Məhkəmə qərarları › İş №2(103)-5435/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5435/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5435/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinnin 22 may 2025-ci il tarixli, 2(011)-513/2009 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.858,70 (iki min səkkiz yüz əlli səkkiz manat yetmiş qəpik) manat məbləğində vurulmuş zərər və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu, cəmi – 2.878,70 (iki min səkkiz yüz yetmiş səkkiz manat yetmiş qəpik) manat alınaraq, iddiaçı "xxxx" MMC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2009-cu il tarixli, 2(011)-513/2009 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2.858,70 manat məbləğində sığorta ödənişi və 20 manat dövlət rüsumu, cəmi 2.878,70 manat (iki min səkkiz yüz yetmiş səkkiz manat yetmiş qəpik) "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə müddətin bərpası barədə ərizə ilə birlikdə qətnamədən apellyasiya şikayəti vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, məhkəmə iclaslarında iştirak etmiş, həmin iclasda iddia tələbinə etiraz etmişdir. Məbləğin şişirdilmiş olduğunu bildirmişdir. Daha sonra məhkəmə iclası təxirə salınmış və bundan sonra ona heç bir məlumat verilməmişdir. Qətnamə ona təqdim edilməmiş, həmçinin icradan ona heç bir məlumat verilməmişdir. O daha sonra avtomobilini dəfələrlə "xxxx" ASC-də sığorta etdirmiş, həmçinin dəfələrlə ölkəni tərk etmişdir və bu zaman da ona heç bir məlumat verilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-513/2009 nömrəli 22 may 2025-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-513/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinnin 22 may 2025-ci il tarixli 2(011)-513/2009 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə müddətin bərpa edilməsini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdeh işdən və borcdan, hətta qətnamədən məlumatı olmuşdur. xx.xx.2025-ci il tarixində cavabdeh şirkətin hesabına 204,00 manat ödəniş edilmişdir. Lakin məhkəmə elə hesab etmişdir ki, cavabdehin ümumiyyətlə işdən xəbəri olmamışdır. Tərəf olaraq məhkəmə iclasına çağrılmadıqlarından iclasda iştirak edə bilməmiş və müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişlər. Belə ki, elektron kabinet vasitəsi ilə bu iş üzrə göndərilən sənədlərin heç biri, hətta bildiriş belə onların sistemində görsənmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinnin 2(011)-513/2009 saylı, 05 avqust 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Mülki işin materiallarından görünür ki, Cavabdeh məhkəmənin xx.xx.2009-cu il tarixli iclasında iştirak etmişdir. Beləliklə də birinci instansiya məhkəməsi cavabdehi lazımi qaydada məlumatlandırmaq vəzifəsini məhkəmə iclasının vaxtı və yeri barədə bildirişləri ünvanına göndərməklə mülki prosessual qanunvericiliyə uyğun şəkildə icra etmişdir. Əksinə cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq sonrakı məhkəmə iclaslarında heç bir üzrlü səbəb təqdim etmədən iştirak etmədiyi müəyyən edilmişdir. Cavabdehin qətnamənin rəsmi qaydada ona verilmədiyinə istinadı ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə baxışı iclasında iştirak etdiyi, bununla da barəsində mülki icraat qaydasında araşdırmanın aparıldığından məlumatlı olduğu təqdirdə cavabdehin 16 illik müddət ərzində müvafiq araşdırmanın yekunları ilə maraqlanmaması, bunu hər-hansı üzrlü səbəblə əsaslandırmaması da ağlabatan deyildir. Belə olan halda kollegiya cavabdehin istinad etdiyi arqumentlərini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxaraq müvafiq nəticəyə gəlməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa iş materiallarından görünür ki, qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(011)-513/2009 saylı qətnaməsi icra olunması üçün xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinə yönəldilmişdir. İcra məmuru Şaiq Hüseyn tərəfindən qəbul edilmiş xx.xx.2009-cu il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(011)-513/2009 saylı icra sənədi üzrə icraat başlanılmış, könüllü icra barədə bildiriş borcluya və tələbkara ünvanlanmışdır. İcra sənədinin icrası istiqamətində cavabdeh tərəfindən şirkətin hesabına xx.xx.2025-ci il tarixində 204,00 manat məbləğində ödəniş edilmişdir. Kollegiya həmçinin onu da qeyd edir ki, cavabdehin prosessual müddətin bərpa olunması barədə ərizədə istinad etdiyi və barəsində hər hansı sübutu təqdim etmədiyi halların üzrlü hesab edilməsi mülki prosessual qanunvericiliyə ziddir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh məhkəmə aktlarından şikayət vermək üzrə subyektiv hüququ lazımi qaydada həyata keçirməmiş, bu hüququnu realizə edərkən digər proses iştirakçısının «ədalətli məhkəmə baxışına olan hüququ»nu pozmaqla sui-istifadəyə yol vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apelyasiya şikayəti vaxtında verilmədiyindən, şikayəti vermə müddətinin buraxılmasının üzrlü səbəbdən baş verdiyini isə müəyyən etmək mümkün olmadığından Bakı şəhəri Xətai Rayon Məhkəməsinnin 2(011)-513/2009 saylı 22 may 2025-ci il tarixli qərardadı ləğv edilməli, apelyasiya şikayətinin verilmə müddətinin bərpasına dair ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinnin 2(011)-513/2009 saylı 22 may 2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-513/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə Cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməsin. İş sonrakı prosessual hərəkətlərin aparılması (apelyasiya şikayətinin geri qaytarılması) üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar