Məhkəmə qərarları › İş №2(103)-5463/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5463/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5463/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə haqqı, dəymiş zərər və digər xərclər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(010)-2634/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə haqqı, dəymiş zərər və digər xərclər” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında ümumi sahəsi 101.4 m2 olan yarımzirzəmi və ümumi sahəsi 92.4 m2 olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi; müqavilə bağlandığı tarixdən (11.01.2020) müqaviləyə xitam verildiyi tarixədək (16.04.2020) icarə müqavilələri ilə müəyyən edilmiş icarə haqlarının cəmi - 9500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi; 16.04.2020-ci il tarixdən icarə sahələrinin icarəyə verənə təhvil veriləcəyi tarixədək olan müddət üçün icarə haqlarının aylıq olaraq hər bir icarə sahəsi üzrə 2500 manat məbləğində hesablanmaqla, ümumi olaraq aylıq 5000 manat olmaqla hesablanması və tutularaq İddiaçı ödənilməsi; iddiaçı tərəfindən vəkil xidmətlərindən istifadə və digər məhkəmə xərclərinin ödənilməsi üçün çəkilmiş 500 manat məbləğində xərc və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (onun adından etibarnamə əsasında nümayəndəsi X5) və Cavabdeh arasında bağlanmış 11.01.2020-ci il tarixli icarə müqavilələrinə əsasən ünvan 1 ünvanında ümumi sahəsi 101.4 m2 olan yarımzirzəmi və ümumi sahəsi 92.4 m2 olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələri bütün avadanlıqları (icarə sahəsi gözəllik salonu kimi istifadə edilir) ilə birlikdə sonuncuya icarəyə verilmişdir. İcarə haqqı hər bir icarə sahəsi üzrə aylıq olaraq 1500 manat məbləğində olmaqla, cəmi 3000 manat məbləğində müəyyən edilmişdir. İcarə müqaviləsinin bağlanmasından təxmini 5 ay müddət keçməsinə baxmayaraq, icarəçi tərəfindən ödənişlər həyata keçirilmir. Bu müddət ərzində icarəçi ilə dəfələrlə telefon əlaqəsi yaradılmış, ödənişlərin edilməməsi və məsələnin həlli barədə danışıqlar aparılmışdır. Lakin bu cəhdlər nəticəsiz qalmışdır. Sonradan 13.03.2020-ci il tarixdə icarəçiyə bildiriş göndərilərək 10 gün müddətində icarə haqqının ödənilməsi tələb edilmiş və əlavə olaraq icarəçi tərəfindən müqavilələrin əhəmiyyətli dərəcədə pozulduğu əsas kimi götürülərək, həmçinin müqavilələrin 8-ci bəndinin tələblərinə uyğun olaraq müqavilələrin ləğv edilməsi niyyəti barədə qarşı tərəf məlumatlandırılmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı (onun adından etibarnamə əsasında nümayəndəsi X5) və Cavabdeh arasında bağlanmış 11.01.2020-ci il tarixli ünvan 1 ünvanında ümumi sahəsi 101.4 m2 olan yarımzirzəmi və ümumi sahəsi 92.4 m2 olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin icarə müqavilələrinə 16.04.2020-ci il tarixdə xitam verilməsi; müqavilə bağlandığı tarixdən (11.01.2020) müqaviləyə xitam verildiyi tarixədək (16.04.2020) icarə müqavilələri ilə müəyyən edilmiş icarə haqlarının cəmi - 9500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi; 16.04.2020-ci il tarixdən 06.08.2020-ci il tarixədək icarə haqlarının aylıq məbləğinin 5000 manatla hesablanaraq, cəmi 18350 manat məbləğinin icarə haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi; icarə sahəsindən götürülmüş dəyəri 1000 manat olan bir ədəd televizor, hər birinin dəyəri 240 manat olan və 2 ədəd kiçik ölçülü masa, 250 manat dəyərində 1 ədəd mikrovolnovka, 600 manat dəyərində 1 ədəd soyuducu, 80 manat dəyərində 1 ədəd tablo, hər birinin dəyəri 5 manat olan 60 ədəd lampa, 170 manat dəyərində 1 ədəd projektorun ümumi dəyərinin, yəni 4610 manat məbləğində pulun, kommunal xərclərin ödənilməməsi nəticəsində yaranmış və icarə sahəsinə vurulmuş 4000 manat məbləğində zərərin Cavabdeh tutularaq İddiaçı ödənilməsi; icarə obyektinin qaytarılmadığı müddət (16.04.2020-ci il tarixdən 06.08.2020-ci il tarixədək) üçün icarəçinin əldə edə biləcəyi icarə faydaları (subicarəçidən əldə edilmiş haqq daxil olmaqla) 3000 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi; iddiaçı tərəfindən vəkil xidmətlərindən istifadə və digər məhkəmə xərclərinin ödənilməsi üçün çəkilmiş 500 manat məbləğində xərc və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(010)-2634/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh arasında bağlanmış 11.01.2020-ci il tarixli ünvan 2 ünvanında ümumi sahəsi 101.4 m2 olan yarımzirzəmi və ümumi sahəsi 92.4 m2 olan birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin icra müqavilələri 16.04.2020-ci il tarixdən ləğv edilməsi, müqavilə bağlandığı tarixdən müqavilə ləğv edildiyi tarixədək ödənilməmiş icarə haqqının əvəzi olaraq 6000 (altı min) manat, iddiaçıya icarə haqqına görə dəymiş zərərin əvəzi olaraq 1600 (min altı yüz) manat, iddiaçı tərəfindən ödənilmiş kommunal xərclərin əvəzi olaraq 86.53 manat (səksən altı manat əlli üç qəpik) olmaqla, cəmi 7686.53 manat (yeddi min altı yüz səksən altı manat əlli üç qəpik) Cavabdeh alınaraq İddiaçı verilməsi, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bərbərxanaların və gözəllik salonlarının fəaliyyətini dayandırması 05 may 2020-ci il tarixdən bərpa edilmiş, sonradan 06 iyun 2020-ci il tarixdən yenidən dayandırılaraq, 20 iyul 2020-ci il tarixdə bərpa edilmişdir. Bu faktı əsas gətirərək hətta istinadı düzgün hesab etsə belə, hesablanmanın tam olaraq düzgün aparılmadığı açıq-aşkar görünməkdədir. Yəni bu dövr hesablanarkən məhkəmə 05 may 2020-ci il tarixdən 06 iyun 2020- ci il tarixədək və eləcə də 20 iyul 2020-ci il tarixdən sonrakı dövr üçün gözəllik salonlarının işləməsi faktını əsassız və qanunsuz olaraq nəzərə almamış, həmin dövrlər üzrə icarə məbləğinin ödənilməsi ilə bağlı qərar qəbul etməmişdir. Digər tərəfdən Koronavirus infeksiyasının yayılması ilə bağlı halın fors-major hal hesab edilməsi və bununla bağlı tərəfin öhdəliklərindən azad edilməsi məsələsi nə qanunvericilikdə, nə də müqavilədə əks edilməmişdir. Həmçinin xüsusi olaraq qeyd edilməlidir ki, Cavabdeh şahid qismində cəlb etdiyi X2 məhkəmədə çıxış edərək bildirmişdir ki, işə 2020-ci il mart ayının sonlarında qəbul edilmişdir. Pandemiya şəraitində işə nə səbəbdən qəbul olunması və bu müddət ərzində işdə nə etməsinə, cavab olaraq bildirmişdir ki, pandemiya dövründə də işə çıxıb təmizlik işləri aparırmış. Cavabdeh bütün pandemiya dövründə salonda gizli şəkildə də olsa fəaliyyət göstərmişdir. Bundan başqa 16 aprel tarixindən icarə müqavilələrinə və müqavilə üzrə tərəflərin razılaşmasına və öhdəliklərinə xitam verildiyindən bu əsaslandırmanı da tam əsassız və qanunsuz hesab edir. Qanun birbaşa olaraq ona imkan yaradır ki, icarə haqqı məbləğini daha yuxarı həcmdə tələb etsin, digər tərəfdən də nəzərə alınsa ki, müqaviləyə xitam verildikdən sonra icarəçi icarə sahəsini tərk etmiş olsa idi, icarə sahəsini başqa məqsədlər üçün də icarəyə verə bilərdi. Həmçinin tələb qismində icarəçinin icarə sahəsini boşaltmadığı dövrdə gözəllik salonundan əldə etdiyi gəliri də tələb etmək hüququmu özündə saxlayır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o obyekti icarəyə götürdüyü ilk vaxtlar çətinliklərin olacağını anlayıb, icarə haqqını əlində olan pulla ödəmək qərarına gəldi. O, icarə haqqı olaraq icarə verənə ayrı-ayrı vaxtlarda 10.000 manat məbləğində pul verdi. O həmin məbləğdə pul vəsaitini İddiaçı oğlu X3 vermiş, bu barədə o ona rəsmi sənəd verməmiş, lakin, sonradan məhkəmədə bu faktı danaraq, ondan heç bir məbləğdə pul vəsati qəbul etmədiyini bildirmişdir. Halbuki, onun Həsənli Həsənə icarə haqqı olaraq 10.000 manat məbləğində pul verməyimi o özü ona yazdığı mesajlarda etiraf etmiş, sadəcə olaraq birinci instansiya məhkəməsində o, bu mesajları çıxara bilməmiş, məhkəmə bir dəfə iclas keçirməklə məhkəmə araşdırmasını yekunlaşdırmış, bu üzdən o, həmin sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halhazırda isə o, bu sübutları əldə etmiş, Həsənli Həsən tərəfindən onun telefonuna göndərilmiş mesajları çıxarmışdır. Məhkəmənin 20 iyul 2020-ci il tarixdən 06 avqust 2020-ci il tarixədək icarə obyektinin onun istifadəsində olması ilə əlaqədar 1600 manat ödəməli olması əsası ilə əlaqədar bildirmək istəyir ki, pandemiya ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq edildikdən sonra salonların fəaliyyətinə icazə verilmədiyindən o, da fəaliyyətini müvəqqəti dayandırmış, bir-neçə ay heç bir fəaliyyətlə məşğul olmamışdır. 20 iyul 2020-ci il tarixdən o, yenicə fəaliyyətə başladıqdan sonra icarəyə verən ondan obyekti tərk etməsini tələb etdi və təxminən 24-25 iyul tarixlərində o, evdə olduğu zaman işçilər ona zəng edərək, obyektin işığının söndürülməsini bildirdilər. O, İddiaçı ilə bağladığı 11 yanvar 2020-ci il tarixli icarə müqavilələrinə əsasən ona məxsus qeyri-yaşayış sahələrində 11 yanvar 2020-ci il tarixdən 31 mart 2020-ci il tarixədək fəaliyyət göstərmiş və həmin tarixədək ilkin iddia üzrə cavabdehə 10.000 manat məbləğində pul ödəmişdir. 31 mart 2020-ci il tarixdən yaranmış fors-major halı ilə əlaqədar fəaliyyətini dayandırmış, həmin tarixdən obyektdən istifadə etməmişdir. Bundan başqa məhkəməyə qarşılıqlı iddia əriəsi ilə müraciət etsə də, məhkəmənin icraatına qəbul edilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kolelgiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin rəddedilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyatorlar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X5 (İddiaçı əvəzinə) və Cavabdeh arasında bağlanmış 11.01.2020-ci il tarixli icarə müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 92.4 m2 olan qeyri-yaşayış sahəsi (1-ci mərtəbə) bütün avadanlıqları ilə birlikdə aylıq icarə haqqı 1500 manat olmaqla İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. X5 (İddiaçı əvəzinə) və Cavabdeh arasında bağlanmış 11.01.2020-ci il tarixli icarə müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 101.4 m2 olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi) bütün avadanlıqları ilə birlikdə aylıq icarə haqqı 1500 manat olmaqla İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 10.06.2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 92.4 m2 olan qeyri-yaşayış sahəsinin icarə dəyəri 2400-2800 manat arasında təyin edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş abonentin saldolarından görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 92.4 m2 və 101.4 m2 olan qeyri-yaşayış sahələrinə 24.08.2020-ci il tarixdə 14.16 manat və 72.37 manat məbləğində işıq kommunal ödənişi edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra, 26.11.2020-ci il tarixdə 11.01.2020-ci il tarixli icarə müqavilələri Bakı şəhəri 6 saylı Notariat ofisində ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, “cavabdeh obyektə 01.02.2020-ci il tarixdən yerləşmişdir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarlarına əsasən gözəllik salonlarının fəaliyyəti 31 mart 2020-ci il saat 00:00-dan dayandırılmış, yalnız 20 iyul 2020-ci il tarixdən salonların fəaliyyətinə icazə verilmişdir. İddiaçı icarə müqavilələrinin bağlandığı 11.01.2020-ci il tarixdən etibarən Cavabdeh tərəfindən ona heç bir icarə haqqı ödənilmədiyini əsas gətirməklə aralarında olan icarə müqavilələrinə xitam verilməsini, borcun ödənilməsini, sahənin boşaldılmasını tələb etmiş, bu barədə xəbərdarlıq məktubları cavabdehin ünvanına çatmışdır. İddia tələbinin 11.01.2020-ci il tarixdən 16.04.2020-ci il tarixə qədər hesablanmış 9500 manat məbləğində icarə haqqının ödənilməsi hissəsinə münasibət bildirərək məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarə müqavilələrindən görünür ki, icarə haqlarının ayın hansı günü ödənilməsi ilə bağlı müqavilədə heç bir qeyd edilməmişdir. Belə olan halda, müqavilədə ayrı şərt müəyyən edilmədiyindən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “icarə” adlanan 34-cü fəslində ayrı qayda müəyyən edilmədiyindən Məcəllənin 684.1-ci maddəsinin tələbləri tətbiq edilmişdir. Tərəflər arasında müqavilə 11.01.2020-ci il tarixdə bağlanmış olsa da cavabdeh həmin obyektdə 01.02.2020-ci il tarixdə yerləşmişdir. Əmlak kirayəsi müqaviləsi olan icarə müqaviləsi üzrə icarəçinin icarə haqqı ödəmək öhdəliyi icarə obyekti faktiki olaraq ona verildiyi andan yaranmışdır. İcarə obyektinin icarəçiyə verildiyi tarix – 01.02.2020-ci tarixidir. Məhkəmə hesab etmişdir ki, icarəçi Cavabdeh fevral ayının sonunda ilk icarə haqqını ödəmək öhdəliyi yaranmış, lakin o, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən icarə haqqının məbləği ilə tam razılaşmamışdır. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi icarəçi ilk icarə haqqını fevral ayının sonunda, ikincisini isə mart ayının sonunda ödəməli idi. Belə olan halda icarə haqlarını vaxtında ödəməmiş cavabdehin iddiaçıya iki aylıq icarə haqqı məbləğində (6000 manat) borcu yaranmışdır. Buna baxmayaraq, iddiaçı cavabdehdən ödənilməmiş icarə haqlarının əvəzi kimi 9500 manat məbləğində pul tələb etmişdir. Məhkəmə aprel ayının icarə haqqı ödənişinin də cavabdehdən tələb edilməsini qanunauyğun və ədalətli hesab etməmişdir. Gözəllik salonları faktiki olaraq 01.04.2020-20.07.2020-ci il tarixləri arasında, dörd aya yaxın bir müddətdə işləməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, icarəçi həmin müddətdə ödənilməmiş icarə haqlarına görə məsuliyyət daşımamalıdır. Məhkəmə hər iki icarə müqaviləsinin 6-cı bəndində nəzərdə tutulmuş “Fors major hadisədən sığortalanma icarəçinin vəzifəsidir” qeydi ilə bağlı tərəflərin diqqətinə çatdırmışdır ki, bu bəndlə icarəçinin (cavabdehin) üzərinə qoyulan sığortalanma vəzifəsi baş vermiş hadisənin (fors majorun) yalnız sığortalana bilən olduğu hallarda keçərlidir. Yəni bunlar elə hallardır ki, cavabdeh bu halları və onların nəticələrini əvvəlcədən görüb sığortalana bilərdi. Hazırkı iş üzrə yaranmış vəziyyətdə isə bu mümkün deyildi. Belə ki, pandemiya ilə əlaqədar ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilməsi, bu çərçivədə bir sıra obyektlərin, eləcə də gözəllik salonlarının fəaliyyətini dayandırması ölkə tarixində ilkdir və aydındır ki, cavabdehin bir gözəllik salonu icarəçisi kimi bu halı qabaqcadan görməsi və sığortalanması mümkün deyildi. Odur ki, müqavilələrin 6-cı bəndi mübahisəyə tətbiq edilə bilməməsi qənaətinə gəlinmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi 01.04.2020ci il tarixdən 20.07.2020-ci il tarixə qədər tələb edilən icarə haqqı hissələrində təmin edilməməlidir. Lakin iddia cavabdehdən gözəllik salonlarının faktiki olaraq fəaliyyətə başlamasına icazə verildiyi 20.07.2020-ci il tarixdən icarəçinin icarə obyektini faktiki olaraq tərk etdiyi 06.08.2020-ci il tarixə qədər (bu tarixi tərəflərin heç biri mübahisələndirmir) icarə haqqının tələb edilməsi hissəsində əsaslıdır. Belə ki, icarə obyekti bu 16 gün ərzində (obyekti tərk etdiyi gün obyekti işlədə bilməyəcəyindən həmin gün sayılmamaqla) işlədiyindən icarəçidən həmin günlər üçün aylıq icarə haqqının 16 günə düşən hissəsi olan 1600 manat (3000/30X16) məbləğində pul tutulmalıdır. Bundan başqa cavabdeh tərəfindən götürülmüş əşyalarının dəyərinin ödənilməsi tələbinə münasibət bildirərək qeyd etmişdir ki, mötəbər sübutlar təqdim edilmədiyindən iddia bu hissədə də əsassızdır. Eyni zamanda, iddiaçı icarə obyektlərinə görə ödənilmiş kommunal ödənişlərin əvəzini də cavabdehdən tələb etmiş və məhkəmə iddiani bu hissədə əsaslı saymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçı icarə haqqlarının aylıq məbləğinin 5.000 manat hesablanaraq, cəmi 18.350 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etsə də, COVİD-19 pandemiyası zamanı ölkə ərazisində sərtləşdirilmiş karantin rejimi tədbiq edildiyindən, gözəllik salonundan həmin məbləğdə gəlir əldə edilməsi sübuta yetirilmir. Sərtləşdirilmiş karantin dövründə salonun işıqlarının yanması və salonda təmizlik işlərinin aparılması, salonun işləməsi anlamına gəlmir. Bundan başqa iddiaçı iddia tələbində cavabdeh tərəfindən götürülmüş əşyalarının dəyərini, yəni, 4.610 manat məbləğində pulun ödənilməsini və icarə sahəsinə 4.000 manat məbləğində zərər vurulmasını bildirsə də, kollegiyaya bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçıya icarə obyektlərinin aylıq ödənişlərinin əvvəlcədən 10.000 manat məbləğində ödənilməsinə istinad etsə də, məhkəmə kollegiyasına buna dair hər-hansı sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh məhkəmə kollegiyasının iclasında məhkəməyə “Whats app” mobil tədbiqindən çıxarış təqdim etsə də, həmin çıxarışda olan məlumatların kimə aid olunduğu müəyyən edilmir. Eyni zamanda nəzərə almaq lazımdır ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi həmin çıxarış birinci instansiya məhkəməsinə təqdim edilməli olduğu halda bu edilməmişdir. Belə olan halda apellyasiya baxışı zamanı “Whats app” mobil tədbiqindən çıxarış sübut qismində qəbul edilə bilməz. Kollegiya qeyd edir ki, həmin çıxarış sübut qismində qəbul edilmiş olsaydı belə, Həsənli Həsən yəni, iddiaçının oğlu tərəfindən icarə haqqlarının ödənilməsinin etiraf edilməsi müəyyən edilmir. Ümumiyyətlə həmin mesajlarda 10.000 manat məbləğində deyil, 5000 manat məbləğində pul vəsaitinin fevral ayına qədər ödənilməsi qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh özü qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdə icarə haqqı 3.000 manat göstərilsə də, faktiki olaraq, icarə haqqının məbləği 5.000 manat təşkil etmişdir. İş materialları ilə icarə haqqının 5.000 manat təşkil etməsi öz təstiqini tapmır. Bundan başqa cavabdeh apellyasiya şikayətində məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etməsini bildirsə də, qeyd olunan qarşılıqlı iddia ərizəsi iş materiallarında müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsələr də, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi apellyatorların dəlilləri formal xarakter daşıyır və apellyatorların mülahizələrinə əsaslanır. Belə olan halda apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(010)-2634/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar