Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5432/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-435/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Baktel Electronics” MMC-dən dəyəri 2368 manat olan İphone 13 Pro markalı telefonu ödəniş etməklə almışdır. xx.xx.2022-ci il tarixli Zəmanət talonu ilə telefonun zəmanət müddəti 12 ay müəyyən edilmişdir.
2. Daha sonra həmin cihazda qüsur yaranmış və iddiaçı bununla bağlı Cavabdeh MMC-yə qüsurun aradan qaldırılması ilə bağlı müraciət etmişdir.
3. 08 fevral 2023-cü il və 10 iyun 2023-cü il tarixlərdə Baktel Electronics” MMC tərəfindən cihaza diaqnostik baxış keçirilmiş və cihazdakı probləmlərlə bağlı aktlar tərtib edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 2368 manat məbləğində pulun və 43,68 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2022-ci ildə Cavabdeh MMC-yə məxsus telefon dükanından iphone 13 pro markalı (imei **********88224) telefonu 2368 manat ödəniş edib almışdır. Aldığı müddətdən 5 gün keçdikdən sonra telefonda problemlər yaranmağa başladı. O, yenidən telefonu aldığı dükana müraciət etdi və ona bildirdilər ki, telefonunu başqa yeni telefonla əvəz edə bilərlər. Ona yeni adı ilə başqa telefon təqdim etdilər və həmin günü ona məlum oldu ki, bunlar tərəfindən ona təqdim edilən yeni telefon işlənmiş telefondur. Yenidən bu məsələ ilə bağlı telefonu aldığı mağazaya müraciət etdi və ona verdikləri telefonu geri götürərək ona bildirdilər ki sizin ilk telefonunuzda heç bir problem yoxdur sadəcə proqram yeniləmək lazım olduğu üçün tərəflərindən yeni proqram yüklənildi və telefon yüksək səviyyədə işləyir. Telefonu götürdükdən sonra yenidən problemlər yaranmağa başladı. Tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdi. Müraciətindən sonra həmin qurum tərəfindən telefonun yoxlanılması üçün iphone məhsullarının Azərbaycanda fəaliyyət göstərən servisinə göndərildi və servis tərəfindən telefonu yoxlanıldıqdan sonra təlefonun açılması və içərisində işlərin aparılması və düzgün aparılmaması qeyd edilən məktub ona təqdim edildi. Yenidən bu sənədləri götürüb həmin dükana müraciət etdi və ona məxsus telefunu aktla texniki servisə qəbul etdilər. İndi cavabdeh tərəfindən ona nə yeni telefon nə də telefon üçün ödədiyi 2368 manat geri qaytarılmır. Bu səbəbdən məhkəməyə müraciət etmişdir.
6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-435/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı tərəfindən ********** nömrəli qəbzlə ödənilmiş 44 manat dövlət rüsumu İddiaçı geri qaytarılması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan Cavabdeh MMC-nin 10 iyun 2023-cü il tarixli aktından və “İspace” Service Center-in xx.xx.2023-cü il tarixli aktından görünür ki, cihazda yaranan qüsur qısaqapanma nəticəsində yaranmışdır. Lakin həmin problemin istehsalçı tərəfindən qüsurlu malın təqdim edilməsi səbəbindən, yoxsa istehsalçının qüsuru ucbatından yarandığı qeyd edilməmişdir. Eyni zamanda sonuncu aktda qeyd edilmişdir ki, cihaz qoşulmur. Cihaz başqa yerdə açılıb. Plata üzərində işlər görülmüşdür. Platada qısa qapanma əmələ gəlib. Batareya cihazdan çıxarılıb, yenidən yerinə qoyulduqda öz zavod kleyi ilə yapışdırılmayıb. Görünür ki, iş materiallarından olan aktlarda qüsurun istehsal xarakterli qüsur səbəbindən yarandığı qeyd edilməmişdir. İddiaçının özünü də təqdim etdiyi “Whatsapp” ani mesajlaşma xidməti vasitəsilə aparılan yazışmalarının ekran görüntülərindən görünür ki, telefon onu mülkiyyətinə keçdikdən sonra aşkar olunan ilk qüsur mobil telefonun kamerası ilə əlaqədar olmuş, həmin qüsur cavabdeh tərəfindən aradan qaldırılmışdır. Daha sonra kifayət qədər uzun müddət ərzində - fevral ayından iyun ayınadək telefonla bağlı iddiaçı tərəfdən hər hansı müraciət olmamış, iyun ayında yaranmış nasazlıq isə qısaqapanma nəticəsində yarandığı təsbit edilmişdir. İddiaçı məhkəməyə 2023-cü ilin oktyabr ayında müraciət etmişdir. Məhkəmə ekspertizası tədqiqatının aparılmasından imtina edildiyinə görə mülki işin materiallarında ekspert rəyinin olmamasına baxmayaraq, həm cavabdeh cəmiyyət, həm də “İspace Servis” Mərkəzinin təqdim etdiyi aktla mobil telefonda nasazlığın səbəbiin qısaqapanma olduğu təsbit edilmişdir. Məhkəmə hesab etmişdir ki, aktlar mülki işin digər materialları ilə uyğunsuzluq təşkil etmədiyindən,mötəbər sübut kimi qiymətləndirilə bilər. Həmçinin məhkəmə iclasına dəvət edilmiş mütəxəssis X5 öz ifadəsində həmin qüsurun hansı səbəbə görə yarandığını, qüsurun aradan qaldırılmasının zəmanətin təsiri altına düşüb-düşməməsini qeyd etmir. O öz ifadəsində mühəndis qüsurun istehsalçının səhvi ucbatından yarandığı təsdiq edilmədikdə, qüsurun aradan qaldırılması xərclərinin zəmanətə aid edilə biləcəyini qeyd edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının öz seçimi ilə Mülki Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilənləri tələb etmək hüququ o halda yaranır ki, satıcı əvvəldən məlumat vermədən lazımi keyfiyyəti olmayan əşyanı versin. Hazıki mülki işdə həmin hal öz təsdiqini tapmır. Belə ki, telefonu əldə etdikdən sonra, 2023-cü ilin yanvar ayında mobil telefonda yaranmış nasazlıq telefonun kamerası ilə əlaqədar olmuş və o qüsur sarıcı tərəfindən aradan qaldırılmışdır. İddiaçı özü də izahatında bu halı təsdiq etmiş və mobil telefonda ilk qüsur yaranan vaxt məhkəməyə müraciət etməmişdir. Digər tərəfdən ikinci dəfə mobil telefonda aşkar edilmiş qüsur zəmanət müddəti ərzində aşkar edilmişdir. Lakin zəmanət talonunun özündə qeyd edilmişdir ki, qüsur kənar qüvvələrin təsiri, bədbəxt hadisə, istehlakçının və ya üçüncü şəxsin hərəkəti nəticəsində yarandıqda, qüsur texnikanın rütubəti, yüksək və ya aşağı temperatur, korroziya, oksidləşməyə məruz qalması, daxilində kənar əşya, maddə, maye və həşəratın düşməsi nəticəsində yarandıqda zəmanət öhdəlikləri şamil edilmir. Mobil telefonda yaranmış qüsur qısaqapanma nəticəsində yarandığından, həmin qüsur mobil telefonun iddiaçının bir neçə ay istifadəsində olduqdan sonra yarandığına görə, qüsurun istehsal xarakterli qüsur olduğu qənaətinə gəlmək ağlabatan mühakimə əsasında inandırıcı deyil. Belə olan təqdirdə cavabdeh həmin qüsur üzrə öhdəlik daşıya bilməz. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi qanunun normalarının dispozitiv şərtləri ilə uyğunluq təşkil etməməkdədir. Məhkəmə daha sonra iddiaçının mobil telefonun digər region üçün istehsal edildiyinə görə müqavilədən imtina etməsi dəlilinə münasibət bildirərək də qeyd edir ki, mobil smartfonun həmin region üçün istehsal edilməməsi satıcı tərəfindən Mülki Məcəllənin əşyanın keyfiyyəti barədə (Mülki Məcəllə 581-ci maddə) tələblərə cavab verməyən malın satılması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi iş materialları ilə qüsurun istehsal xarakterli qüsur səbəbindən yarandığı müəyyən edilmədiyindən, cavabdeh həmin qüsur üzrə öhdəlik daşıya bilməz. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qanunun normalarının dispozitiv şərtləri ilə uyğunluq təşkil etməməkdədir.
8. Məhkəmə mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 581.1, 581.2, 587.1, 587.2, 588, 588.1, 588.2, 589.1-ci və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli Qərarı, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007- ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 115, 119.1, 216-220-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-435/2024 nömrəli xx.xx.2024-cü saylı qətnaməsinin qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarından göünür ki, məhkəmə iclasına dəvət edilmiş mütəxəssis X5 ifadəsində bildirmişdir ki, diaqnostika rəyi onun işlədiyi “İspace” servis mərkəzi tərəfindən təqdim edilmişdir. Telefon ana platada olan problemə görə işləmir. Onlarda ana plataya rəsmi müdaxiləyə icazə yoxdur. Onlar diaqnostika edib, yaranmış problemi müəyyən edirlər. Belə ki, cihaz region üçün istehsal edilməyibsə, onlar həmin cihaz üçün nə zəmanət daxili, nə də ödənişli xidmət göstərə bilmirlər. Apple şirkəti buna icazə vermir. Mühəndis qısaqapanmanın istehlakçı qüsuru səbəbindən baş verdiyini sübut edə bilmirsə, cihaz zəmanətin təsiri altına düşə bilər. İş materiallarından da aydın görünür ki, telefonun istehlakçının təqsirindən işləməməsi sübuta yetirilməmiş, əksinə onun istehsal qusuru səbəbindən işləməməsi müəyyən edilmişdir. Bundan başqa cavabdehin qısaqapanma ilə bağlı dəlilləri ilə bağlı bildirir ki, qısaqapanma məsələsindən daha əvvəl aparılmış müayinələr zamanı telefonun platasında problem olduğu müəyyən edilmiş və guya aradan qaldırıldığı qeyd edilsə də telefon alıcıya verildikdən sonra yenə də eyni problemlə üzləşmişdir. Son nəticədə cavabdeh alıcının hüquqlarını kobud surətdə və dəfələrlə pozmuşdur. Odur ki, telefon zəmanət şərtləri əsasında dəyişdirilməli və ya onun dəyəri alıcıya tam olaraq, qaytarılmalıdır. Buna baxmayaraq, cavabdeh bundan imtina edərək alıcını təqsirkar çıxarmağa çalışmışdır. Göründüyü kimi məhkəmə iş üzrə zəruri araşdırma aparmadan işə bir tərəfli və qeyriobyektiv baxaraq, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etməklə maddi və prosessual hüquq normalarının tələblərini kobud pozmuşdur. Odur ki, qətnamə apellyasiya qaydasında ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, o, telefonu alandan sonra onun hüququ var idi ki, 14 gün ərzində cavabdehə müraciət etdi. O da telefonda problem olduğu üçün bu barədə zəng etdi və ona telefonu gətirməyini, telefonun dəyişiləcəyini dedilər. Amma, ona işlənmiş telefon veriblər. Bu barədə ona iş yoldaşları dedi. Telefonu sistemdə qeydiyyatdan keçirəndə problem yarandı. Mağazaya zəng edib bu barədə deyib, ona dedilər telefonu onlara aparsın. Əvvəl ona dedilər ki, əlavə ödəniş də ödənilməlidir. O bunun səbəbini soruşanda proqramında qüsur olduğunu dedilər. O da onlara niyə ona işlənmiş telefon verdiklərini soruşdu. O, telefonu xx.xx.2022-ci ildə almışdı, 6 yanvar 2023-cü ildə aktivləşdirdi. Fevralda isə telefonda problemlər yarandı.Çox telefon da işlətmir ki, problem yaransın. O, telefondakı problemlə bağlı yenidən onlara müraciət edəndə sistemdə yenilənmənin olduğunu dedilər. İyun ayına kimi dəfələrlə telefonu onlara aparıb-gətirib. Ekranı işləmirdi, telefonu işlətmək mümkün deyildi. Ona demişdilər ki, telefon təmir edilsə icazə alınacaq. Bu barədə akt da tərtib edildi ki, onun razılığı olmadan telefon təmir olunmasın. İki tərəfli imzaladılar. O, telefonun ancaq diaqnostikaya göndərilməsini istəmişdi. Amma, cavabdeh telefonu ondan xəbərsiz təmir etdirib, telefonun platasın dəyişiblər. Bu barədə ona da deməyiblər. Amma, bununla belə telefon yenə də işləmədi. O da telefonu bu dəfə cavabehə yox, "İSpace"ə apardı. Orada telefon diaqnostika olundu və ona dedilər ki, bu telefon Azərbaycan üçün nəzərdə tutulmayıb, platası da dəyişilib. Bu barədə rəyi cavabdehə təqdim edib. O zaman dedilər ki, telefon təmir edilib. Onun istehlakçı hüquqları pozulub. Pulumu da qaytarmadılar. "İSpace" telefonu təmir üçün götürmədi. Telefon artıq yararlı deyil. Onun razılığı olmadan təmir edilib, platası dəyişilib. "İSpace"in nümayəndəsi də bu halı təsdiq etdi. Telefonun təmirini cavabdeh edib. O ancaq diaqnostika üçün "İSpace"ə aparıb. Telefonun təmir olunduğunu cavabdehin vəkili məhkəmədə öyrəndi, heç məlumatı yox idi. Telefonu o təmir etdirməyib. Özləri ediblər. Cavabdehlə yazışmaların ekran görünütlərini məhkməyə təqdim etmiş. Cavabdeh telefonu dəyişdirib əvəzində istifadə edilmiş telefon verib.Telefon sentyabr ayından aktiv edilmişdir. Bunu bildirəndə onu cavabdeh çağırdı. Ona dedilər ki, telefonu qutusundan çıxarmışlar, sərhəd keçirmə ilə bağlı problemləri olub. Amma, telefon istifadə olunmayıb. O, 6 ay aktiv olan telefon istəmədi. Onun istehlakçı hüquqları pozulub. İddiaçı onlardan əvvəlki telefonun ona qaytarılmasını tələb etdi. Çünki, telefon onun işinə görə lazımdır. Dəfələrlə telefonu ondan alıblar. Təhvil-təslim aktı da tərtib etməyiblər. Aktları sonradan məhkəməyə təqdim ediblər. Telefonun diaqnostikası ilə bağlı tərtib edilən aktda onun da imzası var. Akta əsasən telefon diaqnostika edilməli və onun xəbəri olmadan təmir edilməməli idi. Amma buna baxmayaraq cavabdeh telefonu ona bildirmədən, ondan xəbərsiz təmir etdirib. O bunu sonradan öyrənmiş. “İspace" rəsmi “Apple” markasının məhsullarını satır və təmir işlərini həyata keçirir.Servisin rəhbəri də məhkəməyə gəlmişdi. O da bildirdi ki, telefonda təmir işləri aparılıb və platasında dəyişiklik olub.Telefonun platası onun ən vacib hissəsidir. Cavabdeh də bunu dəyişib və ona bildirməyib. Telefonun təmir edilməsini də məhkəmədə öyrənmiş. Müştəri məmnuniyyəti belə olmur. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
13. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı telefonla bağlı müraciət etmişdir, dərhal telefon təmir edilib, özünə qaytarılıb.Rayon məhkəməsində ekspertiza təyin edildi, amma ekspert rəy verməkdən imtina etmişdir. Telefon ümumiyyətlə, enerji üçün çox saxlanılanda problem ola bilər. İddiaçı telefonu əldə edən zaman heç bir problemi olmayıb.Sonradan telefonda problem yaranıb, təmir edilib iddiaçıya qaytarılıb. İddiaçı telefonu götürməkdən imtina edib.İş materiallarına əlavə edilən telefon hazırda işlək haldadır, heç bir problemi yoxdur. Onlar da telefonu məhkəməyə təqdim etmişlər. İddiaçı isə telefonu götürmək istəməyir, pulunu tələb edir.Telefonda cavabdehin səhvi ucbatından qüsur olmayıb. Telefonu təmir etdirmək cavabdehin vəzifəsi də deyildi, sadəcə müştəri məmnuniyyətinə önəm verdikləri üçün təmir etmişlər. Rayon məhkəməsində telefonla bağlı fikir bildirən şəxs mütəxəssis deyildi. Həmin şəxsin səlahiyyəti də olmayıb. “Apple” şirkətinin ölkədə rəsmi servisi yoxdur.Telefon hətta dəyişilib başqası təhvil verilib. Telefon iddiaçı tərəfindən istifadə edildikdən sonra problem yaranıb.Hazırda həmin telefonun istehsalı rəsmi şirkət tərəfindən dayandırılıb,telefonu qaytara bilməzlər. Onlar telefonu istehsal edən şirkət deyil, satışı həyata keçirirlər. Telefona müdaxilə edə bilməzlər. Telefonda qüsur olarsa da bu istehsalçının qüsurudur, cavabdehin deyil. Zəmanət müddəti də istehsalçının xətası olduğu halda telefon qaytarılması üçündür. Qısaqapanma onlardan aslı olan hal deyil. Amma telefonu götürüb dəyişiblər, bu da müştəri məmnuniyyəti üçündür. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Maddə 582.3. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. Maddə 583.4. Satıcının qarantiya müddəti ərzində qüsurları aşkar edilmiş əşyanın (komplektləşdirici məmulatın) əvəzinə verdiyi əşya (komplektləşdirici məmulat) üçün, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əvəz edilmiş əşya (komplektləşdirici məmulat) ilə eyni qarantiya müddəti müəyyənləşdirilir. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
21. Tərəflərin izahatları ilə təsdiqini tapan işin mübahisəsiz halları odur ki, İddiaçı Cavabdeh MMC-dən dəyəri 2368 manat olan İphone 13 Pro markalı telefonu ödəniş etməklə almışdır. Telefonun zəmanət müddəti 12 ay müəyyən edilmişdir. Zəmanət müddətində telefon cavabdehə təhvil verilmiş, əvəzində iddiaçıya başqa telefon verilmişdir. Telefon cavabdeh tərəfindən təmir olunmuşdur.
22. İddiaçının iddia tələbi odur ki, təzə aldığı telefon cavabdehə qaytarılmış onun əvəzində ona işlənmiş telefon verilmişdir. Bundan başqa, o , telefonun təmir edilməsinə razılıq vermədiyi halda telefon cavabdeh tərəfindən açılmış və platası dəyişdirilmişdir.
23. Cavabdeh MMC-nin 08 fevral 2023-cü il tarixli aktından görünür ki, xx.xx.2023-cü il tarixində servisə təqdim edilmiş İphone 13 Pro 128GB modelli avadanlıq mütəxəssislər tərəfindən diaqnostika olunmuşdur. İphone 13 Pro 128GB müştəri cihazın kamerasında qüsur olduğunu demişdir. Təmirə qəbul olunanda cihazda heç bir problem yox idi. Cihaz diagnostika olunduqdan sonra proqram təminatı yenidən yazılmışdır. Daha sonra dəfələrlə test edilmiş və cihazda qüsur aşkar edilməmişdir.
24. Cavabdeh MMC-nin 10 iyun 2023-cü il tarixli aktından görünür ki, xx.xx.2023-cü il tarixində servisə təqdim eidlmiş İphone 13 Pro 128GB modelli avadanlıq mütəxəssislər tərəfindən diaqnostika olunmuşdur. İphone 13 Pro 128GB müştəri cihazı təhvil verərkən telefon sönülü idi və yanmırdı. Cihaz diaqnostika olundu və problemin istehsalçı qüsuru deyil cərəyanla bağlı olaraq qısaqapanma nəticəsində platasında problem yaranmışdır. Müştərinin razılığı ilə cihaz təmir olunaraq və dəfələrlə test olunaraq müştəriyə təhvil verilmişdir.
25. Cavabdeh MMC-nin 04 avqust 2023-cü il tarixli aktından görünür ki, xx.xx.2023-cü il tarixində servisə təqdim edilmiş İphone 13 Pro 128GB modelli avadanlıq mütəxəssislər tərəfindən diaqnostika olunmuşdur. İphone 13 Pro 128GB müştəri cihazı təhvil verərkən telefon sönülü idi və yanmırdı. Cihaz diagnostika olundu və problemin istehsalçı qüsuru deyil cərəyanla bağlı olaraq qısaqapanma nəticəsində platasında problem yaranmışdır. Cihaz cari ilin iyun ayında eyni problemlə servisə təqdim olunmuşdur və müştərinin razılığı ilə təmir olunaraq təhvil verilmişdir. Cihazda yaranan cari problem eyni ilə cərəyanla bağlı qısaqapanma nəticəsində yaranmışdır. Cihaz servisdə diaqnostika olunduqdan sonra müştəriyə məlumat veriləcək və müştərinin razılığı olarsa təmir olunacaq.
26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin təqdim etdiyi aktdan da göründüyü kimi qısaqapanma nəticəsində telefonun platasında problem yaranmışdır. Aktda o cümlədən görünür ki, müştərinin razılığı olduğu təqdirdə telefonun təmir olunacağı qeyd edilmişdir.
27. Lakin “İspace” Service Center-in xx.xx.2023-cü il tarixli aktından görünür ki, cihaz qoşulmur. Cihaz başqa yerdə açılıb. Plata üzərində işlər görülmüşdür. Platada qısa qapanma əmələ gəlib. Batareya cihazdan çıxarılıb, yenidən yerinə qoyulduqda öz zavod kleyi ilə yapışdırılmayıb.
28. Məhkəmə kollegiyası qeyd edir ki, 1 illik zəmanət müddəti ərzində telefonun platasında qısa qapanma əmələ gəlib. Cavabdeh telefonda yaranmış qüsurun alıcının ondan istifadə etməsi nəticəsində yaranmasını sübut edə bilməmişdir.
29. Mülki Məcəllənin 588.1-ci maddəsində qeyd edilir ki, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. (Maddə 588.2)
30. Qanunvericiliyin tələbindən göründüyü kimi, əşyanın qüsurlarının alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübut etməklə bağlı sübutetmə yükü satıcının üzərinə qoyulur.
31. Hazırkı işin hallarından görünür ki, cavabdeh tərəfindən qeyd edilən hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
32. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün olmayan qənaətə gəlmişdir.
34. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-435/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, 2368 (iki min üç yüz altmış səkkiz) manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 43,68 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün 21,84 manat məbləğində rüsum cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməli, iş materiallarında olan maddi sübut İphone 13 Pro 128 GB Graphite markalı mobil telefon cavabdeh "xxxx" MMC-yə geri qaytarılmalıdır.
35. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində qeyd edilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
37. Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-435/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. 2368 (iki min üç yüz altmış səkkiz) manat məbləğində pul cavabdeh "xxxx" MMCdən alınaraq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 43,68 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün 21,84 manat məbləğində rüsum cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İş materiallarında olan maddi sübut İphone 13 Pro 128 GB Graphite markalı mobil telefon cavabdeh "xxxx" MMC-yə geri qaytarılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov