Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-546/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, X1 Əziz qızının katibliyi, İddiaçı2 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı1 Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Buzovna qəsəbəsi ərazisində 320 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı1 isə öz növbəsində həmin torpaq sahəsini etibarnamə əsasında digər İddiaçı2 istifadə və sahibliyinə vermişdir. Cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsinə qanunsuz olaraq qapı açmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “qapının sökülməsi və hasarın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən 320 kv.metr olan torpaq sahəsini əhatə edən hasarda cavabdeh tərəfindən inşa edilmiş qapının sökülməsi və hasarın cavabdehin vəsaiti hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Buzovna Bələdiyyəsinin 134 N-li xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən 320 kv.m torpaq sahəsi torpaqların alqı-satqısına dair Akt üzrə İddiaçı1 satılmışdır. İddiaçı1 ilə İddiaçı2 arasında olan razılaşma əsasən həmin torpaq sahəsi etibarnamə əsasında İddiaçı2 sahibliyinə verilmişdir. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən 320 kv.m torpaq sahəsi 2017-ci ilin iyul ayından İddiaçı2 istifadəsində və sahibliyindədir. Həmin ildən də torpaq sahəsinə dair vergi ödənişi İddiaçı2 tərəfindən həyata keçirilməkdədir. İddiaçı2 həmin torpaq sahəsini ortadan hasar çəkməklə 2 yerə ayırmış və bir hissəsində tikili tikmiş, digər hissəsi isə boş torpaq sahəsi olmaqla qalmışdır. Qeyd olunur ki, torpaq sahəsinin boş qalan hissəsinə arxa tərəfdən qonşu olan iş üzrə Cavabdeh tərəfindən hasar sökülməklə təxminən eni 1.2 metr, hündürlüyü 2 metr olan dəmir qapı qoyulmuşdur. Yəni, cavabdeh tərəfindən iddiaçılara məxsus olan torpaq sahəsinə giriş qapısı qoyulmaqla, əmlakın toxunulmazlıq hüquqlarını pozmuşdur. Cavabdehdən həmin qapının sökülməsi dəfələrlə tələb olunmasına baxmayaraq, cavabdeh həmin qapının sökülməsi və hasarın bərpa edilməsi üçün heç bir addım atmamışdır. Qeyd edilənlərə əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Nahid küçəsində yerləşən 320 kv.m, olan torpaq sahəsini əhatə edən hasarda cavabdeh tərəfindən inşa edilmiş qapının sökülməsi və hasarın cavabdehin vəsaiti hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Nahid küçəsində yerləşən 320 kv.m, olan torpaq sahəsini əhatə edən hasarda cavabdeh tərəfindən inşa edilmiş qapının sökülməsi və hasarın əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
4. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçıya məxsus torpaq sahəsinə girməmişdir. Təxminən 20 ildir ki, həmin yerdə yaşayır, iddiaçı tərəf isə bir müdət əvvəl həmin yerə köçmüşdür. Tikinti-texniki ekspertizanın rəyi ilə razı olmadığını qeyd edərək iddianın təmin edilməməsini xahiş etmişdir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Xəzri, iş № 2(003)-90/24) iddia təmin olunaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ə.Vahid küçəsi ilə Abşeron küçəsinin kəsişməsində Cavabdeh tərəfindən inşa edilmiş qapının cavabdehin hesabına sökülməsi və həmin hissədə hasarın əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə, həmçinin aparılmış araşdırmalar nəticəsində cavabdehin inşa etdiyi qapının iddiaçının mülkiyyətinə qanunsuz müdaxilə təşkil etməsi faktı öz təsdiqini tapdığından və bu hal iddiaçının maraqlarına toxunmaqla onun “gözlənilən” mülkiyyət hüquqlarını pozduğundan iddia əsaslı sayılmalı və təmin edilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157, 158, 170, 180-ci və MPMin 14,2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən 320 kvm torpaq sahəsinin Buzovna bələdiyyəsinin balansında olub-olmamasını ümumiyyətlə araşdırmamışdır. Mübahisəli torpaq sahəsi Buzovna bələdiyyəsinin deyil, Neft şirkətinin balansında yerləşir. Həmin ərazidə elektrik dirəkləri var və ona görə də işə baxılarkən Neft şirkəti və "xxxx" ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işdə iştirak etməyə cəlb olunmalı idilər. İddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmamışdır. Lakin məhkəmə buna əhəmiyyət verməmiş, iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqlarının olmadığını nəzərə almamış, bununla bağlı hər hansı araşdırma aparmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində ekspertiza keçirilərkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməmişlər. Halbuki, onlar cəlb edilsəydilər elektron baza məlumatlarına əsasən torpaq sahəsinin təyinatı, mülkiyyət növü və s. kimi mühüm hallar aydınlaşdırıla bilərdi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun: - 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). - 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir,artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 157-ci maddəsinə əsasən həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən yəni əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. - 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
19. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən 320 kv.metr olan torpaq sahəsini əhatə edən hasarda cavabdeh tərəfindən inşa edilmiş qapının sökülməsi və hasarın cavabdehin vəsaiti hesabına bərpa edilməsi barədədir.
20. Cavabdeh iddianı qəbul etməmişdir. 21.İşə baxan məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4311 saylı ekspert rəyinə əsasən İddiaçı1 Yahir qızına ayrılmış torpaq sahəsinin texniki göstəriciləri ilə tədqiq olunan torpaq sahəsinin faktiki texniki göstəriciləri müqayisələndirilən zaman torpaq sahəsinin faktiki göstəriciləri ilə sənəd üzrə göstəriciləri arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, mülki iş materiallarında olan İddiaçı1 ayrılmış torpaq sahəsinin sxemində mübahisə predmeti olan torpaq sahəsinin Abşeron küçəsinə paralel olan hissəsinin uzunluğu 27.20 metr qeyd olunsa da, faktiki olaraq həmin torpaq sahəsinin Abşeron küçəsinə paralel olan hissəsinin uzunluğu 15.7 metr təşkil edir. Belə olan halda tədqiq olunan torpaq sahəsinin faktiki olaraq çatışmayan 135 kvmetr hissəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 134 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamında və sərəncama ayrılmış torpaq sahəsinin sxemində faktiki olaraq cavabdeh tərəfindən inşa edilmiş qapı barəsində hər-hansı bir məlumat qeyd olunmamışdır. Belə olan halda qeyd olunan qapının Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 134 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamına əsasən ayrılmadığı müəyyən olunur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/33 saylı digər ekspert rəyinə əsasən İddiaçı1 Yahir qızına ayrılmış torpaq sahəsinin sxemində həmin torpaq sahəsinin Abşeron küçəsində paralel olan hissəsinin uzunluğu 27.20 metr qeyd olunsa da faktiki olaraq həmin torpaq sahəsinin Abşeron küçəsinə paralel olan hissəsinin uzunluğu 15.7 metr təşkil edir. Belə olan halda tədqiq olunan torpaq sahəsinin faktiki olaraq çatışmayan 135 kv.metr hissəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü və faktiki olaraq cavabdehə məxsus giriş-çıxış qapısının torpaq sahəsinin üst-üstə düşən hissəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur.
22. Məhkəmə işin araşdırılan hallarına əsasən bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsinə qanunsuz olaraq qapı açmış və bununla da iddiaçının mülkiyyətinə qanunsuz müdaxilə etmişdir. Belə olan halda isə, iddiaçının həmin daşınmaz əmlak üzərində “gözlənilən” mülkiyyət hüququ pozulmuşdur. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna əsasən iddiaçı ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Mülkiyyət marağı iddia xarakterində olduqda, ərzəçinin milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduğu halda, legitim gözləntisi ola bilər, məsələn, yerli məhkəmələrin onun mövcudluğunu təsdiq edən presedent-hüququnun olması.
23. Məhkəmə işin müəyyən edilən hallarına əsasən iddianın əsaslı olduğu qənaətinə gəlmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin heç bir mötəbər sübuta əsaslanmayan dəlillərini əsassız sayır.
25. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları yoxdur.
26. Məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.
27. İş materiallarında olan sənədlərdən, o cümlədən Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli sərəncamından, Torpaqların alqı-satqısına dair aktın surətindən müəyyən olunur ki, İddiaçı1 Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Buzovna qəsəbəsi ərazisində 320 kv.metr torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi yerində ölçülərək ona təhvil verilmiş, sonradan İddiaçı1 həmin torpaq sahəsini etibarnamə əsasında digər İddiaçı2 istifadə və sahibliyinə vermişdir. Eyni zamanda, aparılmış ekspertiza tədqiqatı zamanı sökülməsi tələb olunan qapı və hasarın məhz iddiaçıya məxsus torpaq sahəsində inşa olunduğu müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı alınmış mütəxəssis rəyinə əsasən mübahisələndirilən hasarın yerləşdiyi ərazi dövlət mülkiyyətinə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, Dövlət və onun müvafiq qurumları ilə iddiaçılar arasında bununla bağlı hər hansı mübahisə olmadığından və həmin sahə iddiaçıya Bələdiyyə sərəncamına əsasən ayrıldığından iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları olmuşdur.
28. Göründüyü kimi, apellyasiya şikayətinin iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları olmaması barədəki dəlili əsassızdır və öz təsdiqini tapmır.
29. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh iddiaçının mübahisələndirilən sahəyə hüququ olmadığını, hüquqlarının qeydə alınmadığını bildirsə də, özünün həmin sahəyə hansı hüququ olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
30. Apellyasiya şikayətinin başqa bir dəlili iddiaçıların hüquqlarının qeydiyyatdan keçməməsi barədədir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisəli torpaq sahəsi bələdiyyə sərəncamına əsasən ayrılmış və yerində ölçülərək iddiaçıya təhvil verilmişdir. Cavabdehin isə həmin sahəyə hər hansı hüququ olmasına dair işdə heç bir sübut yoxdur.
33. Mülki Məcəlləyə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (maddə 164.1). Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir (maddə 164.2). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir (maddə 165.1).
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.