Məhkəmə qərarları › İş №2(103)-5431/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5431/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5431/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərzittə Tofiq qızının katibliyi ilə, 3-cü şəxs X2 və nümayəndəsi (vəkili) X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2400/2021 saylı 16.02.2021-ci il tarixli qərardadından 3-cü şəxs X4 və cavabdeh Azərbaycan Respublikasıının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti tərəfindən verilmiş şikayətlərə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2400/2021 saylı 16.02.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 15 saylı bazarın 15 saylı filialının (20x6 kv.metr sahəsi olan əsaslı tikinti və ona əlavə olaraq (çardaq formasında) 20x6 kv.metr sahəsi olan köməkçi sahə olan) üzərinə həbsin qoyulması və həmin qeyri-yaşayış sahəsinin üzərində müəyyən hərəkətlərin edilməsinin kənar şəxslərə qadağan edilməsi qərara alınmışdır. X4 göstərilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. X4 həmçinin iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın və qəbul edilmiş iddia təmin etmə tədbirinin onun maraqlarına toxunduğunu bildirmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 18.08.2020-ci il tarixdə təşkil etidiyi hərracda iştirak edərək, ən yüksək qiyməti təklif edərək hərraca çıxarılmış Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 15 saylı bazarın 15 saylı filialını hərracın qalibi olaraq almışdır. Buna əsasən əmlakın alqı-satqı müqaviləsi tərtib olunmuş, müqavilə tərəfləri tərəfindən imzalanmışdır. 05.10.2020-ci il tarixdə mənə mülkiyyət hüququmu təsdiq edən sənəd olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Hal-hazırkı işin materiallarından da bəlli olur ki, cavabdeh olmadığı halda əmlakının üzərinə həbs qoyulması yuxarıda yazılan qanunvericiliyin normalarının pozulması ilə nəticələnib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2400/2021 saylı 16.02.2021-ci il tarixli qərardadından həmçinin, cavabdeh Azərbaycan Respublikasıının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur.Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmuş və daha sonra özəlləşdirilərək xüsusi mülkiyyətə keçmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X4 və onun nümayəndəsi və vəkili X3 şikayətlərin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclası barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və ərizə qismən təmin edilməlidir. Belə ki, kollegiya hesab edir ki, işin bu cür halında mübahisəli qeyri-yaşayış sahəsi həqiqətən satıla, bağışlana və ya sair üsulla özgəninkiləşdirilə bilər. Buna görə də mübahisəli qeyri-yaşayış sahəsinin özgəninkiləşdirildiyi, iddianın isə təmin edildiyi təqdirdə qətnamənin icrası həqiqətən çətinləşə və ya qeyri-mümkün ola bilər. Nəzərə alınmalıdır ki, iddia təmin etmə tədbirinin görülməsi mübahisə predmetini qoruyub saxlamaqdan ibarətdir. Buna görə də iddianı təmin etmək üçün tədbirlər görülərək mübahisəli qeyriyaşayış sahəsinin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Kollegiya hesab edir ki, ərizə həmin qeyri-yaşayış sahəsi üzərində müəyyən hərəkətlərin edilməsinin kənar şəxslərə qadağan edilməsi hissəsində isə təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş X2 mülkiyyət hüququnu təsdiq edən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında 05.10.2020-ci il tarixli çıxarış verilmişdir və o, bundann başqa hal hazırda orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikasının MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün hakim cavabdehə müəyyən hərəkətləri etməyi qadağan edə bilər. Kollegiya onu da qeyd edir ki, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir.Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayətlər qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2400/2021 saylı, 16.02.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı iddianın təmini tədbiri haqqında ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Qızılbaş qəsəbəsində yerləşən 15 saylı bazarın 15 saylı filialının (20x6 kv.metr sahəsi olan əsaslı tikinti və ona əlavə olaraq (çardaq formasında) 20x6 kv.metr sahəsi olan köməkçi sahə olan) özgəninkiləşdirilməsi qadağan edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar