Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-543/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: “lizinq obyektinin mülkiyyətinə verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “lizinq obyektinin mülkiyyətinə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, e- 2(011)-4569/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə cavabdeh "Unileasing” Lizinq Şirkəti” QSC arasında 01 avqust 2013-cü il tarixdə 36 ay müddətinə müqavilə üzrə qiyməti 34.500 ABŞ dolları olan lizinq müqaviləsi bağlanmışdır. Sonradan həmin müqavilə uzadılmışdır.
2. Müqaviləyə əsasən "Merceses Benz S350” markalı, **-PD-*** qeydiyyat nişanlı avtomobil İddiaçı istifadəsinə verilmişdir.
3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Lizinq Şirkəti QSC ilə cavabdeh İddiaçı arasında 01 avqust 2013-cü il tarixdə bağlanmış 1562M/13/B saylı “X6 müqavilə"sinə xitam verilmiş, lizinq obyekti olan "Merceses Benz S350" markalı, **-PD-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi “Unileasing" Lizinq Şirkəti QSC-yə qaytarılması qət edilmişdir. Qətnamə 13 fevral 2018-ci il tarixdə icraya yönəldilmişdir.
4. "xxxx" Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış 02 mart 2018-ci il tarixli “Mülkiyyət hüququnun lizinq alana keçməsi barədə təhvil-təslim aktı”na əsasən (01 avqust 2013-cü il tarixdə bağlanmış 1562M/13/B saylı “X6 müqavilə"sinə əlavə) tərəflər qeyd olunan müqavilə üzrə bütün öhdəlikləri tam icra etdiklərinə görə lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçmişdir.
5. "xxxx" Lizinq Şirkəti QSC 02 mart 2018-ci il tarixli əmrlə İddiaçı sözügedən lizinq müqaviləsi üzrə öhdəlikləri tam icra etdiyi göstərilməklə avtomobilin onun adına qeydiyyata alınmasına razılıq verilmişdir.
6. Daxili İşər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 26 oktyabr 2018-ci il tarixli məktubuna əsasən "Merceses Benz S350" markalı, **-PD-*** qeydiyyat nişanlı avtomobilin Bolqarıstan Respublikası tərəfindən axtarışda olması İnterpolun axtarış bazasında mövcuddur. Bu səbəbdən maşının özgəninkiləşdirilməsi mümkün olmamışdır.
7. "xxxx" Lizinq Şirkəti QSC sonradan fəaliyyətini Cavabdeh MMC kimi davam etdirmişdir.
8. Bundan sonra iddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı 52.828,88 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması barədə iddia qaldırılmışdır.
9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(005)- 322/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə 34.500 ABŞ dolları məbləğində pulun, ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(103)-738/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh “Direkt Kredi" MMC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(005)-322/2020 saylı qətnaməsi dəyişdirilmiş, “Direkt Kredi" MMC-dən İddiaçı xeyrinə tutulan pul vəsaitinin məbləği 30.000 manat müəyyən edilmiş, "Mercedes Benz S350” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq Cavabdeh MMC-yə qaytarılması, qətnamənin tərəflər üçün eyni vaxtda icra olunması qət edilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2022ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-738/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi "Mercedes Benz S350 markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı alınaraq “Direkt Kredi’’ MMC-yə qaytarılması, qətnamənin tərəflər üçün eyni vaxtda icra olunması" hissələrində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə Kollegiyası qərarını belə əsaslandırmışdır ki, Cavabdeh MMC avtomaşının İddiaçı alınaraq ona qaytarılması barədə iddia tələbi irəli sürməmiş, bundan əlavə, apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış 01 avqust 2013-cü il tarixli lizinq müqaviləsinə xitam verilməsi və "Merceses Benz S350" markalı, **-PD-*** qeydiyyat nişanlı avtomobilin Unileasing" Lizinq Şirkəti QSC-yə qaytarılması barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli qətnaməsi olduğu halda avtomobilin cavabdehə qaytarılması barədə qətnamə çıxarılmasının hansı qanuni zərurətdən irəli gəldiyini əsaslandırmamışdır.
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Cavabdeh MMC-yə qarşı “lizinq obyektinin mülkiyyətə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mersedes-Benz S350” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətinə keçirmək üçün Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Lizinq Şirkəti QSC ilə 01 avqust 2013-cü il tarixdə 1562M/13/B saylı X6i müqaviləsinə əsasən 36 ay müddətinə “Mersedes-Benz S350” minik markalı, buraxılış ili 2006, qara metal rəngli, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinqə götürmüşdür. Bundan sonra "xxxx" Lizinq Şirkəti QSC İddiaçı qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X6i müqaviləsinə xitam verilərək lizinq obyekti olan avtomobilin mülkiyyətçi "xxxx" Lizinq Şirkəti QSC-yə qaytarılmasını xahiş etmiş, iddia təmin olunaraq qətnamə çıxarılmışdır. Qətnamə 20 noyabr 2017-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. "xxxx" Lizinq Şirkəti QSC sonradan fəaliyyətini Cavabdeh MMC kimi davam etdirmişdir. Bundan sonra iddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı 52.828,88 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması barədə iddia qaldırılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin iddia tələbi ilə iddia qismən təmin edilərək 34.500 ABŞ dolları məbləğində pulun, ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(103)-738/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh “Direkt Kredi" MMC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(005)- 322/2020 saylı qətnaməsi dəyişdirilmiş, “Direkt Kredi" MMC-dən İddiaçı xeyrinə tutulan pul vəsaitinin məbləği 30.000 manat müəyyən edilmiş, "Mercedes Benz S350” markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı alınaraq Cavabdeh MMC-yə qaytarılması, qətnamənin tərəflər üçün eyni vaxtda icra olunması, iddia ərizəsi və apellyasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pulun tərəflərdən bərabər qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 738/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi "Mercedes Benz S350 markalı, Az ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı alınaraq “Direkt Kredi’’ MMC-yə qaytarılması, qətnamənin tərəflər üçün eyni vaxtda icra olunması" hissələrində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(102)-134/22 nömrəli qərarının icra olunması ilə bağlı iddiaçı tərəfindən Cavabdeh MMC-yə 19 aprel 2022-ci il tarixdə pretenziya ilə müraciət olunmuşdur, lakin bu günədək hər-hansı cavab verilməmişdir. Göründüyü kimi, cavabdeh üzərində müqavilə üzrə olan öhdəliyi, yəni “Mersedes-Benz S350” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat orqanı hesab edilən AR DİN BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsində təkrar qeydiyyatın həyata keçirilməsi üçün (nümayəndənin iştirakı ilə avtomobilin özgəninkiləşdirilməsi üçün) zəruri olan sənədlərin təqdim etməkdən boyun qaçırır. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. İddiaçı müqavilə üzrə öhdəlikləri icra etsə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmir, icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
15. Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, bir mülki iş üzrə sübut olunmuş faktlar və hüquqi dəlillər digər məhkəmələr üçün artıq predyusial xarakter daşıyır. Hazırki iş üzrə tərəflər arasında olan hüquq münasibətlərinə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən hüquqi qiymət verilərək qanuni qüvvəyə minmiş qətnamə ilə tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə avtomobilin qaytarılmasına hüquqi qiymət verilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə mindiyindən hazırki iş üzrə bəlli hallar sayılır. Hesab edir ki, hazırki iddia ərizəsi tamamilə əsassızdır və digər qətnamənin icrasına mane olmaq məqsədi daşıyır. Göstərilənlərə əsasən iddianın təmin olunmaması məhkəmədən xahiş edilmişdir.
16. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, e-2(011)- 4569/2022 saylı qətnaməsi ilə (hakim A.Həsənova) İddiaçı Cavabdeh MMC-yə qarşı “Mersedes-Benz S350” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının mülkiyyətinə keçirmək üçün Cavabdeh MMC-yə həvalə edilməsi barədə iddia tələbi rədd edilmiş, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
17. Məhkəmə işin faktiki hallarını və qüvvədə olan məhkəmə qərarlarının preyudisiallığını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tərəflər arasında mövcud olan müqaviləyə əsasən öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq lizinq predmeti adına rəsmiləşdirilməmişdir. Yuxarıda istinad olunan məhkəmə qətnamələri ilə avtomobilin iddiaçının adına keçə bilməməsi səbəbindən ona avtomobilin dəyərinin bir hissəsi qədərində müəyyən məbləğ tutulmuşdur. İddiaçı hazırkı iddia ilə yenidən məhkəməyə müraciət etməkdə haqlı deyildir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçı iddiasında haqlı olsaydı belə, hazırkı iddia tələbi üzrə cavab verməli olan tərəf Cavabdeh MMC deyildir. Belə ki, hər hansı əmlakın mülkiyyətə keçirilməsinin rəsmiləşdirilməsi dövlət orqanları tərəfindən həyata keçirilir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3, 88, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilələri və ondan yaranmış hüquq vəzifələrə düzgün hüquqi qiymət verməyərək qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, hazırki iddia tələbi məhkəmənin istinad etdiyi və qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə hüquqi qiymət verilmiş müqavilə deyil. Məhkəmənin istinad etdiyi müqavilə və onunla bağlı qəbul edilmiş qətnamələrdə mövcud olan mülki hüquq münasibətləri tam başa çatmış, yəni həmin qətnamələrə əsasən mübahisə predmetini təşkil edən lizing obyekti olan avtomobil hazırki iş üzrə cavabdehə qaytarılmışdır. Bu səbəbdən də cavabdeh - icra sənədi üzrə tələbkar Cavabdeh MMC ərizə ilə icra şöbəsinə müraciət edərək avtomobilin geri qaytarılması barədə icra sənədinin məhkəməyə icra olunaraq geri qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi, məhkəmə bu və digər iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam hərtərəfli araşdırmadan düzgün olmayan qiymətləndirmə aparmışdır. İkincisi, tərəflər arasında məhkəmə mübahisəsindən sonra xx.xx.2018-ci il tarixində xx.xx.2013-cü il tarixli 1562M/B nömrəli daxili maliyyə lizingi müqaviləsinə əlavə adı altında mülkiyyət hüququnun lizinq alana (hazırki iddiaçıya) keçməsi barədə təhvil-təslim aktı tərtib olunmuş, tərəflərin iradə ifadəsini təsdiq edən imzaları ilə təsdiq edilmişdir. Həmin aktda qeyd olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli lizinq müqaviləsinə əsasən tərəflər qeyd olunan müqavilə üzrə bütün öhdəliklərini tam icra etdiklərinə görə lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçmişdir. Lizinq verən qeyd olunan lizinq obyekti olan avtomobili lizinq alana öz mülkiyyətinə qəbul etmək üçün təhvil verir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Göründüyü kimi, hazırki iddia tələbi xx.xx.2013-cü il tarixli müqavilə üzrə deyil, xx.xx.2018-ci il tarixli tərəflər arasında bağlanmış təhvil-təslim aktına əsasən müqavilə münasibətləri yaranmışdır. Bu onu ehtiva edir ki, hazırki mübahisə xx.xx.2013-cü il tarixli lizinq müqaviləsi üzrə ödənilmiş və məhkəmə qətnamələrinə əsasən iddiaçıya qaytarılması nəzərdə tutulan pul vəsaitinin cavabdehdə qalmaqla mübahisə predmetini təşkil edən avtomobilin iddiaçının adına rəsmiləşdirilməməsi məhz iddianın mahiyyətini təşkil edir. Bu tələb hüququ isə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından irəli gəlir. Həmçinin, həmin aktdan görünür ki, cavabdeh mübahisə predmetini təşkil edən avtomobili iddiaçının mülkiyyətinə vermək öhdəliyini götürmüşdür. Hazırki vəziyyətdə cavabdeh götürdüyü öhdəliyi icra etməkdən açıq şəkildə yayınır, bu isə iddianın əsaslı olmaqla təmin olunmasının zəruriliyini yaradır. Üçüncüsü, birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, hazırkı iş üzrə iddia tələbinə daha öncəki məhkəmə qərarları ilə hüquqi qiymət verildiyindən, hazırkı iddiaya təmin edilə bilməz. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(102)- 134/2022 saylı qərarı və digər qətnamələrində tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli təhvil-təslim Aktına münasibət bildirilmədən, hüquqi qiymət verilmədiyindən hazırki məhkəmə aktlarının preyudisiyallığını tam olaraq istisna edir. Bundan başqa, birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, iddiaçı iddiasında haqlı olsaydı belə, hazırkı iddia tələbi üzrə cavab verməli olan tərəf Cavabdeh MMC deyildir. Belə ki, hər hansı əmlakın mülkiyyətə keçirilməsinin rəsmiləşdirilməsi dövlət orqanları tərəfindən həyata keçirilir. Halbuki, məhkəmə diqqətdən qaçırmışdır ki, daşınar əmlakın alqı-satıqısı yəni aidiyyəti orqanda təkrar qeydiyyatını həyata keçirmək üçün hər iki tərəfin iştirakı mütləqdir. Bundan əlavə, işə baxan məhkəmə yuxarıda göstərillənləri yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. İddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək işin baxılmasını təxirə salınmasını xahiş etsə də, məhkəmə cavabdehin etirazını rəhbər tutaraq iştirakı təmin edilməsinə imkan yaratmadan ədalətli məhkəmə araşdırılması hüququnu kobud şəkildə pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, bir mülki iş üzrə sübut olunmuş faktlar və hüquqi dəlillər digər məhkəmələr üçün artıq predyusial xarakter daşıyır. Hazırki iş üzrə tərəflər arasında olan hüquq münasibətlərinə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən hüquqi qiymət verilərək qanuni qüvvəyə minmiş qətnamə ilə tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə avtomobilin qaytarılmasına hüquqi qiymət verilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə mindiyindən hazırki iş üzrə bəlli hallar sayılır. Hesab edir ki, hazırki iddia ərizəsi tamamilə əsassızdır və digər qətnamənin icrasına mane olmaq məqsədi daşıyır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən cavabdeh 02 mart 2018-ci il tarixli əmrlə iddiaçının lizinq müqaviləsi üzrə öhdəlikləri tam icra etdiyi üçün "Merceses Benz S350" markalı, **-PD-*** qeydiyyat nişanlı avtomobilin sonuncunun adına qeydiyyata alınmasına razılıq vermiş, lakin Daxili İşər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həmin avtomobilin Bolqarıstan Respublikası tərəfindən axtarışda olması səbəbindən bu mümkün olmamışdır.
35. Bundan sonra iddiaçı cavabdehə qarşı qeyd olunan avtomobilə görə ödənilmiş lizinq ödənişlərinin qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə 30.000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
36. Tərəflər arasında lizinq münasibətlərindən irəli gələn mübahisə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə yekunlaşsa da, hazırda iddiaçı lizinq müqaviləsinin predmeti olan "Merceses Benz S350" markalı, **-PD-*** qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətinə keçirilməsinin cavabdehə həvalə edilməsini tələb edir.
37. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, yuxarıda istinad olunan məhkəmə aktları ilə avtomobilin iddiaçının adına keçə bilməməsi səbəbindən ona avtomobilin dəyərinin bir hissəsi qədərində müəyyən məbləğ tutululduğundan hazırki iş üzrə iddia təmin edilə bilməz.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında 02 mart 2018-ci il tarixdə avtomobilin iddiaçının adına rəsmiləşdirilməsi barədə razılıq əldə edilsə də, cavabdeh tərəfindən bu öhdəliyin həyata keçirilməsi onun cavabdeh olmadığı haldan irəli gəlmişdir, çünki həmin avtomobil başqa ölkə tərəfindən axtarışda olmuş və onun özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsindən Daxili İşər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən imtina olunmuşdur. Mülki qanunveriliyin yuxarıda istinad olunan tələblərinə əsasən bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.
39. Bundan başqa, iddiaçı tərəfindən cavabdehdən iddiaçının xeyrinə lizinq ödənişlərinin tutulmasından sonra avtomobilin də iddiaçının adına rəsmiləşdirilməsi onun əsassız varlanması ilə nəticələnəcəkdir. Belə ki, iddiaçı həm avtomobili, həm də ona görə ödənilmiş vəsaiti əldə etmiş olacaqdır.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
41. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, e-2(011)- 4569/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Vahid Sadıqov