Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5466/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddiası üzrə mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdeh iştirakı ilə, Səbail Rayon Məhkəməsinin e-2(009)-1583/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3045,95 (üç min qırx beş manat doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 51,00 (əlli bir) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat 22:00 radələrində Bakı şəhəri, Ə.Yaqubov küçəsində tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “X13 1844 LS yük’’ markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş, nəticədə “Hyundai Elantra minik” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ minik” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ minik” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı, “Nissan Micra minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və “Changan minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş İş № 1(009)-100/2023 saylı hökmə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz E220 CDİ minik” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 510,00 (beş yüz on) manat, “Mercedes Benz E220 CDİ minik” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobılə 200,00(iki yüz) manat, “Hyundai minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1860,00 (bir min səkkiz yüz altmış) manat, “Nissan Micra minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 330,00 (üç yüz otuz) manat, “Hyundai Elantra minik” markalı **-PT- *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 380,00 ( üç yüz səksən) manat maddi zərər dəymişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə” də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000,00 (beş min) manat təşkil edir və həmin məbləğ zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA124587/23saylı sığorta aktı tərtib edilməklə proporsionallıq nəzərə alınmaqla “Mercedes Benz E220 CDİ minik” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 473,61 (dörd yüz yetmiş üc manat, altmış bir qəpik) manat, PXA124588/23 saylı sığorta aktı tərtib edilməklə “Mercedes Benz E220 CDİ minik” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 185,73(bir vüz səksən bes manat, yetmiş üç qəpik) manat, PXA124589/23 saylı sığorta aktı tərtib edilməklə “Hyundai minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1727,27 (bir min yeddi vüz iyirmi yeddi manat, iyirmi yeddi qəpik) manat, PXA124590/23 saylı sığorta aktı tərtib edilməklə “Nissan Micra minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 306,45 (üç yüz altı manat, qırx bes qəpik) manat, PXA124591/23 saylı sığorta aktı tərtib edilməklə “Hyundai Elantra minik” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 352,89 (üç yüz əlli iki manat, səksən doqquz qəpik) manat sığorta ödənişi ödənilmişdir (Ümumilikdə 3045,95 (üç min qırx beş manat, doxsan beş qəpik) manat).
3. Səbail Rayon Məhkəməsinin e-2(009)-1583/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3045,95 (üç min qırx beş manat doxsan beş qəpik) manat sığorta ödənişi məbləği və 51,00 (əlli bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
4. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini pozmuş, qətnamə qanunsuz və əsassız olmaqla, iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırmamışdır. Maddi və prosessual hüquq normaları pozularaq əsassız qətnamə qəbul edilmişdir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi və əlavə etdi ki, hadisə nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan ailəsi tərəfindən tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxslərin heç birinin ona qarşı əlavə tələbi yoxdur. X1 şikayəti üzrə çıxarılmış qətnaməyə əsasən ona dəymiş ziyan ödənilməkdədir. Artıq həmin məbləğin bir hissəsi ödənilmişdir və qalan hissəsinin də ödənilməsi davam edir. Bundan başqa, hadisə ilə bağlı sığorta şirkəti tərəfindən də zərərçəkmişlərə müəyyən məbləğ ödənilmişdir. Lakin Sığorta şirkəti tərəfindən eyni ziyanın məbləğinin onun tərəfindən yenidən ödənilməsinin tələb olunması obyektivlik prinsipinə uyğun deyildir.
7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Belə olan halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. Mülki iş materiallarında olan Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş İş № 1(009)-100/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
10. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, № 05/02-51 məktubdan görünür ki, Cavabdeh 3045,95 (üç min qırx beş manat, doxsan beş qəpik) məbləğində sığorta ödənişini subroqasiya qaydasında 7 (yeddi) iş günü ərzində ödəməsi təklif olunmuş, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi qeyd olunmuşdur.
11. "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA124588/23 saylı sığorta aktından görünür ki, “Mercedes Benz E220 CDİ minik” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 473,61 (dörd yüz yetmiş üc manat, altmış bir qəpik) manat sığorta ödənişi ödənilmişdir.
12. PXA124588/23 saylı sığorta aktına əsasən “Mercedes Benz E220 CDİ minik” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 185,73 (bir vüz səksən bes manat, yetmiş üç qəpik) manat sığorta ödənişi ödənilmişdir.
13. PXA124589/23 saylı sığorta aktına əsasən “Hyundai minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1727,27 (bir min yeddi vüz iyirmi yeddi manat, iyirmi yeddi qəpik) manat sığorta ödənişi ödənilmişdir.
14. PXA124590/23 saylı sığorta aktına əsasən “Nissan Micra minik” markalı, **-CN- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 306,45 (üç yüz altı manat, qırx bes qəpik) manat sığorta ödənişi ödənilmişdir.
15. PXA124591/23 saylı sığorta aktına əsasən “Hyundai Elantra minik” markalı **- PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 352,89 (üç yüz əlli iki manat, səksən doqquz qəpik) manat sığorta ödənişi ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. 897.4-cü maddəsinə əsasən icbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
19. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
20. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
21. 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.
22. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
23. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu:
26. 1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
27. 20.6. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz.
28. 21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda.
29. 23.1.6. sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır.
30. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
37. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
38. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
42. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
48. Belə ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-100/2023 saylı hökmündən görünür ki, Cavabdeh 29 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində orta dərəcəli alkoqol, eləcə də MOP, OPİ və THC tərkibli narkotik vasitələrinin təsiri altında sərxoş halda, etibarnamə əsasında idarə etdiyi «X17 1844 LS yük» markalı, 99-JR319 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Salyan yolu ilə 20-ci sahə qəsəbəsi istiqamətində hərəkətdə olarkən yol hərəkət qaydalarını pozduğuna görə ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşlarının tələbi ilə Salyan yolunda Bibiheybət qəsəbəsinin yaxınlığında saxlanılmış, ona törətdiyi qayda pozuntusu izah edilib sənədlərinin yoxlanılması zamanı anidən avtomobili hərəkətə gətirərək davamlı şəkildə saat 22:30 radələrinədək polis əməkdaşlarının saxla əmrinə məhəl qoymayıb, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla, avtomobilinin idarə edilməsi yol hərəkəti iştirakçılarınının həyat və sağlamlığı üçün yaratdığı təhlükənin qarşısının alınması məqsədi ilə Bakı şəhəri Səbail rayonu Litvin Babayev küçəsinə qədər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidmətinin və Daxili İşlər Nazirliyinin X18 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən təqib olunub həmin küçəyə daxil olduqdan sonra cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, yəni, birgə yaşayış və davranış qaydalarına aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, habelə ictimai qaydanın kobud surətdə pozulmasında ifadə olunan hərəkətlərlə, yəni ictimai yerdə, çoxsaylı digər şəxslərin də narahatlığına səbəb olmaqla, bir çox şəxslərin də özləri və əmlakları üçün təhlükə yaratdığı üçün onun hərəkətlərini dayandırılmasını tələb etmələrinə baxmayaraq idarə etdiyi nəqliyyat vasitəsi ilə ardıcıl olaraq qeyd olunan küçədə dayanmış vəziyyətdə olan X3 məxsus “Hyundai Sonata” markalı 99-LE265 dövlət qeydiyyat nişanlı, “Azərbaycan Avtomobil Evi" MMC-yə məxsus “Changan CS85” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı, X9 məxsus “Hyundai Elantra” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı, X6 məxsus “Mercedes-Benz” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı. X7 məxsus “Mercedes- Benz E Klass” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı, X8 məxsus “Nissan Micra” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı, eləcə də sürücü işlədiyi “X5 Kompaniyası” MMC-yə məxsus “X17 1844 LS yük” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilləri zədələməklə Vüqar Hüseynova 2906 manat, "xxxx" MMC-yə 2104,2 manat, Yusif Tağıyevə 750 manat, Aftandil Qasımova 630 manat. Sənan Hacıyevə 470 manat, Nigar Cəbiyevaya 320 manat, həmçinin “X5 Kompaniyası” MMCyə 3800 manat maddi ziyan vurulması, daha sonra hadisə yerində ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan hakimiyyət nümayəndələri olan DİN-nin X18 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən məcburi qaydada avtomobilinin saxlanılması təmin edildikdən sonra sonuncular tərəfindən yaxalanarkən xuliqanlıq hərəkətlərinin davamı olaraq hakimiyyət nümayəndəsi olan polis nəfəri, polis serjantı X4 qarşı müqavimət göstərilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir.
49. Cavabdeh Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
50. Mülki iş materiallarından göründüyü kimi, cavabdehin təqsiri nəticəsində dəyən zərərin əvəzi olaraq iddiaçı "xxxx" ASC tərəfindən zərərçəkənlərə ümumilikdə 3045,95 manat ödəniş edilmiş və cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı subroqasiya hüququ ilə məhkəməyə müraciət edərək ödənilmiş pul məbləğini tələb etməyə haqlı olmuşdur.
51. Cavabdeh apellyasiya şikayətində zərərçəkmiş şəxslərə dəymiş zərərin əsas hissəsinin ailəsi tərəfindən, müəyyən bir qisminin isə sığortaçı tərəfindən ödənildiyini qeyd etmişdir.
52. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh tərəfindən bu halı – ailəsi tərəfindən zərərçəkənlərə ödəniş edilməsini təsdiq edən hər hansı mötəbər sübut nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında təqdim edilməmişdir. Həmçinin mülki iş materiallarında olan qiymətləndirmə aktlarını və sığorta aktlarını nəzərdən keçirdikdə müəyyən etmək olur ki, zərərçəkmiş şəxslərin avtomobillərinə dəyən zərər tam şəkildə "xxxx" ASC tərəfindən ödənilmişdir.
53. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
55. "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
56. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
57. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi də iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmuşdur.
58. Beləliklə, Məhkəmə kollegiyası bildirir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
59. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməklə iddia tələbini təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
62. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
63. Hazırkı mülki iş üzrə iddianın qiyməti 3045,95 (üç min qırx beş manat doxsan beş qəpik) manat məbləğində olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz.
64. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin e-2(009)-1583/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.