Məhkəmə qərarları › İş №2(103)-5496/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5496/2020

11.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5496/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Abbas Kərimbəylinin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(004)- 1413/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 1000 manat mənəvi ziyan, 500 manat əmək haqqı və 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1530 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin olunması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə qətnamədə qeyd olunan “cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır” xüsusatı ilə bağlı bildirmək istərdi ki, ona qarşı məhkəmədə iddia qaldırılması barədə rəsmi qaydada məlumat verilməmişdir. İddia tələbindən və qəbul edilmiş məhkəmə qətnaməsindən Yasamal rayon İcra və probasiya şöbəsinin məlumatı əsasında xəbəri olmuşdur. Tərəfindən xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət olunmuşdur. Beləliklə, qətnamə yalnız iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həqiqətə uyğun olmayan məlumatlara əsaslanaraq qəbul olunmuş və bununla da məhkəmənin ədalət mühakiməsi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipləri pozulmuşdur.Qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsinə əsaslandırılmış etirazını təqdim etmək hüququndan məhrum olduğundan iddia tələbinin əsassızlığı ilə bağlı əks arqumentləri məhkəməyə təqdim edə bilməmiş, bu isə nəticədə düzgün olmayan qətnamənin qəbul eilməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş. məhkəmənin gəldiyi nəticə ücün mühüm əhəmivvətli olan bütün faktiki hallar araşdırılmamış, bu da məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.Bununla yanaşı işin faktiki halları ilə bağlı məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istərdi ki, uşağa dayə olaraq baxması ilə əlaqədar İddiaçı hər hansı borcu qalmamış, bunun tam əksinə olaraq o, dayə işlədiyi çox qısa müddətdə ona qarşı yaranmış etibarından istifadə edərək, pul kisəsində olan 2000 ABŞ dollarından 600 ABŞ dollarını oğurlamışdır. Bununla əlaqədar aralarında mübahisə yarandığından DİN-nin “102” xidmət mərkəzinə zəng vuraraq baş verimiş oğlurluq faktı barədə məlumat vermişdir. Bundan sonra İddiaçı törətdiyi oğurluq faktını ört-basdır etmək, eyni zamanda ona borcunun qalması görüntüsünü yaratmaq və bununla da, oğurladığı pulu qaytarmaqdan hər hansı vasitə ilə yayınmaq məqsədi ilə qərəzli şəkildə ona qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, qeyd edilməlidir ki, dayə fəaliyyəti ilə məşğul olması ilə bağlı İddiaçı ilə aralarında hər hansı müqavilə (əmək, xidməti və s.) bağlanmamış, bununla da, onun qarşısında hər hansı öhdəliyi yaranmamışdır.Həmçinin, qeyd edilməlidir ki, iddiaçıya borcunun olmasının məhkəmə tərəfindən sübuta yetirilməməsinə baxmayaraq, borc şərti olaraq qəbul edilsə belə, cəmi 500 manat borcun yarandığı müəyyən edildiyi halda, mənəvi ziyan üçün 1000 manat pulun tutulması qət edilmişdir. Bu isə məhkəmənin ona qarşı qərəzli mövqeyinin və iddiaçının maraqlarını müdafiə edən qərəzli qətnamə qəbul edilməsnin göstəricisidir. Apelyasiya baxışı zamanı iddiaçı şikayətə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Cavabdehin təmsilçisi apelyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini iddianın təmin olunması barədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. İBirinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixində “Diplomat” işə düzəltmə firması vasitəsi ilə Cavabdeh ilə onun uşağına dayə xidməti göstərməsi barədə razılığa gəlmişlər. Cavabdeh iddiaçının əmək haqqını ödəməmiş, 500 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 442, 445.1, 445.2.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi ziyanın tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, cavadeh Cavabdehnın müraciəti ilə bağlı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinn 16-cı Polis Bölməsində aparılan araşdırmanın nəticələrinə əsasən qəbul olunmuş xx xxxxxx 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Cavabdeh verdiyi izahatında xx.xx.2019-cu il tarixində “Diplomat” işə düzəltmə firması vasitəsi ilə İddiaçı ilə onun uşağına dayə xidməti göstərməsi barədə razılığa gəldiyini, həmin razılığa əsasən İddiaçı sutkalıq işinə görə ona ilk ay 500 manat, sonrakı aylar isə 1000 manat əmək haqqı verməli olduğunu, lakin İddiaçı göstərdiyi xidmətdən razı qalmadığı üçün onunla razılığını xx.xx.2019-cu il tarixdə pozduğunu və 500 manatı ödəmədiyini etiraf etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası iddianın mənəvi ziyanın tutulması hissəsində təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxx 2015-ci il tarixli Qərarında göstərildiyi kimi, “Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-14.2.9-cu maddələrində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X2 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mənəvi ziyanın tutulmasına dair tələbin əsaslı olması iş materialları və işin halları ilə öz təsdiqini tapmadığından həmin hissədə iddia təmin edilə bilməz. Ona görə apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-3542/2018 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən - mənəvi zərərin tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin olunmamalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə isə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1413/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən – mənəvi ziyanın tutulması hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 1000 manat mənəvi ziyanın tutulması barədə iddiası təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar