Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5430/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliyinə əməl olunmaması, müqavilə üzrə artıq ödənilmiş pulun və zərərin əvəzinin ödənilməsi, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh MMC (Satıcı) ilə İddiaçı (Alıcı) arasında 22 dekabr 2015-ci il tarixdə 509 nömrəli müqavilə bağlanmış, müqaviləyə görə satıcı, ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 24-cü mərtbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı 132 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə mənzilin razılaşdırılan dəyəri olan 126 080 manatı alıcıya ödəməyi öhdələrinə götürmüş, mənzilin bir kv.metrinin qiyməti 800 manat olaraq müəyyənləşdirilmişdir.
2. Cavabdeh MMC tərəfindən verilmiş 22 dekabr 2015-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən 3 saylı yaşayış binası "Sahil-D Kompani” MMC-yə məxsusdur, yaşayış binasının 24-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m. olan 3 otaqlı 132 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun Cavabdeh MMC-yə borcu yoxdur.
3. Cavabdeh MMC ilə İddiaçı arasında 28 dekabr 2015-ci il tarixdə “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” 159 nömrəli müqavilə bağlanmış, müqavilədə göstərilmişdir ki, Cavabdeh MMC İddiaçı 22 dekabr 2015-ci il tarixli 509 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 157,6 kv.metr olan 132 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil verir.
4. ünvan 2 ünvanında yerləşən 3 saylı yaşayış binasının 132 saylı mənzilinə işıq, qaz və su sayğaclarının, habelə siqnalizasiyanın quraşdırılması üçün İddiaçı tərəfindən xx.xx.2015-ci tarixdə MMC-nə 1200 manat ödəniş həyata keçirilmiş, bu barədə ona kassa mədaxil orderi verilmişdir.
5. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 132 korpus 3 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə bağladığı xx.xx.2015-ci il tarixli 509 nömrəli müqavilə üzrə ona verilməmiş 15,7 kv.metr mənzil sahəsinin əvəzinin naturada və ya hazırkı bazar dəyərinə uyğun olaraq hər kv.metri üçün 2500 manat hesablanmaqla (15,7 x 2500 = 39 250) 39 250 manat pulun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə bağladığı 22 dekabr 2015-ci il tarixli 509 nömrəli müqaviləyə əsasən, ünvan 4 ünvanda inşa edilən 3 saylı yaşayış binasının 24-cü mərtəbəsində ümumi sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı, 132 nömrəli mənzilin hər kvadrat metrinin dəyərini 800 (səkkiz yüz) manat, ümumilikdə isə 126 080 (yüzi yirmi altı min səksən) manat ödəyib almışdır. Mənzilin ölçüsü müqavilədə “Satıcı” tərəfindən 157,6 kv.metr göstərilmiş, satıcının təklifinə inanıb 157,6 kv.metrin dəyərini tam ödəmişdir. Lakin bir neçə gün əvvəl ona məlum olmuşdur ki, sahəsinin 157,6 kv.metr olduğu bildirilən mənzilin sahəsi əslində 141,9 kvadratmetrdir. Beləliklə, 15,7 kv.metrin dəyəri olan 12 560 manat artıq hesablanaraq ödətdirilmişdir. Həmin binada hal-hazırda mənzilin hər kv.metrinin dəyəri 2500 manatdır, indiki qiymət isə 15,7 kv.metr sahəyə görə 39 250 manat təşkil edir. Ona görə də, ondan artıq hesablanıb alınmış 15,7 kv.metr sahənin indiki bazar dəyərinə uyğun 39 250 manat cavabdehdən alınıb ona qaytarılmalıdır.
8. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə ərizə təqdim edərək iddia müddəti ötürüldüyü üçün iddia tələbinin rədd edilməli olduğunu bildirmişdir.
9. Məhkəmənin təyin etdiyi tikinti-texniki ekspertizası əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində aşağıdakılar göstərilmişdir: “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndinin tələblərinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu. Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3-cü korpusunda yerləşən 132 saylı mənzilin (yeni qaydalarla AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 34, M24, m3) müvafiq azaltma əmsalları tətbiq olunmadan faktiki sahəsinin 144,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3-cü korpusunda yerləşən 132 saylı mənzilin (yeni qaydalarla AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 34, M24) çöl divarlarının ortasından hesablanmaqla mənzilin daxilində olan və layihədə nəzərdə tutulan yaxud tutulmayan arakəsmələrin,divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı da daxil olmaqla, müvafiq azaltma əmsalları tətbiq olunmadan faktiki sahəsinin 157,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir”.
10. Birinci instansiya məhkəməsinin 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manatın İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
11.1. Mövcud məhkəmə təcrübəsində formalaşmış mövqeyə əsasən, tərəflərin arasında bağlanmış müqavilədə ifadə olunan şərtlər və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri podrat müqaviləsinə uyğundur. Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Tərəflər arasında bağlanmış qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə 28 dekabr 2015-ci il tarixli 159 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı 22 dekabr 2015-ci il tarixli 509 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 157,6 kv.metr olan 132 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil vermişdir. İddiaçının mənzili qəbul etməsi işin mübahisəsiz halıdır. İddiaçı özü də mənzilin daha gec tarixdə ona təhvil verməsini iddia etməmişdir. Mənzili təhvil alan iddiaçının mənzilin real sahəsi barədə məlumatı olmuş, ən azı o, mənzilin qəbul etdikdən sonra, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqaviləyə uyğun ölçülərdə olmasını yoxlamaq imkanında olmuşdur. 11.2. İddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsinin dəlili əsaslıdır. Çünkü tərəflər arasında daha kiçik sahəli olduğu iddia edilən mənzilə dair müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmış, 28 dekabr 2015-ci il tarixdə isə tərəflərin arasında qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilə əsasında mənzil iddiaçıya təhvil verilmişdir. Bununla belə iddiaçı həmin tarixdən sonra cavabdehə qarşı mənzilin sahəsinin əskik olduğuna dair, başqa sözlə, cavabdeh tərəfindən müqavilənin lazımınca icra edilməsinə dair hər hansı tələb irəli sürməmişdir. 11.3. Qanunvericiliyə görə, əgər məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh məhkəmədə iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır . Cavabdeh mənzili iddiaçıya xx.xx.2015-ci il tarixdə təhvil verdiyini bildirərək bu barədə müqaviləni məhkəməyə təqdim etmişdir. İddiaçının nümayəndəsi və vəkili öz izahatında bu faktı təkzib etməmişdir. 11.4. Tərəflər arasında bağlanmış qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə 28 dekabr 2015-ci il tarixli 159 nömrəli müqaviləsinə əsasən "Sahil-D Kompani” MMC İddiaçı 22 dekabr 2015-ci il tarixli 509 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 157,6 kv.metr olan 132 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil vermişdir. İddiaçının mənzil sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzilə dair çıxarış alındıqdan sonra xəbər tutmasına dair dəlili əsassızdır. İddiaçı mənzili təhvil aldıqdan sonra onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmalı idi. Bundan başqa, mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən hərəkətlərin heç birini görməmiş, bununla da, heç bir üzürlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
12. Mövqeyinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 5.3cü, 372.1-ci, 377.1-ci, 385.1-ci, 386.1-ci, 404.1-ci, 404.2-ci, 752.1-ci, 762.1-ci, 762.2-ci, 776.1-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, 59.2-ci, 59.3-cü maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarına istinad etmişdir.
13. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi (vəkili) onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, xx.xx.2015-ci il tarixli müqavilənin formal bağlandığını və binanın 2020-ci ildə Dövlət Komissiyası tərəfindən qəbul edildikdən sonra iddiaçının mənzildə təmir işləri aparmaq imkanına sahib olduğunu, beləliklə də yalnız həmin dövrdə mənzilin ölçüsünün müqavilədə göstəriləndən az olmasını bildiyini nəzərə almadığını, bu səbəblə də əsassız olaraq iddia müddətinin ötürüldüyü nəticəsinə gəldiyini, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
19. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
24. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
25. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
26. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
28. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
30. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
31. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
32. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
33. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
44. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə tam razılaşaraq hesab edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər qətnamənin ləğvinə əsas vermir.
45. Belə ki, birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər (§ 23,24); bununla yanaşı nəzərə alınmalıdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir (§ 25,26).
46. Belə ki, qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu biləbilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
47. İşin hallarından görünür ki, mənzil iddiaçıya xx.xx.2015-ci il tarixdə təhvil verilmiş, bununla bağlı tərəflər arasında müvafiq müqavilə bağlanmış, həmin tarixdə iddiaçı tərəfindən su, qaz, elektrik sayğaclarının, habelə siqnalizasiyanın quraşdırılması üçün ödənişlər həyata keçirilmişdir; bu xüsusatlar isə mənzilin məhz göstərilən tarixdə iddiaçıya təhvil verilmiş olduğu qənaətinə gəlməyə əsas verir.
48. Belə görünür ki, iddiaçı mənzili təhvil aldığı zaman cavabdeh MMC-nə qarşı heç bir pretenziya irəli sürməmiş, iddia ərizəsini isə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir.
49. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, mənzili təhvil aldıqdan sonra iddiaçı, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalı olduğu halda, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da iddia müddətini ötürmüşdür.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-122/2024 saylı iş üzrə 10 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov