq aylıq 1000 manat ödəniş etməmişdir. Bununla da məhkəmə hesab etmişdir ki, sonrakı razılaşmaya cavabdeh tərəfindən əməl edilmədiyi üçün həmin razılaşma öz əhəmiyyətini itirmiş və hazırda iddiaçı qalan ümumi borc məbləğini cavabdehdən tələb etməkdə qismən haqlı olmuşdur. Beləliklə, iddiaçı cavabdehin ona 8500 manat icarə haqqından 7400 manat borcu olduğunu bildirmiş və cavabdeh tərəfindən bunun əksini sübut edəcək mötəbər sübut növü məhkəməyə təqdim edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2, 442, 448.4, 700.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

10. Şikayətin dəlillərinə görə, iddiaçı müqavilədən yaranan öhdəlikləri icra edərkən müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün heç bir tədbir görməmiş və müavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya bilkəcək hərəkətlər etməkdən çəkinməmişdir. İddiaçı öhdəliyin icrası müddətini təyin etsə də, müddətin çatmasına xeyli qalmış onun icrasını tələb etmişdir. İddiaçı öhdəliyi şəraitə görə təyin etməmiş və cavabdehin öhdəliyi vaxtında icra etməməsini bəhanə edərək dərhal onun icrasını tələb etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verib onun təmin olunmasını xahiş etdi.

13. İddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün, toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

19. İşdə olan mötəbər sübutların məcmusu ilə təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmış, müqavilə üzrə cavabdehin iddiaçıya borcu yaranmışdır.

20. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf borcun məbləğini mübahisə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin müqavilə üzrə öhdəliyini pozmasını təsbit etməklə, eyni zamanda bu öhəlik üzrə yaranmış borcun məbləği ilə bağlı hissələrdə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı cavabdehin ona 8500 manat icarə haqqından 7400 manat borcu olduğunu bildirmiş və cavabdeh tərəfindən bunun əksini sübut edəcək sübutlar təqdim edilməmişdir.

21. Cavabdeh şikayətində də, fərqli bir dəlil irəli sürməmiş, iddiaçının öhdəliyin icrası müddətini təyin etməsinə baxmayaraq müddətin çatmasına xeyli qalmış onun icrasını tələb etdiyini bildirmişdir.

22. Kollegiya qeyd edir ki, müqavilədən irəli gələn icarə münasibətləri üzrə ödənişlər xarakter baxımından vaxtaşırı ödənişlərdir. İşdən də görünür ki, iddiaçının tələb etdiyi məbləğ ödəniş vaxtı çatmış ödənişlərin məcmusudur. Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, e-2(007)- 644/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, e-2(007)- 644/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar