Məhkəmə qərarları › İş №2(103)-5462/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5462/2024

07.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5462/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3460/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən İddiaçı məxsus **********00181 abonent kodu üzrə “abonent təbii qazdan sayğacdan kənar (istixanada, həm də mənzilində) qeyri-qanuni istifadə edir” nöqsanı qeyd edilmişdir.

2. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus **********00181 abonent koduna xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 34128 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur.

3. “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanı üzrə **********00181 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 11/2023 tarixi üzrə 7508,16 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi bağına abonent kodu **********00181 olan qaz sayğacına əsassız olaraq "Azəri-Qaz" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023 tarixli ******* N-li Aktın ləğv edilməsi və həmin akt əsasında dəymiş ziyan kimi hesablanmış 7508,16 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanındakı fərdi bağında əkinçilik işləri görmüş, təxminən 1 sot torpaq sahəsində tərəvəz əkmək üçün şərait qurmuşdur, bu səbəbdən də 2019-cu il tarixində həmin ünvana "sayğac quraşdırılması üçün Azəri-Qaz" İstehsalat Birliyinə müraciət etmişdir. "Azəri-Qaz" İstehsalat Birliyi tərəfindən ünvan 2 ünvanındakı fərdi bağına abonent kodu **********00181 olan qaz sayğacı quraşdırılmışdır. Lakin yeri balaca olduğu üçün təsərrüfat işlərini davam etdirməmiş, təxminən 2020-ci ildən həmin bağ sahəsində təsərüffat işlərini məhdudlaşdırmışdır. Bu yaxınlarda ona "Azəri- Qaz" İstehsalat Birliyi tərəfindən göndərilən bildirişdə 7508 manat dəymiş ziyan borcu yazıldığını görmüşdür, bu səbəbdən də "Azəri-Qaz" İstehsalat Birliyinə gedərək hansı səbəbdən ona borc yazıldığını öyrənmək istəmiş, ona bildirmişlər ki, guya ki, o, qaz xəttinə qanunsuz müdaxilə etmiş, bununla bağlı xx.xx.2023 tarixli ******* saylı akt tərtib olunaraq dəymiş ziyan 7508,16 manat müəyyən edilmişdir. O, bildirmişdir ki, həmin bağda təsərrüfat işləri görmür. Orada ev yoxdur. Heç bir xəttə qanunsuz müdaxilə etməmişdir və borcun silinməsini tələb edir. Lakin bundan sonra ona yazılmış dəymiş ziyan borcu silinmədi. Ona borcun silinməsi üçün Məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. O, qaz sayğacına, nədəki, qaz xəttinə müdaxilə etməmişdir. Hesab edir ki, barəsində tərtib olunan xx.xx.2023-cü il tarixli ******* saylı Akt əsassızdır və həmin Akt əsasında onun hesabına yazılmış 7508,16 manat dəymiş ziyan borcu silinməlidir. Həmçinin həmin bağda heç bir ev olmadığı halda, Azəri-Qaz" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş "Dəymiş ziyanın bərpasına dair tələbnamədə" 6 avadanlığın olduğu və həmin avadanlıqların ilboyu qaz işlətməsi nəticəsində dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. Halbuki, həmin bağda 4 göz qaz, iran sobası, dəmir soba ümumiyyətlə olmamışdır. Qeyd olunan hesablamalar tamamilə həqiqəti əks etdirmir. Həmin bağ sahəsində heç bir təsərrüfatın olmadığını və "parnikin" yararsız halda olduğunu Cavabdeh əməkdaşları da görmüşlər. Həmçinin “Azəri-Qaz" İstehsalat Birliyinin əməkdaşı tərəfindən çəkdiyi fotoşəkillərdəki hasar onun bağından kənardır. Onun bağının ətrafından keçən qaz xəttində heç bir qanunsuz müdaxilə yoxdur. Artıq bir neçə ildir həmin bağa demək olar ki, getmir. Halhazırda Azəri-Qaz" İstehsalat Birliyinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı Akt tam olaraq əsassızdır, şişirdilmişdir və həqiqəti əks etdirmir.

6. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3460/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı **********00181 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 7508 (yeddi min beş yüz səkkiz) manat 16 (on altı) qəpik məbləğində borcun silinməsi, Cavabdehndən 95 (doxsan beş) manat 08 (səkkiz) qəpik dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinə quraşdırılmış **********00181 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı “abonent təbii qazdan sayğacdan kənar (istixanada, həm də mənzilində) qeyriqanuni istifadə edir” əsası ilə aktlar tərtib olunmuş və həmin aktlar nəticəsində abonentin - iddiaçının **********00181 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 11/2023 tarixi üzrə 7508,16 manat borc yazılmışdır, həmin borc məbləği iddiaçıdan tələb edilir. Bununla belə, iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar iş materiallarından görünmür və bu hallara dair də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, əvvəla, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilsə də, AKT əsasında “Qalıq və aktlar” qrafasında 11/2023 tarixi üzrə 7508,16 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən, iddiaçı tərəfindən kənar qoşulmanın olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı əsassız olaraq hesablanmış 7508,16 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00181) itirilmiş qazın bərpası məqsədilə yazılmış 7508,16 manat məbləğində borc silinməlidir

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 560.1-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu bəndinə, 8-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 124.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024 tarixli, 2(011)-3460/2024 nömrəli qətnaməsini ləğv edərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirir ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Tərəflərindən təqdim olunmuş sübutlara – yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdikləri sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qayda da əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə aklına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırılsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə mülki iş tədqiq edərkən iddiaçının istifadə edib ödəmədiyi borcu müəyyən etməsinə baxmayaraq tərtib edilmiş aktların heç birini tədqiq etməmişdir. Belə ki, məhkəmə ödənilməyən borcu müəyyən edərkən istifadə edilmiş qazın həcmini çoxluğunun qarşısın almaq məqsədi ilə iddiaçının təbii qazdan qeyri qanuni istifadəetmə hallarını müəyyən edə bilərdi. Habelə məhkəmə, istifadə edilmiş ödənilməmiş məbləğin səbəblərini müəyyən edərək yuxarıda qeyd etdiyi məqsədə nail ola bilərdi. Məhkəmə qətnaməsində, kənar xəttin qoşulması üçün şübhə doğduğunu qeyd etsə də, obyektiv nəticəyə gəlmək üçün hər hansı hüquqi tədbir görməmiş qanunverciliyini yuxarıda qeyd edilən fikrə ziddi qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsinə diqqət edərkən məhkəmə qətnaməsində ümyumiyyətlə kənar xət üzrə hər hansı araşdırma və ya tərtib edilmiş aktları təkzib edəcək hər hansı sübutun tələb edilməsi məhkəmənin baxış predmetindən uzaqlaşmışdır. Bir sözlə iddianını həqiqiliyi olmadığına görə qətnamənin sübkhəliyi ön plana çıxamaqdadır. İddiaçı uzun müddətdir ki, təbii qazdan istifadə etməklə yanaşı hər hansı ödəniş ödəməmişdir. Bu halları isə məhkəmə araşdıraraq qətnamə qəbul edərkən nəzərə almamışdır. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə, qətnaməsində qeyd edilmiş borcun silinməsini təmin etsə də,amma buna əsas gətirməmişdir. Belə ki, tərtib edilmiş aktlar çəkilmiş fotoşəkillər tədqiq edilməmiş saldo isə araşdırılmamışdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

12. İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirir ki, VÖEN-i yoxdur. Onun xəbəri olmadan borc yazılıb. İstixana var, amma istifadə olunmur. Borcun necə yarandığını bilmir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən İddiaçı məxsus **********00181 abonent kodu üzrə “abonent təbii qazdan sayğacdan kənar (istixanada, həm də mənzilində) qeyri-qanuni istifadə edir” nöqsanı qeyd edilmişdir.

21. İddiaçı məhkəməyə müraciət edilərək, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış borcun silinməsini xahiş edir.

22. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli qanuna əsasən əlavə edilmiş (2022-ci il mayın 1-dən qüvvəyə minmiş) 8-1 nömrəli maddənin tələbində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

24. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz .

25. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh tərəfindən istinad etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.

26. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

27. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3460/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar