Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5514/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC və Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli 2(009)-1213/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC və Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi, ev 191, 40 nömrəli mənzilin hərrac yolu ilə satılmasına dair YP-036 nömrəli 13.01.2020-ci il tarixli satış protokolunun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun qətnamə qəbul olunanadək, Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 191 nömrəli evin 40 nömrəli mənzilinin üzərinə həbs qoyulmaqla həmin mənzilin özgəninkiləşdirilməsinin və bununla bağlı digər icra hərəkətlərinin cavabdehlərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli 2(009)-1213/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). MPM-nin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Eyni məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (MPM 158.2). İddianın təmin edilməsi barədə ərizədə ilk növbədə görüləcək tədbirlərin məhz gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin edə biləcəyi əsaslandırılmalıdır. Eyni zamanda belə ərizə nəticəsində tətbiq edilən tədbirlər qanuna uyğun olmalı, qüvvədə olan normativ hüquqi aktlarla və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə ziddiyyət təşkil etməməli, habelə onları icrası qeyri-mümkün olan aktlara çevirməməlidir. Birinci instansiya məhkəməsi ərizəyə baxaraq belə qənaətə gəlmişdir ki, sözügedən əmlakın hərracın qalibi tərəfindən özgəninkiləşdirilməsinə qadağa qoyulması həmin şəxsin mülkiyyətində olan əmlak barəsində onun müstəqil olaraq sərəncam vermək hüquqlarının lüzumsuz olaraq məhdudlaşdırılmasına səbəb ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının dəlilləri əsassızdır. İş materiallarından görünür ki, sözügedən əmlak “xxxx” ASC tərəfindən alınmışdır, iddiaçı həbs qoyulmaqla mənzilin özgəninkiləşdirilməsinin və bununla bağlı digər icra hərəkətlərinin cavabdehlərə qadağan edilməsini xahiş etsə də, “xxxx” ASC-ni cavabdeh qismində işə cəlb etməmişdir. MPM-nin 158.1.1-ci maddəsinin tələbinə görə isə yalnız cavabdehdə və digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Kollegiya qeyd edir ki, şikayətin dəlili formal mülahizələrdir və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(009)-1213/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5514/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5514/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver