Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5487/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürən X3 cavabdehlər Bakı şəhəri 34 saylı Notariat ofisi və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5487/2025 (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh1 vəkili X9, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 34 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı, X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “müqavilənin ləğv edilməsi tələbinə dair”, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Bakı şəhəri 34 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2258/2025 nömrəli 09 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (Satıcı) və Cavabdeh1 (Alıcı) adından etibarnamə əsasında çıxış edən X13 arasında xx.xx.2013-cü il tarixdə notarial qaydada bağlanmış AN – İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, “Satıcı” Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlınski küçəsində istifadədə olan 0.02497 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 147.3 m2 , yaşayış sahəsi 62.7 m2 , köməkçi sahəsi 84.6 m2 olan, 3 otaqlı, 35 saylı fərdi yaşayış evini “Alıcı”nın mülkiyyətinə verir, “Satıcı” evi 57000 manata satır, “Alıcı” isə həmin qiymətə alır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış evi Cavabdeh1 mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində sonuncunun xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.
3. xx.xx.2025-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(010)-4159/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlınski küçəsi ünvanında yerləşən 35 nömrəli fərdi yaşayış evi icra sənədi üzrə borclular – İddiaçı, X10, X6 və X11 tərəfindən könüllü şəkildə boşaldılaraq icra sənədi üzrə tələbkarın nümayəndəsi X4 təhvil verilmiş, bu barədə akta imza edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Bakı şəhəri 34 saylı Notariat Ofisi və Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 34 saylı Notariat Ofisində cavabdeh ilə aralarında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə cavabdehin əmisi oğlu kimi bildiyi X5 ilə aralarında olan razılaşmaya əsasən, ondan 120000 manat məbləğində, aylıq 5% sələm ödəmək şərti ilə borc pul götürmüşdür. Qeyd olunan 120000 manat məbləğində faizli sələm borcunun zəmanəti olaraq, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilini girov kimi qoymuşdur. ünvan 3nda xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi rəsmiləşdirilməklə X2 təqdim etdiyi əmisi oğlu Cavabdeh1 adına əmlakı rəsmiləşdirilmişdir. O, bu illər ərzində iki dəfəyə 6000 manat olmaqla aylıq faiz vermiş və sonralar isə 20000 manat və 10000 manat olmaqla, cəmi 42000 manat ödəmişdir. Cavabdeh1 və X4 cəmi qalan borcu 78000 manatdır. Həmin vaxt mübahisələndirilən evinin faktiki satış qiyməti təqribən 240000 – 260000 manat məbləğində olmuşdur. Sələm faizli borc pul verilərkən borcun təminatı olan əmlakın faktiki satış qiymətinin 50 faizindən artıq məbləğdə borc verilmir. Odur ki, adları qeyd olunan şəxslər ona 240000 manat məbləğində satış dəyəri olan evinin qiymətinin yarı hissəsində, yəni 120000 manat məbləğində borc pul vermişlər. Araşdırma aparılarsa, tam əmin olmaq olar ki, mübahisələndirilən əmlakın həmin dövrdəki faktiki satış qiyməti həqiqətən də 240000 manatdan çox olmuş və bununla da məlum olar ki, cavabdeh və onun əmisi oğlu olduğunu bildirən X2 birgə qanuna zidd qəsbkar əməlləri ifşa olunmuş olar. ünvan 3nda xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* daşınmaz əmlakın alğısatqı müqaviləsi əslində əsassız və formal xarakterlidir, odur ki, haqlı olaraq hesab edir ki, həmin müqavilə pərdələnmiş alğı-satqı müqaviləsi kimi qiymətləndirilməklə ləğv edilməlidir. 2013-cü ildə faktiki satış qiyməti 240000 – 260000 manat məbləğində olan əmlak başqa hansı halda real alğı-satqı olmuş olsaydı, nə əsasla 57000 manata alğı-satqı edilmiş olardı? Təbiidir ki, bu bir daha sübut edir ki, həqiqətən də mübahisələndirilən daşınmaz əmlakın alğı-satqı müqaviləsi tamamı ilə əsassız və qanunsuzdur. Cavabdeh 2013-cü ildə olan iddia tələbi ilə ünvan 3nda xx.xx.2003-cü il tarixdə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə mənzilin boşaldılmaqla tələbkar Cavabdeh1 təhvil verilməsi mübahisələndirilməklə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qət edilmişdir. Qeyd olunan iddia tələbində və ya məhkəmə qətnaməsində xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsi başqa hallarda mübahisələndirilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-3453/2024 nömrəli qərarı ilə işə iddia tələbinin mahiyyəti üzrə (mənzilin boşaldılması və mənzilin tələbkara təhvil verilməsi tələbi ilə) baxılmışdır. Yuxarıda göstərilən məhkəmə qətnamə və qərarlarında ünvan 3nda xx.xx.2003-cü il tarixdə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin əsaslılığı və ya başqa hallar mübahisə edilməmiş və başqa heç bir hal nəzərdə tutulmamışdır. ünvan 3nda xx.xx.2003-cü il tarixdə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə və işin faktiki hallarına nəzər edilsə, tam aydın şəkildə məlumdur ki, cavabdeh məhkəmədə biləbilə yalan ifadə və məlumatlar verməklə öz qanunsuz əməllərinə məhkəmə vasitəsilə haqq qazandırmış olduqlarının canlı şahidi olunar. Belə ki, xx.xx.2013-cü il tarixli alğısatqı müqaviləsi rəsmiləşdirildiyi vaxtdan 6 il müddət keçdikdən sonra cavabdeh qeyd olunan mənzilə əmlak üzərində mülkiyyət hüququna dair müvafiq çıxarış almışdır. Hansı əsasla anlaşıla bilər ki, bir şəxs həqiqətən də bir mənzili almış olsun və həmin şəxs pul verib aldığı əmlakın hüquqmüəyyənedici sənədlərin arxası ilə 6 il müddətində getməmiş olsun? Eyni zamanda, sual yaranır ki, bir şəxs aldığı mənzilin 10 il müddətində təhvil-təslim edilməsini tələb etməmiş olsun? Məlumat üçün bildirir ki, bu işdə cavabdehlə razılaşma olmuşdur ki, ona verilən 120000 manat məbləğində aylıq 5% məbləğində əlavə ödəniş etmək şərti ilə borc pul vermişdir və bu borcun təminatı olaraq ünvan 2 ünvanında yerləşən mənzilini girov olaraq, lakin rəsmiyyətdə alğı-satqı ilə onun adına rəsmiləşdirilməli olması şərti ilə razılaşdırılmışdır. Bu səbəbdən də, cavabdeh qeyd olunan alğı-satqı müqaviləsinin bağlandığı gündən təqribən 6 il müddətinə əmlakı öz adına rəsmiləşdirməmiş və evin təhvil-təslim edilməsini tələb etməmişdir. Eyni zamanda bu müddətdə ümumi 42000 manat məbləğində ondan pul almışdır. Sual yaranır ki, əgər cavabdeh ondan faktiki olaraq qanuni yolla ev almışdırsa, nə səbəbə ondan 42000 manat məbləğində pul almış olsun? İş üzrə istənilən hallarda mənzili ona satmışdırsa, satıcı pulu almış olmalıdır, amma guya alıcı olan cavabdehə həm evi satmış, həm də üzərində 42000 manat pul vermişdir. Cavabdeh onunla razılaşmışdır ki, vermiş olduğu sələm olan 120000 manat məbləğində borc pul tam geri qaytarıldıqda onlar evini yenidən onun adına rəsmiləşdirəcəklər və bu işində xərclərini yenə də o, ödəməli idi. 42000 manatını alıb, üstəlik evini də mənimsəyirlər. Mənzilin qiymətləndirilməsi aparılacağı təqdirdə də tam öyrənilə bilər ki, həmin vaxt 2013-cü ildə onun evinin qiyməti ən azından 240000 – 260000 manat məbləğində olmuşdur. Buda sübut kimi əsas verir ki, həqiqətən də mübahisələndirilən evin alğı-satqı müqaviləsi tamamı ilə pərdələnmiş formal xarakterli əqddir. Cavabdeh ilə istədiyi hər şeyə razılaşmasının səbəbi o olmuşdur ki, X5 hamının gözü qarşısında evini əlindən alaraq, onu alçaltmaq istəməsinə imkan verməmiş olsun. Cavabdeh dəfələrlə bu pulun söhbəti olanda ona kinayə və hədəqorxu gəlməklə “yəqinki istəməzsən səni və ailəni qohum-qonşuların qabağında evindən çıxarıb evini əlindən almış olam” ifadəsini işlətmişdir. Bu ifadənin həyata keçməsini istəmədiyi üçün o, adları qeyd olunan şəxslərlə razılaşıb mənzilin boşaldılıb təhvil verilməsi barədə iddia tələbinə məhkəmə icraatında işə baxılarkən qarşılıqlı iddia tələbi irəli sürməmiş, hətta ötürülmüş prosessual müddətin mübahisələndirilməsinə dair vəsatət belə təqdim edə bilməmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, qeyd olunan qətnamə və qərarı mübahisələndirmir. O, iddiaçı olaraq ünvan 3nda xx.xx.2003-cü il tarixdə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə xitam verilməsinə və ya ləğv edilməsinə dair iddia tələbi irəli sürür.
7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 (bundan sonra – üçüncü şəxs) cavabdehlər Bakı şəhəri 34 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Üçüncü şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildə ailə həyatı quraraq, valideynlərinə məxsus olan ünvan 2 ünvanından keçmiş həyat yoldaşının evinə gəlin köçmüş, lakin sonra münasibətləri alınmadığı üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə boşanaraq təkrarən valideynlərinə məxsus olan ünvan 2 ünvanındakı mənzilə geri qayıtmış və həmin vaxtdan o, bu ünvanda valideynləri ilə birgə yaşayır. Məlumat üçün qeyd edilməlidir ki, o, ailə qurarkən keçmiş həyat yoldaşına məxsus olan ünvan 4 ünvanında qeydiyyata düşmüşdür. Qeydiyyatı başqa ünvan olsa da, o, faktiki olaraq 2011- ci ildən təkrarən yuxarıda qeyd olunan ünvanda yaşayır. Xüsusilə qeyd edilməlidir ki, qeydiyyatının hansı ünvanda olmasından asılı olmayaraq və özünün faktiki harada yaşamasından asılı olmayaraq, hər zaman valideynlərinin hüquqi varisidir. Odur ki, valideynlərinin adına olan (daşınar və ya daşınmaz) bütün əmlaklar üzərində vərəsəlik hüququ vardır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Xidmətinin Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurları faktiki yaşadığı – ünvan 2 ünvanına gələrək bildirmişlər ki, yaşadığı evin boşaldılması təmin edilməlidir, çünki bu barədə məhkəmə qətnaməsi mövcuddur. Məlumat üçün qeyd edilməlidir ki, o, heç bir məhkəmə prosesinə dəvət edilməmiş və evi ilə bağlı ona heç bir məhkəmə haqda məlumat verilməmişdir. Əsas amil kimi qeyd edə bilər ki, məhkəmə ona məlum olmayan qətnaməni çıxararkən mənzildə yerli baxış keçirmiş olsa idi, onun da baş verənlərdən xəbəri olmuş olardı. Bildiyi odur ki, adını valideynlərindən eşitdiyinə görə 2013-cü ildə Cavabdeh1 və X5 adlı şəxslərdən, atası İddiaçı evlərini girov qoymaqla, sələm olan faizlə borc pul götürmüşdür. Bunun üçün isə evlərini həmin sələm faizli borc pulun təminatı kimi faktiki olaraq girov məqsədi ilə, lakin rəsmiyyətdə isə daşınmaz əmlakın alğı-satqı müqaviləsi rəsmiləşdirilməklə evləri sələmçi olan Cavabdeh1 və X5 adlı şəxslərin əlinə keçirilmişdir. Bunun əsasında isə Cavabdeh1 məhkəmədə mənzilin boşaldılmasına dair iddia tələbi irəli sürərək, öz qanuna zidd bankçılıq fəaliyyətlərini gizlədərək evlərinə sahib olmağa çalışır. Məlumat üçün bir daha bildirir ki, Cavabdeh1 müvafiq məhkəmə orqanlarında iddia tələbi irəli sürərkən, onu iş üzrə cavabdeh və ya maraqlı şəxs qismində işə cəlb etməmişdir. Bu səbəbdən də, özünü heç bir halda məhkəmə qətnaməsi ilə belə tələbkar qarşısında borclu hesab etmir. ünvan 3nda xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmiş AN – İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsi rəsmiləşdirilərkən onun faktiki varis olaraq heç bir razılıq ərizəsi alınmamışdır. Onun əvvəldən bu işdən məlumatı olmuş olsa idi, təbiidir ki, heç bir halda qeyd olunan alğısatqının reallaşdırılmasına razılıq verməzdi. Adları qeyd olunan şəxslər pulu sələm faizli borc verdikləri üçün notariat kontorunda belə borcun təminatı olaraq evin girov kimi rəsmiləşməsinə razılıq verərdi. Bunun üçün qanuna müvafiq şəkildə notariat kontorlarında imkanlar vardır. Belə sələmçilər hər zaman öz çirkin əməllərinin bir hissəsi kimi əli yanan vətəndaşların başlarına belə oyunlar açıb insanları məhv etməyə çalışırlar. Çox böyük təəssüf hissi ilə qeyd edir ki, belələri qanunların humanistliyindən istifadə edərək, öz çirkin və cinayətkar əməllərini, məhkəmə hakimiyyəti orqanlarında mülki icraatlarda iddia tələbləri irəli sürməklə gizlətməyə çalışırlar. xx.xx.2013-cü il tarixdə rəsmiləşən alğı-satqı müqaviləsinin üstündən 10 il keçəndən sonra tələbkar mənzilin boşaldılması tələbinə dair iddia tələbi irəli sürür və qeyd olunan iddia tələbi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi belə nəzərə alınmadan qanunsuz və əsassız olaraq iddia tələbi ədalətsiz şəkildə təmin edilir. Bütün hallarda məhkəmə ilk baxışda anlamalı idi ki, heç bir halda qanuni alğı-satqı olunan mənzili alan şəxs 10 il müddətinə aldığı evin boşaldılmasını gözləməz. Toplam 42000 manat pulu geri alan Cavabdeh1 və X5 adlı şəxslər utanmadan üstəlik evlərini də almaq istəyirlər.
9. Cavabdeh1 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia müddəti tətbiq edilməklə müqavilənin ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, həmin ev onun tərəfindən dəyəri ödənilməklə alınmış, bununla bağlı bank vasitəsilə evin dəyəri satıcıya ödənilmişdir. Bundan sonra, iddiaçı evdən çıxmamış və xahiş etmişdir ki, yaşamağa qeyri yaşayış sahəsi olmadığına görə həmin evdə yaşamasına icazə versin. O da həmin yaşayış sahəsinə faktiki ehtiyacı olmadığına görə iddiaçının həmin evdə ailəsi ilə birlikdə uzun müddət yaşamasına icazə vermişdir. Buna baxmayaraq, iddiaçı onun ürəyi yumşaqlığından istifadə edərək evdən çıxmaqdan imtina etmişdir. Bununla bağlı, dəfələrlə ona bildirsə də, hər dəfə bir bəhanə edərək evi boşaldacağına dair söz versə də, evi boşaltmamışdır. Məhkəməyə vermiş olduğu evin boşaldılaraq ona təhvil verilməsinə dair işə baxılarkən məhkəmədə bir aya evi boşladaraq ona təhvil verəcəyinə dair ifadəsi də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində öz əksini tapmışdır. Buna baxmayaraq, bir aydan sonra eşitmişdir ki, bu iş üzrə iddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qeyd edilən qətnamə dəyişdirilmədən qüvvədə saxlandıqdan sonra iddiaçı evi iki aya boşaldacağını bildirsə də, yenə də onu aldadaraq Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərarından Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti etmiş, Ali Məhkəmənin qeyd edilən kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında onun adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsini xahiş etmiş, işə baxılarkən həmin iş üzrə iddia ərizəsini geri götürmüşdür. Göründüyü kimi iddiaçının məqsədi necə olursa olsun evdən daha çox istifadə etmək olmuşdur. Buna görə də yuxarıda qeyd edilən hərəkətləri etmişdir. Əgər iddiaçı hesab etsəydi ki, həmin alğı-satqı müqaviləsi qanunun tələblərinə uyğun bağlanmayıb, həmin müqaviləni ötən 12 il müddətində mübahisələndirə bilərdi. Həmçinin, mübahisələndirilən ev xx.xx.2025-ci il tarixdə Suraxanı rayon İcra şöbəsi tərəfindən boşaldılaraq ona təhvil verilmişdir.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 iyul 2025-ci il tarixli 2(010)-2258/2025 nömrəli qətnaməsi ilə (hakim Fəridə Rzayeva) iddianın təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə iddia tələblərini rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin xüsusiyyətləri, forması və məzmunu nəzərə alınmaqla, hazırkı mülki mübahisədə müqavilənin ləğvi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin (tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər), eləcə də həmin məcəllənin 422.1-ci maddəsinin (tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir) dispozisiya şərtləri mövcud deyil və hazırkı mübahisəyə tətbiqi imkanları istisna edilir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı iddia tələbi əqdin etibarsızlığı ilə bağlı olmasa da, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
14. Məhkəmə hesab etmişdir ki, mübahisə edilən daşınmaz əmlakın alğı-satqısına dair notarial qaydada bağlanmış müqavilə etibarlı hüquqi nəticələrə səbəb olan əqd kimi qəbul edilməlidir.
15. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələrə (fərdi yaşayış evində 10 il ərzində yaşamaması, mənzili təhvil verməsini ondan uzun müddət tələb etməməsi və s.) münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehin həmin fərdi yaşayış evindən müəyyən müddət istifadə etməməsi, həmin evlə ümumiyyətlə maraqlanmaması iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmamaqla, müqavilənin ləğvinə əsas vermir. Nəzərə alınmalıdır ki, hər bir şəxs öz əmlakı üzərində hüquqi müqəddəratı həll etməklə bağlı müstəsna hüquqa malikdir və bu hüquq (mülkiyyət hüququ) dövlət tərəfindən müdafiə təminatı altına alınmışdır.
16. Cavabdehin iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsinə dair etirazına münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin məcəllənin 373.2-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hər bir halda, iddia tələbinin özünün əsassız olması, yəni heç bir qanuni və ya hüquqi əsasa söykənməməsi, müvafiq iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsinə əsas vermir. Hazırkı iddia tələbinin təmin olunmaması hər hansı müddətin keçib-keçməməsindən asılı olmamaqla, özü-özlüyündə iddia tələbini əsassız olmasının nəticəsidir.
17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına münasibətdə məhkəmə qeyd edir ki, müqavilənin ləğvi ilə müvafiq iddia tələbini yalnız müqavilə tərəfləri irəli sürə bilmə imkanına malikdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 isə alğı-satqı müqaviləsinin tərəfi olmadığından onun belə bir tələblə məhkəməyə müraciət etməklə şərtlənən subyektiv hüququ yoxdur. Odur ki, müstəqil iddia tələbi də təmin edilə bilməz.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 389.1, 421.1, 421.2. 422.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 214, 216-220, 233, 357 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətində göstərilmişdir ki, 2013-cü ildə Cavabdeh1 Fəraməz oğlunun əmisi oğlu kimi bildiyi X5 ilə aralarında olan razılaşmaya əsasən, ondan 120.000 manat məbləğində aylıq 5-faiz sələm ödəmək şərti ilə borc pul götürmüşdür. Qeyd olunan 120.000 manat məbləğində (qara bazarla) faizli sələm borcun zəmanəti olaraq, mülkiyyətində olan mənzilini girov kimi, (qara bazarda sələm faizli pulların verilməsi zamanı faktiki olaraq girov əmlak rəsmi alqı-satqı vasitəsi ilə rəsmiləşdirilir.) ünvan 3nda (Cavabdeh1 Fəraməz oğlu ilə olan) xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Bu illər ərzində (6000+6000+20000+10000) iki dəfəyə 6000 manat olmaqla aylıq faiz vermiş və sonralar isə 20000 manat və 10000 manat olmaqla cəmi 42000 manat ödəmişdir. Cavabdeh1 Fəraməz oğluna və X4 cəmi qalan borcu 78000 manatdır. Həmin vaxt mübahisələndirilən evimin faktiki satış qiyməti təqribən 240.000-260.000 manat məblələrində olmuşdur. Saləm faizli borc pul verilərkən borcun təminatı olan əmlakın faktiki satış qiymətinin 50 faizindən artıq mələğdə borc verilmir. Odur ki, adları qeyd olunan şəxslər ona 240.000 manat məbləğində satış dəyəri olan evinin qiymətinin yarı hissəsində yəni 120.000 manat məbləğində borc pul vermişdirlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili və üçün şəxs apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
23. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaəqdar məhkəmə iclasında iştirak edə bilmədiyini və bu səbəbdən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Müraciətə qeyd edilən halları təsdiq edən hər hansı sübut əlavə edilmədiyindən kollegiya işə iddiçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
24. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh (nümayəndə) və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 26.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 27.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
28. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 29.Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 30.Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 32.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 33.Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 34.Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 35.Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 36.Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 37.Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 38.Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Qətnamə iddiaçının tələbinə münasibətdə yoxlanılır, çünki üçüncü şəxs şikayət verməyib.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Göründüyü kimi İddiaçı və Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə notarial qaydada AN–İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlınski küçəsində istifadədə olan 0.02497 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 147.3 m2 , yaşayış sahəsi 62.7 m2 , köməkçi sahəsi 84.6 m2 olan, 3 otaqlı, 35 saylı fərdi yaşayış evini Cavabdeh1 mülkiyyətinə vermişdir. Müqavilə ilə tərəflər evin 57000 mananta alğı-satqısına razılaşmış və bu məqsədilə alıcı tərəfindən 57000 manat notariusun depozitinə qoyulmuşdur. Həmin müqavilə əsasında cavabdehin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Mübahisə predmetini təşkil edən fərdi yaşayış evi hazırda cavabdehin xüsusi mülkiyyətindədir.
49. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri 34 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş 4Ə/1-86 nömrəli notariat işinə əlavə edilən ərizələrdən müəyyən olunur ki, X8, X10 və X6 ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanmasına etiraz etmədiklərini, İddiaçı qarşı əmlak və digər iddialarının olmadığını, alğı-satqı müqaviləsində göstərilən müddət ərzində mənzildən və qeydiyyatdan çıxmağı öhdələrinə götürmələrinə dair razılıqlarını öz imzaları ilə təsdiq etmişlər.
50. Daha sonra cavabdeh mənzilin boşaldılaraq təhvil verilməsi barədə iddia tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmiş, iddia təmin olunmuş və icra edilmişdir.
51. xx.xx.2025-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(010)-4159/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlınski küçəsi ünvanında yerləşən 35 nömrəli fərdi yaşayış evi icra sənədi üzrə borclular – İddiaçı, X10, X6 və X11 tərəfindən könüllü şəkildə boşaldılaraq icra sənədi üzrə tələbkarın nümayəndəsi X4 təhvil verilmiş, bu barədə akta imza edilmişdir.
52. Hazırda iddiaçı, cavabdehin əmisioğlu kimi tanıdığı Araz Süleymanovla aralarında borc münasibətlərinin olduğunu – ondan faizlə (sələmlə) 120000 manat borc aldığını, mülkiyyətində olan fərdi yaşayış evini də öz öhdəliyinin təminatı qismində Arazın tapşırığı ilə Razimin adına alğı-satqı müqaviləsi bağladığını qeyd edir.
53. Kollegiya qeyd edir ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində “müqavilənin ləğv edilməsi” göstərilsə də, iddianın əsaslandırması və iddiaçının əldə etmək istədiyi nəticə müqavilənin yalan əqd olması əsası ilə etibarsız sayılmasından ibarətdir və birinci instansiya məhkəməsi də həm müqavilənin ləğvi, həm də etibarsızlığı əsaslarını yoxlamışdır.
54. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə həmin müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə tərəflər arasında bağlanmış borc müqaviləsinin etibarsız olduğunu sübuta yetirmək vəzifəsi onu iddia edən tərəfə aiddir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir.
56. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
57. Etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Həmin səbəblərin müxtəlifliyi etibarsızlığın da fərqli növlərini meydana gətirir.
58. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (m. 337.3.). Bu əqdlər forma və məzmun tələblərinə riayət olunmadan bağlanmış, uydurma və yalan əqdlər hesab olunurlar (düzələ bilməyən etibarsızlıq).
59. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanan əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020 və xx.xx.2021-ci il tarixli qərarları).
60. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı).
61. Yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir.
62. Tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu MM-nin 340.2ci maddəsinin tətbiqi üçün kifayət deyil.
63. Yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
64. Göstərilən hallar da hazırki münasibətlərdə müəyyən ounmur, yəni yəni iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Odur ki, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin başqa əqdi pərdələməsi halı mövcud deyil, ona görə həmin müqavilənin yalan əqd olması nəticəsinə gəlmək üçün heç bir əsas yoxdur.
65. Barəsində mübahisə edilən daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin etibarlılıq şərtlərindən hər hansı birinin pozulması ilə bağlanmasına dair mötəbər sübutlar nə birini instansiya məhkəməsində, nə də apellyasiya icraatında məhkəməyə təqdim edilməmişdir. Müvafiq müqavilə notarial qaydada Mülki Məcəllədə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş forma və məzmunda, səlahiyyətləri şəxslərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu ilə bağlanmış və müqavilə əsasında arzu olunan hüquqi nəticələr – iddiaçının əmlakının dəyərini əldə etməsi, cavabdehin əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırması tam təmin olunmuşdur.
66. Birinci instansiya məhkəməsi mübahisə edilən daşınmaz əmlakın alğı-satqısına dair notarial qaydada bağlanmış müqavilənin etibarlı hüquqi nəticələrə səbəb olan əqd hesab etməkdə haqlı olmuşdur.
67. Müqavilənin ləğvinə gəldikdə qeyd edilən məsələ Mülki Məcəllənin 421-ci maddəsi ilə tənzimlənir ki, hazırki halda cavabdeh tərəfindən həmin maddənin dispozisiya şərtlərinin pozulması halları məhkəmə tərəfindən aşkar edilməmiş, iddiaçı tərəfindən də buna dair hər hansı dəlil göstərilməmişdir.
68. Kollegiya uzun müddətdən sonra cavabdehin əmlakını tələb etməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
69. Cavabdehin rəsmi dövlət reystrində qeydə alınan əmlakından müəyyən müddət istifadə etməməsi, həmin evlə ümumiyyətlə maraqlanmaması iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmamaqla, müqavilənin ləğvinə əsas vermir.
70. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Azərbaycan Respublikası Konstitusiyası, maddə 29, İİİ hissə).
71. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
72. Göründüyü kimi yuxarıda qeyd edilən normalar cavcabdehin 10 ildən sonra əmlakını tələb etməsinə hər hansı məhdudiyyət tətbiq edilməsini nəzərədə tutmamışdır.
73. Daşınmaz əmlakın müqavilə üzrə satış qiymətinə gəldikdə, qeyd edilən qiymət tərəflər arasıında razılıqla həll edilən məsələdir və onların iradə ifadəsi ilə təsdiq edilmişdir.
74. İddia müddətinə münasibətdə Kollegiya qeyd edir ki, müqavilənin ləğvi tələbi üzrə 6 illik iddia müddəti nəzərdə tutulsa da, əqdin etibarsızlığı üzrə Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən 1 illik iddia müddəti yalnız əvəz edilən əyşalar barəsində olan tələblər üçün keçərlidir, daşınmaz əmlak barəsində isə iddia müddəti yoxdur. Lakin, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, hazırki tələb həm ləğv, həm də etibarsızlıq (əhəmiyyətsizlik) baxımından əsassız olduğundan, iddia müddətinin tətbiqinə də ehtiyac qalmır, çünki yalnız əsaslı tələblər üzrə iddia müddətinin tətbiqindən söhbət gedə bilər.
75. Beləliklə Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2258/2025 nömrəli iş üzrə 09 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddiaçının apelyasiya şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.