Məhkəmə qərarları › İş №2(103)-547/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-547/2021

29.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-547/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Şirinov Ziya Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh tərəfindən hesablanmış 3928.40 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3513/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının mənzilinə baxış keçirilmiş, bu zaman məlum olmuşdur ki, vətəndaş sayğacdan kənar qazdan istifadə edir. Qeyd olunanlara əsasən qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019 il tarixli 2(103)- 12666/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsindən narazı qalan Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 23 iyun 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(103)- 12666/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarıılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsi 23 iyun 2020-ci il tarixli qərarını aşağıdakılarla əsaslandırmışdır: Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermədən düzgün hüquqi nəticəyə gəlməmişdir. İş materiallarından göründüyü kimi, iddia tələbinin dəlillərinə dair etiraz olaraq sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə edilməsinə dair tərtib olunmuş akt və rezin boru vasitəsi ilə təbii qazdan sayğacdan kənar istifadə edilməsinə dair təqdim edilmiş foto görüntüdür (i/v 9). Lakin bununla əlaqədar foto görüntüdəki divarın cavabdehə məxsus qaz sayğacındakı divarla eyni olmasına dair sual ekspertiza təyin olunmasına dair qərardadda qoyulmamışdır. Başqa sözlə, Ali Məhkəmə tərəfindən edilən hazırkı qərarda qəbul iş üçün əhəmiyyət kəsb edən halların, o cümlədən iddiaçının qaz xəttinə sayğacdan kənar qoşulması halının müəyyən edilməsinə dair halların araşdırılmadığı göstərilmişdir. İş üzrə təkrar apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cərimə borcunun hesablanması hissəsində dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 14.06.2019-cu il tarixli, 9740 saylı rəyində iddiaçının yaşadığı ünvanda fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri leqal müdaxilə hallarının (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməməsi qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(103)-6822/20 saylı qərardadı ilə iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş fotogörüntüdə əks olunmuş izlər və əlamətlərə görə, həmin fotogörüntüdə əks olunmuş divarın cavabdehə məxsus olan evin çöl divarı olub-olmaması müəyyən edilməsi üçün mülki iş üzrə əlavə məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2021-ci il tarixli 3/1832 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş ünvan 1 ünvanında yerləşən fərdi tikilinin hasarı (divarı) ilə iddiaçı tərəfindən təqdim edilmiş iş materiallarının 9-cu vərəqində olan fotoşəkilin uyğunluq təşkil etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən ilk növbədə sübutetmə yükünün Cavabdeh QSC-nin üzərinə düşdüyünü, onların isə öz növbəsində, qazdan istifadə qaydalarının pozulmasına görə tərtib etdikləri aktların və orada qeyd edilən pozuntuların ciddi şübhə doğurduğu, həmçinin məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə iddiaçıya məxsus qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə hallarının (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməməsi kimi hallara istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş fotoşəkildə əks olunmuş divardakı qaz sayğacının iddiaçıya məxsus olması həm apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş ekspertiza rəyi ilə, həm də iddiaçının özünün verdiyi izahatla təsdtiq olunur. Belə ki, iddiaçı apellyasiya məhkəməsində ekspert rəyinə münasibət bildirərkən iş materiallarında olan fotoşəkildə əks olunmuş divarın onun qonşusuna məxsus olduğunu, divarda sol tərəfdə olan sayğacın ona məxsus olduğunu, hazırda ona məxsus həmin sayğacın sökülərək onun özünə aid evin divarına quraşdırıldığını bildirmişdir. Qeyd edilən fotoşəkildən isə aydın görünür ki, sayğaca daxil olan qaz xətti sayğacdan ayrılaraq, rezin boru vasitəsilə sayğacdan kənar xətt çəkilmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş 26 oktyabr 2017ci il tarixli aktdan və itirilmiş qaz sərfiyyatının hesablanması haqqında qərardan da görünür ki, aşkar edilmiş faktla bağlı müvafiq sənədləşmə işi aparılmış və 3939 kub.m dəymiş zərər müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının qaz xəttinə qanunsuz qoşulması sayğacdan kənar qazdan istifadə etməsi halı aşkardır. Bununla yanaşı, əhaliyə satılan qazın hər kub metrinin dəyərinin 10 qəpik təşkil etdiyi şəraritdə akt üzrə hesablanmış 3939 kub.m qazın dəyəri 393,90 manat təşkil etsə də, Cavabdeh QSC tərəfindən iddiaçıya ümumilikdə 3928,40 manat borcun hansı şəkildə hesablanması, həmin borcun qalan hissəsinin hansı səbəblərdən əmələ gəlməsi (qazdan sayğac üzrə istifadə edilməsi, digər aktların olması və s.) müəyyən deyildir. Cavabdeh QSC nə birinci instansiya məhkəməsində araşdırma zamanı, nədə ki apelyyasiya şikayətində bu məsələyə aydınlıq gətirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli Qərarının 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi, hazırkı halda Cavabdeh QSC-nin nümayəndələri tərəfindən qaz şəbəkəsinə qanunsuz qoşulma halı aşkar edildiyindən, iddiaçıya məxsus həmin xətt ləğv edilməli, qazın verilişi isə dayandırılmalı idi. Lakin iş materiallarından cavabdeh təşkilat tərəfindən bu tədbirlərin görülməsi müəyyən edilmir. Həmçinin, tərtib edilmiş aktda itirilmiş qaza görə ziyanın hesablanması göstərilsə də, şəbəkəyə qanunsuz qoşulmuş qaz xəttinin ləğv edilməsinə dair məlumat əks olunmamışdır. Həmin aktın məzmunundan görünür ki, abonent İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Qeyd edilən Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, işin müəyyən edilmiş hallarına və Qanunvericiliyin sadalanan tələblərinə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı hesablanmış 3939 kub metr dəymiş zərərin əvəzi (393,90 manat) istisna olmaqla, qalan borc məbləği silinməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, hazırkı iş üzrə iddia tələbi qismən təmin edilərək İddiaçı Cavabdehnə olan 3928,40 AZN borcunun 3534,50 AZN hissəsi silinməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri iddianın təmin edilmiş hissəsinə uyğun olaraq tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3513/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin. İddiaçının Cavabdehnə olan 3928,4 AZN borcunun 3534,5 AZN hissəsi silinsin. İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının dəyəri olaraq 212 (iki yüz on iki) manat məbləğində məhkəmə xərcinin 100 (yüz) manat hissəsi İddiaçı, 112 (yüz on iki) manat hissəsi isə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab: AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Ziya Şirinov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar