Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5430/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin ləğv edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4057/2025 saylı, 4 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanan xx.xx.2022-ci il tarixli, В-041-AAE-22 nömrəli avtomobil alqı-satqısı üzrə müqavilənin surətindən görünür ki, Satıcı Müqavilənin şərtlərinə uyğun olaraq, modeli Changan Uni-T, buraxılış ili 2021 olan (VİN: LS5A3DKE4MA764409, rəng qara metallik) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi, o cümlədən Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür (bənd 1.1).
2. Müqavilənin 2.1-ci maddəsinə görə Müqavilənin 1.1. bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 67.650 (altmış yeddi min altı yüz əlli) Azərbaycan manatı müəyyən edilir. Alıcı 7.530 (yeddi min beş yüz otuz) Azərbaycan manatı ilkin ödəniş ödəməyi öz öhdəsinə götürmüşdür. Qalıq borc sayılacaq 60,120 (altmış min bir yüz iyirmi) Azərbaycan manatı məbləği isə Alıcı xx.xx.2022 tarixindən etibarən 60 (altmış) ay müddətində, ayda 1.002 (bir min iki) Azərbaycan Manatı ödəməyı Satıcı qarşısında öz öhdəsinə götürmüşdür.
3. Müqavilənin 3.2.6-cı maddəsinin şərtinə görə....Alıcı bu müqavilədə nəzərdə tutulan öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda Satıcı Alıcıya əvvəlcədən xəbərdarlıq etmədən müqaviləyə xitam verə bilər və avtomobili alıcının razılığı olmadan ondan geri alınması üçün bütün zəruri tədbirləri görə bilər.
4. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmiş və alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur.
5. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, 26 mart 2022-ci il tarixində avtomobil alqı-satqısı üzrə В-041-AAE-22 №-li müqaviləyə 26 sentyabr 2024-cü il tarixində birtərəfli qaydada xitam veriləcəyi bildirilmiş və cərimə məbləğinin 26 sentyabr 2024-cü il tarixinədək ödənilməsi tələb olunmuşdur.
6. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2022-ci il tarixli, В-041-AAE-22 №-li “Avtomobil alqı-satqısı” üzrə müqaviləyə tərəflərindən birtərəfli qaydada xitam verilmişdir.
7. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışının surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, B-041-AAE-22 nörnrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nə xx.xx.2022-ci il tarixdə 7.530 manat ilkin ödəniş edilmişdir. xx.xx.2022xx.xx.2024-cü il tarixlərində hər ay 1.002 manat ödəniş icra olunmalı olduğu halda xx.xx.2024-cü il tarixinə gecikdirilmiş əsas borc 9.985 manat olmuşdur. Ümumi borc məbləği 60.120 manat, ödənilmiş aylıq məbləğlər – 22.079 manat, qalıq borc – 32.770 manat, ödənilən cərimə 300 manat, qalıq cərimə 2.700 manat təşkil etmişdir.
8. İcra edilmiş xidmətlərə dair aktdan görünür ki, “Changan UNİ-T” markalı, 77PN520 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 217,08 manat məbləğində pul ödənilmişdir. İcra edilmiş xidmətlərə dair aktdan görünür ki, “Changan UNİ-T” markalı, 77PN520 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1.833,00 manat məbləğində pul ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, B-041-AAE-22 nömrəli alqı-satqı müqaviləsi üzrə 9.985 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 2.700 manat dəbbə pulu, “Changan UNİ-T” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2.050,08 manat və nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə hesablanmış 6.995 manat pul vəsaiti olmaqla, ümumilikdə 21.730,08 (iyirmi bir min yeddi yüz otuz manat, 08 qəpik) manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 375,06 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 156,32 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiyanın İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B041-AAE-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı “Changan UNİ-T” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək annuitet ödənişlərin edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024cü il tarixli məktub göndərilmişdir. Avtomobil xx.xx.2024-cü il tarixində cavabdehdən təhvil alındıqdan sonra avtomobilin həmin günə mövcud xərclərinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində baxış keçiriləcəyi və baxışda iştirak edə biləcəyi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Lakin cavabdeh qeyd olunan tarixdə keçirilmiş baxışda iştirak etmədiyindən, baxışın nəticəsinə dair tərtib olunmuş təmir aktı xx.xx.2024-cü il tarixli məktubla ünvanına göndərilmiş və razı olmadığı halda müstəqil ekspert cəlb edilə biləcəyinin mümkün olduğu nəzərinə çatdırılmış, qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Bildirilir ki, tərəflərindən “Changan UNİT” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılmasına çəkilmiş xərclərin ümumi dəyəri 2.050,08 manat təşkil etmiş, eyni zamanda, vergi qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə 6.995 manat zərər hesablanmışdır. Eyni zamanda, B-041-AAE- 22 nömrəli alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2022-ci il tarixindən avtomobilin təhvil verildiyi xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 9.985 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 2.700 manat dəbbə pulu hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B-041-AAE-22 nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada Satıcıya tam və vaxtında ödəməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X5 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4057/2025 saylı 4 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2022-cü il tarixli, B-041- AAE-22 nömrəli “avtomobilin alqı-satqısı” müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1.000 (bir min) manat dəbbə pulu, “Changan UNİ- T” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2.050,08 (iki min əlli manat səkkiz qəpik) manat pul vəsaiti, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 375,06 (üç yüz yetmiş beş manat altı qəpik) manat pul vəsaiti olmaqla, ümumilikdə 3.425,14 (üç min dörd yüz iyirmi beş manat on dörd qəpik) manat məbləğində pul vəsaitinin və 156,32 (bir yüz əlli altı manat otuz iki qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə, ödənilməmiş qalan əsas borca hesablanmış cəriməni tələb etməkdə haqlıdır.
13. Müqavilə üzrə ödənişlərin gecikməsi səbəbindən iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilmişdir və mübahisə predmeti olan avtommobil xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən geri alınmışdır. Məhkəmə bu tarixi müqavilənin xətmi tarixi hesab edir. Belə ki, bağlanılmış müqavilə nisyə alqı-satqı müqaviləsi olduğundan, həmin müqavilə üzrə ödəniş etmək öhdəliyi əşyanın alıcıya təqdim olunması ilə bilavasitə bağlıdır. Satıcının əşyanı geri alması isə bilavasitə müqavilənin satıcı tərəfindən xitamına dəlaət edir. Buna görə də müqavilənin xətm tarixi avtomobilin iddiaçı təşkilat tərəfindən geri alındığı xx.xx.2024-cü il hesab olunmalıdır.
14. Ödənilməmiş 9.985 manat əsas borcun tutulması barədə iddia tələbinə gəldikdə məhkəmə qeyd etmişdir ki, nisyə alqı-satqı müqaviləsi satıcı tərəfindən əşyanın alıcıya verilməsi, alıcının isə bununla bağlı hissə-hissə ödənişlərin edilməsini nəzərdə tutduğundan, satıcı tərəfindən əşyanın geri alındığı halda əşyanın satış qiymətinin (ödənilməmiş əsas borcun 9.985 manat hissəsinin) cavabdehdən tələb olunması tələbi əşyanın geri alındığı səbəbindən təmin edilməməlidir. Lakin bu qayda cavabdehi müqavilə üzrə dəymiş ziyan və tətbiq edilən cərimə məbləğlərinin ödənilməsindən azad etmir.
15. Ödənişlərə gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixinədək alıcı tərəfindən müqavilə üzrə icra edilməli olan, lakin icra edilməmiş növbəti ödəniş xx.xx.2024-cü il tarixdə həyata keçirilməli idi. Arayışdan görünür ki, həmin tarixə iddiaçının gecikdirilmiş borcu 9.985 manat təşkil edirdi. Həmçinin, xx.xx.2024-cü il tarixə ödənilməli olan, lakin ödənilməmiş 9.985 manat borc məbləğinin ödənilməməsinə görə cavabdehdən 1.000 manat cərimə (dəbbə pulu) tutularaq iddiaçıya ödənilməlidir. Cəriməninin ödənilməsi barədə iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Ona görə də xx.xx.2024-cü il tarixə ödənilməli olan, lakin ödənilməmiş 9.985 manat borc məbləğinin ödənişinin gecikdirilməsinə görə illik 5% həcmində hesablanmış faiz məbləğinin tutulması barədə iddia tələblərinə gəldikdə məhkəmə qeyd edir ki, həmin tələblər təmin edilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehdə borcun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixlixəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən gecikdirilmiş məbləğ ödənilməmişdir. İddiaçı gecikdirilmiş müddət üçün illik 5% hesablanmaqla 375,06 pul vəsaiti tələb etdiyindən, məhkəmə iddia tələbləri həcmində işə baxaraq, bu hissədə iddianı əsaslı hesab etmişdir.
16. Dəymiş zərərin məbləğləri ilə əlaqədar məhkəm hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş qüsur aktları ilə təsdiq olunduğundan, avtomobilə dəymiş 2.050,08 (aktlar üzrə 217,08+1.833) manat ziyan cavabdehdən alınaraq iddiaçı şirkətə ödənilməlidir. Qeyd olunan ziyanın mövcudluğu iş materialları ilə təsdiq olunsa da, iddiaçının qeyd etdiyi “avtomobilin dəyərdən düşməsinə görə” 6.995 manat ziyan məbləği iş materialları ilə öz təsdiqini tapmadığından, bu hissədə iddia tələbləri təmin edilməməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 385.1, 386.1, 421.1, 421.2, 442 , 443.1, 443.5, 445.1, 445.2.1, 448.1, 462.1, 467, 600.1, 600.4, 600.5 və 601.1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 avqust 2025-ci il tarixli, e-2(011)-4057/2025 nömrəli qətnaməsinin dəyişdirilməsi və iddia tələbinin müqavilə üzrə hesablanmış əsas borc hissəsində təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh avtomobilin dəyərini aylar üzrə hissələrə bölünərək iddiaçıya ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, avtomobilin xx.xx.2022ci il tarixində alıcıya təhvil verildiyi vaxtdan xx.xx.2024-cü il tarixində təhvil alındığı vaxtadək olan müddətdə ardıcıl bir neçə ay ödəniş etməmiş, nəticə etibarilə, heç bir əvəz olmadan avtomobili idarə etmişdir. İşin qeyd olunan halı iddiaçının sahibkarlıq fəaliyyəti məqsədilə verdiyi avtomobildən gəlir əldə edə bilməməsi, eyni zamanda həmin müddətdə avtomobili geri qaytarıb yenidən sata biləcəyi imkanından məhrum olmasına gətirib çıxarmış, cavabdeh isə əvəzsiz olaraq aylarla avtomobil idarə etmişdir. Buna görə də işin hallarına və qanunvericiliyin tələblərinə əsasən avtomobilin idarə edildiyi aylar üçün ödənilməmiş annuitet ödənişlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi qüvvədə olan qanunvericiliyin müvafiq normaları ilə kifayət qədər əsaslandırılmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan hallarına diqqət yetirilməmiş və iş yetərincə araşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, mübahisəli nəqliyyat vasitəsilə ilə bağlı müqavilə bağlamışlar, lakin qarşı tərəf ödənişləri gecikdirmişdir. Həmin müqaviləyə əsasən qarşı tərəf müqavilə şərtlərinə tam razı olmuşdur. Gecikdirmə ilə bağlı onlar qarşı tərəfə dəfələrlə müraciət etmələrinə baxmayaraq qarşılıqlı razılıq əldə olunmamışdır. Qarşı tərəflə aralarında bağlanmış müqavilədə konkret olaraq əsas borcun o formada qaytarılması ilə bağlı bir müddəa yoxdur. Qarşı tərəflə aralarında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsidir. Onlar bu müqaviləni lizinq müqaviləsi kimi götürürlər. Onlar nəqliyyat vasitəsini qarşı tərəfə etibar edərək verirlər. Nəqaliyyat vasitəsi qarşı tərəfdən geri alınan zaman real bazarda qiyməti düşmüş olur. Bu müqavilə münasibətləri lizinq münasibətləri ilə eynidir.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 26.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o, qətnamənin “Cavabdeh xx.xx.2022-ci il tarixli, B-041-AAE- 22 nömrəli alqı-satqı müqaviləsi üzrə 9.985 manat əsas borcun tutulmaması” hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bu hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 28.21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 29.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 30.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 31.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 32.443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 33.445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 34.448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 35.448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 36.567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. 37.601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 38.600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 39.606.1-ci maddəsinə əsasən, əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 40.606.4-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
41. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).
42. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
43. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
46. Belə ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında bağlanmış “Avtomobil alqı-satqısı üzrə” xx.xx.2022-ci il tarixli, В-041-AAE-22 saylı müqaviləyə əsasən satıcıiddiaçı müqavilənin şərtlərinə uyğun şəkildə modeli “Changan Uni-T”, buraxılış ili 2021 olan (VİN: LS5A3DKE4MA764409, rəng qara metallik) avtomobili dəyəri tam ödənilənədək texniki saz vəziyyətdə alıcının-cavabdehin istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür.
47. Cavabdehin müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirmədiyi, müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyi, yəni müqavilə şərtlərinin tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda, lazımi şəkildə ödənişləri həyata keçirmədiyi, bununla da satıcının hüquqlarını pozduğu işin mübahisələndirilməyən halıdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xeyrinə əsas borc üzrə 9.985 manat, cərimə borcu üzrə 2.700 manat, avtomobilə dəymiş real zərər (təmir (servis) xərcləri) olaraq 2.050,08 manat, nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə hesablanmış 6.995 manat, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 375,06 manat məbləğində pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
48. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4057/2025 saylı 4 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Hazırda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o, qətnamənin “Cavabdeh xx.xx.2022ci il tarixli, B-041-AAE-22 nömrəli alqı-satqı müqaviləsi üzrə 9.985 manat əsas borcun tutulmaması” hissəsindən narazıdır.
49. İddianı bu hissədə təmin etməyən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, bağlanılmış müqavilə nisyə alqı-satqı müqaviləsi olduğundan, həmin müqavilə üzrə ödəniş etmək öhdəliyi əşyanın alıcıya təqdim olunması ilə bilavasitə bağlıdır. Satıcının əşyanı geri alması isə bilavasitə müqavilənin satıcı tərəfindən xitamına dəlalət edir. Buna görə də müqavilənin xətm tarixi avtomobilin iddiaçı təşkilat tərəfindən geri alındığı xx.xx.2024-cü il hesab olunmalıdır. Nisyə alqı-satqı müqaviləsi satıcı tərəfindən əşyanın alıcıya verilməsi, alıcının isə bununla bağlı hissə-hissə ödənişlərin edilməsini nəzərdə tutduğundan, satıcı tərəfindən əşyanın geri alındığı halda əşyanın satış qiymətinin (ödənilməmiş əsas borcun 9.985 manat hissəsinin) cavabdehdən tələb olunması tələbi əşyanın geri alındığı səbəbindən təmin edilməməlidir.
50. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Alıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni satıcının müəyyən məbləğdə pul - müqavilə qiymətini almaq hüququnu pozduqda satıcının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək üzrə hüququnun yaranmasına əsasdır.
51. Verilmiş əşyanın geri qaytarılmasını tələb etməyən satıcı, alıcı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməsini tələb edə bilər.
52. Beləliklə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini, həmçinin gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
53. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyindən, yəni satıcının müəyyən məbləğdə pul-müqavilə qiymətini almaq hüququnu pozduğundan satıcının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək üzrə hüququ yaranmışdır. Belə ki, yuxarıda sadalanan normaların məzmununa görə alıcı tərəfindən müqavilə şərtləri pozulduğu halda qeyd edilən seçim iddiaçıya aid olur.
54. Hazırkı halda da müəyyən edilir ki, iddiaçı əşyanın cavabdehin sahibliyindən alınaraq ona qaytarılmasını təmin etməklə hüququnun realizəsi üsullarından məhz bu formanı seçmişdir. Belə olan halda iddiaçının, avtomobilin gec təhvil verildiyinə istinadən alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2022-ci il tarixindən avtomobilin təhvil verildiyi xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 9.985 manat əsas borcun hesablanaraq qarşı tərəfdən tutulmalı olması barədə tələbi məhkəmə kollegiyası əsaslı hesab etmir.
55. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə təmin oluna bilməzsə) rədd edilir.
56. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.
57. Tərəflər arasında bağlanmış “Avtomobil alqı-satqısı üzrə” xx.xx.2022-ci il tarixli, B- 041-AAE-22 nömrəli müqavilədə, müqaviləyə xitam verildikdən sonra avtomobilin təhvil verilməsinin gecikdirildiyi təqdirdə alıcının əldən çıxmış fayda olaraq pul vəsaitinin ödənilməli olması öhdəliyi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilən maddələrin məzmununa görə də iddiaçının istinad etdiyi formada pulun ödənilməsini tələb etməsi istisna olunur.
58. İddiaçı irəli sürdüyü bu tələbi əsaslandırmaq məqsədilə tərəflər arasında bağlanmış müqavilənin lizinq müqaviləsinin ünsürlərini özündə ehtiva etdiyini, həmin müqavilənin lizinq müqaviləsi kimi təfsir edilməli olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası müqavilənin şərtlərini mülki qanunvericiliyin müvafiq normaları ilə müqayisəli şəkildə təhlil aparaq iddiaçının bu mövqeyinin əsaslı olmadığı qənaətinə gəlir.
59. Belə ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Nisyə alqı-satqı müqaviləsi isə əşyanın alıcıya verildikdən müəyyən müddət sonra və ya qrafik üzrə (əşyanın hissə-hissə ödənilməsi) ödənilməsinə imkan verən alqı-satqı müqaviləsinin qanunvericilikdə nəzərdə tutulmuş növlərindən biridir. Həmin müqavilə əsasında yaranan məsələlərin tənzimlənməsi Mülki Məcəllənin ayrıca fəsli ilə həyata keçirilir.
60. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı müqavilənin, özündə əks etdirən şərtlərə görə lizinq müqaviləsi kimi təfsir edilməsi, yəni müqaviləyə xitam verildikdən sonra cavabdehin müqavilə predmeti olan avtomobildən istifadə etməsi üçün əldən çıxmış fayda şəklində pulun ödənilməli olması ilə əlaqədar iddiaçının mövqeyi səhvdir.
61. Belə ki, iddiaçı mübahisəli müqaviləyə görə alıcının əldə olunan əmlak üzərində mülkiyyət hüququnun ödənişlər tam şəkildə həyata keçirilənədək yaranmamasına istinad etsə də, kollegiya Mülki Məcəllənin 606.1-ci maddəsinə əsasən qeyd edir ki, daşınar əşyanın nisyə alqı-satqısı müqaviləsi üzrə satıcının alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamaq (mülkiyyət hüququnun saxlanması haqqında qeydşərt) imkanının müqavilədə nəzərdə tutulması yolveriləndir.
62. Bundan başqa mülki qanunvericiliyə görə lizinq alanın müqavilə ləğv olunduqdan sonra ödənişləri geri tələb etmək hüququ yoxdur. Halbuki mübahisəli müqavilənin 3.2.5-ci bəndinin a) yarımbəndi ilə satıcının müqaviləyə birtərəfli qaydada xitam verildiyi halda avtomobi ani likvid dəyəri ilə üçüncü şəxslərə satmaq, satış məbləği alıcının borcunu tam bağladıqda yerdə qalan məbləğinin alıcıya geri qaytarmaq öhdəliyi nəzərdə tutulmuşdur.
63. Daha sonra, hazırkı müqavilə üzrə tərtib edilmiş ödəniş qrafikinə əsasən cavabdehin ilkin ödənişi etdikdən sonra ödəməli olduğu qalan məbləğ 60 aya bölünmüş xalis alış qiymətindən ibarətdir. Halbuki lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir.
64. Ümumiyyətlə müqavilənin adından həmin müqavilənin avtomobilin alqı-satqısı barədə olması aydın müəyyən edilir və iddiaçının istinad etdiyi qeyri-müəyyənliklər cavabdeh-alıcının ziyanına şərh edilməməlidir.
65. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4057/2025 saylı 4 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev