Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5503/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehin əşyalarının siyahıya alınaraq cavabdehin öz hesabına mənzildən çıxarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(002)-2990/2019 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə 5.000 manat kompensasiya verilməklə mülkiyyətində olan mənzildən çıxarılması, mülkiyyətindəki mənzildən cavabdehin iki uşağı – X4 və X6 ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi və cavabdehə məxsus əşyaların siyahıya alınaraq cavabdehin öz vəsaiti hesabına mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 39 saylı evin 1 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 39 saylı evin 1 saylı 4 otaqlı mənzilini iş yeri üzrə növbəlilik prinsipi əsasında 23 fevral 1984-cü il tarixdə almış, mənzili alarkən ailə üzvləri özü ilə birlikdə 5 nəfərdən ibarət olmuşdur: özü, həyat yoldaşı, iki qızı və oğlu. Həmin mənzil 24 dekabr 2004-cü il tarixdən onun mülkiyətindədir. Bu barədə o, Bakı şəhəri Tİ və MHQİ-dən 24 dekabr 2004-cü il tarixli, ÖM seriyalı, 212821 saylı qeydiyyat vəsiqəsi almışdır. Cavabdeh onun X1 ilə birgə nikahda olmuş, iki övladları – 17.07.2003-cü il təvəllüdlü X4 və 08.02.2005-ci il təvəllüdlü X6 doğulmuşdur. X1 13 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Gəlini və iki nəvəsi ünvan 1 evin 1 saylı mənzilində qeydiyyatsız yaşamışlar. Həyat yoldaşı, qızları və onların övladları da onunla bərabər həmin mənzildə qeydiyyatdadırlar. Cavabdeh nəvələri üçün məktəbə sənədlər lazım olması adı ilə onu aldadaraq qanunsuz yolla 19 mart 2015-ci il tarixdə özünü və 17.07.2003-cü il təvəllüdlü X2 və 08.02.2005-ci il təvəllüdlü X5 onun mənzilinə qeydiyyata saldırmışdır. Hazırda Cavabdeh övladları ilə, yaşlı olduğundan sui-istifadə edərək hər dəfə onunla mübahisələr edir, dava-dalaş salır, ona maneələrin aradan qaldırılması ilə bağlı dolayısı mübahisələr edir, mənzilinə gecə saatlarında, bir sözlə istədiyi vaxt gəlir. Bu da onun mülkiyyət hüquqlarının pozulmasına yönəlməklə, həmçinin qonşular arasında dedi-qodu yaranması kimi hallara rəvac verir. ünvan 1 evin 1 saylı mənzilinin mülkiyyətçisi olmasına, bütün kommunal xidmət haqqlarını özü ödəməsinə baxmayaraq, cavabdeh mənzili əlindən alacağı kimi hədələrlə onu təhdid edir, bu yolla ona ayrıca mənzil almasını tələb edir. O, təqaüdçü və yaşlı insandır. Mənzili də cavan vaxtı işləyib əziyyətlə əldə etmişdir. Onun cavabdehə və onun uşaqları olan nəvələrinə mənzil almağa imkanı yoxdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(002)- 2990/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı 5.000 manat kompensasiya məbləğinin alınaraq Cavabdeh ödənildikdən sonra, Cavabdeh övladları X4 və X6 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi 39 saylı evin 1 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, onların cavabdehə məxsus əşyalarla birlikdə mənzildən çıxarılması, cavabdehə pul məbləğinin ödənilməsi, cavabdehin övladları ilə birlikdə istifadə hüququna xitam verilməsi və özlərinin və əşyalarının evdən çıxarılmaları ilə eyni vaxtda icra edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, təklif olunan kompensasiya məbləği ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə cavabdehin 19 iyun 2003-cü il tarixdən hal-hazırkı dövrə qədər həmin mənzildə yaşamasını, başqa yaşayış yerinin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, həmin ərazidə oxşar mənzillərdə kirayə haqqının azı 250 manatdan artıq olmasını nəzərə almamışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli 2(103)-3621/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(002)-2990/2019 saylı qətnaməsi ləğv edilməklə, İddiaçı Cavabdeh qarşı kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli 2(102)-1416/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3621/2020 nömrəli 11 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Bildirdi ki, təklif edilən 5000 manat olduqca aşağı məbləğdir, ən azından 15000 manat kompensasiya verilsə cavabdeh də özünə ev tutar. Məhkəmə iclasında iştirak edən iddiaçı qeyd etdi ki, gəlini və nəvələri mübahisəli evdə qeydiyyatda olmaqla yaşayırlar, o da nəvələrini və gəlinini evdən çıxartmaq niyyətində deyil, ona görə də kompensasiya verməli deyil. Mübahisənin bu qədər uzanmasına vəkillər səbəb olmuşdur. 9000-10000 manat kompensasiya verməyə imkanı yoxdur. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin bu hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi sözügedən mənzilin mülkiyyətçisi, yəni iddiaçı tərəfindən cavabdehə təklif edilən kompensasiyanın məbləği ilə razılaşmadığı halda, bazar qiymətlərinə uyğun olaraq yetərli kompensasiyanın məbləğini müəyyən etməməklə və ümumiyyətlə bunu mənzilin mülkiyyətçisi olan iddiaçı ilə razılaşdırmamaqla Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini pozub və həmin maddənin təfsirində səhvə yol verib. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Eyni zamanda işə baxan məhkəmələr bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olur. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təklif edilən 5.000 manat kompensasiyanın məbləğini yetərli hesab etmədiyi halda, sadalanan maddələrin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq yetərli hesab etdiyi kompensasiyanın məbləğini müəyyən etməyib və həmin məbləğə ümumiyyətlə iddiaçının münasibətini öyrənməyib. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi 09 iyun 2020-ci il tarixdə keçirilən iclasında iddiaçının nümayəndəsinə cavabdehə 15.000 manat kompensasiya ödənilməklə barışıq əldə olunması üçün işə baxılmasını 29 iyun 2020-ci il tarixə təxirə saldığı halda, təklif etdiyi kompensasiya məbləğinə iddiaçının münasibətini öyrənmədən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kasasiya instansiyası məhkəməsi cavabdehin mənzildə istifadə hüququnun olmasını, mənzilin 4 otaqlı, yaşayış sahəsi 50,15 kv.metr olmaqla ünvan 1 evin 1 saylı ünvanında yerləşməsini və bundan sonra tərəflərin mübahisəli mənzildə birgə yaşamalarının qeyri-mümkün olmaqla, oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqının 170-200 manat civarında olmasını nəzərə alıb hesab edir ki, cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi kompensasiya məbləğinin yetəli və bazar qiymətlərinə uyğun olub-olmaması apelyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər araşdırılmayıb.” İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 24.12.2004-cü il tarixli ÖM seriyalı 212821 saylı qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi, 39 saylı evin 1 saylı mənzilinin mülkiyyətçisidir. Həmin ev əvvəllər dövlət mənzil fondunda olmaqla 2004-cü ildə iddiaçının adına özəlləşdirilmişdir. Cavabdeh 19 iyun 2003-cü ildə iddiaçının X1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin vaxt qaynatasının mülkiyyətində olmayan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi, 39 saylı evin 1 saylı mənzilinə gəlin köçərək yaşamağa başlamışdır. Bu nikahdan onların 2003 və 2005-ci il təvəllüdlü uşaqları doğulmuşdur. 2015-ci ilin mart ayında cavabdeh uşaqları ilə birlikdə həmin mənzilə pasport qeydiyyatına düşmüşdür. Cavabdehin əri 2015-ci ildə vəfat etmiş, əri vəfat edəndən sonra da cavabdeh uşaqları ilə birlikdə həmin mənzildə yaşamaqda davam etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi 39 saylı evin 1 saylı mənzilinin qonaq otağından, sanitar qovşağından istifadə etməyi ilə bağlı cavabdehlər tərəfindən törədilən müdaxilələrə və onun həmin mənzildə yaxın qohumları ilə görüşməsinə cavabdehlər tərəfindən edilən maneələrə son qoyulması, həmin mənzilin ümumi giriş-çıxış qapısının açarının bir nüsxəsinin Cavabdeh verilməsi və onun mənzilə istənilən vaxt maneəsiz giriş-çıxışının təmin edilməsi qət edilmiş, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamədən verilmiş apelyasiya şikayəti və növbəti qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmələr bu nəticəyə gəlmişlər ki, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi 39 saylı evin 1 saylı mənzilindən istifadə hüququ vardır. Cavabdehin mübahisəli mənzildən istifadə hüququ vardır və bu işin mübahisə olunmayan halıdır. Tərəflər özləri də işin bu hallarını inkar etmirlər. İşə əlavə edilmiş fərdi sahibkar Natiq Əzizovun arayışından görünür ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə 2-3 otaqlı mənzilin kirayə haqqı 170-200 manat arasında dəyişir. Birinci instansiya məhkəməsi kompensasiyanın məbləğinin cəmi 5.000 manat məbləğində təklif edilməsini ağlabatan və reallığa uyğun qiymət hesab etməklə, iddianın təmin edilməsi qənaəti gəlmişdir. Kollegiya iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini yetərli, ədalətli və ağlabatan hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmin işdə Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə razılaşdırılmaqla təmin olunmalıdır. Göründüyü kimi, istifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.07.2016-cı il tarixli Qərarına əsasən: “Mülki Prosessual Məcəllənin 218.1 və 218.3 maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2 maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Məhkəmə kollegiyası iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının təklif etdiyi 5000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ-ci hissəsinə əsasən heç kəs mənzildən qanunsuz məhrum edilə bilməz. Hazırkı işin apelyasiya baxışı zamanı iddiaçı cavabdehin, yəni gəlininin və nəvələrinin evdən çıxarılmasını tələb etmədiyini bildirsə də, iddiadan imtina barədə ərizə verməkdən də imtina etmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçı tərəfə kompensasiyanın daha artıq məbləğə (10.000 manata) qaldırılması təklifini irəli sürmüşdür. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, cavabdeh 2003-cü ildən hal-hazırkı dövrə qədər fasiləsiz olaraq həmin mənzildə yaşayır, həyat yoldaşı (iddiaçının oğlu) vəfat etmiş, iki yetkinlik yaşına çatmayan uşağı təkbaşına saxlayır, mənzil dörd otaqdan ibarətdir və cavabdeh həmin mənzildən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdir. Həmçinin, cavabdehin apelyasiya şikayətində bildirməsinə görə, oxşar mənzilin aylıq kirayə haqqı ən azı 250 manat təşkil edir. Qeyd olunan halları nəzərə alaraq, Kollegiya kompensasiya məbləğinin 10.000 manata qaldırılmasını təklif etmiş, lakin iddiaçı təklif edilmiş kompensasiya məbləği ilə razılaşmamışdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği ilə razılaşmır və hesab edir ki, həmin məbləğ yuxarıda qeyd olunanlar nəzərə alınmaqla daha artıq olmalıdır. Lakin, iddiaçı rəsmi olaraq daha artıq məbləğdə kompensasiya təklif etmək niyyətində olmadığı üçün onun iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2990/2019 saylı iş üzrə 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehin əşyalarının siyahıya alınaraq cavabdehin öz hesabına mənzildən çıxarılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5503/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5503/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver