Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5498/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim:Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsilə Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.01.2020-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi İddiaçı MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli 2(006)-983/2020 saylı qətnaməsi ilə iddia müddətinin keçməsi əsasına görə iddia rədd edilmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli 2(103)- 4783/2020 saylı qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli 2(006)-983/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4783/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1550/2020 saylı 31.03.2021-ci il tarixli qərarı ilə təmin edilərək, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli 2(103)- 4783/2020 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kollegiya apellyasiya şikayətinn dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının səlahiyətli nümayəndəsini, şikayətlə razılaşmayaraq təmin olunmasını xahiş edən cavabdehi dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayət qismən təmin olunmalı, Bakı Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işdən görünür ki, İddiaçı MMC hazırkı iddia tələbi ilə Binəqədi rayon məhkəməsinə müraciət edərkən "xxxx" QSC ilə Agentlik arasında bağlanmış 16 sentyabr 2016-cı il tarixli xidmət müqaviləsinə əsaslanmışdır. İşə əlavə edilmiş Xidmət müqaviləsində Agentliyə borcların ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq, iddianın predmeti və əsasını dəyişdirmək, məhkəmə aktından şikayət vermək və s. hüquqların verilməsi nəzərdə tutulsa da, kassasiya kollegiyası hesab edir ki, həmin müqavilə Agentliyə hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, nümayəndə vasitəsi ilə işin aparılmasının əsasları Azərbaycan Respublikası MPMnin 69-cu maddəsində müəyyən olunmuşdur. Qanunun həmin normasına görə hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. (69.1.) Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. (69.1-1.) Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. (69.2.) Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi qaydasını müəyyən edən MPM-nin 73-cü maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. (73.1) Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. (73.4) Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir İş materiallarından görünür ki, "xxxx" QSC tərəfindən Agentliyə məhkəmədə onun adından nümayəndə kimi çıxış etmək üçün etibarnamə verilməmişdir. Bundan başqa işdə "xxxx" QSC ilə Agentlik arasında tələb hüququnun güzəşt edilməsinə dair mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müqavilə bağlanmamışdır. Göründüyü kimi, işdə Agentliyin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmədiyindən iddia ərizəsinin icraata qəbul edilərək baxılması MPM-nin 149.1 və 150.0.3-cü maddəsinin tələblərinə zidd olmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə almmadan iddia ərizəsinə mahiyyəti üzrə baxmaqla, səhv nəticəyə gəlmişdr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3.-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4.-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400,405-ci maddələrini rəhbər tutaraq kollegiya Q Ə R A R A A L D İ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə 31 yanvar 2020-ci il tarixli il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5498/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5498/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver