Məhkəmə qərarları › İş №2(103)-5424/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5424/2022

17.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5424/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 9 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) “etibarnamənin etibarsız hesab edilməsi, torpaq sahəsinin icarə hüquqlarının alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2029/2022 saylı 24 may 2022-ci il tarixli qətnaməsindən cavabdehlərin apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 9 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizələr ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ƏN-İ seriyalı 639076 saylı etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu Ramana quşçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə icarə hüququnun alğı-satqısına dair 9 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 3M-621 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını; Bakı şəhəri 9 saylı Notariat ofisinin cavabdeh qismində deyil, üçüncü şəxs kimi işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh3 ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin nikahdan iki uşaqları doğulmuşdur. Cavabdehlə birgə yaşadıqları dövrdə, ailələrinin maddi imkanı pis olduğundan, atası Abşeron rayonu, hazırda Sabunçu rayonuna aid olan Ramana quşçuluq sovxozu ərazisində torpaq sahəsi icarəyə götürüb orada ticarət məqsədi ilə obyekt tikdirmiş və həmin əmlakı ona vermişdir ki, ailələrinin saxlanması üçün gəlir yerləri olsun. Həmin torpaq sahəsinin icarəsi onun adına rəsmləşdirilmiş və buna dair «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri» tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Bununla yanaşı, yaşadıqları mənzilin alınması üçün də, atası köməklik edərək mənzilin bir hissəsinin dəyərini ödəmişdir. Birgə yaşadıqları dövrdə Cavabdeh3 maddi imkanı yaxşı olmamış, aylıq gəliri az olmuş və o, heç bir halda nə ev, nə də ki obyekt almaq və inşa etdirmək iqtidarında olmamışdır. 2017ci ildə İlham ondan xahiş etmişdir ki, torpaq sahəsinin idarə olunması, yəni işıq, su, qaz çəkilməsi və digər texniki məsələlərin həlli üçün X3 etibarnamə versin və o, xx.xx.2017-ci il tarixdə Kamran Mürsəlova torpaq sahəsinin idarə olunması üçün etibarnamə vermişdir. Torpaq sahəsinə olan hüquqlarının satılmasından ehtiyat edərək, elə həmin vaxt o, İlhama bildirmişdir ki, torpaq sahəsinə olan hüquqlarının başqasına keçirilməsinə dair etibarnamə verən deyil. Daha sonra 2020-ci ilin avqust ayında İlham nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)- 532/2021 saylı qətnaməsi ilə onların nikahları pozulmuşdur. Bu yaxın vaxtlarda ona məlum olmuşdur ki, İlham xx.xx.2017-ci il tarixdə onu notariusa apardıqda, torpaq sahəsinin idarə olunmasına dair etibarnamə ilə yanaşı, xəbəri olmadan bütün əmlakı üzərində sərəncam verməyə dair saxta etibarnamə almışdır. Qeyd etdiyi etibarnaməyə tərəfindən imza atılmamış və o, ümumiyyətlə həmin etibarnamənin mövcud olmasından xəbərsiz olmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, yaşadığı mənzildən bütün sənədlər yoxa çıxıb və o, başa düşmüşdür ki, mənzilin qapısının açarının bir nüsxəsi İlhamda olduğundan bu əməl İlham tərəfindən törədilib. O, şübhələnərək 9 saylı notariat ofisinə gedib etibarnaməni ləğv elətdirmək istədikdə, onun adından həm İlhama, həm digər şəxslərə etibarnamələrin verildiyini və ona məxsus torpaq sahəsinə icarə hüququnun satıldığını görmüşdür. Beləliklə, ona məlum olmuşdur ki, Cavabdeh3 xx.xx.2020-ci il tarixdə xəbəri olmadan, ona məxsus Sabunçu rayonu X10 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə icarə hüququnu və orada tikilmiş ticarət obyektini bacısı Cavabdeh1 5.000 manata satmış, sonra real qiymət olmadığından, gələcəkdə bu işin saxta olduğunun üzə çıxacağını düşünərək ilkin alğı-satqı müqaviləsini ləğv etdirmiş və həmin obyekti yenidən xx.xx.2020-ci il tarixdə bacısına 100.000 manata satmışdır. Göründüyü kimi, İlham saxtakarlıq edərək, onun əmlakını mənimsəmək üçün saxta etibarnamə əsasında yalandan bacısı ilə alğı-satqı müqaviləsi bağlamışdır. Halbuki, İlhamın bacısı Gülnarın hərhansı bir əmlak almaq üçün ümumiyyətlə vəsaiti və gəliri yoxdur. Daha sonra o, «my.gov» saytına daxil olduqda görmüşdür ki, cavabdeh İlham xx.xx.2021-ci il tarixdə onun adından və onun imzasını saxtakarlaşdıraraq yuxarıda qeyd olunan əmlakın su borcunun silinməsi üçün Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Onun Bakı şəhəri Ramanı qəsəbəsində yerləşən torpaq sahəsinə icarə hüquququnu satmaq niyyəti olmayıb, həmin torpaq sahəsi Cavabdeh3 tərəfindən mənimsənilmək məqsədi ilə saxta yolla guya bacısı Cavabdeh1 satılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2029/2022 saylı 24 may 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Abşeron rayonu X10 ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə icarə hüququnun alğı-satqısına dair 9 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-621 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər ayrı-ayrılıqda apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, müqavilənin etibarsız hesab edilməsi üçün nəzərdə tutulan ünsürlərdən hər hansı biri yoxdur. Müqavilə bir tərəfdən o, digər tərəfdən isə baş etibarnamə əsasında qanuni sahib olan Cavabdeh3 tərəfindən imzalanmışdır. O, Cavabdeh3 bacısıdır və sonuncunun ailəsi üçün aldığı mənzilin təmir olunması, mübahisəli torpaq sahəsi üzərində obyektin inşa olunması, həmin obyektin fəaliyyəti ilə bağlı qardaşı tərəfindən borc edilməsi ona məlum olmuşdur. Həmin borcun bir qismini ataları ödəsə də bir qismi ödənilməmiş qalmışdır. Həmçinin bilirdi ki, qalan borcun ödənilməsi üçün atasının vəsaiti hesabına alınmış, lakin İddiaçı adına rəsmiləşdirilmiş torpaq sahəsi üzərində icarə hüquqlarını satışa çıxarmaq istəyirlər. O, boşandığı üçün atası həmin əmlakı ona almaq istəmişdir. Müqavilə üzrə 100000 manat da məhz atası tərəfindən ödənilmişdir. Müqavilə bağlanan zaman qardaşı ilə arvadının münasibətləri yaxşı olmuş, uşaqları ilə birlikdə eyni mənzildə yaşamış, birgə təsərrüfat aparmışlar. Əmlak müqavilə bağlanandan sonra tərəfindən idarə olunur, gəliri də özü götürür. Digər Cavabdeh3 apelyasiya şikayətində göstərmişdir ki, müqavilə birgə nikah dövründə bağlansa da, icarə hüquqlarının dəyəri atasının vəsaiti hesabına ödənilmişdir. Özü polis işçisi olduğu üçün sənədləşdirmə İddiaçı adına aparılmışdır. Sonradan iddiaçı ilə aldıqları mənzilin təmiri, obyektin inşası, fəaliyyət göstərməsi və s. işlərlə bağlı yaranmış borcu ödəmək üçün 2017-ci ildə razılığa gəlmişlər ki, həmin torpaq sahəsi üzərində icarə hüququnu özgəninkiləşdirsinlər. Onun etibarnamə əsasında əmlakı satması formal xarakter daşımamışdır. Bacısı atasının verdiyi vəsait hesabına həmin əmlakın dəyərini ödəməklə əldə etmişdir. Müqaviləyə əsasən aldığı 100000 manatı ailənin borclarının ödənilməsinə sərf etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər və üçüncü şəxslər (nümayəndə)məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdeh1 nümayəndəsi-vəkili ərizə ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilmədiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, qeyd etdiyi halı təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində X6 ifadə verərək bildirmişdir ki, o, Cavabdeh3 qardaşının tanışıdır, həmçinin vasitəçi (makler) kimi fəaliyyət göstərmişdir. Bildiyi qədəri ilə iddiaçı ilə Cavabdeh3 ailəsində narazılıqlar olduğuna görə onlar boşanmışlar. İlham müəllimin satılmaq üçün mənzili və qeyri-yaşayış sahəsi var idi. O, həmin mənzilə gedərək, mənzilin şəkillərini çəkmişdir və sonuncuya məxsus qeyri-yaşayış sahəsinin şəkilləri ona göndərilmişdir ki, o, həmin yeri satsın. O da öz növbəsində, həmin şəkilləri alğı-satqı həyata keçirilməsi üçün istifadə olunan «Bina.az» saytına təxminən 2017-ci il tarixdə elan yerləşdirmişdir. Mənzilin həmin saytda satış üçün qiymətini 180.000 manat, qeyri-yaşayış sahəsinin qiymətini isə 120.000 manat qeyd etmişdir. Onun Cavabdeh3 mənzili və qeyri-yaşayış sahəsini niyə satması barədə məlumatı yoxdur. İddiaçı tanımır, bir dəfə mənzilin şəkillərini çəkərkən evdə görmüşdur və indi görsə heç tanımaz. Qeyd etdiyi kimi, mənzilin şəkillərini özü çəkmişdir. Mənzilin şəkillərini çəkərkən mənzildə xanım və uşaq var idi, xanım digər otaqda idi. Mənzilin şəkillərini çəkməsini xanımın görüb-görməməsini dəqiq bilmir. Elan saytda bir ay qalmışdır. Qeyri-yaşayış sahəsi üçün yalnız bir dəfə müştəri göndərmişdir. Cavabdeh3 ona satışların gizli aparılmalı olması barədə heç nə deməmişdir. Hal-hazırda vasitəçi (makler) kimi fəaliyyət göstərmir. Əvvəllər 4-cü mikrorayon adlanan ərazidə fəaliyyət göstərmişdir. 2000-ci ildən vasitəçi (makler) kimi fəaliyyət göstərməyə başlamışdır. İddiaçının onun tanıyıb-tanımadığını bilmir. Qeyriyaşayış sahəsi olan əraziyə getməmişdir, oranın şəkilləri çəkilmiş və ona göndərilmişdir. O, qeyri-yaşayış sahəsini yalnız şəkillərdə görmüşdür. Qeyri-yaşayış sahəsində plastik və qaynaq sexləri fəaliyyət göstərmişdir. Xanım olan otağın şəklini çəkmişdir. İddiaçının evdə olan söhbətlərdən yəqin ki, xəbəri var idi. X1 ifadə verərək bildirmişdir ki, Cavabdeh3 atası Akif müəllim Bərdə rayonunda onların qonşusudur. O, 2010-cu il tarixdə Bakı şəhərinə gəlmişdir. İlham müəllimə demişdir ki, o, iş axtarır, əgər iş olsa ona məlumat versin. Sonuncu da onu öz ailəsinə sürücü kimi işə götürmüşdür. O, sonuncunun uşaqlarını məktəbə, həyat yoldaşını isə getmək istədiyi yerlərə aparmışdır. Sonuncu ona «VAZ 2107» markalı maşın da alıb vermişdir. Sonuncunun anası şəkər xəstəliyindən əziyyət çəkirdi. O, sonuncunun anasını xəstəxanaya aparırdı. Həmin vaxtlar Ramana qəsəbəsində boş ərazi var idi. O, Akif müəllimə demişdir ki, bu ərazidə işlər yaxşıdır. Daha sonra sonuncu ilə həmin əraziyə gedib baxmışlar. Akif müəllim ona demişdir ki, həmin ərazidən torpaq alsınlar. O, həmin ərazidən ilk öncə 4 sot torpaq üçün 12.000 manat, daha sonra 2 sot torpaq üçün 5.000 manat, ümumilikdə 6 sot torpaq üçün 17.000 manat ödəniş edərək, Həsən adlı şəxsdən torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi İlham müəllimin həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Alğı-satqı Ramana qəsəbəsində alğı-satqı ofisində baş tutmuşdur. Sonralar o, qeyri-yaşayış sahəsində yerləşən boksları kirayə vermişdir. Akif müəllim ona demişdir ki, kirayədən götürdüyü pulları İlhamın maddi imkanı yaxşı olmadığına görə sonuncuya və sonuncunun ailəsinə versin. O, 2015-ci il tarixindən sonra oradan ayrılmışdır. Oradan ayrılanda qeyri-yaşayış sahəsi 150.000 manata satışa çıxarılmışdı. Hətta qiymət baha olduğu üçün alan olmamışdır. Həsən adlı şəxs aldıqları torpağın sahibi idi. Həmin torpaq sahəsində 7 boks var idi. Qeyri-yaşayış sahəsinin uzunluğu 40 metr, eni isə 20 metr olardı. Qeyri-yaşayış sahəsinin Cavabdeh3 həyat yoldaşının adına rəsmiləşdirilməsinin səbəbi barədə məlumatı yoxdur. Qeyri-yaşayış sahəsi 2011-ci il tarixdə alınmışdır. Kirayədə olan bokslardan fərqli məbləğlərdə (100 manat, 200 manat, 300 manat, 500 manat) kirayə haqqı almışdır. Alğısatqı etibarnamə ilə baş tutmuşdur. Qeyri-yaşayış sahəsinin çıxarışı yox idi, lakin bir neçə dəfə çıxarış almaq üçün Abşeron rayonu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə getmişdir. O, qeyd etdiyi kimi, 2015-ci il tarixdən sonra oradan ayrılmışdır. Qeyri-yaşayış sahəsinin necə satılmasını dəqiq bilmir. Vüsalə xanımın qeyri-yaşayış sahəsinin satılmasından yəqin ki, xəbəri olub. Qeyri-yaşayış sahəsinin Vüsalə xanımın adına rəsmiləşdirilməsi barədə Akif müəllim ona göstəriş vermişdir. X2 ifadə verərək bildirmişdir ki, 2011-ci ildə ona Ramana qəsəbəsində sözügedən əmlakın mövcud olması barədə məlumat daxil olmuşdur. Həmin əmlak Şahin adlı şəxsə məxsus olmuş və onunla müqavilə bağlanaraq, həmin əmlakı gəlinin adına rəsmiləşdirmişlər. Sözügedən əmlak onun vəsaiti hesabına alınmış, hətta tikinti-təmir işlərinin xərcini də özü qarşılamışdır. Oğlu İlhamın maddi vəziyyəti yaxşı olmadığından, alınmış əmlakın istifadəsi ilə əlaqədar əldə edilən aylıq gəliri oğluna vermişdir. Həmin əmlakı oğlu İlham üçün almışdır. Oğlunun kifayət qədər borcu yarandığından, oğlu İlham qeyri-yaşayış sahəsini borcların ödənilməsi məqsədilə satmaq qərarına gəlmişdir. Bu barədə ona telefon vasitəsilə məlumat vermişdir. Sonradan həmin qeyri-yaşayış sahəsi oğlu tərəfindən qızı Gülnara satılmışdır. Qızının əvəzinə müqavilədə qeyd edilən 100.000 manat pul vəsaitini özü ödəmişdir. Bu əmlakı qızının gələcəyi üçün almış və hesab etmişdir ki, ödədiyi pul oğlunun borcunu qaytarmasına köməklik göstərər. Həm də düşünmüşdür ki, həmin əmlak başqasına satılmaq əvəzinə ailəsindən birinə satılsın. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu X10 ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı 99 illik (xx.xx.2008-ci il tarixdən başlayaraq) icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 490 saylı reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli ƏN-İ seriyalı 639076 nömrəli, 7E-7827 reyestr saylı etibarnamədən görünür ki, Əhmədova X4 İlham Akif oğluna 20 il müddətinə ümumi etibarnamə vermişdir. xx.xx.2017-ci il tarixli ƏN-İ seriyalı 7E-7826 reyestr saylı etibarnamədən görünür ki, İddiaçı X3 xx.xx.2022-ci il tarixədək dair etibarnamə vermişdir. Etibarnamənin məzmununa əsasən İddiaçı X3 adından Abşeron rayonu, X10 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin icarə hüquqlarını istifadə etməyi, idarə etməyi, vergi orqanlarında banklarda, Dövlət Statistika Komitəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Vergilər Departamenti Kommersiya X11 Qeydiyyatı İdarəsində, MKİSdə, FHN, notariat kontorunda və sair idarə və təşkilatlarda onu təmsil etməyi, Asan xidmətdə, Azəriqaz-da, Azərsu-da, Bakı Elektrik Şəbəkəsində nümayəndəsi olması, kommunal xərcləri ödəməyi, obyekt kodu, KOD, VÖEN, kassa aparatı almağı və qeydiyyata salmağı, ondan istifadə etməyi, qeydiyyatdan çıxartmağı, kassa aparatını bağlamağı, post terminal ilə bağlı onu təmsil etməyi, kodu ləğv etməyi, VÖEN-i bağlamağı, vergi ödəməyi, lazımi sənədləri verməyi, almağı, ərizə yazmağı, imza etməyi və bununla bağlı digər hərəkətləri etməyi etibar edir. İddiaçı ünvan ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2017ci il tarixdə həmin notariat ofisində X3 7E-7826 reyestr nömrəli etibarnamə verdiyini bildirərək, etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı ünvan ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2017ci il tarixdə həmin notariat ofisində Cavabdeh3 7E-7827 reyestr nömrəli etibarnamə verdiyini bildirərək, etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli torpaq sahəsinin icarə hüquqlarının alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı adından verilmiş etibarnamə üzrə təmsil edən Cavabdeh3 ilə Cavabdeh1 arasında Abşeron rayonu X10 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin xx.xx.2008-ci il tarixdən başlayaraq 99 il müddətinə icarə hüquqlarına dair dəyəri 5.000 manat olan alğı-satqı müqaviləsi bağlanmışdır. ünvan təqdim olunmuş xx.xx.2020-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı adından verilmiş etibarnamə üzrə təmsil edən Cavabdeh3 və Cavabdeh1 həmin notariat ofisinə müraciət edərək, aralarında Bakı şəhəri 9 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixdə təsdiq olunmuş 3M-491 reyestr saylı müqavilənin ləğv edilməsini xahiş etmişlər. xx.xx.2020-ci il tarixli əvvəl bağlanmış müqavilənin ləğv edilməsinə dair müqavilədən görünür ki, İddiaçı adından verilmiş etibarnamə üzrə təmsil edən Cavabdeh3 ilə Cavabdeh1 arasında qeyd olunan müqavilə bağlanmışdır. Müqaviləyə görə, tərəflər arasında Bakı şəhəri 9 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixdə təsdiq olunmuş 3M- 491 reyestr saylı, Abşeron rayonu X10 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin xx.xx.2008-ci il tarixdən başlayaraq 99 il müddətinə icarə hüquqlarına dair bağlanmış alğısatqı müqaviləsi ləğv edilmişdir. xx.xx.2020-ci il tarixli 3M-621 saylı torpaq sahəsinin icarə hüquqlarının alğı-satqısı müqaviləsindən görünür ki, İddiaçı adından verilmiş etibarnamə üzrə təmsil edən Cavabdeh3 ilə Cavabdeh1 arasında Abşeron rayonu X10 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin xx.xx.2008-ci il tarixdən başlayaraq 99 il müddətinə icarə hüquqlarına dair dəyəri 100.000 manat olan alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə təqdim edilmiş iddia ərizəsindən görünür ki, Cavabdeh3 İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh3 xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan iki uşaqları olmuşdur. Birgə nikah dövründə Abşeron rayonu X10 ərazisində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdən başlayaraq İddiaçı icarəsinə verilmiş və icarə hüququ - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 490 saylı reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2020-ci ilin avqust ayında Cavabdeh3 nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və tərəflərin izahatlarına əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-532/2021 saylı qətnaməsi ilə onunla iddiaçının nikahları pozulmuşdur. Abşeron rayonu X10 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə dair əldə edilmiş 99 illik icarə hüquqları iddiaçının adına rəsmiləşdirilsə də, üzərində tikilmiş qeyri-yaşayış sahələri sənədləşdirilmədən təyinatı üzrə istifadə edilmişdir. Məhkəmə Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, həmin icarə hüquqlarını tərəflərin ümumi birgə mülkiyyət hüquqları kimi qiymətləndirmişdir. Cavabdeh3 etibarnamədən istifadə edərək xx.xx.2020-ci il tarixdə iddiaçını təmsil edən şəxs kimi bacısı Cavabdeh1 ilə aralarında Abşeron rayonu X10 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin xx.xx.2008-ci il tarixdən başlayaraq 99 il müddətinə icarə hüquqlarına dair dəyəri 5.000 manat olan alğı-satqı müqaviləsi bağlamışdır. xx.xx.2020-ci il tarixdə isə müqavilə tərəfləri ərizə ilə müraciət edərək həmin müqaviləni ləğv etdirmiş və eyni tarixdə tərəflər arasında yeni, 3M-621 saylı torpaq sahəsinin icarə hüquqlarının alğısatqısı müqaviləsi bağlanmış və satış dəyəri bu dəfə 100.000 manat göstərilmişdir. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən ümumi etibarnamə 2017-ci ildə imzalansa da, onun həmin torpaq sahəsini və qeyri-yaşayış sahəsini 2020-ci ildə satmaq niyyəti olmamışdır. Əksinə, müəyyən edilmişdir ki, iddiaçı ümumiyyətlə həmin torpaq sahəsindən və qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə etmək və bəhər əldə etmək niyyətində olmuş, həmin torpaq sahəsi üzərində icarə hüququnu və qeyri-yaşayış sahəsini satmaq üçün hər hansı zərurət olmamışdır. Başqa sözlə, cavabdeh tərəf iddiaçının belə bir niyyətinin olması və ya məhz satılma ilə bağlı razılığının və xəbərinin olmasına dair mötəbər sübutlar təqdim edə bilməmişdir. Tərəflər arasında daşınmaz əmlakın icarə hüquqlarının özgəninkiləşdirilməsinə dair alğı-satqı müqaviləsi bağlanarkən müqavilənin şərtləri iddiaçının iradə ifadəsi ilə müəyyən edilməmiş, iddiaçının cavabdehin onu aldatmasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları cavabdeh tərəfin iddianın əsassız olmasına dair təqdim etdiyi sübutlardan daha mötəbər və tutarlı olmuşdur. Alqı-satqı müqaviləsi yalnız görünüş yaratmaq məqsədilə bağlanmaqla uydurma əqd olmuşdur. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).» Mülki Məcəllənin 340.1-ci maddəsinin tələbinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanır. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla hüquqi görünüş yaradaraq tamam başqa məqsəd güdürlər, özü də bu məqsəd, adətən, hüquqazidd xarakter daşıyır. Kollegiya hesab edir ki, torpaq sahəsinə icarə hüququnun alğı-satqısına dair bağlanmış xx.xx.2020-ci il tarixli 3M-621 saylı alğı-satqı müqaviləsi uydurma əqd olmaqla əhəmiyyətsizdir. Həmin torpaq sahəsinə icarə hüququ birgə nikah dövründə əldə edilmiş və Cavabdeh3 bu hüququ mümkün bölgüdən yayındırmaq məqsədilə iddiaçının razılığı olmadan formal olaraq bacısı Cavabdeh1 ilə müqavilə bağlayaraq sonuncunun adına özgəninkiləşdirmişdir. Göstərilən xüsusat tərəflər arasında nikahın pozulması barədə Cavabdeh3 iddia ərizəsində göstərdiklərindən də aydın şəkildə müəyyən olunur, belə ki, xx.xx.2020-ci il tarixli həmin iddia ərizəsində Cavabdeh3 artıq 1 ilə yaxındır İddiaçı ilə ərarvad münasibətlərinin pozulduğunu və ayrı yaşadıqlarını bildirmişdir. Beləliklə müəyyən edilir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi tərəflər arasında ailə münasibətləri faktiki pozulduğu və onlar ayrı yaşadıqları dönəmdə rəsmiləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, məqsəd iddiaçının əmlaka olan hüquqlarını aradan qaldırmaq olmuşdur. Ona görə də «satışdan əldə olunan pulun şəxsi və ya ailənin ümumi borclarına sərf olunması barədə» Cavabdeh3 dəlillərinin, əqd üzrə pul alınıb-alınmamasından asılı olmayaraq, hazırki işin həlli baxımdan heç bir əhəmiyyəti yoxdur. Məhkəmə haqlı olaraq göstərmişdir ki, cavabdeh iddiaçının adından müqavilə bağlanmasından 3 il əvvəl aldığı ümumi etibarnamənin mövcudluğundan sui-istifadə etmişdir. Qeyd olunanlara əsasən xx.xx.2020-ci il tarixli müqavilə uydurma əqddir. Uydurma əqd də əhəmiyyətsiz olmaqla, hər hansı hüquqi nəticə yaratmır. Şahid ifadələrinə münasibətdə də məhkəmə haqlı olaraq göstərmişdir ki, şahidlərin cavabdeh ilə yaxın qohumluq və tanışlıq münasibətində olmasının onların işin nəticəsində maraqlı olması ilə yanaşı həmin ifadələr işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Müddətlə bağlı dəlillərə də qiymət verərək Kollegiya qeyd edir ki, hazırki əqdin etibarsızlığı onun əhəmiyyətsiz olmasından doğduğu və icarə hüquqları əmlak hüquqlarını təşkil etdiyi üçün, həmin tələblərə müddət şamil edilmir, belə ki, icarə hüquqları sahiblik və istifadə hüquqlarını ehtiva edir, Mülki Məcəllənin 158.1.2-ci maddəsinə görə isə əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ifadə olunmuş mövqeyə görə, iqtisadi dəyərə malik olan istənilən tələb hüquqları ər-arvadın ümumi əmlakı hesab olunur. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddətlə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ətraflı şərh verilmişdir. Həmin şərhdən də belə aydın olur ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir (iddia müddəti). Lakin əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin geri qaytarılması ilə bağlı müddətin tətbiqi həmin əqdin predmetindən, yəni əqdin predmetinin əvəz edilən (pul, qələm, sement və s.) və ya əvəz edilməyən (daşınmaz əmlak, qeydə alınmalı olan daşınar əşya və digər fərdi xüsusiyyətlərə malik olan əmlak) əşya olmasından asılıdır. Əvəz edilməsi mümkün olmayan əşyalarda məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi də məhz mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, bu tələbə kəsici və ya iddia müddəti tətbiq oluna bilməz. Beləliklə, hazırki iş üzrə mübahisələndirilən müqavilə torpaq sahəsinə icarə hüquqlarını, yəni əmlak hüquqlarını ehtiva etdiyindən, müddətlə bağlı cavabdeh tərəfin dəlilləri əsassızdır. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2029/2022 saylı iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar