Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5422/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1936/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 04.06.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********13462 və **********65237 olan 2 ədəd Samsung galaxy A10 markalı telefon üçün 139 manat ödənilməmiş hissə, 13 manat cərimə pulu borcu, ümumilikdə 152 manat borc pulun və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 04.06.2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh İMEİ Kodu **********13462 və **********65237 olan 2 ədəd Samsung galaxy A10 markalı telefon almış və nəticədə 152 manat borcu yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 630 manat (9 ay x 70 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********13462 və **********65237 olan 2 ədəd Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 152 manat olmaqla ondan 139 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 491 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1936/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, tərəflər arasında bağlanmış 04.06.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********13462 və **********65237 olan 2 ədəd Samsung galaxy A10 markalı telefon üçün 139 manat ödənilməmiş hissə, 13 manat cərimə pulu borcu, ümumilikdə 152 (yüz əlli iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi aralarında olan müqavilədən irəli gələn öhdəliklərə istinad edilsə də, bu öhdəliklərin pozulma səbəbini və borcun hansı səbəblərdən yaranması halları ilə bağlı iddia tələbində heç nə bildirməmişdir. Ölkədə baş verən pandemiya və bununla əlaqədar tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar hamıya olduğu kimi onun da kiçik biznesinə mənfi təsir etmişdir. Bununla əlaqədar iddiaçıya olan aylıq ödənişlərində müəyyən gecikmələr baş vermişdir və nəticədə iddiaçının ona satdığı hər iki telefonun İMEİ Kodu bloklanaraq hər iki telefonu yararsız vəziyyətə düşmüşdür. Baş verənlərlə əlaqədar iddiaçının əməkdaşları ilə əlaqə saxladıqda ona bildirilmişdir ki, aylıq ödənişlərdə gecikmələr olduğuna görə hər iki telefonun İMEİ kodu tərəfinizdən bloklanmışdır. Borcunun nə qədər olmasını soruşduqda isə ona 139 manat olduğunu bildirdilər. O, iddiaçının əməkdaşlarına borcunu tam olaraq bağlamaq istədiyini bildirdi. Çünki hər iki telefon yararsız vəziyyətdə idi. Lakin bu vaxt iddiaçının əməkdaşları 139 manat borcundan əlavə telefonların İMEİ kodunun açdırılması üçün hər bir telefona görə 20 manat, cəmi 40 manat ödəniş etməsini istədilər. Bu 40 manatın (hər telefona 20 manat) ödənilməsini nəzərdə tutan şərtin müqavilədə olub olmadığını maraqlandıqda ona olmadığını bildirdilər. Hansı əsaslara görə hər telefonun açdırılmasına əlavə olaraq 20 manat ödəyəcəyini də ona izah edə bilmədilər. Burada qeyd edilənləri 1-ci instansiya məhkəməsinə gəlib izah etmək istədikdə ona məhkəmə icraatının sadələşdirilmiş qaydada keçirildiyini və məhkəmə prosesi olmadan qərar qəbul ediləcəyini izah etdilər. İddiaçı yuxarıda qeyd edilənlərin heç birini öz iddia tələbində qeyd etməmişdir. Hesab edir ki, vətəndaşın telefonunun İMEİ kodunu bağlayıb sonradan həmin kodun açdırılması üçün müqavilə şərtlərindən kənar vətəndaşdan əlavə olaraq 20 manat pul tələb etmək, bu pulun hara və nə üçün ödənildiyini izah edə bilməmək və sonradan bütün bunları məhkəmədən gizlədərək iddia ərizəsi verib üstəlik ödənilmiş dövlət rüsumunu da ondan tələb etmək özü-özlüyündə qanunsuz hərəkətdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 şikayətə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında 04.06.2019-cu il tarixdə 00700734 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən “xxxx” İMEİ Kodu **********13462 və **********65237 olan 2 ədəd Samsung galaxy A10 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. 04.06.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********13462 və **********65237 olan 2 ədəd Samsung galaxy A10 markalı telefonu Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşdən göründüyü kimi, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən əmlakı cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyin icrasından yayınaraq, ödənilməli olan pul vəsaitini ödəməmişdir. İlk əvvəl iddia tələbinin borcun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də alğı-satqı müqaviləsidir və həmin müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (MM 567-ci maddəsi). Malların pərakəndə nisyə alğı-satqısı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir (MM 622.3-cü maddəsi). Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (MM 600.5-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə nisyə alğısatqı müqavilələri ilə dəyərini hissə-hissə ödəmək şərti ilə mal verməsini nəzərə alaraq, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyinə görə, cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla, tərəflər arasında bağlanmış 04.06.2019-cu il tarixdə 00700734 saylı müqaviləsi üzrə Cavabdeh “xxxx” MMC-nin xeyrinə 139 manat əsas borc pul vəsaiti tutulmalıdır. Kollegiya cərimə borcunun tutulması ilə bağlı qeyd edir ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə cərimə borcunun birinci instansiya məhkəməsi tərəfindən ümumilikdə 13 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri il bağlı düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apelyator şikayətində hər bir mobil telefonun İMEİ kodunun açılması üçün 20 manat məbləğində pul vəsaitinin qanunsuz tələb edilməsinə istinad etsə də, əksinə müqavilənin 3.4-cü bəndinə əsasən, müştəri müqavilənin şərtlərini pozduğu halda şirkət malın istifadəsini mümkünsüz edə bilər, o cümlədən əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilənin 3.5-ci maddəsinə əsasən, müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar şirkət əlavə ödənişlər tələb edə bilər. Müqavilənin 3.6-cı bəndinə əsasən, müştəri müqaviləninbütün şərtlərini və 3.5-ci bəndində göstərilən ödənişləri yerinə yetirdiyi halda şirkətə 3.4-cü bəndində göstərilmiş tədbirlərin icrasının dayandırılması barədə müraciət edə bilər. Bundan başqa kollegiya qeyd edir ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq iddiaçının maddi vəziyyətinin aşağı olması onun müqavilə üzrə ödhəliklərinin icra edilməməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1936/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5422/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5422/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver