Məhkəmə qərarları › İş №2(103)-5509/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5509/2020

17.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5509/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 229/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adından cavabdehlə bağlanmış xx.xx.2014-cü il tarixli 27L000001602 saylı kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bu yaxınlarda ona məlum olmuşdur ki, onun adından Cavabdeh QSC ilə xx.xx.2014-cü il tarixdə kredit xətti müqaviləsi bağlanmışdır. Lakin onun məlumatı olmamış və belə bir müqaviləyə imza etməmiş, eyni zamanda bankdan hər hansı bir məbləğdə pul vəsaiti ona verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.3, 337.4, 339.2-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, onun adından QSC ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi etibarsız hesab edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-229/2020 saylı qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etsə də, keçirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı hazırki tələbində xx.xx.2014-cü il tarixli 27L000001602 saylı kredit xətti müqaviləsini imza etmədiyini iddia edərək, etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının müqavilənin etibarsızlığını əsaslandıra bilməməsini, həmçinin, cavabdeh tərəfindən əqdin etibarsız sayılması barədə iddia tələbinə iddia müddətinin tətbiq olunması barədə ərizə verilməsini nəzərə alaraq, iddia ərizəsinin əsassız olduğuna və iddia müddəti ötürülməklə verildiyinə görə rədd olunması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-93/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “Cavabdeh" QSC-nin cavabdehlər İddiaçı, X1, X3 və X4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçınınn xeyrinə cəmi 34866,79 ABŞ dolları (məhkəmə qətnaməsinin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində borcun, 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən, İddiaçı mülkiyyətindəki 0.0448 ha torpaq sahəsinə yönəldilərək ilkin satış qiyməti 45.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, torpaq sahəsinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra İddiaçı və X2 həmin torpaq sahəsindən çıxarılaraq boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-695/2020 saylı mülki işin materiallarından görünür ki, həmin iş üzrə iddiaçı olan Cavabdeh QSC həmin iddia ilə xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 27L000001602 saylı kredit xətti muqaviləsindən görünür ki, müqaviləyə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə İddiaçı Cavabdeh QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 27R000004603 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 27R000004603S saylı, xx.xx.2015-ci il tarixli, 27R000004603SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmçinin, İddiaçı ilə Bank arasında xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən, 0.0448 ha torpaq sahəsi "Cavabdeh” QSC-nin Lökbatan filialı qarşısında ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı etibarsız hesab edilməsini tələb etdiyi müqavilə 2014-cü ilin yanvar ayında bağlanmış, bundan sonra sonuncu tərəfindən 2014cü ilin sentyabr ayında həmin müqavilə üzrə bağlanmış kredit razılaşmasına əsasən kredit götürülmüş, həmin tarixdə İddiaçı Bankla ipoteka müqaviləsi bağlamış, 2015-ci ildə razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi barədə sazişlər imzalanmışdır. Bu proseslər ərzində İddiaçı xx.xx.2014-cü il tarixli müqaviləni imzalamadığını qeyd etməmiş, bu müqavilənin etibarsızlığını mübahisələndirməmiş, əksinə müqavilə üzrə razılaşma imzalayaraq pul götürmüş, torpaq sahəsini ipoteka ilə yüklü etmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-695/2020 saylı mülki işin materiallarından həmçinin görünür ki, həmin iş üzrə iddia ərizəsi xx.xx.2017-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmə iclasları barədə müvafiq şəkildə tərəflərə məlumat verilmiş, məhkəmə prosesi davam etdiyi müddətdə İddiaçı bir neçə ərizə (vəsatət) vermiş, proseslərdə iştirak etmiş, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, mülki iş ekspertizaya göndərilmiş və iddia ərizəsinin verildiyi 2017-ci il tarixdən İddiaçı həmin iş üzrə iddia tələbinin əsasını təşkil edən müqaviləni mübahisələndirməmiş və həmin müqaviləni imzalamadığını heç vaxt qeyd etməmiş, yalnız xx.xx.2019-ci il tarixdə icraatın dayandırılması barədə ərizə vermiş və məhkəmənin xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokolundan görünür ki, İddiaçı yalnız həmin məhkəmə iclasında ərizəsini müdafiə edərək, bildirmişdir ki, qolu qırıldığından həmin vaxt onun yerinə yoldaşı imza etmişdir. Protokoldan həmçinin görünür ki, icraatın dayandırılması barədə ərizə təmin edilməmiş və İddiaçı izahatında iddianı qismən qəbul etdiyini, maddi imkanı ağır olduğundan banka olan borcunu vaxtında ödəyə bilmədiyini, ekspertiza rəyi ilə razı olduğunu, lakin iddia tələbində göstərilən faiz və cərimə məbləğləri ilə razı olmadığını bildirərək, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Qeyd olunan hallar Kollegiyaya belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə niyyəti hüquqlarını müdafiə etməyə deyil, prosesual hüquqlardan suiistifadə edərək əlavə vaxt qazanaraq işlərin yekunlaşmasını uzatmaq məqsədinə yönəlmişdir. Belə ki, yuxarıda sadalanan hallardan müəyyən edilir ki, İddiaçı hazırda mübahisələndirdiyi müqavilə imzalandıqdan sonra (hansıki xx.xx.2019-cu il tarixdə həmin müqavilənin etibarsızlığı barədə iddia qaldırmışdır) həmin müqavilə üzrə bir çox hərəkətlər həyata keçirilmiş, İddiaçı həmin proseslər çərçivəsində əgər müqaviləni qeyd etdiyi kimi imzalamamışdırsa, mübahisələndirə və krediti götürməyə bilərdi, həmçinin həmin kredit müqaviləsi üzrə ondan borcun tutulması tələbinə dair iş üzrə məhkəmə prosesi başladığı vaxtdan müqaviləni mübahisələndirə biləcəyi halda yalnız sonuncu məhkəmə prosesində müqaviləni imzalamadığını bildirmiş, daha sonra isə iddia tələbini qismən qəbul edərək qismən təmin edilməsini xahiş etmişdir. Belə olan halda Kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçının müqavilənin etibarsız hesab edilməsi barədə tələbi əsassızdır. İddiaçı fərqli iddialar qaldırmaqla məhkəmə proseslərini uzatmaq və vaxt əldə etmək niyyətindədir. Odur ki, iddiaçının əsassız olan iddia tələbini məhkəmə rədd etməkdə haqlı olmuşdur. Xətşünaslıq ekspertizasının keçirilməsinə zəruri edən hal yoxdur. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətində iddiaçı iddia ərizəsində göstərilənləri qeyd etmiş, hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, əqdin etibarsızlığı ilə bağlı hazırki iddianın qaldırıldığı vaxta artıq iddiaçı üçün məhkəmə müdafiəsi hüququ mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə isə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Göründüyü kimi, həm əhəmiyyətsiz, həm də mübahisə edilən (etibarsız) əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən, mübahisə edilən (etibarsız) əqdlərdə isə iddiaçının həmin halları bildiyi və ya bilməli olduğu gündən başlayır. İddiaçının mübahisələndirdiyi Kredit xətti müqaviləsinin icrasına isə hələ 2014-cü ildə başlanmışdır və belə olan halda həmin müqavilənin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi üçün məhkəmə müdafiəsi müddəti keçmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, müddət ötürülmüşdür. Beləliklə, iddianın və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-229/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar