Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5482/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin (hazırda İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2(006)-2238/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC ilə bağlanmış 15.03.2010-cu il tarixli 948/534-03/2010 saylı X2 Müqaviləsinə 06.08.2012-ci il tarixli öhdəliyin ötürülməsi haqqında Razılaşma və 30.07.2015-ci il tarixli restrukturizasiya haqqında Razılaşmaya xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyan üzrə müştərək qaydada 1259,81 ABŞ dollar əsas məbləğdən gecikmə, 840 ABŞ dolları faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2010-cu il tarixli 948/534-03/2010 saylı X3 Müqaviləsinə 06.08.2012-ci il tarixli öhdəliyin ötürülməsi haqqında Razılaşmaya əsasən "xxxx" QSC təsviri bu müqavilədə göstərilən 2007 buraxılış ili olan ** AL *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti istifadəsinə vermişdir. 15.03.2010-cu il tarixli 948/534-03/2010 saylı X3 Müqaviləsinə 30.07.2015-ci il tarixli restrukturizasiya haqqında razılaşmaya əsasən 16033 USD məbləğində borcu illik 21% olmaqla, 36 ay müddətində "xxxx" QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh Lizing Müqaviləsinə 01 saylı əlavədə göstərilmiş illik 21% olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bundan sonra Cavabdeh1 tərəfindən 09.04.2016-cı il tarixdə lizinq obyekti "xxxx" QSC-yə təhvil verilmişdir. Nəticədə cavabdehin X2 Müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə 09.04.2016-ci il tarixə 1259,81 USD əsas məbləğdən gecikmə, 840 USD faiz borcu yaranmışdır. Eyni zamanda X2 müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Cavabdeh öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcunu ödəməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2(006)- 2238/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" QSC ilə bağlanmış 15.03.2010cu il tarixli 948/534-03/2010 saylı X2 Müqaviləsinə 06.08.2012-ci il tarixli öhdəliyin ötürülməsi haqqında Razılaşma və 30.07.2015-ci il tarixli restrukturizasiya haqqında Razılaşmaya xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyan üzrə müştərək qaydada 1259,81 ABŞ dollar əsas məbləğdən gecikmə, 840 ABŞ dolları faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması və dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5311/2020 saylı 09.09.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2238/2020 saylı iş üzrə 24 fevral 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddiaçı "xxxx" QSC-nin (hazırda İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyan üzrə müştərək qaydada 1259,81 ABŞ dolları əsas məbləğdən gecikmə, 840 ABŞ dolları faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda qətnamədən digər Cavabdeh1 apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, onunla QSC arasında 15.03.2010-cu il tarixli 948/534 saylı müqavilə heç vaxt bağlanmamışdır, həmçinin 30.07.2015-ci il tarixli restruktrizasiya haqqında razılaşma da bağlanmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi 17.06.2021ci il tarixli maliyyə arayışı təqdim edərək bildirdi ki, 1322,42 manat əsas məbləğdən gecikmə, 881,75 manat faiz borcu tələb edirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin müəyyən olunmuş faktiki hallarına görə, "xxxx" QSC ilə Rüstəm Rüstəmov arasında bağlanmış 15.03.2010-cu il tarixli X2 müqaviləsinə əsasən, QSC buraxılış ili 2007-ci il olan, **-AL-*** dövlət qeydiyyat nişanlı, “AUDİ Q7” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu müəyyən haqq müqabilində R.Rüstəmovun müvəqqəti sahiblik və istifadəsinə vermiş, sonuncu isə bu müqavilədə müəyyənləşdirilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və lizinq ödənişlərini mütəmadi olaraq lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. QSC, Rüstəm Rüstəmov və Şahin Quliyev arasında bağlanmış X2 müqaviləsinə 12.04.2011-ci il tarixli öhdəliyin ötürülməsi haqqında razılaşmaya əsasən, Ş.Quliyev, R.Rüstəmovun 55.000 ABŞ dolları qalıq borcunu 48 ay müddətinə illik 21% dərəcəsi ilə ödəməyi öz öhdəsinə götürmüşdür. QSC, Şahin Quliyev və Cavabdeh1 arasında bağlanmış X2 müqaviləsinə 06.08.2012-ci il tarixli öhdəliyin ötürülməsi haqqında razılaşmaya əsasən isə Cavabdeh1 Ş.Quliyevin 32.121 ABŞ dolları qalıq borcunu 48 ay müddətinə illik 21% dərəcəsi ilə ödəməyi öz öhdəsinə götürmüş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Eyni zamanda, Cavabdeh2, 06.07.2012ci il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 X2 müqaviləsindən irəli gələn öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. X2 müqaviləsinə 30.07.2015-ci il tarixli restrukturizasiya haqqında razılaşmaya əsasən Cavabdeh1 qalıq borcu illik 21% olmaqla, 36 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" QSC-nin 08.08.2017-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, daxili lizinq müqaviləsinə əsasən, Cavabdeh1 QSC-yə 09.04.2016-cı il tarixə əsas məbləğdən gecikmə 1259,81 ABŞ dolları, lizinq mükafatı kimi 840 ABŞ dolları borcu vardır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 11.10.2019-cu il tarixli, 15482 saylı rəyinə əsasən isə, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, 15.03.2010-cu il tarixli NVD 948/534- 03/2010 saylı daxili lizinq müqaviləsi, 06.08.2012-ci il tarixli lizinq ödənişləri cədvəli, 30.07.2015-ci il tarixli restrukturizasiya haqqında əlavə razılaşma şərtləri əsas götürülməklə Cavabdeh1 09.04.2016-cı il tarixə banka olan borcu ümumilikdə 7941,51 ABŞ dolları olmaqla, əsas borc üzrə 7335,43 ABŞ dolları, faiz borcu üzrə 397,95 ABŞ dolları təşkil edir. Tərəflər arasında bağlanılmış müqavilədə qeyd edilmişdir ki, müqavilənin valyutası ABŞ dollarıdır. X4 ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manatla aparılmalıdır. Müqaviləyə əsasən lizinq obyektinin dəyəri 78000 şərti pul vahidi kimi göstərilmişdir. Ödəniş cədvəlində isə lizinq obyektinin bazar dəyəri 32,121 ABŞ dolları kimi göstərilmişdir. Lizinq müqaviləsində lizinq obyektinin qiyməti manatla göstərilsə də, şərti pul vahidinin Mərkəzi Bankın müəyyən etidiyi məzənnəyə uyğun olaraq ABŞ dolları olması müəyyən edilib. Eyni zamanda ödəniş cədvəlində də pul vahidinin ABŞ dolları olması müəyyən edilib. Baxmayaraq ki, müqavilədə şərti pul vahidinin xarici valyuta kimi ABŞ dolları müəyyən olunub, bu halda həmin valyuta ilə pul məbləğinin tutulması istisna olunur, çünki lizinq müqaviləsində lizinq obyektinin dəyərinin xarici valyuta ilə göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konsitutsiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsində pul öhdəliyinin manatla ifadə edilməsi, əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirilə bilər. Hazırkı işin halları baxımından qeyd edilməlidir ki, müqavilə tərəfləri, o cümlədən iddiaçı təşkilat xarici hüquq şəxs deyil, bağlanmış lizinq müqaviləsində və ödəniş cədvəlində lizinq alanın pul öhdəliyi xarici valyuta ilə ifadə oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, lizinq müqaviləsi kredit müqaviləsi deyildir. Lizinq müqaviləsi mahiyyət etibarı ilə kirayə müqaviləsidir və lizinq alanın özünün seçdiyi əşya lizinq verən tərəfindən əldə olunaraq onun istifadəsinə verilir, lizinq alan bunun müqabilində istifadə haqqı ödəyir və bütün ödənişləri etdikdən sonra həmin əşyanı öz mülkiyyətinə keçirmək hüququ əldə edir. Ona görə də borc münasibətlərindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər pul öhdəliyidir və yuxarda istinad olunan maddi hüquq normalarının tələbinə görə həmin öhdəlik yalnız manatla ifadə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.05.2015-ci il tarixli qərarında da Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəasının yalnız kredit (borc) müqavilələri üzrə öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmaması qeyd edilib. Hazırki işdə isə öhdəlik kredit müqaviləsindən deyil, lizinq müqaviləsindən yaranıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.05.2015-ci il tarixli qərarında isə o da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən tələb edilən borc məbləği manatla ifadə edilərək, 1322,42 manat əsas məbləğdən gecikmə, 881,75 manat faiz borcu müəyyən edilmişdir. Belə olan halda Kollegiya hesab edir ki, qətnamə bu hissədə dəyişdirilməli və Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi nəticəsində dəymiş ziyan üzrə iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalı olan əsas məbləğdən gecikmə 1322,42 manat, faiz borcu 881,75 manat müəyyən edilməlidir. Cavabdehin apelyasiya şikayətinin onunla QSC arasında 15.03.2010-cu il tarixli 948/534 saylı müqavilənin, həmçinin 30.07.2015-ci il tarixli restruktrizasiya haqqında razılaşmanın bağlanmaması barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, 15.03.2010-cu il tarixli X2 müqaviləsi "xxxx" QSC ilə Cavabdeh1 yox, Rüstəm Rüstəmov arasında bağlanmış, bundan sonra QSC, Rüstəm Rüstəmov və Şahin Quliyev arasında bağlanmış X2 müqaviləsinə 12.04.2011-ci il tarixli öhdəliyin ötürülməsi haqqında razılaşma bağlanmış, daha sonra QSC, Şahin Quliyev və Cavabdeh1 arasında bağlanmış X2 müqaviləsinə 06.08.2012-ci il tarixli öhdəliyin ötürülməsi haqqında razılaşmaya əsasən isə Cavabdeh1 Ş.Quliyevin qalıq borcunu ödəməyi öz öhdəsinə götürmüş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. X2 müqaviləsinə 30.07.2015-ci il tarixli restrukturizasiya haqqında razılaşmaya əsasən Cavabdeh1 qalıq borcu illik 21% olmaqla, 36 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, 15.03.2010-cu il tarixli müqavilə Cavabdeh1la bağlanmamış, sonuncu ilə 06.08.2012-ci il tarixdə öhdəliyin ötürülməsi, 30.07.2015-ci il tarixdə isə restrukturizasiya haqqında razılaşmalar bağlanılmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2238/2020 saylı iş üzrə 24 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin və Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi nəticəsində dəymiş ziyan üzrə iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalı olan əsas məbləğdən gecikmə 1322,42 manat, faiz borcu 881,75 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5482/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5482/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver