Məhkəmə qərarları › İş №2(103)-5478/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5478/2024

08.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5478/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kompensasiya verilməklə qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiya şikayətindən imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kompensasiya verilməklə qanunsuz tikilinin sökülməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(004)-2917/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Cavabdeh 23000 manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə ona məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(004)- 2917/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

3. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, ləğv edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Şikayətin dəlillərinə görə, tikilinin sökülməsi müqabilində iddiaçı cavabdeh tərəfə 23000 manat kompensasiya təklif edir və cavabdeh bu təklifə razı olmamaqda tam haqlıdır. Bunun bir neçə səbəbi vardır. Birincisi, sözügedən tikilidə yaşayış var və əgər həmin tikili sökülə orada yaşayanların yaşamaq, mülkiyyət və digər konstitusiyon hüquqları pozulmuş olacaq. İkincisi qanunvericiliyə müvafiq olaraq verilən konpensasiya həm düzgün hesablanmamışdır, həm də ağılabatan mələğ deyildir. Çünki təklif edilən məbləğ əmlakın dəyərinə mütənasib olsa belə cavabdehin yaşaması üçün lazımi ev almağına kifayət etməyəcəkdir. Odur ki, cavabdeh iddiaçıdan tikilinin sökülməsi müqabilində pul formasında kompensasiya deyil, onu mənzillə təmin edilməsinin tələb etməkdə haqlıdır. İş üzrə məhkəmə baxışı zamanı verilmiş X1 25 aprel 2024-cü il tarixli, 59 nömrəli qiymətləndirmə rəyinə əsasən mübahisə predmeti olan tikilinin ümumi dəyəri təxminən 23000 manat müəyyən edilmişdir. Əlavə məhkəmə-əmtəəşünaslıq ekspertiziyasının keçirilməsi barədə vəsatət verilsə də birinci instansiya məhkəməsi vəsatəti təmin etməmişdir.

5. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək tərəflər mübahisəni aralarında həll etdiyindən apellyasiya şikayətinin geri götürdüyünü bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina barədə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir.

8. Göstərilənlərə əsasən və MPM-in 369 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(004)- 2917/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar