Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5511/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2(006)-645/2024 nömrəli qətnaməsindən cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində 30 noyabr 2022-ci il tarixdən 30 noyabr 2023-cü il tarixinədək “BMW 428İ markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı Əlli oğlunun mülki məsuliyyəti icbari sığortalanmışdır.
2. İnzibati tənbeh vermə haqqında 17 oktyabr 2023-cü il tarixli qərara əsasən 17 oktyabr 2023-cü il tarixdə saat 12:00-da X2 “Hyundai Accent” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
3. “X9” tərəfindən 18 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş qiymətləndirmə aktına əsasən “BMW 428İ” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilə 4140 manat ziyan dəymişdir.
4. 18 oktyabr 2023-cü il tarixdə verilmiş qüsur aktına əsasən “BMW 428İ” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi 450 manat hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobil qəzası zamanı dəymiş 4140 manat ziyanın, həmçinin hüquqi yardımın göstərilməsi üçün 60 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, 17 oktyabr 2023-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “D” yaşayış massivində mülkiyyətində olan “BMW” markalı, ** HE *** dövlət qeydiyyat nişanı olan avtomobili ilə hərəkətdə olduğu zaman qarşına çıxan ** EB *** dövlət qeydiyyat nişanı olan “Hyundai Accent” markalı minik avtomobili “Yol hərəkəti haqqında qanun”un 327.1-ci maddəsinin tələblərini pozaraq onun idarə etdiyi avtomobili öz tərəfindən vurmuşdur. 17 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqqında qərara əsasən həmin avtomobilin mülkiyyətçisi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir ki, 18 oktyabr 2023-cü il tarixli "X9” tərəfindən verilmiş qüsur aktına əsasən 4140 manat qiymətləndirilmişdir. Avtomobilinin mülki məsuliyyəti AR-sı Dövlət Sığorta Kommersiya şirkəti edildiyindən sığorta ödənişinin edilməsi üçün müraciət etsə də, cavabdeh sığorta ödənişinin məbləğini 450 manat təyin etmişdir. Yaranmış vəziyyətlə bağlı cavabdehə etdiyi müraciətlər heç bir müsbət nəticə verməmişdir. Belə ki, hadisə zamanı avtomobilinin hər iki fara zədələnmiş və qırılmış (qiyməti bir fara üşün 1 700 x 2 = 3 400) manat, park radar zədələnmiş (qiyməti 80 azn), ön barmaqlıqlar qırılmış (hər birinin qiyməti 90 azn), ön barmaqlıqların rezini yararsız vəziyyətə düşümüş (qiyməti 130 azn). Usta xərcləri ilə birlikdə, cəmi 4140 azn maddi ziyan dəymişdir. Beləliklə iddianın predmeti 4140 azn təşkil edir.
7. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 may 2024-cü il tarixli rəydən görünür ki, məhkəmə yolnəqliyyat hadisələri ekspertizası üzrə nəzəri hesablama yolu ilə, iş materiallarında olan «X9» tərəfindən tərtib edilmiş 18 oktyabr 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı "BMW 428" markalı, ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2670,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materallarında olan «F/Ş X3 VÖEN: **********» tərəfindən tərtib edilmiş 18 oktyabr 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “BMW 428” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 450,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, Məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyinə əsasən əsasən 2014-cü il buraxılışlı “BMW 428“ markalı, ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 100 manat müəyyən edilir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2(006)- 645/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən maddi zərərə görə 2670 manat, hüquqi xidmətlərin göstərilməsinə görə 60 manat, cəmi 2730 tutularaq İddiaçı, 47,3 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə isə iddianın rədd olunması qət edilmişdir.
9. Qətnamənin əsaslarına görə, iş materiallarından müəyyən olunur ki, “BMW 428İ” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığortalanmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində BMW 428İ markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2670 manat müəyyən edilməsi göstərilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1, 933.1.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazin dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək, qətnamənin ləğvi və və iddia tələbinin qismən, yəni 550 manat məbləğində təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlillərinə görə, “İcbari sığortalar haqqında” Qanunun 16.2-ci maddəsində qeyd olunur ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. “X10” qanunvericiliklə nəzərdə tutulmuş qaydada müstəqil ekspertlərin reyestrinə daxil edilməmişdir və buna görə də sığorta sahəsində səlahiyyətli qiymətləndirici kimi çıxış edə bilməz. Qeyd olunanlara əsasən maddi hüquq normalarının tələbləri pozulmuş, qeyd olunan faktlar birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmış, lakin məhkəmə qeyd olunan hallara hüquqi qiymət verməmişdir. Normanın tələblərinə əsasən tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı avtomobilin farasının dəyişilməsinə ehtiyac olduğunu vurğulasa da məhkəmə prosessində bu halı təsdiqləyən sübutlar təqdim etməmişdir. Müvafiq ekspert rəyində avtomobilin yalnız sağ farasının üzərində zədələr olduğu və təmir-bərpa xərcinin 100 manat olduğu qeyd edilmişdir. İddiaçı məhkəmə prosesində faraların dəyişdirilmədiyini etiraf etmişdir. Beləliklə, ekspert rəyində faraların dəyişdirilməsinə ehtiyac olmaması və təmir-bərpa xərcinin 100 manat olduğu qeyd edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş və işin hallarının tam və obyektiv araşdırılması ilə bağlı əlavə sübutlar tələb etməmiş, bununla da, mülki işə baxılmasının sonrakı gedişatının cavabdehin zərərinə olmasına səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: Maddə 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında şərh etdiyi hüquqi mövqeyinə əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.
16. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununu: Maddə 8.6. Qanunda başqa cür nəzərdə tutulmadığı hallarda icbari sığorta müqaviləsində azadolma məbləği müəyyən edilmir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxişinin hədləri
18. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. AR Mülki Məcəlləsinin 933.1.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi mövcud olduğu halda həyata keçirilir.
21. Göründüyü kimi, siğorta hadisənin baş verməsi və siğorta ödənişinin siğortaçıya ödənilməli olduğu işin mübahisəsiz halıdır.
22. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. “X10” qanunvericiliklə nəzərdə tutulmuş qaydada müstəqil ekspertlərin reyestrinə daxil edilməmişdir və buna görə də sığorta sahəsində səlahiyyətli qiymətləndirici kimi çıxış edə bilməz.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə onu qeyd edir ki, cavabdeh dəlil kimi bu xüsusata istinad etsə də, onun özü tərəfindən təqdim olunmuş rəyin informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən verilməsi ilə bağlı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə “X10” MMC-nin müəyyən etdiyi məbləği deyil, məhz Məhkəmə Ekspertiza Mərkəzinin rəyini nəzərə alaraq qətnamə çıxarmışdır.
24. Apellyasiya şikayətinin bir digər dəlilini müvafiq ekspert rəyində avtomobilin yalnız sağ farasının üzərində zədələr olduğu və təmir-bərpa xərcinin 100 manat olduğu qeyd edilməsi təşkil edir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə isə onu qeyd edir ki, avtomobilin farasının üzərində zədələrin olması işin mübahisələndirilməyən halıdır. Bu zədələrin məhz təmir yolu ilə aradan qaldırılmaq imkanının olması barədə cavabdeh tərəfindən əsaslı sübut birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, faranın materialı nəzərə alınaraq zədələndiyi təqdirdə bu zədənin təmir yolu tam aradan qaldırılması, əvvəlki vəziyyətinin bərpa olunması inandırıcı deyildir. Belə olduğu təqdirdə iddiaçının məhz faraların yenilənməsi üçün vəsait tələb etməsi haqlıdır və birinci instansiya məhkəməsi də ekspert rəyini əsas götürərək düzgün nəticəyə gəlmişdir.
26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2(006)- 645/2024 nömrəli qətnaməsindən cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2(006)- 645/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.