Məhkəmə qərarları › İş №2(103)-5428/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5428/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5428/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili Vəkil1, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7108/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul vəsaitinin geri qaytarılması” tələbinədair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli 123a, 124a, 125a, 126a, 127a, 128a saylı müqavilələrin ləğv edilməsi, cavabdehə xx.xx.2014-cü il tarixli 123a, 124a, 125a, 126a, 127a, 128a saylı müqavilələr üzrə ödədiyi cəmi 994.512 manat pulun, xx.xx.2014-cü il tarixli 123a, 124a, 125a, 126a, 127a, 128a saylı müqavilələr üzrə ödənilmiş 994.512 manat pul vəsaitinə Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq hesablanmış 244.484,2 manat faizlərin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.239.026,2 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında ünvan 1 saylı ünvanda yerləşən 6 ədəd mənzillərə xx xxxxxx 2014-cü il tarixli 123a, 124a, 125a, 126a, 127a, 128a saylı müqavilələr bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə cavabdeh dəyəri tam ödənildikdən sonra ünvan 2 saylı ünvanda inşa edilən çox mənzilli binanın müvafiq olaraq 100 saylı 3 otaqlı, 101 saylı 3 otaqlı, 131 saylı 4 otaqlı, 145 saylı 4 otaqlı, 48 saylı 4 otaqlı və 10 saylı 4 otaqlı mənzillərin ona təhvil verilməsini öhdəsinə götürmüşdür. Cavabdehlə onun arasında bağlanmış 123a, 124a, 125a, 126a, 127a, 128a nömrəli müqavilələrin 1.1-ci bəndində göstərilmişdir ki, müqavilə ilə “Alıcı” tərəfindən mənzilin dəyəri tam ödənildikdən sonra Cavabdeh MMC-nin ünvan 3 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən aşağıdakı mənzil "Alıcı” ya təhvil verilməlidir. Cavabdeh "Cavabdeh” MMC ilə onun arasında 123a saylı müqavilə bağlanarkən o, həmin müqavilənin şərtlərinə görə 100 saylı 3 otaqlı sahəsi 120,8 kvm olan mənzil üçün cavabdehə 144.960 manat pul ödəmişdir. Cavabdeh "Cavabdeh” MMC ilə onun arasında 124a saylı müqavilə bağlanarkən o, həmin müqavilənin şərtlərinə görə 101 saylı 3 otaqlı sahəsi 112 kv.metr olan mənzil üçün cavabdehə 134.400 manat pul ödəmişdir. Cavabdeh "Cavabdeh” MMC ilə onun arasında 125a saylı müqavilə bağlanarkən həmin müqavilənin şərtlərinə görə 131 saylı 4 otaqlı sahəsi kv.metr olan mənzil üçün cavabdehə 158.400 manat pul ödəmişdir. Cavabdeh "Cavabdeh” MMC ilə onun arasında 126a saylı müqavilə bağlanarkən o, həmin müqavilənin şərtlərinə görə 145 saylı 4 otaqlı sahəsi 127,46 kv.metr olan mənzil üçün cavabdehə 152.952 manat pul ödəmişdir. Cavabdeh "Cavabdeh” MMC ilə onun arasında 127a saylı müqavilə bağlanarkən o, həmin müqavilənin şərtlərinə görə 48 saylı 4 otaqlı sahəsi 154,5 kv.metr olan mənzil üçün cavabdehə 185.400 manat pul ödəmişdir. Cavabdeh "Cavabdeh” MMC ilə onun arasında 128a saylı müqavilə bağlanarkən həmin müqavilənin şərtlərinə görə o, 10 saylı 4 otaqlı sahəsi 182 kv.metr olan mənzil üçün cavabdehə 218.400 manat pul ödəmişdir. Cavabdeh "Cavabdeh” MMC ilə onun arasında 123a, 124a, 125a, 126a, 127a, 128a nömrəli müqavilələr bağlanarkən iddiaçı 100 saylı 3 otaqlı, 101 saylı 3 otaqlı, 131 saylı 4 otaqlı, 145 saylı 4 otaqlı, 48 saylı 4 otaqlı və 10 saylı 4 otaqlı mənzillərə görə cavabdehə ümumilikdə 994.512 manat pul vəsaiti ödəmişdir. Qeyd olunan pul vəsatlərinin cavabdehə ödənilməsi yuxarıda göstərilən müqavilələrin 3-cü səhifəsində rəsmi qaydada təsdiq olunmuşdur. Cavabdeh yuxarıda göstərilən müqavilələr üzrə öz öhdəlyini yerinə yetirməmiş və 100 saylı 3 otaqlı, 101 saylı 3 otaqlı, 131 saylı 4 otaqlı, 145 saylı 4 otaqlı, 48 saylı 4 otaqlı və 10 saylı 4 otaqlı mənzilləri onun mülkiyyətinə vermək əvəzinə, müqavilə öhdəliklərini pozaraq həmin mənzillər digər şəxslərə vermişdir. Buna görə də o, 123a, 124a, 125a, 126a, 127a, 128a nömrəli müqavilələr üzrə mənzillərin mülkiyyətinə verilməsi barədə Xətai Rayon Məhkəməsində cavabdeh "Cavabdeh” MMC-yə qarşı iddia qaldırmışdır. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 123a, 124a, 125a, 126a, 127a, 128a nömrəli müqavilələr üzrə mənzillərin onun mülkiyyətinə verilməsinin cavabdehə məcbur edilməsinə dair iddia təmin edilməmiş, "Cavabdeh” MMC-nin ona qarşı tərəflər arasında bağlanmış xx.xx.2014- cü il tarixli, 123a, 124a, 125a, 126a, 127a, 128a nömrəli müqavilələrin etibarsız hesab olunması barədə qarşılıqlı iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəfindən verilmiş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8002/18 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilərək 123a, 124a, 125a, 126a, 127a, 128a nömrəli müqavilələrin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, "Cavabdeh” MMC ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli 123a, 124a, 125a, 126a, 127a, 128a nömrəli müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona 994.512 manat məbləğində zərər dəymiş və eyni zamanda qanunsuz olaraq saxlanılan 994.512 manat məbləğində pul vəsaitinin Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə əsasən hesablanmış faizi 244.484,2 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7108/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki,məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, öz izahatında göstərmişdir ki, iş üzrə iddiaçı olan İddiaçı həyat yoldaşı Mahir Eyvazov ilə Cavabdeh MMC- nin keçmiş sədri olan mərhum İlqar Nəcəfovla birgə biznes münasibətləri olmuşdur. Belə ki, X5 Nəcəfova çoxmənzilli binanın inşası üçün pul vəsait ödəmişdir və ikiqat-üçqat həmin pul vəsaiti ona geri ödənilmişdir. Həmin vəsaitin qoyuluşu ilə əlaqədar Mahir Eyvazovla “xxxxxxxxxx” MTKnm rəhbəri olan İlqar Nəcəfov arasında xx.xx.2014-cü ildə müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə görə Mahir Eyvazov 1.000.000 manat pul vermiş və bunun əvəzində biri 3, digəri 4 otaqlı olmaqla iki mənzili pulla əvəzləşdirmək şərti ilə sonuncuya 1.800.000 manat pul qaytarılmışdır. Hal-hazırda mübahisələndirilən müqavilələr üzrə isə iddiaçı heç bir pul vəsaiti ödəməmişdir, həmin müqavilələr formal müqavilələr olmuşdur. Cavabdeh MMC-nin sədri İlqar Nəcəfov dünyasını dəyişəndən sonra iddiaçı haqsız olaraq onun ölümündən sui-istifadə edərək, belə tələblə Cavabdeh MMC-nə qarşı məhkəməyə müraciət etmişdir. Mübasələndirilən müqavilələr üzrə pulun İddiaçı tərəfindən ödənilməsi heç bir sənəd, kassa mədaxil örderi və ya maliyyə arayışı ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.Apellyator qeyd edir ki, cavabdehin nümayəndəsinin birinci insitansiya məhkəməsində verdiyi izahatına əsasən, o, həmin izahatında heç bir möhtəbər sübuta istinad etmədən, hətta hazırki iddianın əsasını təşkil edən müqavilələr üzrə tərəflər arasında yaranmış münasibətlərdən deyil, tamamilə işə aidiyyəti olmayan, kənar müqavilələrə istinad etmişdir. Həmçinin cavabdehin nümayəndəsi həmin izahatında onunla cavabdeh arasmda 123a, 124a, 125a, 126a, 127a, 128a nömrəli müqavilələrin bağlanmasını təsdiq etmişdir. Lakin, həmin müqavilələrin formal olmasına istnad etmişdir. Onun məhkəmə iclasında əsaslandırmaları sadəcə olaraq sözlərdən ibarət olmuş, yəni heç bir hüquqi əsası olan sübuta söykənməmişdir. Bundan başqa işə baxan birinci insitansiya məhkəməsi də hazırki işə birtərəfli yanaşmaqla işə aid olmayan, yəni tərəfləri tamamilə başqa şəxslərə aid olan müqavilələr istinad etmişdir. Göründüyü kimi tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələr tam qanuni, lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələr isə onların öz mənafelərinə uyğunlaşdırılmış şəkildə olmaqla təqdim olunmuşdur.Əgər hazırki iddianın əsasını təşkil edən müqavilələrə fikir verilsə görünür ki, həmin müqavilələr cavabdeh tərəfindən hazırlanıb və cavabdehin qeyri-qanuni olaraq müqavilənin mətnində özlərinin mənafelərinə uyğunlaşmış əlavələr və düzəlişlər etmək imkanları istisna edilmir. Bundan başqa 123a, 124a, 125a, 126a, 127a, 128a nömrəli müqavilələrin 3.2-ci bəndində göstərilmişdir ki, həmin müqavilənin 3.1-ci bəndində göstərilən məbləğ tam olaraq müqavilə bağlanan anda “Alıcı” tərəfindən ödənildi. Buradan bir daha aydın olur ki, müqavilə bağlanarkən tərəfindən həmin müqavilərdə göstərilmiş mənzillərin dəyəri tam olaraq ödənilmişdir. Bunu haqqında bəhs etdiyi müqavilələrin 3-cü səhvəsi bir daha təsdiq edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı hazırda onunla cavabdeh arasında bağlanmış müqavilələr üzrə ona təhvil verilməli olan mənzillərin təhvil verilməməsi səbəbindən ödədiyi pul vəsaitinin və həmin pul vəsaitinə hesablanmış faizlərin ona ödənilməsini tələb etsə də, lakin nə tərəflər arasında müqavilələr bağlanan zaman, nə də sonradan mənzillərin dəyərinin həqiqətən İddiaçı tərəfindən ödənilməsi öz təsdiqini tapmır. Belə ki, iddiaçı tərəfdən cavabdehlə bağladığı müqavilələr üzrə mənzillərin dəyəri iddiaçının məhkəməyə təqdim etdiyi müqavilələrdə göstərilsə də, lakin həmin dəyərin iddiaçı tərəfindən cavabdehin hesabına ödənilməsini təsdiq edən hər hansı sənəd (maliyyə arayışı, kassa mədaxil orderi və s.) məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, iddiaçı ilə cavabdeh arasında bağlanmış mənzillərə dair müqavilələr podrat müqavilələrinin ünsürlərini özündə əks etdirməklə podrat müqavilələri kimi qiymətləndirildiyindən və qanunvericinin tələbinə əsasən isə podrat müqaviləsinə görə podratçı (hazıkı iş üzrə "Cavabdeh” MMC) müqavilədə nəzərdə tutulan işi icra etməyi və sifarişçi (hazıkı iş üzrə İddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Lakin hazırda iddiaçının göstərilən müqavilələr üzrə cavabdehə əvvəlcədən, ya da sonradan hər hansı muzd ödəməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş müqavilələrə əsasən, Cavabdeh MMC (direktoru X2) ilə alıcı İddiaçı arasında bağlanmış 123a saylı xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, ünvan 4 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 7-ci blokun 2-ci mərtəbəsində yerləşən 100 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 144960 manat müəyyən edilmiş və əl yazısı ilə müqavilənin mətninə əlavə edilmişdir.Cavabdeh MMC (direktoru X2) ilə alıcı İddiaçı arasında bağlanmış 124a saylı xx.xx.2014-cü il tarixli müqaviləsinə əsasən, ünvan 4 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 7-ci blokun 2-ci mərtəbəsində yerləşən 101 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçıZəkəryayevnaya təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 1200 manat müəyyən edilmiş və əl yazısı ilə müqavilənin mətninə əlavə edilmişdir. Həmçinin mənzilin dəyəri yazılan qrafanın üstündə əl yazısı ilə 134400 manat mötərizədə əlavə edilmişdir.Cavabdeh MMC (direktoru X2) ilə alıcı İddiaçı arasında bağlanmış 125a saylı xx.xx.2014-cü il tarixli müqaviləsinə əsasən, ünvan 5 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 4-cü blokun 7-ci mərtəbəsində yerləşən 131 saylı 4 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 158400 manat müəyyən edilmiş və əl yazısı ilə müqavilənin mətninə əlavə edilmişdir.Cavabdeh MMC (direktoru X2) ilə alıcı İddiaçı arasında bağlanmış 126a saylı xx.xx.2014-cü il tarixli müqaviləsinə əsasən, ünvan 4 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 9-cu blokun 7-ci mərtəbəsində yerləşən 145 saylı 4 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 152952 manat müəyyən edilmiş və əl yazısı ilə müqavilənin mətninə əlavə edilmişdir.Cavabdeh MMC (direktoru X2) ilə alıcı İddiaçı arasında bağlanmış 127a saylı xx.xx.2014-cü il tarixli müqaviləsinə əsasən, ünvan 4 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 3-cü blokun 6-cı mərtəbəsində yerləşən 48 saylı 4 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 185400 manat müəyyən edilmiş və əl yazısı ilə müqavilənin mətninə əlavə edilmişdir.Cavabdeh MMC (direktoru X2) ilə alıcı İddiaçı arasında bağlanmış 128a saylı xx.xx.2014-cü il tarixli müqaviləsinə əsasən, ünvan 5 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 1-ci blokun 6-cı mərtəbəsində yerləşən 10 saylı 4 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçıZəkəryayevnaya təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 218400 manat müəyyən edilmiş və əl yazısı ilə müqavilənin mətninə əlavə edilmişdir. Qeyd olunan müqavilələrin 3.2-ci bəndlərinə əsasən, müqavilələrdə nəzərdə tutulmuş pul vəsaiti iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş eyniməzmunlu müqavilələrdə mənzillərin dəyəri əks edilməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mübahisəli mənzillər podratçı Cavabdeh MMC tərəfindən tikildikdən sonra iddiaçıya deyil, üçüncü şəxslərə təhvil verildiyindən, iddiaçının mənzillərin mülkiyyətinə verilməsi barədə iddiası təmin edilməmiş və hazırda iddiaçı Mülki Məcəllənin 452.2-ci maddəsinin tələbinə əsasən mənzillərə görə ödəmiş olduğu pul vəsaitinin ona geri ödənilməsini tələb edir. İddiaçının müqavilələr üzrə təhvil verilməli olan mənzillərin onun mülkiyyətinə təhvil verilməsi barədə iddia tələbinə Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında kassasiya qaydasında baxılarkən, qeyd edilən tələbə podrat müqaviləsindən irəli gələn tələb kimi qiymət verilmişdir. Həmçinin Ali Məhkəmənin qeyd edilən qərarında göstərilmişdir ki, iddiaçı mübahisəli mənzillər üçüncü şəxslərə artıq təhvil verildiyi üçün həmin mənzillərin öz mülkiyyətinə verilməsini deyil, bağladığı müqavilələrə görə mənzillərin dəyərinin ödənilməsini sübut etdiyi təqdirdə həmin vəsaitin cavabdehdən tutulmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Kollegiya qeyd edir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələr üzrə təhvil verilməli olan mənzillərin ümumi dəyəri əl yazısı ilə yazılmış, həmin müqavilələrin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələr üzrə isə təhvil verilməli olan mənzillərin ümumi dəyəri ümumiyyətlə göstərilməmişdir. Buna baxmayaraq, mübahisıli mənzillərə dair müqavilələr cavabdeh tərəfindən imzalanmış və iddiaçıya təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş müqavilələrdə məbləğlərin göstərilməməsi isə mənzillərin dəyərinin ödənilmədiyi anlamına gələ bilməz. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələrdə mənzillərin dəyərləri göstərilməsə də, iddiaçı tərəfindən təqdim edilmiş müqavilələrdə mənzillərin dəyəri və məbləğlərin ödənilməsi göstərilmişdir. Göründüyü kimi ödənişi təstiq edən maliyyə arayışı və ya digər sübutların təqdim edilməsi zərurəti qalmır. Belə olan halda xx.xx.2014-cü il tarixli 123a, 124a, 125a, 126a, 127a, 128a saylı müqavilələr üzrə ödədiyi cəmi 994.512 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin 2.6-cı maddəsinə əsasən, binanın təhvil verilmə müddəti - 2014-cü ilin sonu-2015-ci ilin əvvəli göstərilmişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir və alıcı tərəfindən mənzilin təhvil götürüldüyü günədək qüvvədədir.Cavabdeh tərəfindən mənzillər tikildikdən sonra iddiaçıya deyil, üçüncü şəxslərə təhvil verildiyindən, həmçinin mənzillərin təhvil verilmə müddəti 2014-cü ilin sonu-2015-ci ilin əvvəli müəyyən edildiyindən və həmin vaxtdan uzun müddət keçdiyindən mübahisələndirilən müqavilələr artıq qüvvədən düşmüşdür.Qüvvədə olmayan müqavilələrin isə ləğvi üçün əsas yoxdur. Kollegiya iddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsində qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə məhkəmə mübahisələri uzun müddətdir ki, davam edir. Bu halı nəzərə almaqla əldən çıxmış faydanın mövcud olması ağlabatan hesab edilmir və öz təstiqini tapmır. Bundan başqa kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7108/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 994.512 manat məbləğinə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli,ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7108/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 994.512 manat məbləğinə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar