Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5442/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “lizinq müqaviləsi üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-288/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli İF/06049 saylı X2 müqaviləsi üzrə 13373.96 AZN (on üç min üç yüz yetmiş üç manat 96 qəpik) borcun, 70.00 AZN (yetmiş manat) yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələr və avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 AZN (əlli manat) olmaqla cəmi 13493.96 AZN (on üç min dörd yüz doxsan üç manat 96 qəpik) və mediasiya xidmət haqqı kimi ödədikləri 200.00 AZN (iki yüz manat) iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə təşkilatı arasında xx.xx.2022-ci il tarixli İF/06049 saylı 36 ay müddətli Daxili Lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “Mercedes Benz ML 500” minik markalı ** AX *** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Üç aydır heç bir ödəniş edilmir. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən də görüldüyü kimi cavabdeh 07 yanvar 2023-cü il tarixindən başlayaraq 03 avqust 2023-cü il tarixinə qədər hər ay 847.37 AZN (səkkiz yüz qırx yeddi manat 37 qəpik) olmaqla, 6778.96 AZN (altı min yeddi yüz yetmiş səkkiz manat 96 qəpik) ödəniş etməli olduğu halda cəmi 2540.00 AZN (iki min beş yüz qırx manat) ödəniş etmişdir. Cavabdehin qalıq borcu 4238.96 AZN-dir (dörd min iki yüz otuz səkkiz manat 96 qəpik) (6778.96 AZN-2540.00 AZN). Avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi aktına əsasən lizinq obyektinin təmir və ehtiyyat hissələrinin ümumi məbləği 9135.00 AZN (doqquz min yüz otuz beş manat) və 70.00 AZN (yetmiş manat) yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələr və avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 AZN (əlli manat) xidmət haqqı təşkil edir.
3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-288/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Səbinə Nuriyeva) ilə iddia qismən təmin edilmiş, Cavabdeh yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələrin əvəzi kimi 70 (yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməsi qət edilmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, cavabdeh lizinq obyektini bizim qeyd etdiyimiz tarixdə deyil, daha əvvəl təqdim etdiyinə dair hər hansı yazılı dəlil o cümlədən votsap yazışması sms və s təqdim edə bilmədi. Məhkəmə yalnız cavabdehin şifahi izahatını əsas götürüb hesab etdi ki, lizinq obyekti cavabdehin qeyd etdiyi vaxtda onlara təqdim olunmuşdur. Digər tərəfdən aktda adları qeyd edilən şəxslər təşkilatın əməkdaşları olub və cavabdehin iş üzrə şahidləri lizinq obyektinin həmin şəxslər tərəfindən təhvil aldıqlarını qeyd edir. Lizinq obyektinin alınmasında iştirak edən şahidlərin izahatlarından görüldüyü kimi, lizinq obyekti onlarda olarkən ən azı nasaz vəziyyətdə olub. Digər şahid də izahatında bildirdi ki, hava isti idi və qısaqol köynək geyindiyimiz yadımdadır. Mart ayı qısa qol köynək geyinmək üçün uyğun bir ay deyil, amma iyul ayı isə qısa-qol köynək geyinmək üçün uyğun bir aydır. Məhkəmə iclası dəfələrlə təxirə saldı ki, cavabdeh hər hansı bir sübut təqdim etsin. Cavabdehin heç bir sübut təqdim etməməsinə baxmayaraq yenə də məhkəmə iddia tələbini təmin etmədi və öz hüquqi mövqeyini cavabdehin mülahizələrinə əsasən qəbul etdi. Məhkəmə cavabdehin müqavilə üzrə ödənilməyən lizinq ödənişlərinin ümumi məbləğini qeyd edərkən, lizinq obyektinə dəymiş zərəri və bu zərər nəticəsində iddiaçı olaraq əldən çıxmış gəliri nəzərə almamışdır. Cavabdehin lizinq obyektini saz vəziyyətdə saxlamaq və müqavilənin şərtləri pozulacağı təqdirdə təşkilata qaytarmaq öhdəliyi vardır. Məhkəmə qərar qəbul edərkən bu məqamı nəzərə almamışdır. Odur ki, qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh neçə aydır ki, ödəniş etmədiyinə görə avtomobil MMC-nin əməkdaşları tərəfindən ondan təhvil alınıb. Təhvil-təslim aktından da görünür ki, avtomobil 31 iyul tarixində cavabdehdən götürülüb, lakin cavabdeh imzalamaqdan imtina etdiyi üçün aktda onun imzası yoxdur.
7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. BB333429 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin surətindən görünür ki, “Mercedes Benz ML 500” minik markalı ** AX *** dövlət nömrə nişanlı avtomobilin sahibi xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-dir.
10. Lizinq verən "xxxx" MMC, lizinq alan Cavabdeh və satıcı X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən Satıcı, Lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsini - “Mercedes Benz ML 500” minik markalı 2005-ci il buraxılışlı avtomobili AlıcıLizinq verənə satır. Alıcı-Lizinq verən isə həmin nəqliyyat vasitəsini Lizinq alana lizinq vermək üçün əldə edir və razılaşdırılmış məbləği Satıcıya ödəyir.
11. xx.xx.2022-ci il tarixli daxili daxili lizinq müqaviləsindən görünür ki, Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana 36 ay müddətinə illik 36% ilə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə görə Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-ə («Lizinq ödənişləri cədvəli») müvafiq olaraq lizinq ödənişlərini Lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür.
12. xx.xx.2022-ci il tarixli İF/06049 saylı daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə lizinq məbləği 18500 manat, mükafat məbləği 12005,33 manat, müddət 36 ay, aylıq ödəniş 847,37 manatdır.
13. xx.xx.2022-ci il tarixli İF/06049 saylı daxili lizinq müqaviləsinə 2 saylı əlavə xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Mercedes Benz ML 500” minik markalı **-AX-*** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi Cavabdeh təhvil verilmişdir.
14. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 08/17 №-li xəbərdarlıq məktubundan görünür ki, sonuncudan müqavilə üzrə öhdəliyin 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
15. xx.xx.2023-cü il tarixli 068/23 №-li avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktından görünür ki, xx.xx.2022-ci il tarixli İF/06049 saylı daxili maliyyə lizing müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus Mercedes Benz ML 500 minik markalı, ** AX *** dövlət nömrə nişanlı, ban №4JGBB75E86A0433993, 2005-ci il buraxılışdan, qara rəngdə) dövlət qeydiyyat nişanlı avtomobilə lizinq təminatı verilmişdir. xx.xx.2023-cü il tarixdə göstərilən avtomobilin ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 9135,00 (doqquz min bir yüz otuz beş) manat təşkil etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin avtomobilin real dəyəri 21000,00 (iyirmi bir min) manat məbləğində təşkil etmişdir. Avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zəruri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 10 000,00 (On min) manat məbləğində müəyyən olunmuşdur.
16. Xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin sifarişinə əsasən “Mercedes Benz ML 500” minik markalı ** AX *** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə Bakı şəhərində qiymətləndirilməsi üçün xidmət haqqı 50 manat təşkil edir.
17. 16.11.2023-cü il tarixli ödəniş tapşırığı ilə müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Bakı 2 saylı Mediasiya təşkilatına 210 (iki yüz on) manat ödəniş edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Maddə 748.3. Lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır. Maddə 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: Maddə 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
23. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
26. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
27. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
31. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Mercedes Benz ML 500” minik markalı ** AX *** dövlət nömrə nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən cavabdeh dəyəri 18500 manat olan avtomobili 36 ay müddətinə illik 36% olmaqla almışdır. Qeyd olunan avtomobil xx.xx.2022ci il tarixdə lizinq alan kimi Cavabdeh təhvil verilmişdir. İddiaçı daxili lizinq müqaviləsinə əsasən 07 mart 2023-cü il tarixindən başlayaraq 03 avqust 2023-cü il tarixinə qədər ödənilməmiş məbləğin, vurulmuş zərərin, yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələr və avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilən məbləğin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
38. Hazırda iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, rayon məhkəməsi tərəfindən iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
39. Rayon məhkəməsi lizinq müqaviləsinə əsasən yaranmış borcun və dəymiş zərərin tutulması hissəsində iddia tələbini təmin etməyərək öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində 07 yanvar 2023-cü il tarixindən başlayaraq 03 avqust 2023-cü il tarixinə qədər hər ay 847.37 manat olmaqla, 6778.96 manat ödəniş etməli olduğu halda cavabdehin cəmi 2540 manat, yəni 3 ay üzrə (847.37 manat x 3 ay = 2542,11) ödəniş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin ödənişlərinin 2023-cü ilin yanvar ayından 2023-cü ilin mart ayınadək olan dövrü əhatə etdiyini bildirmişdir. Hazırda iddiaçı müqavilə üzrə 2023-cü ilin mart ayından 2023-cü ilin avqust ayınadək (5 ay) geriyə qalan 4238,96 manat borcun ödənilməsini tələb edir. Bu halda avtomobilin həmin müddət ərzində cavabdehin istifadəsində olmasını sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, iddiaçı təşkilat ilə cavabdeh arasında avtomobilin lizinqə verilməsi barədə lizinq müqaviləsi və həmin müqavilə əsasında lizinq obyektinin təhvil-təslim aktı mövcuddur. Cavabdeh tərəfindən avtomobil təhvil alındıqdan sonrakı ilk 3 ay müddəti üzrə (yanvar, fevral və mart) cəmi 2540 manat ödəniş edilmişdir. Mübahisələndirilən hal isə avtomobilin nə zaman iddiaçıya qaytarılması - təhvil verilməsidir. İşin faktiki hallarından görünən odur ki, həmin əmlak xx.xx.2022-ci il tarixdə lizin verən, lizinq alan və satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı ilə Cavabdeh təhvil verilmiş, bununla belə, 2023cü ilin fevral ayından etibarən lizinq alanın sahibliyində olmamışdır. İddiaçı tərəf həmin lizinq müqaviləsinin obyekti olan əmlakın xx.xx.2023-cü il tarixədək lizinq alanın sahibliyində olduğunu, əmlakın iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil alındığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Halbuki iddiaçı qeyd olunan müddət ərzində avtomobilin istifadəsinə görə pul tələb etdiyindən bu halı sübut etmək onun sübutetmə yükünə daxildir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar isə mötəbər olmamışdır.
40. Rayon məhkəməsi iddia tələbinin lizinq obyektinin təmir və ehtiyat hissələrinin ümumi məbləği kimi 9135.00 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini, səbəbli əlaqəni təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli qüsur aktı təqdim edilsə də, həmin qüsur aktı məhkəmə tədqiqatı ilə müəyyən olunmuş avtomobilin cavabdehdən təhvil alındığı tarixdən təqribən 4 aydan sonra tərtib edilmişdir ki, bu halda məhkəmə hesab edir ki, həmin dəlil mötəbər hesab oluna bilməz.
41. İddia tələbinin avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat məbləğin tutulması hissəsinə münasibətdə rayon məhkəməsi qeyd etmişdir ki, lizinq obyektinin ehtiyat hissələrinin və təmir xərclərinin tələb edilməsi ilkin tələbdən, yəni lizinq müqaviləsindən doğan tələbdir. Lizinq obyekti olan əmlakın isitismarı ilə bağlı (ehtiyat hissələri və təmir xərcləri) xərclərin tələb edilməsi üçün ilkin olaraq lizinq müqaviləsinin obyekti olan əmlakın cavabdehin istifadəsi nəticəsində vurulmuş olması sübuta yetirilmiş olmalı idi.
42. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi iş üzrə müəyyən olunmuş faktiki hallara əsasən onlara tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmiş və haqlı olaraq iddia tələblərini qismən – yalnız yol hərəkəti qaydalarının pozulmasına görə yaranan 70 (yetmiş) manat inzibati cərimələrin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı hesab edərək təmin etmişdir.
43. Belə ki, mülki iş materiallarında olan çıxarışlardan (i/v səh 66,67) görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə lizinq obyekti olan avtomobillə inzibati xəta törədərək müvafiq olaraq 50 manat (İXM 346.1. Dayanma qaydalarını pozmağa görə) və 20 manat (İXM 328.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə) məbləğlərində cərimə olunmuşdur. Göründüyü kimi avtomobil xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə cavabdehin sahibliyində olmuş və inzibati xəta törətməklə avtomobilə cərimələr məhz cavabdehin təqsiri səbəbindən yazılmışdır. Bu səbəbdən iddiaçı mülkiyyətində olan avtomobilin cavabdeh tərəfindən istifadəsi nəticəsində yaranmış həmin cərimə məbləğlərini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
44. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
46. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
47. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsinin qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və mülahizə xarakterlidir, iddiaçı şikayətin dəlillərini təsdiq edən kifayət qədər əsaslı, mötəbər sübutlar təqdim edə bilməmişdir. Bu baxımdan apellyasiya şikayəti təmin oluna bilməz, rayon məhkəməsi faktlar nöqteyinəzərindən əsaslı və mahiyyəti üzrə düzgün qənaətə gəlmişdir.
49. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
50. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
52. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
53. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-288/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.