Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5453/2024 30.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın sökülməsi, əvəzləşdirilməsi, fərdi yaşayış evindən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayətinin mümkün hesab edilməsi üçün əsas yoxdur) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın sökülməsi, əvəzləşdirilməsi, fərdi yaşayış evindən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında aparılmış özbaşına tikilinin sökülməsi, Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin əvəzinə veriləcək mənzillər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Sakit Qocayev küçəsində tikilən binadan, ümumi sahəsi 116 kv.m olan mənzil-5A blokunda yerləşməklə 3 otaqdan ibarət olması, 2-ci mərtəbədə yerləşməsi, ümumi sahəsi 72.5 kv.m olan mənzil -5A blokunda yerləşməklə 2 otaqdan ibarət olması, 2ci mərtəbədə yerləşməsi, ümumi sahəsi 61 kv.m olan mənzil 5A blokunda yerləşməklə 1 otaqdan ibarət olması, 2-ci mərtəbədə yerləşməsi qaydasında verilməsi, yeni mənzillər inşa edilənədək "xxxx" ASC tərəfindən Cavabdeh hər ay 400 manat kirayə haqqı ödənilməsi, Cavabdeh və onunla birlikdə həmin ünvanda yaşayan şəxslərin 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən özbaşına tikilidən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2119/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın sökülməsi, əvəzləşdirilməsi, fərdi yaşayış evindən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, icraat dayandırılmışdır.
3. Cavabdeh tərəfindən qeyd olunan qərardaddan xx.xx.2024-cü il tarixdə şikayət verilmişdir.
4. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2119/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2119/2024 saylı, 21 iyun 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.
5. Cavabdeh tərəfindən qeyd olunan qərardadın icraatın dayandırılmasına dair hissəsindən xx.xx.2024-cü il tarixdə yenidən şikayət verilmiş və eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir
6. Ərizəni onunla əsaslandırmışdır ki, tərəflərindən Suraxanı rayon məhkəməsinin “mülki iş üzrə icraatın dayandırılması haqqında” 2(010)2119/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilmiş, Azərbaycan Respublikası MPM-nin 10.1.3., 1.7-ci maddəsinin və MPM-yə 2 saylı əlavənin tələblərinə əməl etmədiyindən, məhkəmənin 2(010 2119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə verilmiş şikayət geri qaytarılmışdır. Nəticədə MPM-nin 268-ci maddəsi ilə qərardaddan şikayət verilməsi ilə müəyyən edilmiş 10 günlük prosessual müddət buraxılmışdır ki, bunun da səbəbi Məhkəməinin “mülki iş üzrə icraatın dayandırılması haqqında” 2(010)-2119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında şikayətin elektron qaydada veriməli olmasının göstərilməməsi, eyni zamanda onun hüquqşünas olmamasıdır. Bu səbəbdən də qərardaddan şikayət vaxtında verilməmişdir. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1cimaddəsinə müvafiq olaraq bərpa edilməlidir.
7. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin təmin olunması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2119/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qərardadın icraatın dayandırılmasına dair hissəsindən Cavabdeh tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi, Cavabdeh tərəfindən verilmiş şikayət baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq normaları:
8. Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.
9. Həmin Məcəllənin 269.1-ci maddəsində qeyd edilir ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.
10. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.
11. Məcəllənin 269.3-cü maddəsində qeyd edilir ki, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.
12. Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
13. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir.
15. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2119/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, bununla əlaqədar icraat dayandırılmışdır.
16. Birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən şikayət və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmişdir.
17. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin təmin olunması qərara alınsa da, Cavabdeh şikayətinə Mülki Məcəllənin 269-cu maddəsində göstərilmiş qaydada münasibət bildirilməmiş, qanunvericiliklə müəyyən edilmiş bu tələbə əməl edilmədən iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
18. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əməl edilmədiyi üçün apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsi ilə müəyyən edilmiş qaydada münasibət bildirilməsi üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev