Məhkəmə qərarları › İş №2(103)-550/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-550/2022

12.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-550/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Ərizəçinin vəkili Vəkil, Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti cəlb olunmaqla) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair» ərizəsi ilə əlaqədar 2(010)-1689/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti cəlb olunmaqla) ərizə ilə məhkəməyə müraciət edərək, oğlu - 22.11.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, 22.11.1989-cu ildə Bakı şəhərində anadan olmuş X8 onun doğma oğludur. Oğlu Taleh ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. Oğlu anadan olandan bu günə qədər X9 Disponserində qeydiyyatda olmaqla mütəmadi müalicə alır. X8 müstəqil olaraq özünü idarə edə bilmir. X2 daimi köməyə ehtiyacı vardır. X8 psixi qüsuru səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilməməsi nəticəsində bir sıra hüquqlarından məhrum olmuşdur. Belə ki, X8 öz həyatını normal səviyyədə yaşamalı olmasını belə dərk etmir. Bu səbəbdən də, o, X2 bir sıra şəxsi işlərini görməyə məcbur olur. X2 öz hərəkətlərini dərk etməməsinə baxmayaraq, fəaliyyət qabiliyyətli olması oğlunun bəzi hüquqlarını həyata keçirilməsində ona maneçilik törədir. X2 üç övladı vardır və həyat yoldaşı oğlunu atıb gedib. Ona görə də, o, oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə ərizə rədd edilmişdir. Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilib, ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, işə birtərəfli baxılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli 2(103)- 1697/2021 saylı qətnaməsi ilə ərizəçinin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli 2(102)-4032/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli 2(103)-1697/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya baxışı zamanı ərizəçinin vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iştirak edən izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən X8 Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Şərq küçəsi 10 nömrəli evdə qeydiyyatdadır. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış 20.05.2019-cu il tarixli məktubda ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edilmişdir. 01.05.2016-cı il tarixli şəxsiyyət vəsiqəsində olan məlumatlara əsasən Ərizəçi ünvan 2 ünvanda pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 nömrəli Birləşmiş şəhər Xəstəxanası tərəfindən verilmiş arayışda qeyd olunur ki, 22.11.1989-cu il təvəllüdlü X6 orta dərəcəli Nevrasteniya emosional iradi pozuntularla F48.0 diaqnozu qoyulmuşdur. 21.12.1989-cu il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X8 22.11.1989-cu ildə doğulmuşdur. Atası Ərizəçi, anası X3r. AO seriyalı ******* nömrəli Hərbi biletdə aparılmış qeydlərə əsasən X8 hərbi xidmətə yararsız hesab edilmişdir. 162678 saylı vəsiqəyə əsasən X7 İ qrup əlildir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birlik tərəfindən verilmiş üzvlük vəsiqəsinə əsasən X7 İ qrup gözdən əlildir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 15.10.2019-cu il tarixli rəyinə əsaslanmış və ərizənin rədd edilməsi qənaətinə gəlmişdir. Həmin rəyə əsasən X8 fəaliyyət qabiliyyətli hesab edilmişdir. Kassasiya instansiyası məhkəməsi yuxarıda istinad edilmiş qərarında hüquqi mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, ərizəçi övladının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş edib. Birinci instansiya məhkəməsi hazırki iş üzrə müvafiq ekspertiza təyin etmədən, eyni məzmunlu ərizə əsasında əvvəlki iş üzrə keçirilmiş ekspert rəyinə əsasən ərizəni təmin etməmişdir. Ərizəçi apellyasiya şikayətində övladının psixi durumunun pisləşməsinə baxmayaraq ekspertiza təyin edilməməsini dəlil kimi irəli sürsə də, apellyasiya məhkəməsi bu dəlilə, ümumiyyətlə, qiymət verməmişdir. Halbuki MPM-in 319-cu maddəsinin tələbləri baxımından iş üzrə ekspertiza təyin edilməklə müvafiq rəyin alınması ərizənin obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(103)- 10140/2021 saylı qərardadına əsasən iş üzrə məhkəmə psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X10 Ambulator məhkəmə psixiatrik ekspertizasının 18 yanvar 2022-ci il tarixli 117 saylı rəyindən görünür ki, X4 emosional davamsız şəxsiyyət pozuntusu (sərhədi tip) aşkar olunur. X4 qeyd olunan «emosional davamsız şəxsiyyət pozuntusu (sərhədi tip)» onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum etmir. T.Ərizəçi hal- hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. X8 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olduğundan fəaliyyət qabiliyyətli hesab edilməlidir. Göründüyü kimi, X8 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olduğundan fəaliyyət qabiliyyətli hesab edilir. Bu səbəbdən, ərizənin təmin edilməsi qeyri-mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Göründüyü kimi, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iş üçün əhəmiyyəti olan hallar kifayət qədər əsaslandırılmış, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas olan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(010)- 1689/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar