Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-550/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-550/2024 (Açar sözlər: artıq ödənilmiş pulun qaytarılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-nə qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1345/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 08 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 119-E saylı müqaviləyə əsasən iddiaçı Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa edilən 4-E saylı yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı mənzili alıb. Həmin müqaviləyə əsasən mənzil ümumi sahəsi 135.5 kv.m-dən ibarət olan 3 otaqdan ibarətdir. Mənzil Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli reyestrdən çıxarış verilib. Həmin çıxarışda qeyd olunur ki, sözügedən mənzilin ümumi sahəsi 120.4 kv.m-dir. Hal-hazırda iddiaçı artıq ödədiyi 12.080 manat məbləğində pul vəsaitinin, ödədiyi 127 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MTK-nə qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli 119-E saylı müqavilə əsasında iddiaçı Cavabdeh MTK-nın sədri X3 Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa edilən 4-E saylı yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı mənzili alıb. Həmin müqavilənin 2.2.1-ci bəndində qeyd olunur ki, alıcı yuxarıda göstərilən 4-E saylı yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 135.5 kv.m-dən ibarət olan 3 otaqlı 10 saylı mənzilin sahəsinin hər kv.m üçün 800 manat olmaqla, cəmi 108.400 manat ödəməlidir. Cavabdeh MTK-nın xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı həmin mənzilin, yəni 135.5 kv.m üçün tam ödəniş, yəni 108.400 manat ödəyib. Bundan başqa Cavabdeh MTK-nın sədrinin imzası ilə təsdiq olunan xx.xx.2017-ci il tarixli arayışından görünür ki, iddiaçı 135.5 kv.m-lik yaşayış sahəsinin tam dəyəri olan 108.400 manatı ödəyib. Bundan başqa "xxxx" MTK-nin sədrinin və baş mühasibinin imzaladığı xx.xx.2021-ci il tarixli 69 saylı arayışından da məlum olur ki, ünvan 1 ünvanında 4 saylı binanın 3-cü mərtəbəsindəki ümumi sahəsi 135.5 kv.m olan 3 otaqlı 10 saylı mənzil iddiaçıya məxsusdur. Bütün bu sənədləri aldıqdan sonra iddiaçı mənzili Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq və reyestdən çıxarış almaq məqsədi ilə ƏMDK yanında DƏDRX-nə müraciət etmişdir. Mənzil Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli reyestrdən Çıxarış verib. Həmin çıxarışda qeyd olunur ki, sözügedən mənzilin ümumi sahəsi 120.4 kv.m-dir. Buradan görünür ki, kooperativin sədrləri və mühasib, əlbir olub üçü bir yerdə iddiaçını aldadıblar. İddiaçı onlarla bağladığı müqaviləyə və onlara inanaraq 135.5 kv.m üçün hər kv.m üçün 800 manat pul ödəyib. Lakin indi, yəni xx.xx.2021-ci il tarixdə onlara məlum olur ki, onlar iddiaçıya 135.5 kv.m adı altında 120 kv.m-lik mənzil satıblar. Beləliklə, dələduzluq cinayəti törədərək iddiaçının 12.080 manat pulunu mənimsəyiblər və bundan başqa iddiaçının pulunu mənimsəmək məqsədi ilə imzaladıqları müqaviləyə yalançı rəqəmlər daxil ediblər. Bundan başqa onların dələduzluqlarını sübut edən maliyyə arayışları və kassa mədaxil orderinin qəbzini tərtib ediblər. Həmin sənədlərlə sübut olunur ki, onlar iddiaçının etibarından sui-istifadə edərək 12.080 manatını 2017-ci ildə ələ keçiriblər və bu günədək iddiaçının bundan xəbəri olmayıb və iddiaçının pulundan bu günədək qanunsuz istifadə ediblər. Qeyd olunan hərəkətlər Cinayət Məcəlləsinin 178.3cü və 179.3-cü maddəsi ilə tövsif oluna bilər. Bundan başqa onlar Şəhərsalma Məcəlləsinin tələblərini pozublar. İddiaçı 2021-ci ilin dekabr ayında soyadını bilmədiyi Famil adlı şəxsin qəbulunda olub və onu aldadaraq aldıqları 12.080 manat pulu geri qaytarmalarını təklif edib. Lakin Famil adlı həmin şəxs iddiaçıdan alınan artıq pulu qaytarmaqdan boyun qaçıraraq, “hara istəyirsən, şikayət et” deyib. Daha sonra cavabdehə rəsmi olaraq müraciət etmişlər. Müraciətə 28 yanvar 2022-ci il tarixdə cavab verilib və cavab məktubunda Qanunlara izah verməyə çalışıb, müvafiq icra hakimiyyəti orqanını ittiham etməyə çalışıblar. Hansı ki həmin qanunda nəzərdə tutulan müvafiq İcra hakimiyyəti orqanı Nazirlər Kabinetidir. İddiaçı məhkəməyə müraciət edərək artıq ödədiyi 12.080 manat pul vəsaitini cavabdehdən tələb edir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1345/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddianın təmin olunmaması qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 398.1, 578.1-ci maddələri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü madəlləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
ç) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-963/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), Günay Axundova və İkram Şirinov) cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1345/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması, Cavabdeh MTK-dan 12.080 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
9. Məhkəmə öz qətnaməsini belə əsaslandırmışdır ki, mənzilin sahəsinin müqavilədə göstərilən sahədən az olması mənzilin (əşyanın) qüsuru sayılır. Belə ki, alqısatqı zamanı “qüsurlu əşya vermə” deyildikdə alqı-satqı müqaviləsinin predmetinin müqaviləyə uyğun gəlməməsi başa düşülür. Müqavilədə mənzilin ümumi sahəsi 135,5 kv.m göstərilsə də, mənzilin ümumi sahəsi 120,40 kv.m-dir. Bu isə o deməkdir ki, müqavilənin predmeti müqaviləyə uyğun gəlmir.
d) Kassasiya instansiya məhkəməsində icraat
10. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianınn rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3345/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər Əhliman Xıdırov (sədrlik edən), Elşad Şamayev) cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-963/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
12. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mənzilin sahəsinin azalma əmsalları tətbiq edilməklə 120,4 kv.m müəyyənləşdirilməsi formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqıa, həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə də uyğun deyildir... Azalma əmsalları tətbiq etməklə mənzilin sahəsinin hesablanması hüquq müəyyən edici sənədlərin verilməsi zamanı nəzərə alınır, lakin həmin sahələr tərəflər arasında bağlamış müqavilə üzrə tikilməli olan mənzilin tərkib hissəsi olduğundan müqavilə üzrə mənzil təhvil verilərkən onların sahəsi tam nəzərə alınmamışdır...”.
e) Proses iştirakçılarının izahatı
13. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini istəmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
18. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun;
19. Maddə 762.2. Podratın nəticəsi şərtləndirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləndirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
20. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər;
21. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
22. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
23. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
24. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər
25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi
26. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
27. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır;
28. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki iş üzrə (Ali Məhkəmənin qərarı nəzərə alınmaqla) apellyasiya baxışının hədlərini qətnamənin qanunliyinin və əsaslılığının bütövlükdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia isə qismən təmin edilməlidir.
38. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da qətnamənin ləğvinə səbəb olur.
39. İş materiallarında olan Cavabdeh MTK-nın xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı həmin mənzilin, yəni 135.5 kv.m üçün 108.400 manat ödəyib.
40. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXdən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi, ev 32M,mənzil 10, Yeni qaydalarla, AZ1118, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi,196, M3, m3 saylı 120.40 ümüumi sahəsi olan mənzilə İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məkəməsi tərəfindən hazırki mübahisə dair məsələyə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
42. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
43. Hazırki iddia tələbindən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 119-E saylı müqaviləyə əsasən iddiaçı Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa edilən 4-E saylı yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı mənzili alıb. Həmin müqaviləyə əsasən mənzil ümumi sahəsi 135.5 kv.m-dən ibarət olan 3 otaqdan ibarətdir. Mənzil Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli reyestrdən çıxarış verilib. Həmin çıxarışda qeyd olunur ki, sözügedən mənzilin ümumi sahəsi 120.4 kv.m-dir.Halhazırda iddiaçı artıq ödədiyi 12.080 manat məbləğində pul vəsaitinin, ödədiyi 127 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş edir.
44. İddianın predmetinə nəzərə yetirdikdə müəyyən olunur ki, iddianın əsasının təşkil edən müqavilə şərtləri podrat münasibətlərini özündə ehtiva edir. Ona görə də kollegiya hesab edir ki, hazırki münasibətə podrat müqaviləsindən irəli gələn qaydalar tətbiq olunmalıdır.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsiə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
46. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanməş 19 yanvar 2017-ci il tarixli 119-E saylı müqavilənin məzmunundan görünür ki satıcı (Cavabdeh MTK) Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522 məhəllədə inşa ediləcək yüksək mərtəbəli 4-E saylı yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı mənzili alıcıya (İddiaçı) satır alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəyir. Mənzil 24 ay müddətində tikilib təhvil verilir. Mənzilin ümumi sahəsi 135.5 kv.m., dəyəri isə 108.400 manat müəyyən olunur.
47. Hazırkı işdə iddiaçının iddiasının əsası ondan ibarətdir ki, cavabdeh tərəfindən ona müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzil təhvil verilmişdir.
48. Birinci instansiya məhkəməsi bu halı müəyyən etmək üçün ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2022-ci il tarixli ekspert rəyindən görünür ki, mənzilin faktiki ümumi sahəsində arakəsmə divarların yerləşdiyi şaxtaların yerləşdiyi sahə balkonların (eyvanın) sahələri (azalma əmsalları olmadan) daxil edilməklə hesablandıqda mənzilin sahəsi 135.5 kv.m.,Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahələrinin həcminin hesablanması qaydaları”-na əsasən hesablandıqda isə 120.4 kv.m təşkil edir.
49. Lakin birinci instansiya məhkəməsi qeyd edilən fərqin hesablanması zamanı yanlışlığa yol verərək yalnız ekspert rəyinin nəticə hissəsini əsas götürmüş, rəyin təsviri hissəsinə görə ekspert, hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparmış, cavabdehin real olaraq iddiaçıya hansı ölçüdə mənzil təhvil verməsi müəyyən edilməmişdir və kassasiya instansiya məhkəməsi də bundan öncəki apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən qeyd edilən halların araşdırılmasını işə hazırda baxacaq məhkəməyə tapşırmışdır.
50. Qeyd edilənləri nəzərə alaraq hazırki iş üzrə kollegiya tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9203 saylı ekspert rəyindən görünür ki, ekspertizanın aparılması zamanı mübahisəli mənzilə baxış keçirilərək müvafiq ölçü işləri aparılmış, bunun nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32M, mənzil 10 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, habelə mühəccərlərin, sobanın (buxarının) yerləşdiyi sahələr nəzərə alınmadan 129.8 kv.metr, mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə faktiki ümumi sahəsi isə 135.5 kv.metr təşkil edir.
51. Kollegiya qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir.
52. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir.
53. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.
54. Beləliklə, kollegiya iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqavilənin şərtlərini ekspert rəyləri ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, cavabdeh MTK iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz.
55. Mülki Məcəllənin 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
56. Bu konteksdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh MTK müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən mənzilin müqavilə üzrə nəzərədə tutulmuş ölçüyə uyğun təhvil verilməyən hissəsinin dəyəri cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
57. Mübahisəli mənzilə fiziki baxış keçirilərək tərtib edilmiş ekspert rəyindən də göründüyü kimi cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilən mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə nəzərdə tutulan sahə 5.7 kv.metr fərq mövcuddur (135.5 – 129.8 =5.7). Bu da onu deməyə əsas verir ki, iddiaçının apellyasiya şikayəti qeyd edilən hissədə qismən əsaslı olmaqla dəymiş zərərin hesablanması zamanı 5.7 kv.metrlik fərq nəzərə alınmalı və iddiaçıya dəymiş zərərin məbləği həmin ölçü üzərindən hesablanmalıdır.
58. Belə ki, iddiaçı ilə cavabdeh Orbita” MTK arasında olan müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 800 manat müəyyən edilmiş və həmin məbləğin iddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz halını təşkil etmişdir (bunu təkzib edən hər hansı sübut da iş materiallarında aşkarlanmamışdır). Beləliklə, kollegiya hesab edir ki, 5.7 kv.metr sahə üzrə hər kv.metr üçün 800 manat hesablamaqla (5.7 x 800) cəmi 4560 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə Cavabdeh MTK-dan tutulmalıdır.
59. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əskik olan 5.7 kv.metr ölçüyə mütanasib olaraq müqavilə əsasən hər kvadrat metr üçün 800 manat olmaqla 4560 manat məbləğində pul Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
61. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
63. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
64. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 126,24 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 47,64 manat hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 63,12 manat məbləğində dövlət rüsumunun 23,82 manat olan hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, həmin rüsumların qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.
66. Həmçinin birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatlarının dəyəri olan ayrı-ayrılıqda 50 manat məbləğində, ümumilikdə 100 manat məbləğində pulun 37,74 manat hissəsi cavabdehdən, qalan 62,26 manat olan hissəsi isə iddiaçıdan tutulmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1345/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabadeh Cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əskik olan 5.7 kv.metr ölçüyə mütənasib olaraq müqavilə əsasən hər kvadrat metr üçün 800 manat olmaqla 4560 (dörd min beş yüz altmış manat) manat məbləğində pul Cavabdeh MTKdan alınaraq İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 126,24 (yüz iyirmi altı manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 47,64 (qırx yeddi manat altmış dörd qəpik) manat hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 63,12 (altmış üç manat on iki qəpik) manat məbləğində dövlət rüsumunun 23,82 (iyirmi üç manat səksən iki qəpik) manat olan hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatlarının dəyəri olan ayrı-ayrılıqda 50 (əlli) manat məbləğində, ümumilikdə 100 (yüz) manat məbləğində pulun 37,74 (otuz yeddi manat yetmiş dörd qəpik) manat hissəsi cavabdehdən, qalan 62,26 (altmış iki manat iyirmi altı) manat olan hissəsi isə iddiaçıdan alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Sabit Bəhramzadə