Məhkəmə qərarları › İş №2(103)-5438/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5438/2024

13.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5438/2024 13.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2024-cü il tarixli qərardadından cavabdehlərin birgə verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki işə baxmış Suraxanı Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə iş üzrə icraatın həmin məhkəməsinin icraatında olan 2(010)-3616/2024 saylı mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmasını qərara almışdır. Cavabdehlər həmin qərardaddan Rayon Məhkəməsinə birgə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişlər. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsini və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddiaya mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı X2 cavabdehlər Bakı Şəhər 37 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin ləğv olunması və sair tələbi barədə” iddiasına dair 2(010)-3616/2024 saylı mülki iş Suraxanı Rayon Məhkəməsinin icraatındadır. Hazırkı iş üzrə əhəmiyyət kəsb edən bağışlama müqaviləsi digər şəxs tərəfindən mübahisələndirildiyindən və iş üzrə yekun qərar qəbul etmək mümkün olmadığından hazırki iş üzrə icraat dayandırılmalıdır. Cavabdehlərin həmin qərardaddan verdiyi şikayət isə onunla əsaslandırılmışdır ki, hər iki mülki işin predmetini eyni mənzil təşkil edir və hər iki iş üzrə iddiaçılar mənzillə bağlanmış həm eyni, həm də digər müqavilənin etibarsız hesab olunmasını tələb edirlər. Lakin məhkəmə icraatda olan işləri birləşdirmək əvəzinə icraatı dayandırmışdır. Şikayətin dəlillərini əsaslı hesab edən Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandırır. Qeyd edilən maddənin tələbindən göründüyü kimi, iş üzrə icraatın dayandırılması üçün baxılan başqa iş həll edilməyincə işə baxmağın mümkün olmaması şərtinin mövcud olması tələb olunur. Lakin iş materiallarından belə bir şərtin mövcud olduğu müəyyən edilmir. Belə ki, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi, onun ləğv edilməsi tələbindən asılı deyil. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə icraatı yuxarıda qeyd edilən əsasla dayandırmaqda səhv nəticəyə gəlmişdir. Məhkəmə, şikayətin işlərin birləşdirilməli olması barədə dəlilinə münasibətdə bildirir ki, bu məsələ işə baxan birinci instansiya məhkəməsinin səlahiyyətindədir. Apellyasiya baxışının predmetini təşkil etmədiyindən həmin dəlilə qiymət verilməsi mümkün deyil. Məhkəmə, apellyasiyanın nəticələrinə və MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2024-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar