Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5434/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 avqust 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq hesablanmış 7.996,8 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. İddiaçıya məxsus yaşayış sahəsi iddiaçı ilə Birlik arasında bağlanmış müqaviləyə əsasən təbii qazla təchiz edilir. Bununla bağlı olaraq Birliyin əməkdaşları tərəfindən yaşayış sahəsində kənarda qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********00000). Birlik tərəfindən ona 7.996,8 manat məbləğində borcun hesablanmasından xəbər tutmuş iddiaçı, bunun səbəbləri barədə maraqlandıqda Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, iddiaçıya məxsus ünvana aid qaz sayğacına və qaz xəttinə baxış keçirilmiş və baxış zamanı təbii qazdan sayğacdankənar xətt vasitəsi ilə istifadə etdiyi aşkar edilmişdir və u səbəbdən də 2019-cu ilin yanvar ayında, 2020-ci ilin yanvar və fevral aylarında, 2023-cü ilin mart ayında bununla bağlı Birliyin əməkdaşları tərəfindən aktlar tərtib edilmiş və əlavə sərfiyyat kimi borc hesablanmışdır. İddiaçı qeyd edir ki, Birliyin əməkdaşları onun yaşadığı ünvana baxış keçirməmiş, onların tərtib etdikləri aktlara əlavə edilmiş fotoşəkillər ona məxsus ünvana aid deyil. İddiaçı bildirir ki, o və onun ailə üzvləri həmin ünvanda daimi yaşamırlar, orada yaşadıqları müddət ərzində isə təbii qazdan qanuna uyğun formada istifadə edirlər və istehlak etdikləri təbii qazın dəyərini də vaxtında ödəyirlər. Hesablanmış borc əsassızdır. Çünki ona məxsus yaşayış sahəsində qaz sayğacından kənar xətt mövcud olmamış, təbii qazdan qeyri-qanuni qaydada istifadə edilməmişdir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və verdikləri izahatlar barədə məlumat
3. İddiaçının vəkili (nümayəndəsi) Vəkil iddia tələbinin dəlillərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir.
4. Cavabdeh Birliyin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, Birliyin əməkdaşlarının tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar və həmin aktlar əsasında hesablanmış borc əsaslıdır və buna görə də iddia tələbi rədd edilməlidir.
5. Rayon Məhkəməsi tərəfindən işin baxılmasına müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Bakı Filialı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya məxsus yaşayış sahəsinə aid abonent hesabına hesablanmış 6.370,40 manat məbləğində borcun silinməsini, qalan hissədə iddianın təmin edilməməsini, 83,71 manat məbləğində dövlət rüsumu və 110 manat ekspertiza xərcinin cavabdeh Birlikdən alınaraq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddia ərizəsi 6.370,40 manat məbləğində borcun silinməsi hissəsində əsaslı, 1.626,40 manat məbləğində borcun silinməsi hissəsində isə əsassızdır. Cavabdeh Birlik, onun əməkdaşları tərəfindən iddiaçının barəsində tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda göstərilən halların mövcudluğunu, 2019 və 2020-ci illərdə tərtib edilmiş aktlar əsasında hesablanmış borcu qismən, yəni 1.626,40 manat məbləğində borca aid hissədə sübuta yetirə bilmişlər. Borcun qalan hissəsinin əsaslılığı sübuta yetmir. d) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə müxtəlif vaxtlarda baxış keçirilərkən iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında cavabdeh Birliyə maddi zərər dəymişdir. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək, iddianın bir qisminin təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakları barədə məlumat
10. İddiaçı, cavabdeh Birliyin nümayəndəsi və iş üzrə üçüncü şəxs olan Enerji X1 Bakı Filialının nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının həddi barədə məlumat
11. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir.
12. Cavabdeh Birlik qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilib, iddia tələbinin tam həcmdə rədd edilməsini xahiş etsə də, apellyasiya çikayətinin məzmunundan görünür ki, Birlik, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir.
13. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) işdə olan sənədlər barədə məlumat
15. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardan” görünür ki, Birliyin əməkdaşları Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirən zaman aşkar etmişlər ki, iddiaçıya məxsus ünvanda təbii qazdan qanunsuz olaraq istifadə edilir.
16. “Dəymiş ziyanın bərpasına dair tələbnamələrdən” görünür ki, itirilmiş təbii qazın həcmi xx.xx.2019-cu il tarixli akt üzrə 8.100 kub metr, xx.xx.2020-ci il tarixli akt üzrə 7.560 kub metr, xx.xx.2020-ci il tarixli akt üzrə 2.100 kub metr, xx.xx.2023-cü il tarixli akt üzrə 51.840 kub metr hesablanmışdır.
17. İddiaçının adına tərtib edilmiş “Abonent saldosundan” və işdə olan digər sənədlərdən görünür ki, əlavə sərfiyyat kimi iddiaçıya xx.xx.2019-cu il tarixli akt üzrə 810 manat, xx.xx.2020-ci il tarixli akt üzrə 756 manat, xx.xx.2020-ci il tarixli akt üzrə 210 manat və xx.xx.2020-ci il tarixli akt üzrə 6.220,80 manat, cəmi isə 7.996,80 manat məbləğində borc hesablanmışdır.
18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2025-ci il tarixli, 3/305 nömrəli rəydən görünür ki, iddiaçıya məxsus yaşayış sahəsinə aid qaz sayğacında və sayğaca bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir.
19. X2 Agentliyi Bakı Filialı tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçıya 2019-cu ildə tərtib edilmiş bir akt üzrə 810 manat, 2020-ci ildə tərtib edilmiş iki akt üzrə 966 manat, 2023-cü ildə tərtib edilmiş bir akt üzrə 6.220 manat olmaqla cəmi 7.996 manat (qanunsuz istifadə edilmiş qazın dəyəri) hesablanaraq onun abonent bazasına daxil edilmişdir. Qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydalarına” dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. “Qazdan istifadə Qaydaların” 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılmasıməsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu baxımdan, Qaydaların tələblərinə əməl edilmədən cavabdeh Birlik tərəfindən Qaydaların qüvvədə olduğu müddətdə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla hesablanmış itirilmiş təbii qazın 6.220 manat dəyəri abonentdən tələb edilə bilməz. 2019 və 2020-ci illərdə tərtib edilmiş aktlar əsasında hesablanmış məbləğlər analoji qaz qurğularından istifadə edilməklə istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saatdan çox olmayan işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda 4,1 kub metr x12 saat x 30 gün = 1.476 kub metr. Yay ayları üçün ayda 2,7 kub metr x12 saat x 30 gün = 972 kub metr . İtirilmiş qazın həcmi: 2019-cu ildə tərtib edilmiş 1 akt üzrə (3 qış ayı x 1.476 kub metr) 4.428 kub metr, 2020-ci ildə tərtib edilmiş 2 akt üzrə (4 qış ayı x 1.476 kub metr) 5.904 kub metr. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” həmin dövrdə qüvvədə Qərarına əsasən itirilmiş qazın dəyəri: 2019-cu il üzrə 665,6 manat, 2020-ci il üzrə 960,8 manat olmaqla cəmi 1.626,40 manat təşkil edər. Abonentin qazdan qanunsuz istifadə etməsi halı nəzərə alınarsa, qaz paylayıcısına dəymiş zərərin məbləği cəmi 1.626,4 manat müəyyən edilə bilər. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
20. Hazırkı apellyasiya baxışının predmetini nəzərə alan Məhkəmə, yuxarıda göstərilənlərə əsasən bildirir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttindən qanunsuz istifadə faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
21. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, hazırkı apelyasiya baxışının predmeti olan və Rayon Məhkəməsi tərəfindən silinməsi qət edilmiş 6.370,40 manat məbləğində borcun 6.220 manat hissəsi xx.xx.2023-cü il tarixli aktla hesablanmış borcdur.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
23. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
24. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin xx.xx.2023-cü il tarixli aktla bağlı hissəsinin həllinə yanaşdıqda müəyyən edilir ki, cavabdeh Birlik tərəfindən istehlakçının - iddiaçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir.
26. Belə ki, hazırkı mülki işin məhkəmə araşdırması zamanı Birliyin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib edilsə də, cavabdeh Birlik həmin aktda göstərilən faktı – iddiaçının təbii qazın talanmasında təqsirli olmasını təsdiq edə biləcək müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarlarını da məhkəmələrə təqdim etməmişdir.
27. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış borcun silinməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir.
28. Bu baxımdan hesab edilməlidir ki, cavabdeh Birliyin bildirdiyi və qətnamənin bu hissəsinə aid dəlili əsassızıdır.
29. Apelyasiya baxışının predmeti olan və Rayon Məhkəməsi tərəfindən silinməsi qət edilmiş 6.370,40 manat məbləğində borcun qalan (6.370-6.220=) 150 manat hissəsi 2019 və 2020-ci illərdə tərtib edilmiş aktlar əsasında hesablanmış borcun bir hissəsidir.
30. Birlik həmin borcun da silinməsi barədə Rayon Məhkəməsinin mövqeyini əsassız hesab etsə də, iş materiallarından görünür ki, Rayon Məhkəməsi bu nəticəyə gələrkən X2 Agentliyi Bakı Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsaslnamışdır.
31. Amma apellyasiya şikayətindən görünür ki, Birlik, Rayon Məhkəməsinin bu nəticəsini və X2 Agentliyi Bakı Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyi şübhə altına ala biləcək, sübutları Məhkəməyə təqdim etməmişdir.
32. Bu baxımdan hesab edilməlidir ki, cavabdeh Birliyin bildirdiyi və qətnamənin bu hissəsinə aid dəlili də əsassızıdır. i) apellyasiya baxışının nəticəsi
33. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissəsində Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissəsində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Odur ki, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
36. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 avqust 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.