Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5423/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş aliment miqdarının artırılması və əlavə xərclərin tutulması) X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş alimentin miqdarının artırılması və əlavə xərclərin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2879/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış nikahdan xx.xx.2012-ci il tarixdə X16 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-4869/2014 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaq iddiaçının yanında saxlanılmış və uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində aliment tutulmuşdur. Eyni zamanda, tutulan alimentin miqdarı sonradan məhkəmə qaydasında dəyişdirilmiş və sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2680/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3768/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılmış və hər ay 220 manat sabit pul məbləğində müəyyən edilmişdir. Cavabdeh hazırda "xxxx" QSC-də sürücü vəzifəsində çalışır, əmək haqqı 1.046,86 manat təşkil edir. İddiaçının əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. Birgə nikahdan doğulmuş uşaq ödənişli əsaslarla təhsil alır, digər tədbirlərdə iştirak edir, habelə üzgücülük və futbol məşqlərinə qatılır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin əlavə xərclərə cəlb edilməklə X9 tibbi, sağlamlığı, idmanı və təhsili üçün çəkdiyi cəmi 7.418 manat məbləğində əlavə xərcin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2680/2023 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan aliment miqdarının artırılaraq, hər ay 235 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, hazırda birgə nikahdan doğulmuş uşağın saxlanması üçün cavabdehdən tutulan aliment miqdarı uşağın saxlanması xərclərinə yetmir. Belə ki uşaq məktəbə gedir, onun təhsil xərcləri artıb. Bundan başqa hazırki iqtisadi vəziyyət uşağın saxlanması xərclərini artırıb. Onun təkbaşına uşağın saxlanması üçün xərcləri ödəməyə imkanı çatmır. İndiki dövrdə uşaqlar üçün nəzərdə tutulan geyimlər, ərzaqlar, oyuncaqlar, kitablar, idman malları, tədris üçün istifadə etdiyi ləvazimatlar, dərman preparatları və digər lazımi məhsulların qiyməti kifayət qədər yüksəkdir. Hər şeydən əvvəl uşağın sağlamlığı üçün çəkilən tibbi xərclərin, dərmanların, bundan başqa gündəlik zəruri istifadə olunmalı qida məhsullarının, vitaminlərin və s. hər birinin təkbaşına öhdəsindən gəlmək bir ana kimi onun üçün çətindir. Odur ki, cavabdehin əlavə xərclərə cəlb edilməsi və alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2879/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2680/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X10)
5. Məhkəmə iddia tələbinin müəyyən edilmiş aliment məbləğinin artırılması hissəsinə münasibətdə qeyd etmişdir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşağın saxlanmaları üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən 1 il vaxt keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab etmişdir ki, X2 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı hər ay 235 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab etmişdir ki, alimentin tutulma müddəti məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır.
6. Məhkəmə iddia tələbinin əlavə xərcin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, yetkinlik yaşına çatmayan uşağa münasibətdə əlavə xərclərin ödənilməsinin mümkünlüyünün müstəsna halı kimi yalnız uşağın ağır xəstə və şikəst olması ilə məhdudlaşdırılması məntiqsiz olardı. Belə ki, yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olmayan övladlara münasibətdə, qanunvericilik yetkinlik yaşına çatmayan, onsuz da əmək qabiliyyəti olmayan uşaqlara nisbətən daha geniş imkan müəyyn edə bilməz. Bu həm Ailə Məcəlləsinin ümumi prinsiplərinə, həm də humanizm və ədalət prinsiplərinə uyğun deyildir. Bununla belə, məhkəmə o qənaətə gəlmişdir ki, valideynlərin uşaqlarının sağlamlığına görə məsuliyyət daşıması, eyni zamanda uşaqlara qayğı göstərməyin onların vəzifəsi olduğu nəzərə alınarsa, iddiaçının himayəsində olan uşağının xəstəliyinə biganə qalmayaraq onu müalicə elətdirməsi, bununla bağlı xərc çəkməsi digər valideyni məsuliyyətdən azad etməməlidir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia tələbində qeyd edilən əlavə xərclərdən yalnız uşağın sağlamlığı ilə əlaqəli olan, iddiaçı tərəfindən ödənilmiş və iş materialları ilə öz təsdiqini tapan: X29 və X25-ə 203 manat, X31 bugunə qədər 330 manat (hər ay 110 manat), Vitaminlər 149 manat City hospital - 110 manat, aptekdən aprel ayında Murad üçün aldığı 10 ədəd paskorbin preparatı üçün 208 manat olmaqla, cəmi 1.000 (203+330+149+110+208=1000) manatın yarısının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ədalətli hesab edilə bilər. Cavabdehdən tutulması təmin edilən məbləğlə bağlı ödənişlərdən görünür ki, həmin ödənişlər uşağın - X3 ilə bağlı olan xərclərdir. Uşağı saxlamaq hər iki valideynin borcu olduğundan hər iki valideyn uşaq üçün zəruri hesab edilə bilən xərclərdə bərabər iştirak etməlidirlər. Belə ki, iş materiallarında olan X25 tərəfindən təqdim olunmuş X16 barəsində xx.xx.2024-cü il tarixli Epikrizdən görünür ki, X12 reabilitasiya dövrü üçün idman məşğələsi mütləq şəkildə məsləhət olunmuşdur. X31 and Spa MMC-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, X16 həftənin çərşənbə axşamı və cümə axşamı günləri 10:00-11:00 aralığında mərkəzdə üzgüçülük üzrə təlim keçir. X9 X31 and Spa MMC-yə üzgüçülük üzrə təlimə getməsi onun sağlamlığının təmin olunması ilə birbaşa bağlı olduğundan məhkəmə X31 and Spa MMC-yə ödənilən 330 manat məbləğində ödənişi də alınması nəzərdə tutulan xərclərə daxil etmişdir. Əlavə xərc kimi cavabdehdən iddiaçının xeyrinə tutulması təmin edilməyən School in Baku – 5.000 manat, X11 ödəmə yay kampı 120 manat, MTK (Heydər Əliyev adına Müasir Təhsil Kompleksi) birdəfəlik ödəmə 300 manat, Endeks Edu birdəfəlik ödəmə 100 manat, British School in Baku 650 manat depozit xərci, İWS QİS X17 qeydiyyat ödənişi 19 manat pula gəldikdə isə məhkəmə bu xərclərin cavabdehdən tutulmasını əsaslı hesab etməmişdir. Məhkəmə birgə nikahdan doğulmuş uşağın təhsil xərclərinə münasibətdə qeyd etmişdir ki, təhsil xərci yüksək olan ödənişli məktəbdə övladının oxumasını təmin edən, övladını əlavə ödənişli kursalara cəlb edən valideynin digər valideyndən həmin vəsaiti tələb etməsi əsaslı hesab edilə bilməz. Dövlət tərəfindən təmin edilən ödənişsiz ümumi orta təhsildən imtina edərək ödənişli əsaslarla övladını təhsilə cəlb etmək iddiaçının öz seçimidir və belə xərclər uşağın saxlanılması üçün zəruri olan xərc kimi nəzərdə tutula bilməz. X21 (hər ay 40 manat) aprel ayı daxil olmaqla ödənilmiş 480 manata gəldikdə isə X16 həmin kluba zərurətdən deyil, əlavə məşğuliyyət kimi gedir. Şəms tərcümə xidmətinə görə ödənilmiş 8 manat, Yelo Bank hesabından çıxarışa görə ödənilmiş 10 manata gəldikdə isə iddia tələbi əlavə xərc hissəsində təmin edilmədiyindən həmin tələblə bağlı çəkilən xərclərin də cavabdehdən tutulması əsaslı sayıla bilməz.
7. İddia ərizəsinin verilməsinə görə 94,18 manat məbləğində ödənilmiş dövlət rüsumuna gəldikdə isə məhkəmə qeyd etmişdir ki, 94,18 manat pulun ödənilməsini göstərən qəbzin təyinatı, haraya ödənilməsi qəbzdə öz əksini tapmamışdır. Həmin məbləğin rüsum kimi ödənilməsi öz təsdiqini tapmadığından bu məbləğin də cavabdehdən tutulması təmin edilə bilməz.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.4-cü, 58.2-ci, 75-ci, 78-ci, 81-ci, 100.2-ci, 112.1-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın rədd edilən hissəsində mövqeyini əsaslandıra bilməmişdir. Həmçinin məhkəmə tərəfindən tərəflərin maddi vəziyyəti nəzərə alınmamışdır. Əgər məhkəmə tərəfindən həmin hallar nəzərə alınsa idi, məhkəmə sözü gedən iddianı tam təmin edərdi. Çünki, o, heç bir yerdə işləmir, lakin, cavabdeh işləyir və yüksək gəlir əldə edir. Mülki işə baxılarkən, işə birtərəfli yanaşılmış, iddia ərizəsinə əlavə edilən sübutlara cavabdehin mənafeyi baxımından qiymət verilmiş, uşağın artan maddi və digər tələbatları nəzərə alınmamış, həmçinin onun işsiz olmaqla heç bir yerdən gəlir əldə etməməyinə münasibət bildirilməmişdir. Həmçinin, məhkəmə tərəfindən uşağa çəkilən əlavə xərclərlə bağlı aşağıdakı qəbzlər təqdim edilsə də, hakim həmin sənədlərə heç bir münasibət bildirməmşdir:1.Crocus fitness X26-in epikrizinə istinad olaraq Murad daim üzgüçülüklə məşğul olmalıdır: 120 manat; 2.X31 440 manat göstərildiyi halda, hakim qərarında yalnız 330 manat qeyd etmişdir; 3.Uşaq açıq havada idmanla məşğul olmalıdır: qiymət 480 manat qarabağ futbol akademiyasina bir illik müqaviləyə əlavə edilmiş qəbzlər; 4.Siberian Wellness 818 manatdan yalnız 149 manat ödəniş qəbzi qoyulmuşdur; 5.Heydər Əliyev adına Müasir Təhsilkompleksində üzgüçülük futbol və tennis birdəfəlik ödəmə 300 manat; 6.Robotiks qizilcadan sonra beyin inkişafinda fəsadlar yaranmaması üçün 100 manatlıq qəbz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X13 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
15. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar; 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər; 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər. Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır.Ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə də iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən, yəni iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, habelə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
24. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, valideyn alimentdən əlavə, uşağın saxlanılması üçün yaranan əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Lakin bunun üçün əsas olan hallar məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ailə Məcəlləsinin 81-ci maddəsində belə müstəsna halların bir qismi sadalanmış (uşağın ağır xəstəliyi, şikəstliyi, uşağa kənar xidmətin göstərilməsi zəruriliyi), eyni zamanda qanunla digər hallarda da, valideynin əlavə xərclərin ödənilməsinə cəlb edilməsi imkanı müəyyən olunmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, uşağın ümumi xəstəliyi halında da uşağı yanında saxlayan valideyn digər valideyndən bu xəstəliyin müalicəsi üçün yaranan xərclərdə iştirakını tələb edə bilər. Lakin həmin tələbin təmini üçün uşağın xəstə olması, xəstəliyi ilə əlaqədar əlavə xərclərin yaranması və Ailə Məcəlləsinin 81.3-cü maddəsinə uyğun gələcək üçün də bu tələb irəli sürüldüyü halda, xərclərin gələcəkdə də çəkilməsinin zəruriliyi sübut olunmalıdır.
25. Birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsində iddia 2 tələbdən ibarətdir: 1) birgə nikahdan doğulmuş uşağın müalicəsi və müayinəsinə görə çəkilmiş xərclər; 2) uşağın təhsil və məktəbdənkənar fəaliyyəti ilə bağlı çəkilmiş xərclər.
26. Uşağın müalicəsi və müayinəsi ilə bağlı çəkilmiş xərclər qismində X30 və X18 203 manat, X31 hər ay 110 manat, bügünədək 330 manat, X21 hər ay 40 manat, aprel ayı da daxil 480 manat, vitaminlər 149 manat, City Hospitalda aparılmış EQQ və həkim qəbulu üçün 110 manat, aprel ayında aptekdən 10 ədəd birdəfəlik paskorbin preparatının alınması üçün 208 manat pulun ödənildiyini göstərir və bu ödənişləri təsdiq edən sənədlər təqdim edir.
27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həmin sənədlərdə göstərilən dərman preparatları uşağın ağır xəstəliyi ilə bağlı alınmamış, analizlərin verilməsi və müayinələrin keçirilməsi də bu səbəbdən baş verməmişdir. Bu baxımdan həmin xərclər Ailə Məcəlləsinin 81.1-ci maddəsinin tələblərinə uyğun olaraq, müstəsna hallara əlaqədar yaranmış xərclər kimi qiymətləndirilə bilməz.
28. Belə ki, uşaq 2024-cü ilin mart ayında qızılca xəstəliyinə tutulmuş və məhz bununla bağlı iddiaçı X27 və X19 müraciət etmiş və həmin müassisələr tərəfindən göstərilən xidmətlərə görə 203 manat məbləğində pul vəsaiti ödəmişdir. Uşaq 2024-cü ilin aprel ayında "xxxx" MMC City Hospitalda nevrapotoloq Yeganə Rəşidovanın qəbulunda olmuş və EEQ (elektroensefaloqrafiya) müayinəsindən keçmiş və bunun müqabilində ümumilikdə 110 manat məbləğində pul ödənilmişdir. İddia edilən 149 manat (96+52,60) iddiaçı tərəfindən “Sibirskoe zdorovye Bakı” LTD-yə ödənilmiş və bu ödəniş müqabilində imunitet gücləndirən preparatlar, o cümlədən vitaminlərlə yanaşı həmçinin, gündən qorunmaq üçün bədən və üz kremi əldə edilmişdir. Lakin həm həkim qəbulunda olmağın və EEQ müayinəsindən keçirilmənin, həm də qeyd edilən preparatların uşaq tərəfindən qəbul edilməsinin zəruriliyi və vacibliyi hər hansı həkim göstərişi (resepti) ilə təsdiq olunmur, həmin vaxt belə bir zərurətin olması müəyyən edilmir. Müayinənin nəticəsi olaraq da uşağın səhhətində hər hansı problemin olduğu aşkar deyil. 2024-cü ilin yanvar, yəni ilin qış ayında gündən qorunmaq üçün uşaq üçün üz və bədən kreminin alınması və bunun da pulunun cavabdehdən tələb edilməsi ümumiyyətlə anlaşılmazdır. 2024-cü ilin aprel ayında 205 manat dəyəri olan 10 ədəd paskorbin (vitamin c) preparatının da həkim göstərişi əsasında alınmasını, habelə uşaq üçün zəruri olmasını və məhz bu dəyərdə preparatın lazım olduğunu təsdiq edən hər hansı sübut mövcud deyil.
29. İddiaçı uşağın astma xəstəliyindən əziyyət çəkdiyini iddia edir və məhz bu xəstəliyin müalicəsində səmərəli olması səbəbindən uşağın üzgüçülük və futbol məşqlərinə getdiyini bildirir. Halbuki, uşağın belə bir xəstəlikdən əziyyət çəkməsini, bununla bağlı hər hansı preparatlar istifadə etməsini, habelə bu xəstəlikdən müalicə tədbirləri çərçivəsində məhz qeyd edilən idman növləri ilə məşğul olmasının zəruriliyi ilə bağlı hər hansı həkim göstərişinin olmasını təsdiq edən sübut təqdim edilmir. İddiaçının əlavə xərclərin tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2020-ci il tarixli qətnamədə isə uşağa xroniki faringit diaqnozunun qoyulduğu göstərilmişdir. Lakin iddiaçı hazırda uşağın səhhətində belə bir problemin olduğunu da bildirmir. Uşağa sonrakı reabilitasiya dövrü üçün idman məşğələsinin mütləq şəkildə məsləhət olunması barədə “Leyla” Medical Mərkəzinin epikrizi isə xx.xx.2024-cü il tarixdə, uşağın “qızılca”ya (ağırlaşmasız gedən) yoluxması ilə bağlı tərtib edilmişdir. Lakin nəzərə alınmalıdır ki, uşaq həm futbol (2023-cü ildən), həm də üzgüçülük məşqlərinə bundan əvvəl qatılmışdır.
30. Bununla belə, məhkəmə kollegiyası cavabdehin də valideyn olaraq uşağa çəkilmiş əlavə xərclərdə iştirak etmək və bu xərcləri qarşılamaq vəzifəsi daşıdığını, uşağın iddia edilən müalicə və müayinəsinin mahiyyətini, uşaqda hər hansı ağır xroniki xəstəliyin müəyyən edilmədiyini, nəticə etibarı ilə uşağın real olaraq hər hansı xəstəlikdən əziyyət çəkməsini və bu xəstəliklə bağlı mütləq göstəriş kimi futbol və üzgüçülük məşqlərində iştirak etməsinin vacibliyini təsdiq edən sübutların olmadığını nəzərə alıb, apellyasiya şikayəti üzrə iddia tələbinin bu hissəsi ilə bağlı (yəni bu məqsədlər üçün tutulmuş məbləğdən artıq) hər hansı məbləğin tutulmasını əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi tərəfindən bu tələb üzrə tutulmuş məbləğ cavabdeh tərəf mübahisələndirilmədiyindən nəinki məbləğin, ümumiyyətlə həmin tutmanın əsaslı olubolmaması məsələsinə hüquqi qiymət verilmir. Xüsusilə nəzərə alınmalıdır ki, “Tibbi sığortalar haqqında” Qanuna əsasən uşaq Azərbaycan Respublikasının vətəndaşı olaraq, sığortaolunan hesab edilir və tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək hüququna malikdir.
31. Məhkəmə kollegiyası uşağın təhsil və məktəbdənkənar fəaliyyəti ilə bağlı çəkilmiş xərclər qismində British school in Bakuya (BSB) 5.000 manat, Crocuss Fitness yay kampına (Sabah Residence) 120 manat, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə 300 manat, BSB-ya 650 manat, İWS QİS X15 qeydiyyat ödənişi olaraq 19 manat pulun ödənildiyini göstərir və bu ödənişləri təsdiq edən sənədlər təqdim edir.
32. Məhkəmə kollegiyası bu tələb üzrə ilk növbədə vurğulayır ki, icbari təhsil pulsuz olaraq dövlət tərəfindən təmin olunur. Yuxarıda istinad olunan Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, böyük xərc tələb edən icbari pulsuz təhsildən əlavə valideynin seçimi əsasında uşağın ödənişli təhsildə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı qanunvericilikdə nəzərdə tutulmamışdır. Digər tərəfdən tərəflərin arasında bağlanmış nikahın 2014-cü ildə məhkəmə qaydasında pozulması və onların uzun illərdir ki, ayrı yaşaması və birgə təsərrüfat aparmaması işin mübahisəsiz halıdır. Ötən illər ərzində cavabdehin uşağın təhsil müəssisəsinin seçimində, habelə bu bənddə göstərilən digər məsələlərin həllində iştirak etməsi, qeyd edilən tədbirlərin onun iradəsinə uyğun olaraq razılaşdırılmış şəkildə planlaşdırılması da müəyyən edilmir. Qeyd edilənlər iddia tələbinin bu hissəsinin də əsassız olduğunu təsdiq edir.
33. Məhkəmə kollegiyası iddiaçı tərəfindən aparılmış digər ödənişlərin də cavabdehdən tutulmalı olmaması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Macbookun təmiri üçün ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən tutulması barədə tələbi isə nəinki əsassız, ümumiyyətlə anlaşılmaz hesab edir.
34. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2879/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.