Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-55/2025 29.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bir icraatda birləşdirilmiş İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) və iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: qanunsuz tikintinin sökülməsi X1 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qanunsuz tikintinin sökülməsi” tələbinə dair birinci mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən, iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikintinin sökülməsi” tələbinə dair ikinci mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-131/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları
1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsində istifadədə olan 0,016 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 22,2 kv.m. yaşayış sahəsindən ibarət 36 saylı fərdi yaşayış evinin 1/5 hissəsi üzərində X5, 3/5 hissəsi üzərində X6 və 1/5 hissəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X9 xx.xx.2011-ci il tarixdə notariat formasında yazılı vəsiyyətnamə verərək, ötən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən qeyd edilən fərdi yaşayış evindən ona məxsus 3/5 hissə payını Cavabdeh vəsiyyət etmişdir. X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən X6 vərəsəsi iddiaçıdır. Şəhadətnamə verilən miras əmlak: dövlət reyestrindən çıxarışa əsasən yuxarıda qeyd edilən fərdi yaşayış evindən X7 məxsus 3/5 hissə paydan ibarətdir.
2. ünvan 3 və evin yerləşdiyi 0,095640 ha torpaq sahəsi X4 mülkiyyətindədir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4804 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsinin sərhəd hasarından 0,38/0,7 m kənarda 7,3 m hündürlükdə mişar daşından iki mərtəbəli yaşayış evi inşa edildiyi və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinə əsasən ara məsafəsi 2,19 m (7,3 m x 0,3 hissəsi) müəyyən edildiyini nəzərə alaraq, tədqiq olunan ünvanda Cavabdeh tərəfindən inşa olunmuş tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun deyildir. İddiaçı mülkiyyətində olan 35 saylı evinin pəncərələri qarşısını cavabdeh tərəfindən inşa olunmuş tikili kəsmədiyini nəzərə alaraq, həmin ev ona məxsus evə düşən günəş işığının qarşısını kəsmir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7492 nömrəli ekspert rəyinə əsasən İddiaçı Əbdul oğluna məxsus ünvan 1 ev və daş hasarın yerləşdiyi torpaq sahəsinin Cavabdeh sahibliyində olan, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən mərhum X6 3/5 hissədə mülkiyyətində olmuş Qaradağ rayonu, Löbatan qəsəbəsi, H.Aslanov küçəsi, 36 saylı fərdi yaşayış evinə məxsus torpaq sahəsini ayıran hasarın üzərində inşa olunmaqla 35 saylı yaşayış evinin ikinci mərtəbəsi fəzada 0,40 m enində 11,20 m uzunluğunda 36 saylı ünvana aid torpaq sahəsinin (fəzada) üzərində inşa olunduğu müəyyən edilir. İddiaçı Əbdul oğluna məxsus ünvan 1 ünvanda inşa olunmuş iki mərtəbəli yaşayış evi ilə, ünvan 2 ünvanda yerləşən bir mərəbəli fərdi yaşayış evi ilə ara məsafəsi saxlanılmadığından Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/5379 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi H.Aslanov küçəsində yerləşən Cavabdeh məxsus 36 saylı fərdi yaşayış evinin sərhəd hasarından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinə əsasən ara məsafəsi 2,19 m (7,3 m x 0,3 hissəsi) olmalı olduğu və faktiki 0,38-0,70 metr məsafədə yerləşdiyi, bu halın mövcudluğu nəticəsində evin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.52-1 bəndinin tələblərinə uyğun olmadığı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndində tikililər arasındakı məsafənin divar hündürlüyünün 0,3 hissəsi qədər olmasının göstərildiyini, lakin faktiki olaraq İddiaçı məxsus fərdi yaşayış evinin sərhəd hasarın bitişik inşa olunduğunu nəzərə alaraq həmin evin ikinci mərtəbəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsi sənəd üzrə 0,09564 ha olsa da, faktiki olaraq 0,1258 ha təşkil edir (0,0301 ha artıqdır). İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi bütövlükdə sənəd üzrə torpaq sahəsinin hüdudları daxilində yerləşir. Sonradan inşa edilmiş “C” ilə işarələnmiş yaşayış evi isə torpaq sahəsinin (80 kv.m.) kənara çıxmışdır (bir tərəfdən 6.15 m, digər tərəfdən 6,3 m). Kənarlaşma nəticəsində Cavabdeh istifadə və sahibliyində olan torpaq sahəsinin hər hansı hissəsini zəbt etməmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə fərdi yaşayış evini Cavabdeh istifadə və sahibliyində olan torpaq sahəsindən və fərdi yaşayış evindən ayıran hasar faktiki olaraq İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşmişdir. Hazırda Cavabdeh inşa etdiyi yaşayış evi ilə İddiaçı mülkiyyətində olan evin (torpaq sahəsi ilə birgə) ara məsafəsi 1-1.5 m təşkil edir. Cavabdeh inşa etdiyi mübahisələndirilən yaşayış evinin tikintialtı torpaq sahəsi (13x7,5) 97,5 kv.m təşkil edir. Bakı şəhəri, ünvan 2 fərdi yaşayış evi paylı olaraq qeydiyyatdan keçmişdir (torpaq sahəsi istifadədədir). Cavabdeh inşa etdiyi yaşayış evinin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, lakin yaşayış evinin yerləşdiyi torpaq sahəsi həmin yaşayış evinə iyul 1996-cı il tarixli Texniki İnvertarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş arxiv texniki pasportundan göstərilən torpaq sahəsi üzərində yerləşir.
Birinci instansiya məhkəməsində icraat
7. Birinci iş üzrə İddiaçı Cavabdeh qarşı iddia və tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus ünvan 3 üzərində mülkiyyət hüququnun pozulmasına səbəb olan ünvan 4 ünvanda Cavabdeh tərəfindən ara məsafəsi, təhlükəsizlik qaydaları gözlənilmədən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə riayət edilmədən inşa edilmiş tikilinin (evin) özbaşına (qanunsuz) tikinti hesab edilərək cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin inşa etdiyi həmin tikili onun evinin pəncərələrinin işığını kəsir və otaqdan istifadəni yararsız hala gətirir. Dəfələrlə bu barədə cavabdehə irad bildirsə də, heç bir nəticəsi olmamış, onun iradlarına məhəl qoymayaraq tikintini davam etdirmişdir. Bu barədə Qaradağ rayon İcra Hakimiyyətinə, Qaradağ RPİ 10-cu PB-yə və DİN-in 102 çağrı mərkəzinə müraciət etmişdir. Lakin cavabdeh bunlara məhəl qoymayaraq, tikintini inşa etdirib, başa çatdırmaq istəyir. Qanunvericiliyin tələblərinə görə evlərin arasında ən azı 4 metr məsafə olmalıdır. Lakin cavabdeh bunlara məhəl qoymayaraq öz tikdiyi evi demək olar ki, onun evinə birləşdirmişdir.
9. İddiaçı vəsatətinə əsasən Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X13)
11. Məhkəmə iddianı rədd edərkən bu mövqeyi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh tərəfindən ünvan 5 ünvanda istifadəsində olan torpaq sahəsində inşa olunmuş tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun olmasa da həmin tikili İddiaçınün mülkiyyətində olan evin otağına düşən təbii işığın önünü kəsmir, otağı yararsız vəziyyətə və otaqdan təyinatı üzrə istifadə edilməsinə maneə yaratmır.
12. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş olsa da, işə baxılması ilə əlaqədar məsrəfləri ödəmək vəzifəsi daşıyır. Buna görə də 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir.
13. İkinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ünvan 6 ünvanında yerləşən, ümumi daş hasarın üstündə tikinti normalarına uyğun olmadan tikilmiş evin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir ildən çoxdur ki, cavabdeh əvvəlki evin üstündə qanunvericiliyin tələblərini pozmaqla bir mərtəbə qaldırmışdır. Cavabdeh tərəfindən tikilmiş ev həyətlərini ayıran ümumi daş hasarın üstündə tikilmişdir ki, o da nənəsindən ona vərəsəlik qaydasında qalmış evin yan hissəsini tamamilə bağlamışdır. Nənəsindən miras qalmış evin yanında hasara tərəf inşa edilmiş tikililər isə çoxdan tikilib. Bundan başqa, cavabdeh onlara məxsus torpaq sahəsindən təxminən 1 metrə yaxın torpaq sahəsini zəbt etmişdir. Bundan əlavə, evi tikən zaman ara məsafəsinə məhəl qoyulmamış və cavabdehin evinin hüquqmüəyyənedici sənədi yoxdur. Ona görə də ekspertin rəyi əsas götürülərək cavabdehin evi sökülməlidir.
15. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim X10).
16. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, tərəflərin və ekspertin izahatlarına, şahidin ifadəsinə, texniki pasportun surətinə, peyk görüntülərinə əsasən iddiaçıya miras qalmış həmin evdən cavabdehin mülkiyyətində olan 35 saylı evə, həmçinin hasara qədər olan ara məsafəsi ilə bağlı hazırda qüvvədə olan normalar baxımından hər hansı pozuntu mövcud deyildir. Belə olan halda, mülki iş üzrə keçirilmiş ekspertizanın rəyi, həmin rəydə ara məsafəsi iddiaçıya miras qalmış, 2007-ci il tarixli çıxarışda qeyd olunan evdən deyil, evin yanında hasara tərəf 2007-ci ildən sonra inşa edilmiş, texniki pasportda əks olunmayan, heç bir hüquqmüəyyənedici sənədi olmayan tikililərdən hesablandığından, habelə ekspertin özünün izahatı ilə təkzib olunduğundan, mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, 36 saylı evə aid torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı tərəfin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğu və ara məsafəsinin pozulduğu ilə bağlı dəlilləri məhkəmə baxışında öz təsdiqini tapmadığından və mülki iş üzrə sübutlarla təkzib edildiyindən, bununla da iddia tələbinin əsası olan hallar sübuta yetirilmədiyindən, iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir.
17. Birləşdirilmiş işlər üzrə məhkəmələr öz mövqelərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 16.1-ci, 152-ci, 170.2-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 88-ci, 103-cü, 107-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Birinci iş üzrə çıxarılmış qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini birinci iş üzrə iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə mülki iş üzrə Qaradağ rayon İcra Hakimiyyətini və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini 3-cü şəxs kimi cəlb etsə də onların məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə ki, qeyd olunan mülki iş xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixə təyin edilərkən onun bir həftə ərzində həmin orqanlara məktubun çatması barədə xəbərnamənin məhkəməyə geri qayıtmayacağını bildirməsinə baxmayaraq, məhkəmə xx.xx.2022-ci il tarixdə həmin orqanlara yazılmış məktubu sistemə əlavə etmişdir. Lakin həmin orqanlara məktubun göndərilməsi barədə sifarişli xəbərnaməni əlavə etməmişdir. Məhkəmənin təyin etdiyi müddətdə isə həmin məktubun qeyd olunan orqanlara çatması isə praktik olaraq mümkün deyildir. Məhkəmə isə həmin orqanların fikrini öyrənmədən işi yekunlaşdırmışdır. Bu da ədalətli məhkəmə araşdırmasına təmin olunmamışdır. Üçüncü şəxslər, xüsusən də Fövqaladə Hallar Nazirliyi tikintiyə nəzarət edən və buna müvafiq icazələr üçün rəy verən orqandır. Bu orqanın da tikintidən xəbəri yoxdur. Ona görə də tikintidə təhlükəsizlik qaydalarına nəzarət edən orqan kimi bu qanunsuz tikintidən xəbərdar olması vacibdir. Məhkəmə qətnamədə Fövqaladə Hallar Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubuna istinad etmişdir, lakin həmin vaxt mübahisəli tikili tikilməmişdir. Mübahisəli tikili sonradan aparılmışdır ki, məhkəmə də bu hala diqqət yetirmək istəməmiş, Fövqaladə Hallar Nazirliyinin iştirakı zəruri olduğu halda həmin təşkilata lazımi qaydada məlumat vermədən işə baxmışdır. Qətnamə ilə müəyyən olunur ki, ev qanunsuz tikilidir. Ora işığın düşüb düşməməsinin heç bir əhəmiyyəti yoxdur. Onda belə çıxır ki, istənilən şəxs qanunsuz tikili tikə bilər və əgər günəş işığını kəsmirsə ona həmin tikilini tikmək olar, sənədləşdirmək olar. Bu halda qanunlara əməl etməyə əsas yoxdur, təki günəş işığı kəsilməsin. Məhkəmə cavabdeh tərəfindən inşa edilmiş həmin tikinti işlərinin tikintiyə icazə almadan və şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla aparıldığına, sözügedən tikinti işləri həyata keçirilərkən qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsi ilə bağlı tələblərə riayət edilmədən, bu halın onun hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli şəkildə pozulmasına səbəb olmasına, cavabdehə dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoyulmadan öz mülkiyyətindən səmərəli istifadə etməyinə maneələr yaranmasına, eləcə də əmlakının dəyərinin əhəmiyyətli dərəcədə azaltmasına heç bir əhəmiyyət vermədən yalnız onun hüquqlarını gün işığının düşməsi ilə məhdudlaşdırmışdır. Əgər həmin tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun olub-olmamasının müəyyən olunması zəruri deyildisə nəyə görə ekspertiza təyin edirdi? Məhkəmə Cavabdeh Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsində icazəsiz tikinti işləri aparmasına görə barəsində İXM-nin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə əhəmiyyət verməmiş, sübut kimi təqdim etdiyi sənədə (Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci tarixli məktub) istinad etməmişdir. Cavabdeh qanunlara məhəl qoymaması, tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qərardad olmasına baxmayaraq, həmin evdə təmir işlərinin davam etdirməsi onun əsəbləşməyinə səbəb olmuş, bu da onun sağlamlığına təsir etmişdir. O, şəkər və təzyiq xəstəliyindən əziyyət çəkdiyindən şəkəri və təzyiqi qalxmış, təcili yardım çağırmaq məcburiyyətində qalmış, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmədən işin təxirə salınmasını xahiş etsə də, məhkəmə həmin işi cəmi 2 gün təxirə salmışdır. İşdə qeyd olunan tikilinin (evin) qanunsuz tikinti olmasını təsdiq edən ekspert rəyi olsa da, cavabdeh tərəf işin baxılmasının təxirə salınmasına etiraz etmişdir. Həmçinin tikinti və təmir işlərinin aparılmasının qadağan edilməsi barədə məhkəmənin müvəqqəti təminat tədbiri olsa da, Cavabdeh bunlara məhəl qoymur və təmir işlərini davam etdirir. Bundan başqa, məhkəmə iclasının fasiləsiz video-audio yazı vasitəsi ilə keçirilməsini xahiş edərək bu barədə vəsatət təqdim edilməsinə baxmayaraq vəsatət əsassız olaraq təmin edilməmişdir. Məhkəmə isə bu vəsatətə hüquqi qiymət vermədən heç bir əsaslandırma aparmadan vəsatəti rədd etmişdir. Məhkəmə iclasının fasiləsiz video-audio yazı vasitəsi ilə keçirilməsi, eləcə də mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə göndərilmiş məktubların həmin orqanlara çatması barədə xəbərnamənin məhkəməyə geri qaytıtdıqdan sonra baxılmasını təmin edilməsi barədə xx.xx.2022-ci il tarixli əsaslı vəsatətlər həmin gün yəni xx.xx.2022-ci il tarixdə keçirilən iclasda təmin olunmadıqdan sonra işin ədalətli araşdırılmasına əsaslı şübhələr olduğundan hakimə etiraz təqdim edilməsi üçün məhkəmədən vaxt istənilmiş, lakin hakim heç bir vaxt verilməyəcəyini, vəsatəti əsaslandırmaq üçün cəmi 10 dəqiqə vaxt verildiyini bildirmişdir. Əlbətdə ki, 10 dəqiqə vaxtda məhkəmə iclasında vəsatətin əsaslandırılması mümkün deyildi. Vəsatətin əsaslandırılması üçün cəmi 10 dəqiqə vaxt verməklə, sonra isə vəsatətin əsaslandırılmaması əsası ilə baxılmamış saxlanılması isə tam əsasızdır. Məhkəmə hakimə etirazın baxılmamış saxlanılması barədə qərardadını MPM-nin 19.2.3cü maddəsinə istinad etmişdir. Lakin həmin maddə xx.xx.2021-ci il tarixli Qanunla çıxarılmışdır. Vəsatət təqdim edərək məhkəmə iclasının fasiləsiz video-audio yazı vasitəsi ilə keçirilməsinin xahiş etmiş, əgər vəsatət təmin olunmayacağı təqdirdə əsaslandırılmış qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə isə heç bir əsaslandrıma göstərmədən vəsatəti rədd etmişdir. Məhkəmə vəsatətinin tərtib edilməsi üçün vaxt verməməklə onun Azərbaycan Respublikasının Konstutusiyasında qeyd edilmiş məhkəmə müdafiə hüququnu məhdudlaşdırmışdır. Əgər vəsatətin əsaslandırılması üçün vaxt verilmirsə, o, necə əsaslandıra bilərdi.
20. İkinci iş üzrə çıxarılmış qətnamədən iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. İddiaçı apellyasiya şikayətini ikinci iş üzrə iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında həm yerli baxış protokolu ilə, həm ekspert rəyi və foto şəkillərlə cavabdehin onun evinin ustündə öz evinin ikinci mərtəbəsini tikilməsi aşkardır. Həmin tikillilərin texniki pasportda öz əksini tapmaması cavabdehə belə qanunsuz hərəkəti etməyə hüquq vermir. Cavabdeh bu hərəkəti ilə onun və ailəsinin bütün hüquqlarını pozur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İştirak etdiyi məhkəmə iclasında (sonuncu məhkəmə iclasında məhkəmə iclas zalını özbaşına tərk etmişdir) birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni zamanda, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin və birinci iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, eyni zamanda, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin və ikinci iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən birinci iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.2-ci və 560.3.4-cü maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, habelə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
27. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə; 69.4-ci maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir; 69.5.2-1-ci maddəsinə əsasən ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi qaydasında müəyyən edilir; 70.1-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın: 7-ci bəndinin ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Əgər relyefə əsasən hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür; 9-cu bəndinə əsasən ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur; 10.1-ci bəndinə əsasən ara məsafələrinin hesablanması zamanı divar səthindən 1,5 metrə qədər irəli çıxan karnizlər, dam çıxıntıları, dayaqsız giriş və terras örtükləri nəzərə alınmır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Hazırda birləşdirilmiş mülki işlər üzrə çıxarılmış qətnamələrdən verilmiş apellyasiya şikayətlərinin hər ikisində qətnamələrin ləğv edilib, iddiaların təmin edilməsi xahiş olunduğundan, qətnamələr tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi həm birinci, həm də ikinci iş üzrə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətləri əsassızdır, bu səbəbdən təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnamələri apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəllilərinə istinadən qeyd edir ki, tərəflər qonşudurlar. Belə ki, ünvan 3 birinci iş üzrə İddiaçı mülkiyyətindədir, həmin ünvanda yerləşən 36 saylı, 1 mərtəbəli evin 3/5 hissəsi isə mülkiyyət kimi dövlət qeydiyyatına alınmaqla ikinci iş üzrə iddiaçı Cavabdeh nənəsindən ona miras qalmışdır. Lakin hazırda mübahisə predmetini həmin fərdi yaşayış evi deyil, ikinci iş üzrə iddiaçı Cavabdeh sonradan həmin ünvanda, miras qalmış əmlakın qarşısında inşa etdiyi ikimərtəbəli fərdi yaşayış evi təşkil edir.
35. Hazırda İddiaçı həmin iki mərtəbəli yaşayış evi ilə onun mülkiyyətində olan fərdi yaşayış evi arasında ara məsafəsinin saxlanılmadığını, bu halın da tikinti norma və qaydalarına zidd olduğunu, həmçinin, pəncərəsinə düşən günəş işığının qarşısının kəsildiyini bildirir və qanunsuz tikilinin Cavabdeh vəsaiti hesabına sökülməsini tələb edir. Cavabdeh da öz növbəsində İddiaçı məxsus fərdi yaşayış evinin nəinki ara məsafəsi gözlənilmədən, ümumiyyətlə onun ikinci mərtəbəsinin ara hasarın üzərində inşa edildiyini və evin ona məxsus 1 mərtəbəli evə birləşdiyini, dam hissəsinin isə ümumiyyətlə onun sahəsində yerləşdiyini bildirir və İddiaçı daş hasarın üstündə inşa etdiyi evin onun vəsaiti hesabına sökülməsini tələb edir.
36. Məhkəmə kollegiyası iş materiallarında yer alan ekspert və mütəxəssis rəylərinə istinad edərək qeyd edir ki, hazırda tərəflərin bir-birinə qarşı qaldırdıqları iddia tələbləri üzrə mübahisə predmetini təşkil edən tikililərin hər ikisinin tikinti norma və qaydaları pozulmaqla, o cümlədən ara məsafəsi saxlanılmamaqla inşa edildiyi müəyyən edilmişdir.
37. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7492 nömrəli ekspert rəyinə əsasən İddiaçı Əbdul oğluna məxsus ünvan 1 evin ikinci mərtəbəsi fəzada 0,40 m enində, 11,20 m uzunluğunda 36 saylı ünvana aid torpaq sahəsinin (fəzada) üzərində inşa olunmuşdur. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı tərəfindən sonradan inşa edilmiş “C” ilə işarələnmiş yaşayış evi onun mülkiyyətində olan torpaq sahəsindən bir tərəfdən 6.15 m, digər tərəfdən 6,3 m kənara çıxdığı, lakin kənarlaşma nəticəsində Cavabdeh istifadə və sahibliyində olan torpaq sahəsinin hər hansı hissəsini zəbt etmədiyi müəyyən edilmişdir. Bununla yanaşı, həmin mütəxəssis rəyində Cavabdeh inşa etdiyi yaşayış evi ilə İddiaçı mülkiyyətində olan evin (torpaq sahəsi ilə birgə) ara məsafəsinin 1- 1.5 m təşkil etdiyi, onun inşa etdiyi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi, lakin yaşayış evinin yerləşdiyi torpaq sahəsinin həmin yaşayış evinə iyul 1996-cı il tarixli Texniki İnvertarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş arxiv texniki pasportundan göstərilən torpaq sahəsi üzərində yerləşdiyi qeyd edilmişdir.
38. Bu baxımdan məhkəmə kollegiyası ilk növbədə Cavabdeh iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən sonradan inşa edilmiş “C” ilə işarələnmiş yaşayış evi onun mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənara çıxsa da, mütəxəssis rəyi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsinin hər hansı hissəsini zəbt etmədiyi təsdiq olunur.
39. Digər tərəfdən, Cavabdeh hazırki iddia tələbini məhz İddiaçı ona qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinin məhkəmədə qaldırılmasından sonra irəli sürmüşdür. Birinci instansiya məhkəməsindəki icraat çərçivəsində də verdiyi izahatlardan aydın olur ki, o, 1 ildir ki, birinci iş üzrə iddiaçı tərəfindən inşa edilmiş tikilinin ikinci mərtəbəsinin ara məsafəsi gözlənilmədən, sahələri ayıran daş hasarın üzərində inşa edildiyini və ona məxsus evin damına (fəzadan) birləşik olduğunu görür, bilir və yaranmış vəziyyəti qəbul edir. Bu evin sökülməsi tələbi ilə İddiaçı qarşı iddia qaldırmaq niyyətində də olmamışdır. Məhz İddiaçı ona qarşı hazırki iddianı irəli sürdükdən sonra, o da hazırki iddia ilə çıxış etmişdir. Başqa sözlə, Cavabdeh qarşı tərəfin tikilisinin daş hasarın üzərində inşa edildiyini və onun mülkiyyətində olan birmərtəbəli tikilinin damına birləşdiyini bu müddət ərzində görmüş və bu halın mövcudluğunu qəbul edərək etiraz etməmiş, yalnız İddiaçı ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edəndən 5 ay sonra iddia tələbi ilə məhkəməyə müraciət edərək həmin hallarla bağlı əsasları irəli sürmüşdür. Qeyd edilənlər Cavabdeh hərəkətlərində Mülki Məcəllənin 560.3.4-cü maddəsinin tərkib əlamətlərinin olduğunu təsdiq edir.
40. Belə olduğu halda, məhkəmə kollegiyası ikinci iş üzrə iddiaçının artıq xeyli müddət ərzində formalaşmış qaydaya etiraz etməməsini nəzərə alaraq hesab edir ki, iddiaya Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımdan hüquqi qiymət verməlidir. Belə ki, hazırki hərəkətləri ilə Cavabdeh 35 saylı evin ikinci mərtəbəsinin ara məsafəsi gözlənilmədən, sahələri ayıran daş hasarın üzərində inşa edilməsinə və onun mülkiyyətində olan tikiliyə bitişik olmasına razılığına və bu razılıqdan irəli gələrək İddiaçı onun sökülməsi təhlükəsinin olmamasına olan güvəncinə zidd mövqedən çıxış edir ki, bu hal da hüquqdan sui-istifadə hesab edilməlidir. Qeyd edilənlər də öz növbəsində Cavabdeh iddiasının rədd edilməsini şərtləndirir.
41. Məhkəmə kollegiyası İddiaçı iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh inşa etdiyi iki mərtəbəli tikilinin hüquqmüəyyənedici sənədi olmasa da, həmin tikili onun sahiblik və istifadəsində olan torpaq sahəsi üzərində inşa edilmişdir. İş materiallarında yer alan ekspert rəyləri ilə həmin tikili ilə birinci iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evi arasındakı ara məsafəsinin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. Lakin bu halın mövcudluğu öz-özlüyündə iddianın rədd edilməsini şərtləndirmir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hal - qanunsuz tikilinin onun evinə düşən günəş işığının qarşısını kəsməsi məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerində müayinə zamanı müşahidə olunanlarla, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4804 saylı rəyi ilə öz təsdiqini tapmır. Xüsusilə o da qeyd edilməlidir ki, ümumiyyətlə mübahisəli tikililər yanaşı deyil və biri digərinin qarşısında yerləşmir. Bu halın mövcudluğu da birinci iş üzrə iddiaçının bu dəlilinin əsassız olduğunu göstərir.
42. Digər tərəfdən, nəzərə alınmalıdır ki, İddiaçı hazırki iddia tələbini qaldırsa da, o da öz növbəsində ona məxsus fərdi yaşayış evini ara məsafəsi saxlamadan torpaq sahəsini ayıran daş hasarın üzərində inşa etməklə, evin ikinci mərtəbəsini ikinci iş üzrə iddiaçıya miras qalmış əmlaka (onun damına) birləşdirməklə, hətta fəzada 0,40 m enində, 11,20 m uzunluğunda Cavabdeh aid torpaq sahəsinə keçməklə tikinti norma və qaydalarını pozmuşdur. Hüquqi nəticə etibarı ilə Cavabdeh tərəfindən tikinti norma və qaydaları pozulmaqla, o cümlədən ara məsafəsi gözlənilməməklə tikinti inşa edildiyini iddia edən İddiaçı bundan əvvəl tikinti inşa edərkən iddia etdiyi bütün pozuntulara ilk öncə özü yol vermişdir. Halbuki, hazırki iddia ilə pozulmuş hüquqlarının bərpasını tələb edən İddiaçı özü də eyni məsələ üzrə müəyyən edilmiş tikinti norma və qaydalara riayət etmək və bu sahədə Cavabdeh hüquqlarını pozmamaq vəzifəsi daşıyır. Bu baxımdan mövcud vəziyyətdə İddiaçı öz vəzifələrini kobudcasına pozmasına məhəl qoymayaraq hüquqlarının pozulması mövqeyindən çıxış edir. Bu halın mövcudluğu da mülki hüquqdan sui-istifadə hesab edilməklə onun da iddiasının təmin edilməsini istisna edir.
43. Beləliklə, məhkəmə kollegiyası sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnamələri apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh aid edilməlidir.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsindəki icraat zamanı məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-55/2025 saylı qərardadının icrası qaydasında aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin mütəxəssisləri tərəfindən mütəxəssis rəyinin tərtib edilməsi üçün İddiaçı tərəfindən 95 manat məbləğində pul ödənilmişdir. Həmin pulun da 47,50 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı və birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Birinci iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1452/2022 saylı, xx.xx.2022-ci il tarixli və ikinci iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələri apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh aid edilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin mütəxəssisləri tərəfindən mütəxəssis rəyinin tərtib edilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaitinin 47,50 (qırx yeddi manat, əlli qəpik) manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.