Məhkəmə qərarları › İş №2(103)-5474/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5474/2021

18.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5474/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-732/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş 30.08.2019-cu il tarixli, ******* nömrəli akt üzrə 594,0 manat məbləğində borcun silinməsi və əsassız olaraq ondan çıxılmış pul məbləğinin iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Neftçilər küçəsi, döngə 7-də (Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Mədən küçəsi, bina 1, mənzil 894) yaşayır. Müqaviləyə əsasən ona məxsus Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Neftçilər küçəsi, döngə 7-də Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Mədən küçəsi, bina 1, mənzil 894) yerləşən yaşayış sahəsi təbii qazla təchiz edilmişdir. 19 mart 2018-ci il tarixdə Cavabdeh əməkdaşları qaz sayğacını çıxarmış, bu barədə akt tərtib etmişdir. Daha sonra o, ödəniş edərkən pulun tutulduğunu görmüş, bununla bağlı sözü gedən quruma müraciət etdikdə, ona bildirmişdilər ki, 594 manat qaz sərfiyyatına görə borcu vardır. Həmin borcun hardan yaranmasını araşdırmaq üçün rayon yerli qaz idarəsinə müraciət etmişdir. Buradan 19 mart 2018-ci il tarixli aktı, 30 avqust 2019-cu il tarixli aktı, tələbnaməni, hesabı, əldə etmişdir. Ödəniş saldosundan da görünür ki, o, sayğac göstəricisinə əsasən, istehlak olunmuş qazın dəyərini vaxtlıvaxtında ödəmiş, heç bir borcu olmamışdır. 30 avqust 2019- cu il tarixli aktda "sayğacın hesablanma mexanizminin qoruyucu örtüyü üst hissədən deşilmişdir" qeyd edilmişdir. Qeyd edir ki, akt tərtib edilərkən onun iştirakı təmin edilməmiş, lakin imtina etdiyi qeyd edilmişdir. Bu səbəbdən də hesab edir ki, akt tərtib olunduğu andan etibarsızdır.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-732/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanı (ünvan 2 sərfinə görə İddiaçı (abonent kodu: **********08940) hesablanmış 594,0 (beş yüz doxsan dörd) manat məbləğində borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Emin Məmmədli).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-732/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sahə üzrə münasibətləri tənzimləyən “qaz təchizatı haqqında” Qanunda Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nda və həmin Qaydalara əlavədə nümunəvi forması verilən qazın alqı-satqı müqaviləsində sayğaca müdaxilə, qaz xəttinə qeyriqanuni qoşulma nəticəsində talan olmuş qazın dəyərinin müəyyən edilməsinə dair müddəa təsbit edilməmişdir. Tərəflərin izahatları:

6. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “sayğacın hesablama mexanizminin qoruyucu plastmas örtüyünün üst hissədən deşilməsi” müəyyən edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 594,0 manat (5940 m3 x 0,10 manat = 594 manat) tələb edilir.

10. İş materiallarına əlavə edilmiş Cavabdeh İB tərəfindən tərtib edilmiş 20.05.2019–cu il tarixli MSK-29/1710-01001 nömrəli aktın surətindən görünür ki, 1302AZ**********11 zavod nömrəli qaz sayğacının çıxış plastmas borusu deşilmişdir.

11. İş materiallarında olan abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə İddiaçı (abonent kodu **********08940) 594,0 manat borc hesablanmışdır.

12. İş materiallarında olan 30.08.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd olunmnuşdur. Hüquqi dəyərləndirmə:

13. İşin hallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin, dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 594,0 manat məbləğində borc dəyəri iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

14. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

15. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

16. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

17. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. Kollegiya ünvan 1 ünvanı (ünvan 2 sərfinə görə İddiaçı (abonent kodu: **********08940) hesablanmış 594,0 (beş yüz doxsan dörd) manat məbləğində borcun silinməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edir.

19. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır.

22. Sadalanan xüsusatlara və qeyd edilən hüquq normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, borcun silinməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

23. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-732/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar