Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5472/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh Ağamməd qızına qarşı iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə özbaşına tikilinin sökülməsi) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh Ağamməd qızına qarşı “kompensasiya ödənilməklə özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2918/2024 nömrəli qətnaməsindən Cavabdeh Ağamməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 340 saylı sərəncamı ilə “Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) lə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli obyektlərin tikintisinə icazələrə əsasən həmin ünvanda 1, 2, 4, 5, 6, 7, 8, 9, 10 saylı yaşayış binasının, 56 və 57 saylı həyətyani dayanacağın tikintisinə icazə verilmişdir. Həmin sahədə Cavabdeh Ağamməd qızına (bundan sonra cavabdeh) məxsus olan M-113 (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Qanlı-Göl massivi, ev 8) saylı tikinti yerləşir. Tərəflər arasında bağlanmış 179 saylı akta əsasən həmin tikintinin ümumi sahəsi 73,93 kv.m (otaq 1 – 18,75 kv.m., mətbəx – 19,22 kv.m., dəhliz 2,47 kv.m, otaq 2 - 16,24 kv.m, hamam-tualet - 4,58 kv.m, köməkçi dam – 12,67 kv.m.) təşkil edir. “X2” MMCnin xx.xx.2024-cü il tarixli, 60/2 nömrəli qiymətləndirilmə rəyinə əsasən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 340 nömrəli sərəncamı ilə yaşayış kompleksinin tikintisi üçün iddiaçıya icarə əsasında istifadəyə verilmiş həmin torpaq sahəsinin daxilində olan və cavabdehə məxsus ümumi sahəsi 73,93 kv.m-dən ibarət M-113 nömrəli özbaşına tikilinin hazırki real bazar qiyməti ilə təqribi dəyəri 37.000 manat təşkil edir. Həmin tikilinin bazar dəyəri ”Qiymətləndirmə və Consulting Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən 43.800 manatdır. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən vətəndaş Cavabdeh Ağamməd qızının müraciəti əsasında (ona məxsus tikintinin cavabdeh tərəfindən sökülməsi ilə bağlı) toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı "xxxx" ASC Cavabdeh Ağamməd qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə 37.000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə cavabdehə məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, “X5” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 60/2 nömrəli rəyə əsasən cavabdehə məxsus M-113 nömrəli ev qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir. Tikilinin dəyəri 37.000 manatdır. Ekspertiza rəyinin məzmunundan, yaşayış və qeyri-yaşayış kimi inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikililər tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmiş, əksəriyyəti yarımçıq tikililərdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədirlər. "xxxx" ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri və cavadehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikililərin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələri özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, "xxxx" ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikililəri maraqlı şəxs olaraq "xxxx" ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə "xxxx" ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. "xxxx" ASC sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər etmiş, lakin cavabdeh həmin təklifdən imtina etmiş və nəticədə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır.
4. Cavabdeh Ağamməd qızı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ona məxsus tikilinin qəsdən söküldüyündən və əmlaka zərər vurulduğundan iddiaçı barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2918/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh Ağamməd qızına 37.000 manat ödənilməklə Cavabdeh Ağamməd qızına məxsus Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) özbaşına tikilinin boşaldılaraq sökülməsi qət edilmişdir (hakim X7).
6. Məhkəmə iddia tələbinin təmin edərkən qeyd etmişdir ki, mübahisə predmeti olan tikilinin qanunsuz tikili olması mülki işin mübahisəsiz halıdır. Cavabdehin həmin tikilini 24 ilə yaxın müddətdir qanunsuz əsaslarla istifadə etməsi bundan sonrada sahibliyin qanunsuz əsaslarla davam etdirilməsinə əsas ola bilməz. Mübahisə predmeti olan tikililərin qanunsuz tikili olmasına baxmayaraq, məhkəmə mülkiyyət hüququna “gözlənti hüququ”, “faktiki dəyəri olan əmlak” kontekstindən yanaşaraq ədalətli balansın qorunmasının təmin edilməsi məqsədilə qanunsuz sahibə müvafiq məbləğdə kompensasiyanın ödənilməsini yolverilən və əsaslı, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 57 nömrəli qiymətləndirmə rəyini isə ədalətli, ağlabatan, mötəbər hesab etmişdir. Məhkəmə “prosessual qənaət” prinsipinin tələblərini əsas götürərək məhkəmə ekspertizasının təyin edilməsini zəruri hesab etməmiş, əsassız yerə əlavə məhkəmə xərclərinin yaranacağı, mülki iş üzrə araşdırmanın operativliyinə mane olacağı kimi həmin xüsusata hüquqi qiymət vermişdir.
7. Məhkəmə cavabdehin xüsusi qərardadın çıxarılması ilə bağlı ərizəsinə münasibət bildirirərək qeyd etmişdir ki, tərəflər ilkin olaraq tikilinin söküntüsü barədə razılaşmışlar, lakin, sonra cavabdeh tərəfindən razılaşmaya əməl edilməmişdir. Müvafiq tikiliyə zərər vurulması ilə bağlı cavabdeh tərəfindən hüquq mühafizə orqanlarına şikayətlə müraciət edilmiş və Yasamal RPİ İŞ-də bununla bağlı araşdırma aparılmışdır. Məhkəmə hesab etmişdir ki, hazırki mülki iş üzrə xüsusi qərardadın qəbul edilməsinə mötəbər hüquqi əsaslar, sübutlar mövcud deyildir. Həmçinin, cavabdeh tərəfin özü istinad etdiyi xüsusatlarla bağlı hüquq mühafizə orqanlarına müraciət etməsini və şikayət üzrə araşdırmanın aparılmasını bildirmişdir. Vətəndaşların baş verməsi iddia (ehtimal) olunan cinayət hadisələri üzrə hüquq mühafizə orqanlarına (prokurorluq) müraciət etməkdə sərbəst olduqlarından hazırda bunun üçün məhkəmə qərarından istifadə edilməsinə hüquqi və faktiki zərurət yoxdur.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci, 180cı, 560-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə, "xxxx" MTK-nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Ağamməd qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona dəyən zərərin əvəzinin tam ödənilməsi məhkəmə tərəfindən təmin edilməmiş və dəyən zərərin miqdarı düzgün müəyyənləşdirilməmişdir. Həmçinin mülki hüquqların hüquqa uygun şəkildə həyata keçirilməməsi nəticəsində ona ziyan vurulmuşdur. Məhkəmə hazırkı məhkəmə təcrübəsinə zidd olaraq xüsusi bilik tələb olunan işin bütün hallarını hərtərəfli araşdırmasına lazımi şərait yaratmamış, ekspertizanın təyin edilməsini zəruri hesab etməmişdir. Bundan başqa, evin sökülməsi iddiaçı tərəfindən iddia ərizəsi verilməzdən əvvəl icra olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh Ağamməd qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qismən qəbul edərək və bu barədə məhkəməyə ərizə təqdim edərək, kompensasiya məbləği qismində ” ”Qiymətləndirmə və Consulting Mərkəzi” MMCnin xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyi ilə müəyyən edilmiş 43.800 manat məbləğində pulun ödənilməsinə razı olduqlarını bildirmiş və apellyasiya şikayətini bu məbləğ həddində təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
16. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir; 4.2 və 4.2.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər.
18. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, hüquqi nəticə etibarı ilə qətnamə müəyyən edilmiş kompensasiyanın məbləği hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Lakin cavabdehə məxsus tikilntinin sökülməsi müqabilində ödənilməli olan kompensasiyanın məbləği müəyyənləşdirilərkən diqqətəlayiq olan bütün hallar nəzərə alınmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi müəyyən edilmiş kompensasiyanın məbləği ilə bağlı hissədə dəyişdirilməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, cavabdehə məxsus olan tikintinin yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 340 saylı sərəncamı ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. Tərəflərin qarşılıqlı razılığı əsasında aparılmış ölçmə işləri nəticəsində tikintinin sahə etibarı ilə ümumilikdə 73,93 kv.m. olduğu müəyyən edilmiş və bununla bağlı tərəflər arasında 179 saylı akt tərtib edilmişdir. Eyni zamanda, iddiaçının sifarişi əsasında “X2” MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 26 nömrəli qiymətləndirmə rəyinə əsasən tikintinin real bazar qiyməti ilə təqribi dəyəri 37.000 manat müəyyən edilmişdir.
27. Tikinti artıq sökülmüşdür, hazırda mövcud deyil. Lakin cavabdeh onun bərpa edilməsini tələb etmir. Qeyd edilənlər, habelə tərəflər arasında 179 saylı aktın imzalanması belə qənaətə gəlməyə əsas verir ki, cavabdehə məxsus olan tikinti məhz onun razılığı əsasında iddiaçı tərəfindən sökülmüşdür. Başqa sözlə, tikintinin sökülməsi barədə tərəflər ilkin olaraq razılığa gəlmişdilər. Belə ki, aktın məzmununa əsasən cavabdehin razılığı əsasında iddiaçının əməkdaşları tərəfindən tikintidə ölçmə işləri aparılmış, cavabdehin həmin ölçülərlə (73,93 kv.m) razılaşmış, əlavə tikinti işlərinin aparılmaması barədə xəbərdar olunmasını bildirmiş və apardığı təqdirdə onlarla bağlı hər hansı iddiasının olmayacağını bəyan etmişdir. Bu hal cavabdehin şikayəti əsasında Bakı şəhəri Yasamal rayon Polis idarəsi tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla da öz təsdiqini tapır. Həmin araşdırma zamanı iddiaçının əməkdaşları eyni məzmunlu izahat verərək, evin söküntüsündən əvvəl cavabdehin ərinin iştirakı və razılığı ilə evdə olan əşyaların, o cümlədən mətbəx mebelinin, iki ədəd seyf qapının, iki ədəd taxta qapının, 2 ədəd plastik pəncərənin, həmin pəncərələrin dəmir barmaqlıqlarının və 1 ədəd nəfəsliyin sökülərək, iddiaçıya məxsus “Foton” markalı, **-JG- *** qeydiyyat nömrə nişanlı yük avtomobilinə yükləndiyini və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən cavabdehin ərinə məxsus evə boşaldıldığını bildirmişdilər. Cavabdeh də öz növbəsində bu məlumatları təkzib etməmiş, habelə həmin qərarı müvafiq qaydada mübahisələndirməmişdir.
28. Nəzərə alınmalıdır ki, Sərəncamda qeyd edilən sahə ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında iddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədi ilə icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. Bununla belə, iddiaçı yeni yaşayış kompleksinin inşası üçün ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri (istifadəçiləri) ilə razılıq əldə edib, müqavilələr bağlamaq, habelə qanunvericiliklə müəyyən edilmiş hədlərdə digər tədbir görmək səlahiyyətinə malikdir. Lakin iddiaçı cavabdehə məxsus olmaqla artıq sökülmüş tikintinin əvəzi olaraq təklif olunan kompensasiyanın məbləği ilə bağlı cavabdehlə razılığa gələ bilmir. Tərəflər arasında mübahisə də tikinti söküldükdən sonra məhz onun əvəzi olaraq ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı yaranmışdır.
29. Belə ki, cavabdeh “X2” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 26 nömrəli qiymətləndirmə rəyinə əsaslanaraq, kompensasiya qismində həm ilkin olaraq, həm də hazırki iddiası üzrə 37.000 manat təklif etmişdir. Birinci instansiya məhkəməsi də həmin qiymətləndirmə rəyini (iş materiallarında kompensasiya məbləği ilə bağlı hər hansı başqa sübut mövcud deyil) əsas götürərək, tikintinin sökülməsi müqabilində ödənilməli olan kompensasiyanı məhz 37.000 manat məbləğində müəyyən etmişdir. Cavabdeh də məhz bu məbləğdə kompensasiyanı aşağı hesab edir və tikintinin bazar qiymətinə uyğun qiymətləndirilməklə ədalətli kompensasiyanın müəyyən edilib ona ödənilməsini tələb edir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin kompensasiya məbləğinin aşağı olması barədə dəlillərini, habelə apellyatorun bununla bağlı ayrıca vəsatətlə məhkəməyə müraciət etməsini nəzərə alaraq, mübahisəli tikilinin real bazar dəyərinin müəyyən edilməsi üçün əmlakın qiymətləndirilməsi məsələsini müzakirəyə çıxarmış və hər iki tərəfin ümumi razılığı ilə əmlakın qiymətləndirilməsini "xxxx" MMC-yə həvalə etmişdir. Həmin cəmiyyət tərəfindən aparılmış qiymətləndirmə işinin nəticələrinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən mübahisəli tikilinin dəyərinin 43.800 olduğu qeyd edilmişdir. Bu rəyə uyğun olaraq iddiaçı kompensasiya məbləği olaraq 43.800 manat ödənilməsinə razılıq verir, cavabdeh isə sonrakı məhkəmə proseslərində iştirak etməmişdir. Hətta məhkəmə kollegiyası tərəfindən onun da mövqeyinin öyrənilməsi üçün məhkəmə iclası bir dəfə təxirə də salınmışdır.
31. Məhkəmə kollegiyası vurğulayır ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Hazırki mübahisə üzrə isə ilkin olaraq tərəflər arasında razılaşma da olmuş, lakin tikintinin dəyəri ilə bağlı mübahisə yaranmışdır. Lakin cavabdeh iddiaçı tərəfindən ona verilməli olan məbləği göstərmir, habelə ədalətli hesab etdiyi dəyər barədə də hər hansı məlumat vetmir. Lakin bu halın mövcudluğu ona həmin tikintinin dəyərinin əvəzinin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
32. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb vurğulayır ki, cavabdehin ona məxsus olmuş tikintiyə görə pul formasında kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Lakin həmin kompensasiya məbləğ etibarı ilə cavabdehin məhrum olunduğu hüququna mütənasib olmalıdır. Başqa sözlə kompensasiya təklif olunarkən cavabdehə məxsus olmuş tikintinin ölçüləri, texniki (yararlıq və təmir) və hüquqi vəziyyəti, təyinatı və digər bu kimi hallar nəzərə alınmalı, təklif konkret olmaqla, gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır.
33. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
34. Bu səbəbdən məhkəmə kollegiyası məhz "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyini əmlakın qiymətinin müəyyən edilməsi baxımından mötəbər sübut kimi qiymətləndirir və iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləğinin artırılmasını mümkün hesab edərək, mübahisəyə məhz qiymətləndirmə rəyi əsas götürməklə hüquqi qiymət verib, qeyd edir ki, cavabdehə məxsus olmuş tikintinin inşa edilməsi üçün hər hansı hüquq müəyyənedici sənədi mövcud olmamış, bu tikinti hüquqi vəziyyətinə görə özbaşına tikinti olmuşdur. Onun yerləşdiyi torpaq sahəsi də cavabdehə məxsus deyil. İş materiallarında mövcud olan fotoşəkillərə əsasən tikinti faktiki olaraq təmirsiz olmuşdur. Yaşayış üçün tam yararlı olması açıq və aydın şəkildə görünmür. Tikinti baxımsız vəziyyətdə idi. Orada yaşayışın olmaması aşkardır. Aparılmış ölçmə işlərinə əsasən tikintinin ümumi sahəsi 73,93 kv.m. təşkil edir.
35. Məhz hər hansı hüquq müəyyənedici sənədin olmaması, tikintinin özbaşına tikinti olması səbəbindən "xxxx" MMC tərəfindən onun bazar dəyəri xərc yanaşması ilə müəyyən edilmişdir.
36. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyini və iddiaçının kompensasiya məbləği ilə bağlı razılıq ərizəsini əsas götürərək, hesab edir ki, qiymətləndirmə rəyi ilə müəyyən edilən kompensasiya məbləği ağlabatandır və cavabdehin ona məxsus olmuş tikintinin sökülməsi nəticəsində üzləşdiyi məhdudiyyətlərə tam şəkildə mütənasib olmaqla onun üzərinə fərdi və həddən artıq yük qoymuş olmur. Hər bir halda, nə 179 saylı aktda, nədə ki cavabdehin hüquq mühafizə orqanlarına etdiyi şikayətdə və şikayət əsasında aparılmış araşdırma zamanı verilmiş izahatlarda tikintiyə görə iddiaçı tərəfindən ödənilməli olan pulun məbləğinə hər hansı istinad mövcud deyil, iddiaçı tərəfindən cavabdehə 43.800 manatdan artıq məbləğdə kompensasiyanın ödənilməli olması ümumiyyətlə müəyyən edilmir. Başqa sözlə, kompensasiyanın bu məbləğdən artıq məbləğdə müəyyən edilməsi üçün hər hansı əsas, o cümlədən sübut mövcud deyil. Qeyd edilənlər öz növbəsində birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən cavabdehə ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilməsini və məhz 43.800 manat məbləğində müəyyən edilməsini şərtləndirir.
37. Məhkəmə kollegiyası, eyni zamanda, mütəxəssis rəyinin tərtib edilməsi ilə bağlı çəkilmiş xərcin ödənilməsinə münasibətdə qeyd edir ki, iddiaçının kompensasiya məbləği kimi təklif etdiyi məbləğ qiymətləndirmə rəyi ilə müəyyən edilmiş tikilinin dəyərindən altı min manat məbləğində azdır. Bu səbəbdən məhkəmə kollegiyası həmin məbləğlər arasındakı mütənasibliyi, habelə məhz cavabdehin əmlakın qiymətləndirilməsi mövqeyindən çıxış etməsini nəzərə alaraq hesab edir ki, qiymətləndirmə rəyinin tərtib edilməsi üçün çəkilmiş xərcin 1/6 hissəsinin iddiaçıdan, 5/6 hissəsinin isə cavabdehdən tutulması ağlabatan və ədalətlidir.
38. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilməli, cavabdehə məxsus olmuş, ümumi sahəsi 73.93 kv.m olan M-113 nömrəli (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Qanlı-Göl massivi, ev 8) özbaşına tikintinin sökülməsinə görə iddiaçı tərəfindən cavabdehə ödənilməli olan kompensasiya 43.800 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 250 manat məbləğində pulun 42 manat hissəsi iddiaçıdan, 208 manat hissəsi isə cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Ağamməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2918/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh Ağamməd qızına ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilsin. Cavabdeh Ağamməd qızına məxsus olmuş, ümumi sahəsi 73,93 kv.m olan M-113 nömrəli (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Qanlı-Göl massivi, ev 8) özbaşına tikintinin sökülməsinə görə iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh Ağamməd qızına ödənilməli olan kompensasiya 43.800 (qırx üç min səkkiz yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh Ağamməd qızına aid edilsin. Qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pulun 42 (qırx iki) manat hissəsi iddiaçı "xxxx" ASC-dən, 208 (iki yüz səkkiz) manat hissəsi isə Cavabdeh Ağamməd qızından tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.