Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5505/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyun 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı MMC-nin buna səlahiyyəti olan nümayəndəsi kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçı MMC-yə borclu olduğu 738 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün MMC-nin ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış MHK6464573 saylı müqaviləyə əsasən, dəyərini 3 ay müddətində hissə-hissə ödəmək şərti ilə qiyməti 1.874 manat olan məişət avadanlığı almışdır. Müqavilənin şərtinə görə, cavabdeh, ilkin ödəniş olaraq 500 manat məbləğində pulu MMC-yə ödəmiş, qalan 1.374 manatı hissə-hissə, ayda 458 manat ödəmək şərti ilə MMCyə ödəməli idi. Cavabdeh bir müddət ödənişlər etmiş, lakin ödənişi başa çatdırmamış, nəticədə onun MMC-yə 738 manat məbləğində ödənilməmiş borcu qalmışdır. MMC, borcun ödənilməsi ilə bağlı cavabdehə "xxxx" göndərsə də, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də, MMC, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bununla bağlı 30 manat dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. c) apellyasiya şikayəti barədə məlumat
4. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən mübahisəyə səbəb olmuş məişət avadanlığının (paltaryuyan maşın) təhvil-təslim və quraşdırılması zamanı texniki nasazlıq — konkret olaraq, klapanın suyu saxlamaması aşkar edilmişdir. Bu nasazlıqla bağlı MMC-nin servis əməkdaşları tərəfindən avadanlığa baxış keçirilmiş və tərtib edilmiş servis çekində “mal xarabdır” qeydi aparılmış, nasazlıq faktı rəsmən təsdiq olunmuşdur. Bu hal malın əvvəlcədən qüsurlu vəziyyətdə təqdim edildiyini və alıcının onunla müqavilə üzrə nəzərdə tutulan şəkildə istifadə edə bilmədiyini sübut edir. Buna görə də, cavabdeh, onunla MMC arasında bağlanmış müqavilə üzrə ödənişi başa çatdırmamışdır, çünki MMC həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, ona qüsurlu mal satmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa, Rayon Məhkəməsi, məhkəmə baxışı iclası barədə cavabdehə lazımı qaydada məlumat verməmiş, məhkəmə baxışı iclasında cavabdehin iştirakını təmin etməmiş və bununla da cavabdehin hüquqlarını pozmuşdur. Nəticədə cavabdeh özünü müdafiə etmək imkanından məhrum olmuşdur. d) apellyasiya icraatı barədə məlumat
6. İşə sadələşdirilmiş icraat qaydasında baxıldığı üçün iş üzrə tərəflər apellyasiya baxışı iclasında dəvət edilməmiş, işə yazılı qaydada, yəni tərəflərin iştirakı olmadan baxılmışdır.
7. İş üzrə tərəflərə yazılı mülahizələrinin Məhkəməyə təqdim edilməsi təklif olunsa da, onlar öz mülahizələrinin Məhkəməyə göndərməmişlər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
8. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, iddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış MHK6464573 saylı müqavilədən görünür ki, cavabdeh həmin müqaviləyə əsasən dəyərini 3 ay müddətində hissə-hissə ödəmək şərti ilə qiyməti 1.874 manat olan məişət avadanlığını –paltaryuyan maşını MMC-dən almışdır.
10. İşdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh, müqavilənin şərtinə əsasən ilkin ödəniş olaraq 500 manat məbləğində pulu MMC-yə ödəmiş, qalan 1.374 manatı hissə-hissə, ayda 458 manat ödəmək şərti ilə MMCyə ödəməli idi. Cavabdeh bir müddət ödənişlər etmiş, lakin ödənişi başa çatdırmamış, nəticədə onun MMC-yə 738 manat məbləğində ödənilməmiş borcu qalmışdır. MMC, borcun ödənilməsi ilə bağlı cavabdehə "xxxx" göndərmiş, lakin cavabdeh MMC-yə olan himin borcu ödəməmişdir.
11. Göstərilənləri və iş üzrə tərəflər arasında hazırkı mülki mübahisənin əşyanın nisyə satılması ilə bağlı yaranmasını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (maddə 405.1.). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).
12. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, cavabdeh, onunla iddiaçı MMC arasında bağlanmış və yuxarıda qeyd edilən müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır.
13. Cavabdeh apellyasiya şikayətində bildirir ki, müqavilədə qeyd edilən paltaryuyan maşın MMC-nin əməkdaşları tərəfindən onun mənzilində quraşdırılan zaman aşkar edilmişdir ki, paltaryuyan maşının klapanı suyu saxlamır. Bu nasazlıqla bağlı MMCnin servis əməkdaşları tərəfindən avadanlığa baxış keçirilmiş və tərtib edilmiş “Servis çeki”ndə “mal xarabdır” qeydi aparılmışdır. Bu hal paltaryuyan maşının əvvəlcədən qüsurlu vəziyyətdə təqdim edildiyini sübut edir. Buna görə də, o, onunla MMC arasında bağlanmış müqavilə üzrə ödənişi başa çatdırmamışdır, çünki MMC həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, ona qüsurlu mal satmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.
14. Cavabdehin bu dəlilinin əsaslılığına qiymət verən Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətinə şikayətdə istinad etdiyi “Servis çeki”nin surətini əlavə etsə də, həmin çekin iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə aid olması müəyyən edilmir. Buna görə də, Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir.
16. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi məhkəmə baxışı iclası barədə cavabdehə lazımı qaydada məlumat verməmiş, məhkəmə baxışı iclasında cavabdehin iştirakını təmin etməmiş və bununla da cavabdehin hüquqlarını pozmuşdur. Nəticədə cavabdeh özünü müdafiə etmək imkanından məhrum olmuşdur.
17. Məhkəmə, apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, iddiaçı MMC-nin buna səlahiyyəti olan nümayəndəsi cavabdehə qarşı MMC-nin adından kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş və Rayon Məhkəməsi işə yazılı icraat qaydasında, yəni tərəflərin iştirakı olmadan işə baxmış, lakin MMC-nin iddia ərizəsinin surətini və məhkəmə bildirişinin cavabdehin qeydiyyatda olduğu ünvan (dəqiq ünvan iş materiallarında var) üzrə göndərmişdir. Həmin sənələr müvafiq poçt şöbəsi tərəfindən Rayon Məhkəməsinə “ünvan tam deyil” qeydi ilə qaytarılmışdır. Halbuki, iş materiallarından, “Elektron Məhkəmə” İnformasiya Sistemindən götürülmüş məlumatdan və cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edilən məlumatdan görünür ki, həmin ünvan cavabdehin rəsmi olaraq yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvandır.
18. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in tələblərinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (maddə 284-1.). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (maddə 284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (maddə 284- 5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (maddə 284-5.3.).
19. MPM-in 135, 168 və 185-ci maddələrinin tələblərinin mənasına görə, məhkəmə sənələri iş üzrə tərəflərin rəsmi qeydiyyatda olduqları ünvan üzrə göndərilir və onların məhkəmə prosesində iştirak etməmələri, hazırkı halda, yəni yazılı icraat qaydasında baxılan iş üzrə iddia tələbinə qarşı əsaslandırılmış etirazını verməməsi işin baxılmasına mane olmur.
20. Göstərilən prosessual normaların tələblərini və iş materiallarını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qanunla onun üzərinə qoyulmuş vəzifələri lazımı qaydada icra etmişdir.
21. Buna görə də, Məhkəmə, apellyasiya şikayətinin müzakirə edilən bu dəlilini də əsaslı hesab etmir. g) apellyasiya baxışının nəticəsi
22. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur.
23. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
25. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
26. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ
Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyun 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.