Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5495/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı2 Qurbanqulu oğlunun nümayəndəsi-vəkili X10, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Qurbanqulu oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ("xxxx" MMC, X6 və “X8 Şirkəti” QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın bağışlama və alğı-satqı müqavilələrinin və onun əsasında yaranmış sonrakı hüquqların etibarsızlığı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5463/2019 saylı 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçıların apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Qurbanqulu oğlu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə mülkiyyətlərində olan ünvan 1ində yerləşən 0,56 ha torpaq sahəsi və orada inşa edilmiş 1825 kv.m sahəsi olan əmlak kompleksinin 1/2 hissəsinə dair İddiaçı1 arasında Xaçmaz rayonu 1 saylı notariat kontorunda 16 iyun 2016-cı il tarixdə bağlanmış və reyestrdə 4Ə- 1015 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin, İddiaçı2 Qurbanqulu oğlu arasında bağlanmış reyestrdə 4Ə-1016 sayla qeydə alınmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin müqavilələrin yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab olunması, əldən çıxmış fayda qismində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 40.000 manat alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı1 qardaşı, digər İddiaçı2la isə uzun müddət yaxın münasibətdə olan dostlardır. Hər ikisinin cavabdehə böyük inamları və etibarları olmuşdur. Mübahisələndirilən bağışlama və alğı-satqı müqaviləsinin aid olduğu ünvan 1ində yerləşən 0,56 ha torpaq sahəsi və üzərindəki 1825 kv.m əmlak kompleksi mülkiyyət hüquqları əsasında 1/2 hesabla bərabər payda onlar – iddiaçılar İddiaçı1 və İddiaçı2 Qurbanqulu oğluna məxsus olmuşdur. Cavabdeh1 ona olan etibarlarından istifadə edərək, onlara məxsus qeyd olunan əmlaklarının öz adına rəsmiləşdirilməsinə nail olmuş, lakin əmlaka görə razılaşdıqları dəyərin əvəzində vədini yerinə yetirməmişdir. Belə ki, 2016-cı ilin aprel-may ayında Cavabdeh1 və Cavabdeh2 çox gəlirli bir biznesdə olduqlarını, bunun üçün torpaq sahəsi və əmlak lazım olduğunu bildirib, əmlaklarının dəyərindən daha çox qazanc əldə edə biləcəklərinə onları inandırıb, qeyd olunan əmlakı onun adına rəsmiləşdirmələrinə razılıq vermişlər və əvəzində heç nə almadan, əmlakı ona dövr etmişlər. Razılaşmaları da belə olmuşdur ki, əmlakın təhvilindən 2 il 6 aydan sonra həmin əmlakın əvəzi olaraq, aralarında müəyyən etdikləri dəyəri 400.000 manatın yarısı 200.000 manat iddiaçı X3 verilməli idi. Birgə mülkiyyətlərində olan adı çəkilən əmlakın yalnız təmir tikintisini tamamlamaq və normal istismar vəziyyətinə gətirilməsi üçün İddiaçı2 çəkdiyi xərcin 150.000 manatını bankdan öz adına kredit götürüb, ödəmişdir. Həmin əmlak və başqa əmlaklarla bağlı cavabdehlərlə İddiaçı2 Qurbanqulu oğlu ilə arasında başqa razılaşmalar olmuşdur və bununla bağlı aralarında yazılı müqavilə tərtib edilmişdir. Belə ki, İddiaçı2 birgə mülkiyyətdə olan yuxarıda qeyd olunan ünvan 1ində yerləşən 0,56 ha torpaq sahəsinin və orada mövcud qeyri-yaşayış sahəsinin özünə məxsus 1/2 hissəsini Cavabdeh1 adına rəsmiləşdirib, tam təmir edib, həm də özünə məxsus Qusar rayonunda olan 8 ha torpaq sahəsində yeni növ alma bağı salınmaqla Cavabdeh2 adına alğı-satqı edib, onlara təhvil verməklə, bundan başqa da onlara məxsus 12 ha. torpaq sahəsində yeni alma bağlarının salınması üçün ondan tələb olunan xərc hissəsinin vaxtında ödənilməsini İddiaçı2 Qurbanqulu oğlu öhdəsinə götürüb və öhdəliyini təmin etmişdir. Buna qarşılıq, həmin əmlakda yerləşdiriləcək "xxxx" MMC-yə məxsus olduğu 33 %-dən 16,5 % və digər firmanın 35 % payı İddiaçı2 adına keçirilməli, 2 ildən sonra da hər il gəlirdən ona 100.000 manat verməli idi. Onlar razılaşmaya riayət edib, İddiaçı2 qohum olmadığından özünə aid 1/2 hissəni Cavabdeh1 adına alğı-satqı, Asəf Abdullayev isə qardaşı olduğundan əmlakın özünə aid digər 1/2 hissəsinə dair bağışlama müqaviləsi bağlamışlar. Hər iki müqavilə 16 iyun 2016-cı il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş, müvafiq olaraq reyestrdə bağışlama müqaviləsi 4Ə- 1015 sayla, alğı-satqı müqaviləsi isə 4Ə-1016 sayla qeydə alınmışdır. Alğı-satqı və bağışlama müqavilələrini əldə edən Cavabdeh1 onları təqdim edərək, həmin əmlak kompleksinə dair mülkiyyət hüququnu adına daşınmaz əmlakın Dövlət reyestrindən 21.06.2016-cı il tarixdə qeydiyyata aldırmış və bu barədə adına RX seriyalı ******* saylı çıxarış əldə etməyə nail olmuşdur. Razılaşmaya əsasən cavabdeh ona verdikləri əmlak kompleksinin əvəzində etdiyi vədin müddəti 21.12.2018-ci il tarixdə bitmişdir. Lakin cavabdeh hər dəfə bir bəhanə gətirərək, əmlaka görə razılaşdıqları payı və məbləğinin verilməsinə əməl etməkdən yayınır. Göründüyü kimi, mübahisələndirilən bağışlama və alğı-satqı müqavilələri mülkiyyətçi olaraq, aldanmaqla bağlanmış və Cavabdeh1 qardaş və dost münasibətlərindən irəli gələn etibarlarından sui-istifadə etmişdir. Bununla da, cavabdehlər tərəfindən aldadılmaqla, əvəzi ödənilmədən, əmlakları əllərindən çıxmışdır. Ona görə də, həmin bağışlama və alğı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Bundan başqa, cavabdehlərin birgə hərəkətləri nəticəsində əmlakları artıq 3 ildir ki, əllərindən çıxmışdır. Əmlaklarından istifadə edə bilmirlər. Cavabdehlər isə həmin əmlakdan istifadə edərək ondan fayda götürürlər. Cavabdehlərin hərəkətləri nəticəsində bu müddət ərzində əldən çıxan mənfəətlərinin 40.000 manat olduğunu düşünürlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5463/2019 saylı 15 oktyabr 2019cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. Qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, adıçəkilən əmlak kompleksinin şirkətin ofisi kimi istifadəyə hazırlanması məqsədi ilə yenidən qurulması və təmiri üçün xərcləri İddiaçı2 bankdan götürdüyü kredit hesabına ödədiyini bildirir və bunun təsdiqinə dair sənədləri təqdim etmişdir. Cavabdeh tərəf əmlakın təmirinin həmin kredit hesabına başa gətirildiyinə dair iddiaçının dəlilini təkzib etmir, əksinə həmin halı özləri məhkəmə iclasında etiraf etmişlər. Cavabdehlər məhkəməyə təqdim edilmiş iddia ərizəsinə yazılı etirazlarında iddianı qəbul etməsələr də, mübahisələndirilən müqavilələrin predmeti olan adıçəkilən əmlak kompleksinin özgəninkiləşdirilməsi ilə bağlı iddiaçı tərəfin irəli sürdüyü dəlili rədd etmir, əksinə əmlakın alqı-satqısının rəsmiləşdirildiyi zaman iddiaçılara hər hansı məbləğin ödənilmədiyini və bunu iddiaçılarla qarşılıqlı razılaşmadan irəli gəldiyini də etiraf edirlər. Lakin sonradan yaranmış bəzi məsələləri həll edə bilmədikləri üçün, həmin əmlakın əvəzində iddiaçılara etdikləri vədi yerinə yetirə bilmədiklərini və həmçinin həmin vədi iddia ərizəsində qeyd edildiyi 2 il 6 ay müddətində etməli olduqlarını göstərmişlər. Qətnamədə 15.05.2015-ci tarixli 01 saylı əməkdaşlıq müqaviləsi, əmlakın alqı-satqısı ilə bağlı olduğu kimi yanlış şərh edilmiş və bu baxımdan da həmin müqavilənin notariat qaydasında təsdiqinə riayət edilmədiyindən, formasına uyğun tərtib edilmədiyi kimi qeyd edilmişdir. Əslində həmin müqavilə əmlakın alqı-satqı müqaviləsi deyil, tərəflərin gələcək işlərinin birgə yerinə yetirilməsi üçün bağlanmış əməkdaşlıq müqaviləsidir. Həmin müqavilə onun tərəflərinin bəyəndikləri əqddir və hazırkı iş üzrə mübahisələndirilmir. Hazırkı iş üzrə mübahisələndirilən isə tərəflər arasında Xaçmaz rayon 1 saylı notariat kontorunda 16 iyun 2016-cı il tarixdə bağlanmış və reyestrdə 4Ə-1015 və 4Ə-1016 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması və alqı-satqı müqavilələridir. Lakin həmin müqavilələrlə bağlı məhkəmə ümumiyyətlə münasibət bildirməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1707/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsi (məhkəmənin 12.03.2020-ci il tarixli 2(103)-1707/2020 saylı düzəliş barədə qərardadı nəzərə alınmaqla) ilə apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2(006)- 5463/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilmişdir. İddiaçı2 ilə Cavabdeh1 arasında ünvan 1i ünvanında yerləşən 1825 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisənin (912.5 kv.m) və həmin ünvandakı 0,56 ha torpaq sahəsinin (0,28 ha) paylı mülkiyyət üzrə 1/2 hissəsinə dair bağlanmış 16 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsi və İddiaçı1 ilə Cavabdeh1 arasında ünvan 1i ünvanında yerləşən 1825 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisənin (912.5 kv.m) və həmin ünvandakı 0,56 ha torpaq sahəsinin (0,28 ha) paylı mülkiyyət üzrə 1/2 hissəsinə dair bağlanmış 16 iyun 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqların etibarsız hesab edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşdə iştirak etməyə cəlb edilməmiş, məhkəmə aktı ilə maraqlarına toxunan "xxxx" MMC-nin nümayəndəsi-vəkilinin müraciətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimat vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1157/2021 saylı 05 aprel 2021-ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1707/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya tərəfindən "xxxx" MMC, X6 və “X8 Şirkəti” QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, Əməkdaşlıq müqaviləsində göstərilmiş öhdəliklər yerinə yetirilməmişdir, şifahi şəkildə müzakirə olunaraq, biznes-plan tərtib edilmiş və bunun əsasında müqavilə bağlanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, Əməkdaşlıq müqaviləsi əsasında İddiaçı2 qarşısında üzərinə götürdüyü öhdəliyi, yəni "xxxx" MMC-dəki payının bir hissəsini sonuncunun adına ona görə keçirə bilməmişdir ki, buna şirkət rəhbərliyi icazə verməmişdir. Digər tərəfdən, 2018-ci ildə Pərviz Haqverdiyev ona "xxxx" MMC-nin direktoru olan qardaşı Ağasının yeyintiyə yol verdiyini və həmin faktla bağlı araşdırma getdiyini deyib, həmin məsələni yoluna qoymaq üçün cəmiyyətdəki 46,9% payını onun adına keçirilməyi təklif etmiş, o da qardaşına görə məcbur olub payını Pərviz Haqverdiyevin adına keçirmişdir. Həmin vaxt onların arasında payın alqı-satqı müqaviləsi bağlansa da, faktiki olaraq o, payını əvəzsiz olaraq P.Haqverdiyevin adına keçirmiş, lakin sonradan yoxlama aktı tanış olduqda öyrənmişdir ki, qardaşı heç bir yeyintiyə yol verməmiş və P.Haqverdiyev onu aldatmışdır. Hazırda həmin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə iddia qaldırmışdır. Üçüncü şəxslərin nümayəndəsi-vəkili apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyd etdi ki, istinad edilən əməkdaşlıq müqaviləsi sonradan arxa tarixə bağlanılmışdır, buna görə də notariat qaydada təsdiq edilməmişdir. Həmin müqaviləyə əsasən tərəflərin müqavilədə göstərilməyən şəxsə hər hansı payın verilməsi ilə bağlı öhdəlik götürməsi mümkün deyildir. Elvin Aşırov “X8 Şirkəti” QSC-də 22.06.2015-ci il tarixdə işə qəbul edilmişdir, belə olan halda, onun 08.05.2015-ci ildə əvvəlcədən hər hans bir Şirkətin adının müəyyən edilməsi barədə tərəflərlə razılığa gəlməsi mümkün deyildir, əgər belə olsa idi belə, həmin müqavilə notarial qaydada təsdiqlənməli idi, aşkardır ki, 08.05.2015-ci il tarixli müqavilə hazırki mübahisələrin qaldırılması üçün sonradan tərtib edilmişdir, 2015-ci il tarixdə bağlanılmış müqavilə ilə təxminən 1 il 3 ay sonra yaradılacaq şirkət, yəni "xxxx" MMC barəsində məlumatlı olub razılığa gəlmələri inandırıcı görünmür. Digər tərəfdən, Cavabdeh1 2018-ci ildə "xxxx" MMC-dəki payını Pərviz Haqverdiyevə könüllü satmışdır, hətta həmin alqı-satqıdan öncə “X8 Şirkəti” QSC-yə müraciət edərək, payını satmaq niyyətində olduğunu bildirib, payının alınmasını təklif etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakı hallar müəyyən edilir. Bir tərəfdən sonradan “Mülkiyyətçi” adlanacaq - İddiaçı2 Qurbanqulu oğlu digər tərəfdən sonradan ümumilikdə “İcraçı”, ayrı-ayrılıqda “İcraçı – 1” adlanacaq Cavabdeh1, Cavabdeh2 arasında yazılı formada bağlanılmış 08.05.2015-ci il tarixli Əməkdaşlıq müqaviləsinə görə “Mülkiyyətçi” Xaçmaz rayon, Yergüc kəndində yerşələn 0,56 ha torpaq sahəsi və onun üzərində mövcud 1825 kv.m qeyri-yaşayış sahəsində (obyekt) özünəməxsus ½ hissəsinin, həmçinin özünəməxsus satın aldığı, Qusarda olan 8 ha torpaq sahəsini tam şəkildə müasir növlü alma bağı saldıqdan sonra “İcraçı” tərəfə dövr etmək, həmçinin “İcraçı” tərəfin təklif etdiyi Qusar rayon ərazisində yerləşən 20 ha torpaq sahəsində, yeni növlü alma bağ sahəsinin salınması üçün lazimı xərcləri çəkmək, bunun müqabilində “İcraçı” tərəf "xxxx" MMC-nin 33%, "xxxx" firmasının (QUR ORCHARDS MMC) 35% payının və 2 ildən sonra hər il üçün sezonun başa çatanda 100000 manat gəlirin “Mülkiyyətçi”yə dövr edilməsinin təşkili ilə bağlı öhdəliklərin icrasını qarşılıqlı həyata keçirilməsi nəzərdə tutulmuşdur. Satıcı İddiaçı2 Qurbanqulu oğlu ilə Alıcı Cavabdeh1 arasında bağlanmış 16.06.2016-cı il tarixli “daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən Satıcı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1825 kv.m olan əmlak kompleksi kimi müəssisənin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,56 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus olan ½ hissəsini alıcının mülkiyyətinə vermişdir. Hədiyyə verən İddiaçı1 Hədiyyə alan Cavabdeh1 arasında bağlanmış 16.06.2016-cı il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən Hədiyyə verən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1825 kv.m olan əmlak kompleksi kimi müəssisənin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,56 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus olan ½ hissəsini Hədiyyə alanın mülkiyyətinə vermişdir. Cavabdeh1 adına əmlak kompleksi kimi müəssisə və torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair 21.06.2016-cı il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. “X8 Şirkəti” QSC ilə Cavabdeh1 arasında bağlanmış 23.06.2016-cı il tarixli “İştirakçılararası müqaviləyə” əsasən, tərəflər Azərbaycan qanunvericiliyinə uyğun olaraq X2 əldə edəcək və XBİŞ-in Payçı olacağı Məhdud Məsuliyyətli Cəmiyyət formasında hüquqi şəxs təsis etmək niyyətlərini ifadə etmişlər. Müqaviləyə əsasən XBİŞ şirkətinə nizamnamə kapitalının 53,065%-ni təşkil edən pulu, Abdullayev isə nizamnamə kapitalının 46,935%-ni təşkil edən Əmlak Kompleksini maya şəklində qoyur. Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən 26.07.2016-cı il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC 26.07.2016-cı il tarixdə qeydiyyata alınmış, ilkin təsisçiləri “X8 Şirkəti” QSC (53,065%) və Cavabdeh1 (46,935%), qanuni təmsilçisi X5 olmuşdur. "xxxx" MMC-nin RX seriyalı ******* saylı Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1825 kv.m olan əmlak kompleksi kimi müəssisə və 0,56 ha olan torpaq sahəsi üzərində hüquqları 22.10.2016-cı il tarixdə qeydə alınmışdır. Cavabdeh1 tərəfindən “X8 Şirkəti” QSC-nin sədrinə ünvanlanmış 21.08.2018-ci il tarixli ərizədən görünür ki, o, "xxxx" MMC-nin kapitalında ona məxsus 46,935% pul olmayan əmlakı satın almağı təklif etmişdir. 07.09.2018-ci il tarixli "xxxx" MMC-nin Pay alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 MMC-nin nizamnamə kapitalında ona məxsus 46,935% pul olmayan əmlak şəklində payını 563.220 manata X1. Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən 25.02.2019-cu il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin təsisçiləri “X8 Şirkəti” QSC (53,065%) və X6 (46,935%), qanuni təmsilçisi X12 olmuşdur. Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən 11.10.2019-cu il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin təsisçiləri “X8 Şirkəti” QSC (76.673%) və X6 (23.327%), qanuni təmsilçisi X9r. Beləliklə müəyyən edilmişdir ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1825 kv.m olan əmlak kompleksi kimi müəssisə və 0,56 ha olan torpaq sahəsi mülkiyyət hüquqları əsasında 1/2 hesabla bərabər payda iddiaçılar İddiaçı1 və İddiaçı2 Qurbanqulu oğluna məxsus olmuşdur. İddiaçı2 özünə məxsus hissəni 16.06.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmış, İddiaçı1 də özünə məxsus olan hissəni eyni tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 bağışlamışdır. Bundan sonra Cavabdeh1 əmlak kompleksi kimi müəssisə və torpaq sahəsi üzərində hüquqlarını 21.06.2016-cı il tarixdə qeydiyyata aldırmış və “X8 Şirkəti” QSC ilə “İştirakçılararası müqavilə” bağlayaraq, nizamnamə kapitalının 46,935%-ni təşkil edən Əmlak Kompleksindən ibarət maya qoyuluşu ilə birlikdə "xxxx" MMC-ni təsis etmişlər. 2018-ci ildə isə Cavabdeh1 “X8 Şirkəti” QSC-yə müraciət edərək, MMC-nin kapitalında ona məxsus 46,935% pul olmayan əmlakı satın almağı təklif etmiş, lakin QSC tərəfindən alınmamış, o da özünə məxsus payı X1. Sonuncu isə həmin payla "xxxx" MMC-nin təsisçisi olmuş, sonra isə öz payının bir hissəsini “X8 Şirkəti” QSC-yə satmışdır. İşin yuxarıda sadalanan hallarından görünür ki, etibarsızlığı tələb edilən alqı-satqı və bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanılmış, həmin müqavilələrin və onların yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. İddiaçıların istinad etdiyi 08.05.2015-ci il tarixli Əməkdaşlıq müqaviləsi ilə bağlı Kollegiya qeyd edir ki, əvvəla həmin əməkdaşlıq müqaviləsi notariat qaydada təsdiq olunmamışdır, digər tərəfdən müqavilə 2015-ci ildə bağlandığı halda, "xxxx" MMC 26.07.2016-cı il tarixdə təsis olunmuşdur, belə olan halda 2015-ci il tarixdə bağlanılmış müqavilə ilə tərəflərin təxminən bir il iki ay sonra təsis ediləcək olan MMC barəsində, həmin MMC təsis edilərkən nizamnamə kapitalındakı payların nə qədər olacağı barəsində məlumatlı olmaları və bununla bağlı əvvəldən bağlanmış müqavilə ilə öhdəlik götürmələri ağlabatan hesab edilməməklə, həmin müqavilənin etibarlılığını şübhə altına alır. Mülki Məcəllənin 394-cü maddəsinin tələbinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş hallarına əsasən gəldiyi nəticə düzgündür. İddia ərizəsinin və apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Belə olan halda məhkəmə doğru olaraq belə qənaətə gəlmişdir ki, alqı-satqı və bağışlama müqavilələri qanunvericiliyin tələblərinə riayət edilərək bağlanmış, etibarsız hesab edilməsinə əsas olan dispozisiya şərtləri yaranmamışdır. Kollegiya hesab edir ki, iddiaçılar alqı-satqı və bağışlama müqavilələri üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə onlara vurduğu zərərlə bağlı müstəqil iddia qaldıra bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçıların apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5463/2019 saylı saylı iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5495/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5495/2021
16.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver