Məhkəmə qərarları › İş №2(103)-5452/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5452/2021

10.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5452/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X6 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı X5 nümayəndəsi və iddiaçı tərəfdən müstəqil tələb irəli sürən üçüncü şəxs X1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2(010)- 100/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı, X7 və X13 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat kompensasiya verilməklə övladları ilə birlikdə ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X7, X8 qarşı kompensasiya məbləğinin artırılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kompensasiya məbləğinin 15000 manat müəyyən edilməsi və ona vurulmuş 13800 manat məbləğində maddi ziyanın, cəmi 28800 manat məbləğində pulun İddiaçı, X7, X4 alınıb ona ödənilməsi, mənzildən çıxarılma və kompensasiya məbləğinin artırılması və vurulmuş maddi ziyanın ödənilməsi tələblərinin eyni vaxtda icra olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X13, X9 Cavabdeh qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat kompensasiya verilməklə övladları ilə birlikdə onlara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğlu Mustafayev Zöhrab ilə 2008-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan onların 17 sentyabr 2009-cu il təvəllüdlü X21 və 19 fevral 2012-ci il təvəllüdlü X16 doğulmuşlar. Hazırda cavabdeh ona məxsus evdə yaşayır. Lakin, birgə yaşayış qaydalarına əməl etmir, konfliktlər yaradır. Ancaq istifadə hüququ olmağına baxmayaraq cavabdeh ondan həyətdəki ona məxsus tikililəri sökməyi tələb edir. Qarşılıqlı iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia tələbi üzrə qoyulmuş kompensasiya məbləği həddən artıq aşağıdır. O, həmin məbləğə hazırkı qurduğu şəraitdə, 3 il müddətinə 3 otaqlı mənzil kirayə götürə bilməz. Belə ki, o, ilkin iddiaçıların nəvələri və övladları olan 2 övladı - 17.09.2009-cu il təvəllüdlü X26 oglu və 19.01.2012-ci il təvəllüdlü X14 ilə öz vəsaiti hesabına təmir etdiyi 3 otaqlı evdə yaşayır. Oğlu 11, qızı 8 yaşındadırlar və onların eyni otaqda yatmasına nə etik normalar, nə də oğlunun sağlamlığı yol vermir. Belə ki, oglu Ömər "Hemipleqik spastik serebral iilic, USİ.sol tərəfli hemiparez” xəstəliyindən əziyyət çəkir, həm əqli, həm də fiziki qüsurludur. Daim qıcolmaları olur, müalicə altındadır. Gecəyarı qıcolması ola bildiyinə görə daim onun yanında tibbi təhsili olan baxıcının qalması vacibdir. Odur ki, uşaqların hər biri ayrı otaqlarda yatmalı olduqlarına görə kirayə tutacağı ev 3 otaqlı, normal şəraitli ev olmalıdır. İlkin iddiaçının təklif etdiyi 7500 manat hazırkı bazar qiymətinə qəti uyğun deyil. 3 il müddətinə 3 otaqlı evin kirayə tutulması üçün kompensasiyanın real və ədalətli məbləği 15000 manat olmalıdır. Bundan başqa, yaşadığı evdə 2019-cu ilin sentyabr ayından, onun və övladlarının həmin evə istifadə hüququnun yaranması barədə qətnamə qanuni qüvvəyə minərək icraya yönəldikdən və onlar həmin ünvandakı evə rəsmi qeydiyyata düşdükdən sonra evin əvvəlki vəziyyəti yaşamaq üçün yararsız vəziyyətdə olduğundan evdə öz hesabına təmir işləri aparmış və evə ayrı qaz, su və işıq xəttləri çəkdirərək sayğaclar alıb qoydurmuş, təmir işlərini də ilkin iddiaçıların razılığını alaraq etmişdir. Əgər ilkin iddiaçıların ona kompensasiya verməklə istifadə hüquqlarına xitam vermək fikirləri var idisə, onlar bunu o, evi təmir etməzdən əvvəl deməli idilər ki, belə olan halda o, heç bir təmir işi aparmaz, nə maddi, nə mənəvi, nə də fiziki əziyyətlər çəkməzdi. O, maddi vəziyyətinin aşağı olan vaxtında çarəsiz qalıb normal şəraitdə yaşamaq üçün, özünə və uşaqlarına normal şərait qurmaq məqsədilə 2 bankdan 5000 və 2200 manat məbləğlərində kredit götürmüşdür. Tək qadın olaraq təmir işlərinin onun üçün nə qədər ağır və sarsıdıcı olduğunu keçmiş qayınatası və qayınanası gördüyü halda, onun kreditə götürdüyü pullar və valideynlərinin etdiyi kömək nəticəsində ona evi təmir etdirərək, daha sonra ona 7500 manat kompensasiya verməklə onun və övladlarının istifadə hüquqlarınaa xitam verdirmək ilkin iddiaçıların bilərəkdən düşünülmüş planıdır ki, bunun da nəticəsində o, uşaqlarıyla bərabər küçədə qalmış, ilkin iddiaçılar isə mənfəət qazanmış olurlar. Belə ki, onun pulu və əziyyəti hesabına tam təmir olunmuş şəraitli bir ev qazanırlar. O, banklardan götürdüyü kredit məbləğlərinə görə əlavə olaraq da faiz ödəməlidir və hazırda da ödəyir. Azərbaycan Beynəlxalq Bankından 26.09.2019-cu il tarixli, BPM **********40 nömrəli kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədlər üçün 48 ay müddətinə, illik 20 % ödəmək şərti ilə 5000 manat kredit, 01.11.2019-cu il tarixdə Kapital Bankdan 01.11.2019-cu il tarixli, BRSP 1588721A109 nömrəli kredit kartına dair müqaviləyə əsasən illik 20 faiz dərəcəsi ilə 2200 manat pul götürmüşdür. Həmin pulun üzərinə də öz vəsaitindən pul qoyub evi təmir etdirmişdir. Aşağıda göstərdiyi siyahı üzrə evin təmirinə 10000 manat pul xərcləmişdir: usta və fəhlələrə ödənilən pul - 3000 manat; mal-materiala və sayğacların alnması, qaz, işıq və su xəttlərinin cəkilməsinə - 5600 manat; materialların taksi ilə daşınmasına 300 manat; zibilin daşınmasına 100 manat; darvazanın alnması və qoyulması üçün 800 manat; pilləkənin tikilməsi 200 manat. Pilləkənlər tikiləndən sonra ilkin iddiaçılar olan ər-arvad ikisi birlikdə pilləkəni dağıtmış, pulunu ödədiyi darvazanı isə qoymağa imkan vermədiklərindən darvaza hasara söykənmiş vəziyyətdə bu günədək qalır. Bundan başqa, o, X4 boşanana qədər onların hazırda oturduqları evdə yaşamış, hazırkı yaşadığı ev şəraitsiz, rütubətli və kirayənişinlərə verilmiş bir ev olmuşdur. Boşandıqdan sonra, 2015-ci ilin dekabrında İddiaçı onun atasından 3000 manat kosmetik təmir və 800 manat kombi aparatı almaq üçün alaraq, evə yüngülvari əl gəzdirərək 2016-cı ilin yanvarında onları həmin evə köçürmüşdür. Həmin məbləğin də cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bir halda ki, ilkin iddiaçılar onun övladlarıyla bərabər istifadə hüquqlarına xitam vermək istəyirlər, elə isə onun 2015-ci ilin dekabr-yanvar ayında (3800 manat) və 2019-cu ilin sentyabr-noyabr aylarında (10000 manat) - cəmi 13800 manat yaşadığı evin təmirinə xərclədiyi pulunu ödəməlidirlər. İlkin iddiaçıların ona 7500 manat məbləğində kompensasiya ödəməklə onun mənzildən istifadə hüquqlarına xitam veriləcəyi təqdirdə o, normal yaşayış şəraitinin yaratmaq imkanından məhrum olur, həmin məbləğ bazar qiymətlərinə uyğun məbləğ hesab edilə bilməz və ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X13, X9 iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh onun oğlu Mustafayev Zöhrab ilə 2008-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan onların 17 sentyabr 2009-cu il təvəllüdlü X21 və 19 fevral 2012ci il təvəllüdlü X16 doğulmuşlar. Sonradan münasibətləri pozulmuş və 2015-ci ildə cavabdehin iddiası ilə Suraxanı Rayon Məhkəməsinə əsasən nikah pozulmuşdur. Hazırda məhkəmənin icraatında İddiaçı ilə Cavabdeh arasında mübahisəli mənzilə dair kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iş vardır. Onlar da mübahisəli mənzilin paylı mülkiyyətçiləridirlər. Hazırda cavabdeh onlara məxsus evdə yaşayır, lakin birgə yaşayış qaydalarına əməl etmir, konfliklər yaradır, yalnız istifadə hüququ olmağına baxmayaraq, hətta onlardan həyətdə olan onlara məxsus tikililəri sökməyi tələb edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il, tarixli 2(010)- 100/2021 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair ilkin iddiasının təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X7, X8 qarşı kompensasiya məbləğinin artırılması və təmirə çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X13 və X2 Cavabdeh qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi, üçüncü şəxslər tərəfindən ödənilmiş dövlət rüsumunun üçüncü şəxslərə aid edilməsi, iş üzrə aparılmış qiymətləndirmə xərci olan 500 manat məbləğində pulun 300 manatı ilkin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərdən müştərək qaydada, 200 manatı isə qarşılıqlı iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət olunmuşdur. Qətnamədən iddiaçılar İddiaçı, X7 və X13 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-100/2021 saylı iş üzrə 01.02.2021-ci il tarixli qətnaməsininin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini xahiş etmişlər. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-100/2021 saylı iş üzrə 01.02.2021-ci il tarixli qətnaməsininin qismən ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırırlar ki, qətnamə ləğv edilməli, ilk iddia təmin edilməli,qarşılıqlı iddia hissəsində qüvvədə qalmalıdır. Bildirir ki, Cavabdeh, oğlu X13 ilə 2008-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahda 17.09.2009-cu il təvəllüdlü X21, 19.02.2012-ci il təvəlüdlü X16 dünyaya gəlmişdir. Sonradan münasibətləri pozulmuş və 2015-ci ildə cavabdehin iddiası ilə Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə nikah pozulmuşdur. Hazırda cavabdeh ona məxsus evdə yaşayır, lakin birgə yaşayış qaydalarına əməl etmir, konflikt yaradır, yalnız istifadə hüququ olmağına baxmayaraq hətta ondan həyətdə özünə məxsus tikililəri sökməyi tələb edir. Göründüyü kimi Cavabdeh hüquqları arasında ona istifadə hüququ tanınmış evə dair sərəncam vermək hüququ yoxdur. O isə iddiaçıya məxsus evin hasarının bir hissəsini, həyətdəki hini sökmək, darvaza qoymaq, həmçinin həyətdə maşın saxlamaq istəyir. Bu zaman iddiaçının qanunun: 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.-maddəsi ilə təsbit olunmuş hüququ pozulmuş olduğunu qeyd etmişdir. Belə ki, bu evin ona məxsus olmasını təsdiq edən istər məhkəmə qətnaməsi, istər də həmin qətnamə çıxarılarkən mövcud olmuş reyestrdən çıxarışda göstərildiyi kimi həm ev həm də torpaq sahəsi onun mülkiyyətindədir. Hasar isə mühüm tərkib hissəsidir. Həmçinin qeyd edir ki, cavabdehin evə istifadə hüququ tanınmışdır, ona mülkiyyət hüququ ilə mənsub olan torpağa deyil, hin isə evdə deyil torpaq sahəsində yerləşir. Onların Cavabdeh qarşı ilk iddiaları və cavabdehin qarşılıqlı iddiasına dair məhkəmə işində “xxxx” MMC-nin verdiyi rəy qeyri obyektiv olmaqla nə real bazar qiymətlərini, nə də cavabdeh tərəfindən aparılmış özbaşına təmirlə bağlı görülən işlərin həcmini real əks etdirmir. Həmçinin həmin rəyin bizə tam (əsaslandırıcı hissə olmaqla) verildiyi gün 29.01.2021 il tarixdə verildiyi məhkəmə iclasında tanış olduqda onun əsassız, birtətəfli olması, bəzi hissələrdə qiymətlərin şişirdilməsi məqsədilə həm reallığa uyğun olmayan qiymətlərlə yazılması, eyni xərclərin iki dəfə hesablanması məlum oldu. İcarə qiyməti bir neçə elanla müqayisə olunmuşdur. Halbuki həmin elanlarda fotolardan göründüyü kimi tam təmirli və TAM EV ƏŞYALARİ ilə evlər kirayə verilir. Az-çox həyat təcrübəsi olan hər kəs bilir ki: Ev əşyaları ilə kirayə verilən evlərin qiyməti 20-30 % baha olur. Belə halda demək, orta ev kirayə qiyməti 200-220 manat olmalıdır ki, hətta xxxx göstərdiyi cədvəldə də bu qiymətlər var. Həmçinin bizim 29 yanvar məhkəmə iclasında verdiyimiz qiymətlər də bunu, yəni 200 manat orta qiymət olmasını təsdiq edir. Təmir işlərinin qiymətləndirilməsi heç bir mənbə göstərilmədən yazılmışdır. Kombi -2300 manat yazılmış, lakin nə kombinin markası göstərilməmiş, nə bu qiymətin hansı hissəsi kombinin cihazına,hansı hissəsi borulara,hansı hissəsi usta puluna bölünməsi bilinmir. Həmçinin nəzərə alınmamışdır ki, hansı hissə kombidə ev sahiblərinin, hansı hissəsi Cavabdeh qızna məxsus olması görünmür. Qeyd edir ki, yalnız kombi cihazının özü Cavabdeh atası tərəfindən alınmış, bütün qalan aksessuarlar iddiaçılara, yəni İddiaçı məxsusdur. İki otaqlı 50 kv.rn. otağa qaz, işıq, su çəkilməsi 4.400 manat qiymətləndirilib.Bu absurddur, çünki: Həmin otaqlarda əvvəldə işıq, qaz və su olub. Mübahisəli mənzil ümumi həyətdə olduğu üçün, oraya kommunikasiya çəkilməsi (təmir edilməsi) “ana” xəttdən deyil, həyətdəki mövcud xəttdən baş verir ki,bu zaman: Qaz-yalnız mətbəx və kombiyə çəkilir, qonaq və yataq otağına qaz çəkilmir, deməli ümümilikdə maksimum 10-20 m. qaz borusu çəkilmişdir ki, bunun qiymətinin 1475 manat olması (4.400 manatın 1/3) absurddur. Su-yalnız mətbəxə çəkilir, otaqlara çəkilmir deməli ümümilikdə maksimum 10-20 m. su borusu çəkilmişdir ki, bunun qiymətinin 1475 manat olması (4.400 manatın 1/3) absurddur. Qeyd edir ki, su borusunun metri 1,5 manatdır ki, deməli itkiləri də nəzərə alsaq boruya xərclənən pul 70-80 manat, dövlətdən icazə alınması rəsmi qiyməti 220 manatdır. Elektrik xətti-ınətbəx, iki otaq, sanitar qovşağı-50- 100 metr naqil, həmçinin rozetkalar-bunun qiymətinin 1475 manat olması(4.400 manatın 1/3) absurtdur. Həmçinin qeyd edir ki, otaqlarda əvvəldən işıq olmuş, yalnız bayırdan elektrikin çəkilməsi,həmçinin rəsmi icazə verilməsi 220 manatdan artıq ola bilməzdi. Əlavə olaraq qeyd edir ki, bu rəqəmin 4.400 manat hansı hissəsinin materiala, hansı hissəsinin “razılıq alınması”, hansı hissəsinin usta puluna aid edilməsi açıqlanmır. İnternet və kabel - 980 manat-bu qiymət heç bir formada əsaslanmır, belə ki, bu qiymətə internet eyni vaxtda 10-20 abonentə xidmət verən peşəkar internet klublara çəkilən internetin qiymətinə daha çox uyğun gəlir. Kameralar şəxsi texniki vasitədir, onun təmir qiymətinə salınması absurddur, eyni əsasla hörmətli cavabdeh şəxsi istehlak üçün aldığı telefon adapterini də təmirin qiymətinə sala bilər. Həm 4-cü həm 5-ci bənddə internet qiymətinin iki dəfə sadalanması,ekspertin bu işdə qeyri obyektiv və qeyri peşəkar olmasını sübut edir. Həmçinin həm 4 həm 5-ci bənddə yazılmış rəqəmlərin 980 və 400 manat hissələrə bölünməməsi-hansı hissəsi internet çəkilişi, hansı hissəsi kamerlar, onların markası, firma qiyməti göstərilməməsi -“rəyin” qeyri obyektiv olmasını sübut edir. Cavabdehə məxsus, quraşdırılmamış, darvazanın təmirə aid edilməsi absurddur. Üstəlik quraşdırılmamış darvazaya dair “usta daxil” yazılması “ekspertin” ya qeyri peşəkarlığının ya da bu işdə qeyri obyektivliyinin birbaşa sübutudur. Usta pulu yazılması, lakin 2650 manat rəqəminin ustaların sayı, gördükləri iş sadalanmadan bölünməməsi, ’’rəyin” bu hissədə də mücərrəd, birtərəfli olmasını sübut edir. “Rəyin” 4-cü bəndində yazılmış-telefon,internet və s.400 manat” və təkrar 12-ci bənddə “rabitə və digər xərclər”-170 manat yazılması, yəni ekspertin nə telefon, nə də internet olmayan hansısa “rabitə” kəşf etməsi onu bir daha qeyri peşəkar edir. Həmçinin bildirir ki, məhkəmə iclasına dəvət etmələri barədə vəsatətləri təmin olunmadığı, iltizama qol çəkmədiyi üçün, bu “rəy” -RƏY sayıla bilməz. Ədliyyə Nazirliyinin müvafiq qurumu mövcud olduğu halda MEM, mühəndis texniki, həmçinin əmtəəşünaslıq ekspertizaların böyük təcrübəsi olduğu halda,bu formada “rəyin” sübut kimi qəbul edilməsi yolverilməzdir. Ümumiyyətlə onlar təmirə razılıq vermədiklərini, bütün şəxsi əşyalaranın o, cümlədən, kameraların, krosnanın cavabdeh tərəfindən aparılmasına etiraz etmədiklərini bildirmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-100/2021 saylı qətnaməsi qismən ləgv edilməli, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, bazar qiymətinə uygun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını almalıdır. İşdə tərəflər arasında kompensasiya qiyməti ilə bağlı mübahisə vardır, iddiaçı tərəfin təklif etdiyi kompensasiya məbləğini işin hallarını, cavabdehin sosial vəziyyətini, öhdəsində olan azyaşlı uşaqlarının olmasını nəzərə alaraq onlara layiqli həyat şəraitinin təmin edilməsi baxımından yetəri hesab etmir. Belə olan halda nə qədər ki, mülkiyyətçi olan ilkin iddiaçı təklif etdiyi kompensasiya məbləğinin artırılmasına razı deyildir, məhkəmə isə təklif edilən məbləği bazar qiymətinə mütənasib hesab etmir, ilkin iddia tələbi də təmin edilə bilməz. Çünki, bazar qiymətinə uygun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilərkən mülkiyyətçinin müəyyən edilən məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Belə razılıq alınmadan kompensasiya təyin edilməklə iddianın təmin edilməsi yolverilməzdir, tikin iddia tələbi təmin edilmədiyinə görə Məhkəmə qarşılıqlı iddia tələbinin də təmin olunmasını mümkünsüz saymışdır. Belə ki, qarşılıqlı iddianın əsası kompensasiya məbləği və evin təmirinə çəkilən xərclərin verilməsi üzərində qurulmuşdur. Mülkiyyətçi ilə kompensasiya məbləği razılaşdırılmadığına görə istifadə hüququna xitam verilməsi tələbi təmin edilməmişdir. Deməli, qarşılıqlı iddiaçı mübahisəli evdə yaşamağa davam edir və təmirə çəkilən xərcin tutulması barədə tələb də təmin edilə bilməz. Məhkəmə içlasında ilkin İddiaçı oglu təklif etdiyi kompensasiyadan əlavə olaraq təmirə çəkilən xərclərin əvəzi kimi 2500 manat da (cəmi 10 000 manat) verə biləcəyini bildirmişdir. Baxmayaraq ki, məhkəmənin ilk günlərində onun evdə ümumiyyətlə təmir işləri apardığını inkar etsələr də, sonda təmir işlərinin onun tərəfdən aparıldığını bu şəkildə etiraf etmişdir. Bundan başqa, şahid ifadələri, qiymətləndirmə rəyi və məhkəməyə təqdim olunmuş digər sübutlarla qarşılıqlı iddianın qanuni və əsaslı olduğu sübuta yetirildiyini, onun qarşılıqlı iddiası kompensasiya məbləğinin 15000 manat müəyyən edilməsi və təmirə çəkdiyi xərcin 13800 manat - cəmi 28800 manat pulun cavabdehlər İddiaçı oglu, X7 və X4 alınıb ona ödənilməsi və “mənzildən çıxarılma” ilə “kompensasiyanın və ona dəymiş ziyanın cəmi 28800 manat pulun cavabdehlərdən alınıb ona ödənilməsi”-nin eyni vaxtda icra olunmasından ibarət olduğunu bildirmişdir. Hesab edir ki, onun iddiasının təmin olunması üçün ilkin iddiaçıların razılığı gərək deyildir, belə ki, kompensasiyanın və təmirə çəkilən xərcin ilkin iddiaçılardan alınıb ona ödənilməsi və mənzildən çıxarılmanın eyni vaxtda icra olunması barədə iddianı təmin olunacağı təqdirdə ilkin iddiaçıların qətnaməni icra etməyəcəkləri halda, yəni kompensasiya məbləği və təmirə çəkilən xərcin ona ödəməyəcəkləri halda mənzildən çıxarılmağı barədə qətnamə də icra olunmayacaq. Onun azyaşlı 2 uşaqla bərabər olduqça aşağı məbləğ təklif etməklə istifadə hüququna xitam verərək mənzildən çıxarılmağının tələbini qoyan ilkin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərdir, elə isə həm bazar qiymətinə uygun kompensasiyanı, həm təmirə çəkdiyi xərclərini ödəməklərini qeyd etmişdir. Odur ki, qarşılıqlı iddiasının təmin olunması, qətnamənin qalan hissədə isə dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X5 nümayəndəsi və iddiaçı tərəfdən müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ikin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini, iddialar üzrə ilk iddianı 10.000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X11 qarşılıqlı iddia tələbininin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Həmçinin, 15.000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Apellyasiyanın hədləri ilə bağlı Kollegiya qeyd edir ki, iddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin edilməməsi hissəsində mübahisələndirir. Apellyasiyanın hədləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddiaın təmin edilməməsi hissəsində mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əşyaları ilə birlikdə evdən çıxarılma və evin boşaldılması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı övladları ilə birlikdə evə istifadə hüququnun tanınması tələbinə dair qarşlılıqlı iddia üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı ilkin iddiası təmin edilməmiş, Cavabdeh qarşılıqlı iddiası təmin edilmiş, onun övladları 17 sentyabr 2009-cu il təvəllüdlü X21 və 19 yanvar 2012-ci il təvəllüdlü X14 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evə istifadə hüquqları tanınmışdır. İş materiallarına əlavə edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin seriya RX, ******* № li çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara- Çuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli ev mülkiyyət hüququ əsasında İddiaçı, 0.06 ha torpaq sahəsi isə birgə mülkiyyətçilər İddiaçı, X10 və X8 məxsusdur. İş materiallarına əlavə edilmiş, “xxxx” MMC-nin iş üzrə verdiyi 07 dekabr 2020-ci il tarixli qiymətləndirmə rəyinə görə, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 saylı fərdi yaşayış evinin yerləşdiyi ərazidə orta aylıq kirayə haqqı, kommunal xərclər daxil olmadan 300,00 manatdir və həmin evin bir hissəsinin, yəni 50.71 kv.m. sahəsinin təmirinə çəkilən xərclərin ümumi məbləği 12800 manat təşkil etmişdir. Beləliklə, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi ilkin İddiaçı məxsusdur. Mustafayeva Səməngül və X12 Nadirin həyat yoldaşı və oğludur. Cavabdeh İddiaçı keçmiş gəlini kimi mübahisəli evə məhkəmə qaydasında istifadə hüququ əldə etmişdir. Hazırkı iddia ilə İddiaçı kompensasiya verməklə həmin hüquqa xitam verilməsini istəyir, Cavabdeh isə qarşılıqlı iddia irəli sürərək daha böyük kompensasiya ilə yanaşı, həm də evin təmirinə çəkdiyi xərcin əvəzini istəyir. Tərəflər kompensasiya məbləği ilə bağlı razılığa gəlməmişlər. Mülki Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilir ki, qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun hüququ mövqeyi ondan ibarətdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, «Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçinin və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Belə ki, qanunvericiliyin tələbinə görə yaşayış sahəsinə istifadə hüququ olan şəxsə qarşı mülkyyətçi tərəfindən istifadə hüququna xitam verilməsi tələbi irəli sürülərkən istifadə hüququna son qoyulmasının əvəzi kimi yaşayış sahəsinin yerləşdiyi ərazi və digər parametrlər nəzərə alınaraq kompensasiya müəyyən edilməlidir. Qanunverici məhdud əşya hüququ olan istifadə hüququna münasibətdə mütləq əşya hüququ olan mülkiyyət hüququnu üstün tutsa da, hüquq itirən şəxsin layiqli həyat şəraitinə uyğun şəkildə yaşayış yeri ilə təmin olunması hüquunu da tanıyır və buna görə də itirilmiş hüququn əvəzinə kompensasiya verilməsini nəzərdə tutur. Hazırkı işdə tərəflər arasında kompensasiya qiyməti ilə bağlı mübahisə vardır və məhkəmə kompensasiya qiymətinin müəyyən edilməsi ilə bağlı “xxxx” MMC-nin verdiyi rəyi mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası iddiaçı tərəfin təklif etdiyi kompensasiya məbləğini işin hallarını, cavabdehin sosial vəziyyətini, öhdəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq onlara layiqli həyat şəraitinin təmin edilməsi baxımından yetəri qədər hesab etmir. Belə olan halda, nə qədər ki, mülkiyyətçi olan ilkin iddiaçı təklif etdiyi kompensasiya məbləğinin artırılmasına razı deyildir, məhkəmə isə təklif edilən məbləği bazar qiymətinə mütənasib hesab etmir, ilkin iddia tələbi də təmin edilə bilməz. Çünki, bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilərkən mülkiyyətçinin müəyyən edilən məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Belə razılıq alınmadan kompensasiya təyin edilməklə ididanın təmin edilməsi yolverilməzdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X13 və X2 iddiaları ilə bağlı məhkəmə qeyd edir ki, üçüncü şəxslərin iddiaları əsassızdır. Ona görə ki, iş materiallarından göründüyü kimi, mübahisəli evin mülkiyyətçisi İddiaçıdur. Üçüncü şəxslər isə mübahisəli evin yerləşdiyi torpaq sahəsinin birgə mülkiyyətçiləridirlər. Mübahisə evlə bağlı olduğuna görə üçüncü şəxslərin kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddia irəli sürmələrinə subyektiv hüquqları yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İlkin iddia tələbi təmin edilmədiyinə görə, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi də təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddianın əsası kompensasiya məbləği və evin təmirinə çəkilən xərclərin verilməsi üzərində qurulmuşdur. Mülkiyyətçi ilə kompensasiya məbləği razılaşdırılmadığına görə istifadə hüququna xitam verilməsi tələbi təmin edilməmişdir. Deməli, qarşılıqlı iddiaçı mübahisəli evdə yaşamağa davam edir və təmirə çəkilən xərcin tutulması barədə tələb də təmin edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair ilkin iddiasının təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X7, X8 qarşı kompensasiya məbləğinin artırılması və təmirə çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X13 və X2 Cavabdeh qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi, üçüncü şəxslər tərəfindən ödənilmiş dövlət rüsumunun üçüncü şəxslərə aid edilməsi, iş üzrə aparılmış qiymətləndirmə xərci olan 500 manat məbləğində pulun 300 manatı ilkin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərdən müştərək qaydada, 200 manatı isə qarşılıqlı iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı, X7 və X13 tərəfindən birgə verilmiş apellyasiya şikayəti və Cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2(010)- 100/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar