Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5508/2023 03.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-248/2023 nömrəli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında (abonent kodu: **********00000) təbii qazdan istifadə ilə bağlı hesablanmış 3.911,36 manat borc silinsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, həmin borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh İB-nin nümayəndəsi Rəşad Əliyev apellyasiya şikaytinin əsaslı olduğunu bildirdi. O, sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçıya aid olan ünvanda qazdan istifadə ilə bağlı 9 akt tərtib olunub: 1) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt (iş v. 68); 2) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt (iş v. 72); 3) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt (iş v. 76); 4) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt (iş v. 80); 5) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt (iş v. 84); 6) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt (iş v. 88); 7) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt (iş v. 92); 8) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt (iş v. 96); 9) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt (ş v. 10). 1-8-ci aktlarda qeyd olunub ki, abonent qazdan sayğacdankənar istifadə edir, 9cu aktda isə qeyd olunub ki, sayğacın klapanı sınıb, giriş yivli birləşmə gövdədən qopub. Həmin 9 akta əsasən dəymiş zərərin (itirilmiş qazın) əvəzi kimi Cavabdeh İB tərəfindən abonentə 3.911,36 manat borc hesablanıb. 1-8-ci aktlarla bağlı məhkəmə qeyd edir ki, iddiaçının qazdan sayğacdankənar istifadə etdiyini sübutetmə yükü cavabdehin üzərinə düşür, lakin cavabdeh bunu sübut edə bilmir. Birinci, Cavabdeh İB-nin tərtib etdiyi, təbii qazdan sayğacdankənar istifadə barədə aktlar abonent tərəfindən imzalanmayıb. Aktlarda qeyd olunub ki, abonent aktı imzalamaqdan imtina edib. Lakin aktların imzalanmaq üçün abonentdə təqdim edildiyi sübut olunmur. Aktların imzalanmaq üçün abonentə təqdim edildiyini sübutetmə yükü Cavabdeh İB-nin üzərinə düşür. Cavabdeh İB-nin imkanı olub ki, aktların imzalanmaq üçün abonentə təqdim edildiyini, abonentin isə aktları imzalamaqdan imtina etdiyini hal şahidlərinin iştirakı ilə rəsmiləşdirsin və ya bu faktı audio-videoyazı ilə qeydə alsın. Lakin bunu etməyib. İkinci, birinci instansiya məhkəməsində icraat zamanı qaz xəttinə sayğacdankənar qoşulma faktının olub-olmadığının müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3/185 nömrəli rəyinə görə, təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilmədi. Üçüncü, qaz xəttinə qanunsuz qoşulma faktı barədə Cavabdeh İB-nin məhkəməyə təqdim etdiyi fotoşəkildəki təsvirin həmin evə aid olduğu müəyyən edilmədi. Bundan başqa, fotoşəkildəki təsvir qaz xəttinə sayğacdankənar qoşulma faktını müəyyənləşdirməyə imkan vermir. Göründüyü kimi, qazdan sayğacdankənar istifadə müəyyən olunmur. 9-cu aktla bağlı məhkəmə qeyd edir ki, iddiaçının sayğaca müdaxilə etdiyini təsdiq edən sübut yoxdur, o, sayğacın mühafizəsinə görə məsuliyyət daşımır. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin və Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 248/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5508/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5508/2023
03.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver